Bir gecənin
işığı
O gecədən bir neçə gün keçir. Amma
mənə elə gəlir, sanki hər şey dünən
olub; təəssüratlar o qədər zəngin, o qədər
müxtəlifdir ki, sosial şəbəkələrdə ta
indiyə kimi həmin gecə haqqında söz-söhbətlər
səngimir. Bilirəm, çoxu onun telefonuna da öz rəylərini
yazır, tanış olanlar da zəng edib bu xanımı təbrik
edirlər.
Açması?
Son vaxtlar Heydər Əliyev adına Saray qaynar fəaliyyəti
ilə daha çox diqqəti çəkir. Ən müxtəlif
konsert proqramları, tamaşaçıları ətrafına
toplaya bilən saysız layihələr bu mədəniyyət
ocağını Bakı əhlinin sevimli istirahət məkanlarından
birinə çevirib.
Bəli, Dilarə Əliyevanın “Mintonasiya” adlı
ilk stəndap (stand up) konsert-tamaşasından çıxan hər
kəs bunu duydu və Dilarə ilə görüşdən
sonra sözün həqiqi mənasında çox
razılıqla evinə yollandı. Bu, sənət adamı ilə
əsl görüş idi. Burada nə adət etdiyimiz dekorlar
vardı, nə işıqlar bir effekt yaratmaq xatirinə
yanıb-sönürdü, nə gecənin baş qəhrəmanı
dəst-dəst libaslar dəyişirdi, nə musiqi vardı, nə
müğənnilər, nə də rəqqaslar. Dilarə
xanım özü tamaşaçı ilə təkbətək
qalmışdı. Əsl səmimi söhbət
alınmışdı. Dilarə xanım bizim
hamımızı düşündürən məsələlərdən,
problem və qayğılardan, zarafat kimi üstündən
keçdiyimiz mətləblərdən doğmalıqla
söhbət açırdı. Aktrisa onu yaxından
tanıyan, bir sənətçi kimi onu sevib-dəyərləndirən
insanlara çox doğma olmuşdu o gecə. Səhnədən
gah qəhqəhə çəkib gülən, gah da gözlərinin
dərinliyində yığılıb qalmış, nəmlənmiş
kirpiklərinə yol açan bir batman dərdindən xəbər
verən söhbətləri elə sevgi ilə, elə nəfəs
dərmədən danışırdı ki, həmin dəqiqələrdə
sanki tamaşaçı onunla diz-dizə oturub, ən sevimli, ən
yaxın, ən doğma, ən əziz adamı kimi dinləyirdi
onu. O isə tamaşaçı ilə dolu olan iki min nəfərlik
salona elə bir müsbət enerji ötürürdü ki, o
anda yaranmış ovqatın təsirinə düşməmək
mümkün deyildi.
Oyun bitdi və onun müzakirəsi elə qarderobdan
başladı... Tamaşaçılar doğrudan da xoşbəxt
idilər. Çünki onların çox sevdikləri Dilarə,
sanki hər kəsin gözlədiyi söz-söhbəti
onlarla bölüşmüşdü. Bu söhbətlərdə
kimisi dost-doğmasını, kimisi qohun-qonşusunu,
tanış-bilişini görmüşdü. Və yumora bələnmiş
bu söhbətlər o qədər şirin idi ki, necə deyərlər,
uğunmaqdan tamaşaçıların barmaqlarını kəssəydilər
belə, xəbərləri olmazdı...
Kimisi bu konserti “stəndap” adlandırır – Azərbaycanın
hələlik ilk xanım stəndapçısı kimi dəyər
verir Dilarəyə, kimisi monotamaşa kimi qiymətləndirir
bu çıxışı... Mənim üçün isə
bu məqamda bu janrların heç bir əhəmiyyəti yoxdur...
Mən o gecə o möhtəşəm sarayın o möhtəşəm
səhnəsində bir AKTRİSA gördüm. Səmimiyyətdən
doğan bənzərsiz gözəlliyi ilə, sözün həqiqi
mənasında, bir AKTRİSA! Sözə qiymət veribən
danışdığı hər kəlməni, hər
söhbəti ölçüb-biçən bir AKTRİSA!
Dilarə Əliyeva bu gün teleməkanda öz
çəkisi, öz sözü olan bir aparıcıdır,
bir ssenarist və demək olar ki, öz verilişlərinin
müəllifi olaraq əksər proqramlarının qeyi-rəsmi
rejissorudur. Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin “Teatr kollektivinin rəhbəri”
fakültəsini bitirən Dilarə xanım illər öncə
daha çox televiziya verilişlərinin aparıcısı
kimi populyarlaşıb (ATV-də “Çal-Çağır”,
ARB-də “Söhbət var” və s.).
Tammetrajli filmlərdə (“Məhəllə”, “Cavid
ömrü”, “Sübhün səfiri”, “Əfsanə
qayıdır”, “Hoqqa”, “5 betər”, “Cin atı”, “Leyli və Məcnun”),
televiziya tamaşalarında
(“Yumurta”, “Bəylik dərsi”, “Gəlinlər”, “Mürafiə
vəkilləri”), seriallarda (“Baldız”, “Üç bacı”,
“Qayınana”, “Qaratikan”, “İkinci bahar”, “Kəndimizin
Monikası”, “Yuxu kimi”) bütün istedadını nümayiş
etdirə bilən, çəkildiyi kinolentlərdə bilavasitə,
sözün yaxşı mənasında, sənəti ilə
hökmranlıq edən Dilarə Əliyeva aktyor sənətinin
butün çalarlarını sərgiləməyi bacaran
aktrisadır. Teatr səhnəsindəki çoxsaylı
rolları da – Xatirə ("Məhəbbət yaşayır
hələ”) qız nəvə (“Generalın son əmri”),
Günay ("Durnalar qayıdanda”), Henrietta ("Dərəbəylik"),
Badam ("Madam-Badam"), Gəlin ("Didərginlər"),
Mişilin ("Oğru"), Zərifə ("Mənim
qayınanam") kimi rolları tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanıb, diqqətdən heç
vaxt kənarda qalmayıb. Bu gün aktrisanın hansı sahədə
daha uğurlu olduğunu incələmək istəsək, bunu
bacarmayacağıq. Çünki Dilarə bütün
işlərində çox maraqlı sənətçi
olduğunu hər zaman sübut edib. Elə oktyabrın 26-da da
biz bunun bir daha şahidi olduq. Dilarə indiyə qədər
heç kəsin bacarmadığı bir sənət nümunəsi
göstərdi. Tək! Yalnız! Heç kəsin və
heç nəyin köməyinə ehtiyac duymadan!
“İşıq burada belə oldu, səs burada
düzgün verilmədi, tərəf-müqabilim replikanı
düz demədi, əlbəsəm mane oldu, dekorasiya yerində
deyildi, orkestr o notu götürmədi...” və başqa onlarla
bəhanələrlə oyunlarına gücləndirici vasitələr
axtaran sənətçilərə sanki bir nümunə
göstərdi Dilarə! Kim nə deyir-desin, səhnənin
hakimi aktyordur! Dilarə sübut etdi ki, nə olur-olsun, bu belədir!
Dostlarım bəlkə də məni
günahlandırarlar ki, “Ay kişi, bu, başqa janrdır”. O qədər
mono tamaşa ilə əsl nümunə göstərən sənətkarlarımız
(qadın sənətçilərimiz) var ki! Mənim
üçün – ömrünün çoxunu sənətə,
səhnəyə həsr edən bir insan üçün
Dilarə Əliyevanın bu çıxışı
tamaşaçını heyrətləndirərək məmnun
edən əsl tamaşa oldu. Məncə, indiyə kimi Azərbaycan
səhnəsində bir saat iyirmi dəqiqə
tamaşaçılarla üz-üzə qalaraq onların qəlbinə
hakim kəsilmək heç kəsə müyəssər
olmayıb. Heç kəs deyə bilməz ki, Dilarənin
göstərdiyi bu məharəti o da göstərib və ya
göstərə bilər. Sağ ol, Dilarə!
P.S. Oxuculara və Dilarəsevərlərə isə
bir mesajım var: Dekabrın 26-da Azərbaycan Dövlət
Akademik Musiqili Teatrında “Dilarənin Yeni İl hədiyyəsi”
olacaq. Gəlin, baxın, qoy bənzərsiz aktrisanın bu hədiyyəsindən
sizə də pay düşsün. İnanıram ki, həmin
gün bu teatrın möhtəşəm səhnəsindən
qəlbinizə bir işıq hakim kəsiləcək.
Çox arzu edirəm ki, həyatında nə qədər
çətinliklər, təlatümlər yaşasa da, həmişə
sizin qarşınıza gülümsər çöhrəsi
ilə çıxmağa çalışan və bunu son dərəcə
məharətlə bacaran, xoşbəxtliyini səhnədə,
sənətdə tapan, ömrünü sizə vermiş bir
aktrisanın istedadının parlaq işığı həmişə
yol yoldaşınız olsun! Çünki bu, sənətin
işığı, sənətkarın nurudur!
Əliqismət Lalayev
Əməkdar incəsənət xadimi, fəlsəfə
doktoru
525-ci qəzet .- 2024.-
8 noyabr(¹206).-S.17.