Yazıçı Günel
Anarqızının “Sərhədsiz səma” kitabının
təqdimatı olub
Noyabrın 6-da Azərbaycan Yazıçılar
Birliyinin (AYB) “Natəvan” klubunda yazıçı-publisist
Günel Anarqızının “Sərhədsiz səma” adlı
yeni kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Zəfər Günü
və Dövlət Bayrağı Günü ərəfəsində
işıq üzü görən və tariximizin bu
şanlı günlərinə həsr olunan kitabın təqdimat
mərasimində tanınmış elm və mədəniyyət
xadimləri iştirak ediblər.
Kitabın “Ön söz”ünün müəllifi, Azərbaycan
Yazıçılar Birliyinin katibi yazıçı-dramaturq
İlqar Fəhmi Günel Anarqızının
yaradıcılığından və yeni nəşrin məziyyətlərindən
danışıb. Bildirib ki, onun sırf epistolyar janrda yazılmış
məktub-esselərinin hərəsində bir kitablıq hiss və
duyğular sığışıb. Amma onun digər
kitabları da nədənsə gizli məqamları, sirli mətləbləri
üzə çıxaran səmimi məktublar təəssüratı
yaradır. Günelin həm məktubları, həm də
kitabları birbaşa yaddaş faktoru ilə əlaqəlidir.
Bu məktublar zahirən nə qədər bədbin və
ümidsiz görünsə də, hər birində gizli bir
ümid, sinmaz bir inam var.
AYB-nin katibi vurğulayıb ki, Günel Anarqızı
sanki qısa duyğusal epistolyar mətnlər vasitəsilə
Qarabağ hadisələrinin həm dünənini, həm bu
gününü, həm də sabahını əhatə etməyə
çalışır: “Əslində, Günelin məktublarındakı
bu ikili duyğu bütün xalqımızın daxilindəki əhvali-ruhiyyəni
əks elətdirir. Otuzillik bədbinlik, ümidsizlik, hətta
yorğunluq və nəhayət böyük Zəfərin təntənəsi.
O, əsərlərində öz təxəyyülü ilə
sanki zamandan yuxarıda dayanır və bu təxəyyül
bir müddət sonra reallığa çevrilir. Bunu mistika
kimi də qəbul etmək olar, intuisiya kimi də...”.
“Daha bir maraqlı məqam da Azərbaycanda ilk dəfə
məhz bu kitabın interaktiv formada təqdim olunmasıdır.
Hər əsərin sonundakı QR kod vasitəsilə internetə
daxil olan oxucular həm dinləyiciyə, həm də
tamaşaçıya çevriləcək, əsərləri
audiovizual formatlarda dinləyib izləyə biləcəklər”,
- deyə İlqar Fəhmi diqqətə çatdırıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri
Polad Bülbüloğlu Günel Anarqızını
istedadlı bir qələm adamı kimi xarakterizə edərək
onun əsərlərinin bizi daim qələbəyə səslədiyini
söyləyib. Bildirib ki, istedadlı yazıçının
əvvəlki əsərləri kimi, bu əsəri də
oxucular tərəfindən maraqla qarşılanacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
akademik İsa Həbibbəyli bildirib ki, Günel
Anarqızı ədəbiyyatımızda öz dəst-xətti
olan qələm sahiblərindəndir: “Onun ictimai fəaliyyəti,
təşkilatçılıq bacarığı və
yazıçılıq istedadı vəhdət təşkil
edir. O, yaşadıqlarını, duyğularını, hisslərini
sözlə ifadə etməklə yanaşı, həm də
onu çox böyük ustalıqla oxucuya
çatdırmağı bacarır. Bunu nəsrlə ifadə
etməyin özü də onun böyük
bacarığından xəbər verir. O, əsərlərini
fərqli janrlarda qələmə alıb. Onun məktub
janrına müraciət etməsi heç də təsadüfi
deyil. Məktub, əslində, insanın hiss və
duyğularını, fikir və düşüncələrini
ifadə etmək üçün bir fürsətdir. Bu
fürsətdən məharətlə yararlanan Günel
xanım sanki onu bir nəfərə deyil, bütövlükdə
çoxluğa, bütün oxuculara ünvanlamağı
bacarır”.
Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı Eldar Əzizov, Xalq
yazıçısı Elmira Axundova, tarixçi-alim Həsən
Həsənov, Xalq artistləri Fəxrəddin Manafov, Mehriban Zəki,
Əməkdar artist Nərgiz Cəlilova, Xalq yazıçıları
Çingiz Abdullayev, Anar, ədəbi tənqidçi Əsəd
Cahangir, AYB-nin katibləri şair-tərcüməçi Səlim
Babullaoğlu və yazıçı Elçin Hüseynbəyli
çıxış edərək Günel
Anarqızının yaradıcılığı və onun
yeni kitabı ilə bağlı fikirlərini
bölüşüblər. Bildirilib ki, müasir Azərbaycan
nasiri və publisisti Günel Anarqızı 10-dan çox
kitabın müəllifidir. Əsərləri bir neçə
xarici dilə tərcümə olunub və geniş oxucu
kütləsi tərəfindən maraqla qarşılanıb.
Onun “Qarabağ hekayələri” adlı beynəlxalq layihəsi
bir çox xarici ölkədə geniş oxucu kütləsinə
təqdim edilib. “Sərhədsiz səma” kitabında Günel
Anarqızının vətənpərvərlik ruhunda
yazılmış və əvvəllər nəşr
olunmamış yeni əsərləri yer alıb. Əsərlərdən
biri, 44 günlük Vətən müharibəsindən xeyli əvvəl,
Qələbədən tam 111 gün öncə yazılmış
"Sərhədsiz səma" radiopyesi iki
döyüşçünün dialoqu üzərində
qurulub və Qarabağın azad olunmasının müjdəçisinə
çevrilib.
Kitabda, həmçinin "Şuşam",
"Ataya məktub", "Bayrağa ithaf", "Şəhərim",
"Sonsuzluq" kimi hekayələr, Xalq
yazıçısı Anarın "Beşmərtəbəli
evin altıncı mərtəbəsi" romanının
davamı olan "Altıncı" povesti və digər əsərlər
də yer alıb.
Tədbirdə “16 səbəb”, “Bayrağa ithaf” və
"Şəhərim" adlı videoçarxlar
nümayiş olunub.
Sonda bütün iştirakçılara təşəkkürünü
bildirən müəllif bundan sonra da Azərbaycan ədəbiyyatının
inkişafı naminə yazıb-yaradacağını söyləyib.