İşğal hüznündən Zəfər təntənəsinə...

 

 

Məcburi köçkün kimi Bakıya gələndə 5 yaşım var idi. Müharibənin nə olduğunu dərk etməsəm də, müharibənin içindən keçib gəlmişdim bu şəhərə. Heç nə anlamasam belə, qəribə bir boşluğa düşmüş kimiydim. Sanki yıxılmışdım, amma hələ ağrını hiss etmirdim. Böyüdükcə yıxıldığım yerdən ağrılar baş qaldırmağa başladı və mən Vətən həsrəti ilə tanış oldum. Orta məktəbdə oxuyanda məktəbdə keçirilən, Xocalı Soyqırımına həsr olunmuş tədbirdə "Qarabağ şikəstəsi" səslənəndə bir küncə qısılıb hönkür-hönkür ağladığım gün dərk etdim- mən vətənsizəm". Rayonların işğal günlərində televiziyada hazırlanan verilişlərdə ziyalıların "lazım gələrsə" cümləsi ilə başlayan sözləri məni hövsələdən çıxartdığı zaman bu ağrının artıq bütün vücudumu işğal etdiyini hiss etdim.

Əlbəttə, bu hissləri yalnız mən keçirməmişəm. Bu hisslər uşaqlığı müharibə dövrünə təsadüf edən hər bir azərbaycanlı gəncin keçirtdiyi hisslərdir. 4 il bundan əvvəl hərbi komissarlıqların qarşısında, küçələrdə savaş əmri gözləyən gənclərin də bu ağrıdan bəsləndiyini gördük. "Öldürməyən dərd gücləndirir" deyə çox məşhur bir ifadə var. 30 il böyüyüb boyumuzu aşan Vətən dərdi xalq olaraq bizi gücləndirdi. 4 il əvvəlin payızında küçələrdən gələn "Qarabağ bizimdir" hayqırtıları zəfərə gedən yolun ilk cığırını açdı. Bir top atışıyla başlayan Vətən savaşında qəhrəman oğullar təpədən təpəyə, kənddən kəndə, şəhərdən şəhərə doğru irəliləyib 30 illik həsrətə son qoydu.

Bizim nəslin uşaqları tarix dərslərində qan yaddaşını əzbərləmək məsuliyyəti ilə yüklənmişdi. İşğal günləri, soyqırım tarixləri... Təqvimdəki bu qara haşiyəli rəqəmlər bir çoxumuzun doğum günü tarixləri ilə üst-üstə düşürdü və biz sevinci, nəşəsi əlindən alınan uşaqlar olmuşuq. Artıq 4 ildir ki, övladlarımıza qələbə tarixlərini əzbərlədirik. Bizdən fərqli olaraq onlar azad və müharibəsiz bir ölkədə yetişməyin qürurunu yaşayacaqlar bir ömür boyu. Amma sahib olduqları hüquqlara çatmaq üçün alınan çətin qərarların, vətən uğrunda aparılan müharibənin nə qədər dəyərli və bənzərsiz olduğunu hər zaman ürəklərində hiss edəcəklər.

Xalqın 30 il ərzində bitib tükənməkdə olan ümidlərini yenidən dirildib, milləti ayağa qaldırıb bir hədəfə yönəltmək, bir məqsədə inandırmaq mümkünsüzü mümkün etmək demək idi. 2020-ci ilin iyun ayında Tovuz istiqamətində gedən döyüşlər Azərbaycan xalqının yenidən ayağa qalxmaq əzminin, Qarabağın azadlığına gedən yolun dönüş nöqtəsi oldu. Döyüşmək üçün küçələrə axışan gənclərin səsləndirdiyi şüarlar Vətənin azadlığı üçün hər fədakarlığa hazır olduğunun göstəricisi idi. Xalqın birliyi və əzmi böyük zəfərimizin şifrəsini və ruhunu formalaşdırdı, işğalçıların Qarabağdan çıxarılmasını və tarixi torpaqlarımızın yenidən fəth edilməsini təmin etmiş oldu.

Bizim Zəfər dastanımız 44 günə yazılmış olsa da, bu qələbə qısa zamanda, asanlıqla əldə edilmədi. Bu Zəfər  yalnız güclü silahlarla qazanılmadı. O silahları idarə edən, döyüş planını quran, canınını fəda edən qəhrəmanlarımızın zəkası, zəngin biliyi hesabına qazandıq biz bu Zəfəri. Böyük lider Atatürk ordudakı hər əsgər və zabiti canlı maşının hissələrinə bənzədirdi. Atatürkə görə, bu maşını hərəkətə gətirən əsas qüvvə düşüncədir. Düşüncə, anlayış və qavrama olmazsa, maşının hərəkəti dayanar və heç bir qüvvə onu işə sala bilməz.

30 il məğlubiyyət hissi ilə yaşayan xalqın ayağa qalxması ilə bu torpaqlar üzərində düşmənlərin yüzillər boyunca davam edən intriqaları və oyunları nəticəsiz qaldı. Bu vətən torpağını müqəddəs hesab edən hər bir azərbaycanlı bunun fərqində idi ki, canından, malından, övladından olmaq bahasına əzmlə mübarizə apardı. Nəhayət, bu mübarizə öz bəhrəsini böyük Zəfərlə, 8 noyabr 2020-ci il tarixində vermiş oldu. Haqq savaşımızda hər bir vətəndaşımız bu daşın altına əl qoydu. Kimisi canı ilə, kimisi malı ilə fədakarlığını əsrigəmədi. Məhz bu birliyin sayəsində 44 günlük müharibə dövründə qüdrətli Azərbaycan Ordusu cəbhədə tarix yazdı. Bu gün bizim bayrağımız illərlə düşmən vandalizminin qurbanına çevrilmiş, indi isə qəhrəman Azərbaycan oğullarının öz canları bahasına azad etdiyi, düşməndən təmizlədiyi Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Ağdam, Kəlbəcər, Şuşa səmalarında dalğalanır. Azərbaycan əsgərinin ayağı dəyən bu torpaqlara yenidən həyat qayıdır. Biz isə bu tarixi hadisələrə şahidlik edirik. Bizim Zəfərimiz həm də insanlığın oyanışı idi. Azərbaycan Ordusu bu gün dünyada davam edən müharibələrdə, eləcə də Birinci Qarabağ müharibəsində yaşanan faciələrə, insanlıq dramına şahidlik edən dünyaya 44 gün ərzində müharibə mədəniyyəti öyrətdi. Sivillərə, körpələrə, günahsız insanlara güllə atmadan müharibə aparan ordu kimi tarixə adını yazdırdı Azərbaycan əsgəri.

Dörd bir tərəfi düşmənlərlə əhatələnmiş odlar yurdu tarixin hər dövründə işğal təhlükəsi ilə qarşı-qarşıya gəlib. Amma hər dəfə ayaqlarına taxılan zəncirləri parçalayıb atıb bu vətən. Əlbəttə, bu dik duruşunu, azadlığını bağrından çıxıb, yenə onun üçün torpağa düşən övladlara borcludur Vətən. Təkcə vətən torpağı deyil, o vətən torpağının üzərində yaşayan hər kəs, başını yastığa rahat qoymağı, küçələrdə hür dolaşmağı şəhidlərə borcludur. Bu borc ödənilməyəcək borcdur: müqəddəsdir, əbədidir!

 

Günel MUSA

525-ci qəzet .- 2024.- 8 noyabr(№206).-S.15.