"Qətiyyətlə deyirəm: cəsarətliyəm"

Millət vəkili Gülşən Paşayeva: "Deputat ola bilərəm düşüncəsini ağlıma da gətirməmişəm - məni bu kürsüyə qismət gətirib çıxardı"

 

Yazılarımda hikmətli sözlərdən, kəlamlardan, aforizmlərdən, atalar məsəllərindən istifadə etməyi çox xoşlayıram. Çünki çox vaxt sadə, qısa cümlədən ibarət olan kəlamda bitkin, dolğun bir fikir qələmin əlindən tutaraq, onu arxasınca apara bilir. Onları bir qeyd kimi saxladıqda isə lazımi anda yerinə də düşür. İki həftə əvvəl tarixçi bir müsahiblə söhbətə hazırlaşanda, növbəti yazının tarixi bir günə təsadüf edəcəyini bilmirdim. Biləndə, tarix haqqında Əbu Turxanın belə bir kəlamı yadıma düşdü: "Tarix elə bir ortaq sərvətdir ki,  ondan hər xalq öz fərasətinə görə pay götürür".

Böyük əksəriyyətimizin ömründən keçən sovet epoxasında 7-8 noyabr  təqvimdə on beş respublikanın təntənəli şəkildə qeyd etdiyi bir bayram idi. Sovetlər birliyinin süqutuna qədər onu hərbi paradla qeyd də etmişik, çünki bu, zamanın tələbi olub. Öz müstəqilliyini elan edən "qardaşlar" üçün bu tarix  artıq uzaq bir keçmişə çevrilsə də, cəmi dörd il əvvəl 8 noyabr tarixində Azərbaycana bir səda yayıldı: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!" Bir zamanlar qırmızı kətanın üzərində oraq-çəkicli bayraqlara bürünən Bakının üzərində məhz həmin tarixdə bir göz qırpımında ay-ulduzlu üçrəngli Azərbaycan bayraqları dalğalanmağa başladı. Və həmin gün Azərbaycan tarixinə 8 Noyabr Zəfər günü kimi yazıldı. Bilmirəm, buna təsadüf deyək, ya yox, lakin qəzetimizin bugünkü qonağı Azərbaycan alimi,  konfliktologiya, gender və dil sahələri üzrə mütəxəssis, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü, Milli Məclisin VII çağırış deputatı Gülşən Paşayevadır.

- Bu gün hamımızın əhvalı yaxşıdır...

- Kimliyimizdən asılı olmayaraq, qəribə və çətin bir dövrdə yaşayırıq. Azərbaycan üçün bizim qələbəmizdən sonra şərəfli bir dövr başladı desək, düzgün olar. Bu gün belə bir reallıqda biz özümüzü daha xoşbəxt hiss etməliyik ki, öz ərazimizi işğaldan azad etmişik, müstəqilik. Və 25 ildən artıq münaqişənin həll olunması ilə məşğul olan bir ekspert kimi mən çox xoşbəxtəm. Əvvəlki illərdə biz daima öz həqiqətlərimizi dünyaya çatdırmağa çalışırdıqsa, bu gün artıq buna ehtiyac yoxdur, çünki reallığımızı qura bildik. Bu mənada bir xalq, bir millət kimi xoşbəxt olmalıyıq.

- Məktəbi qızıl medalla bitirmisiniz. Buna nail olmaq məqsəddən irəli gəlib yəqin ki...

- Mənə elə gəlir ki, qızıl medal insanın həyata baxışından asılıdır. Elə insanlar var ki, dünyaya gələndən daima öz üzərində çalışır, oxuyur, öyrənir. Nəticədə kamil bir fərd olaraq sonda həmin medalı alacaq. Bu, mənim subyektiv fikrimdir. Bunun digər tərəfi insanın böyüdüyü ailəyə də bağlıdır. İnsanın kamilləşməsində üç faktor böyük rol oynayır - ailə, məktəb və cəmiyyət. Cəmiyyət o mənada ki, sən hansı əhatədə böyüyürsən və bu, sənin inkişafına nə dərəcədə kömək edir.

- Zamanın ən mötəbər ali məktəbində təhsil almısınız - Moskva Dövlət Universiteti. Yeniyetmə bir qız üçün çox da asan deyildi...

- İlk dəfə Moskvaya 9-cu sinifdə oxuyanda ailəvi getmişdik. Həmin universiteti görəndə mənə əsl elm məbədi təsiri bağışlamışdı və belə bir yerdə təhsil almaq marağımda idi. Bir məktəbli üçün bu, əlçatmaz bir istək olsa da, mən bunu təsadüf hesab etmirəm. Həyat, tale elə bir şeydir ki, insan nə baş verəcəyini əvvəlcədən bilmir. Mən qismət deyilən anlayışa inanan biriyəm. Lakin bu qismətin daxilində həm təsadüf, həm qanunauyğunluq birləşərək fəlsəfi bir qüvvə yarada bilir. İlk gördüyümdə elm məbədi adlandırdığım bu universitetdə təhsil almaq istəyimi də qismətimə əvvəlcədən yazılmış işarə kimi qəbul edirəm. Düzdür, çətinliklər vardı, lakin düşünürəm ki, mən öz ölkəmdə təhsil alsaydım, tamam başqa bir istiqamətə yönələrdim. Yenə də qismət...

- Təhsili bitirib Vətənə qayıdandan sonra uzun müddət Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin "Ümumi Dilçilik" kafedrasında çalışmısınız, namizədlik işinizi müdafiə etmisiniz. Lakin bununla yanaşı, Azərbaycan müstəqillik qazanandan sonra ictimai-siyasi fəaliyyətə də başlamısınız. Yəqin ki, bu da dövrün tələbindən irəli gəlib...

- Maraqlı sual oldu. Mənim bu fəaliyyətə başlamağım və məhz münaqişələrlə məşğul olmağımın özü bir təsadüf olsa da, burada da bir qanunauyğunluq var. Pedaqoji fəaliyyətim illərində mən psixolinqvistika və sosiolinqvistika ixtisasları üzrə dərs deməyə başladım. Bunu psixologiya və sosiologiyanın dil ilə birləşməsi və ya kəsişməsi nəticəsində iki fənnin arasında yaranan istiqamət də adlandırmaq olar. 1995-ci ildə ABŞ-nin Merilend Universitetinin Beynəlxalq inkişaf və Münaqişələrin həlli Mərkəzinin təşkil etdiyi "Münaqişələrdə tərəfdaşlar - Cənubi Qafqazda sülh körpülərinin yaradılması" adlı proqramda iştirak etdim. Təlimdə iştirak etmək üçün Azərbaycandan, Gürcüstandan, Ermənistandan iki nəfər, Abxaziya və Osetiyadan bir nəfər dəvət olunmuşdu. Burada dörd ay ərzində biz münaqişə nəzəriyyəsini öyrəndik. Bu, yeni bir sahə idi və mən bir dilçi kimi bu layihədə yer ala bilmişdim. Bu da konfliktologiyanı öyrənməyə imkan yaratdı. Beləcə, dilçilik öz yerini konfliktologiyaya verdi, çünki fəaliyyətim 2001-ci ildən istiqamətini dəyişdi və bir mütəxəssis kimi illərdir bu sahədə yürüyürəm. İctimai-siyasi fəaliyyətim belə başlayıb.

- İstənilən konfliktin həll olunması üçün çıxış yolu olmamış deyil...

- Əlbəttə ki, var. Bu situasiyada çox zaman bütün təsnifat düzgün başa düşülmür. Münaqişələr müxtəlif tiplərə bölünür. Olur ki, insan öz-özü ilə münaqişədədir. Buna fərddaxili münaqişə deyilir. Yəni insan nəsə etmək istəyir, amma bilir ki, bunu etməli deyil və daxilində bir mübarizə yaranır. Bunu da həll etmək üçün bir mütəxəssis yardımı lazım olur. Var fərdlərarası münaqişə, daha sonra bir fərdin qrup, kollektiv arasında olan münaqişəsi də var. Bizim Qarabağ hadisəsi artıq qruplar arasında baş vermiş münaqişədir ki, ən çətini də budur. Əksəriyyət düşünür ki, münaqişələr pisdir, amma onun müsbət tərəfləri də var. Münaqişələr əsasən problemlərə, çətinliklərə görə yaranır və bunları təbii ki, həll etmək lazımdır. Həllini tapan münaqişə aradan tez qalxır. Əgər əksi baş verirsə, problem get-gedə artmağa başlayır və qarşıdurmaya qədər gəlib çatır. Bunu dünya nümunəsində həmişə görmüşük, amma mən öz timsalımızda demək istərdim ki, qarşı tərəf uzun illər sülh təklifinə rəğmən, bizə müharibədən başqa seçim buraxmadı. Çünki heç cürə anlamaq istəmədilər ki, başqa bir dövlətin ərazisini zəbt ediblər və oradan çıxmalıdırlar. Anlamaq istəməyənin də sonu belə olur. Konfliktin müsbət tərəfi inkişafa kömək edirsə, mənfi tərəfi hər iki tərəf üçün itkilərə gətirib çıxarır. Olur ki, belə kəskin münaqişələrin həllinə üçüncü tərəf cəlb edilir. Bu da həmişə öz təsirini göstərə bilmir. Necə ki, Azərbaycan-Ermənistan münaqişəsində Minsk qrupu heç nəyə nail ola bilmədi.

- Biz istəməsək də, münaqişəni müharibə yolu ilə həll etdik, amma qarşı tərəf elə öz ab-havasındadır...

 - Çünki qarşı tərəfdə hələ də bir qrup adamlar var ki, onların sakit dayanmaq kimi fikri yoxdur. Qarabağdan köç edən ermənilər bununla heç cürə barışmaq istəmir. Müharibə yolu ilə də olsa, yenidən özlərinin "əzəli" saydığı torpaqlara qayıtmaqda israrlıdırlar. Belə revanşistlər istənilən münaqişədə var. Uduzan tərəf məğlubiyyətilə heç zaman barışmaq istəmir. Əsas bizim güclü olmağımız və birdəfəlik hamıya heç nəyin dəyişməyəcəyini anlatmağımız vacibdir. Hüquqi cəhətdən bizim olan ərazimizi geri qaytarmışıq, yəni nöqtə artıq qoyulub. Həm qarşı tərəf, həm də dünya bilməlidir ki, meydanda artıq 90-cı illərin Azərbaycanı yoxdur.

- Yəni bu müharibə artıq labüd idi...

 - Başqa yol yox idi. Müharibə olmasaydı, biz ərazilərimizi geri qaytara bilməyəcəkdik. İstənilən münaqişənin həlli ya hərb, ya da sülh yolu ilə olur. Güc vasitəsilə problemi həll etmək münaqişənin bir yoludur. Bəli, konstruktiv yol deyil, lakin danışıqlar vasitəsilə razılaşma ən ideal variant olsa da, 30 il bunu istəyərək gözləsək də, son hədd olan hərb yolu ilə getməyə məcbur olduq. Bu xalqın, bu millətin olanı özünə mütləq qaytarılmalı idi.

- Amma o da var ki, dediyimiz bu 30 ildə səsimizi dünya da eşitmədi və bu gün də bu qələbəni qəbul etməyənlər tək qonşularımız deyil...

- Ona görə ki, bizim reallığı hələ də tam başa düşüb qəbul etməyənlər var. Qarşı tərəfin diasporası, lobbi təşkilatları o qədər güclü təbliğat aparıb və aparır ki, dünyada çaşqınlığa nail ola biliblər. Burada xristian təəssübkeşliyi də var, yəni onların özləri haqqında yaratdıqları "yazıq"lıq imicinin də rolu böyükdür. Baxmayaraq ki, başqa dövlətin ərazisinə iddialıdırlar, özlərinin haqlı, bizim haqsız olduğumuza hamını inandıra biliblər. Dərd orasındadır ki, onlar öz yalanlarına özlərini belə, inandırmağı bacarıblar və elə ona görə də, qatığı çox asanlıqla qara rəngdə görə bilirlər. Təəssüf ki, dünyada həqiqəti bilməyənlər hələ də var. Bunun bir adı da reallığın təhrif olunmasıdır. Amma yenə də təkrar edirəm, artıq 90-cı illər çox geridə qalıb, dünya informasiya bolluğu içərisində yaşayır. Maraqlı olan kəslər istənilən informasiyanı asanlıqla əldə etmək imkanına malikdir. Lap elə asanlıqla ölkənin özünə gəlib vəziyyətlə tanış olmaq, məsələnin həqiqətlərini üzə çıxarmaq çox asandır, çünki Azərbaycanın qapıları xoş niyyəti  olan hər kəsin üzünə açıqdır. Bəzən bu iki millət arasındakı problemə  dinlərarası münaqişə donu da geyindirməyə çalışıblar. Qarabağ məsələsində heç zaman dini siyasət olmayıb. Azərbaycanın Cənubi Qafqazda daha bir xristian qonşusu var və əsrlər boyu Gürcüstanla mehribancasına kofliktsiz şəkildə yaşamağı bacarmışıq.

- Qəbul etməyib barışmayanlar olsa da, vaxt çəksə də, biz ərazilərimizə sahib çıxdıq. Yəqin ki, gələcək nəsillər bir daha belə bir qarşıdurma ilə üz-üzə qalmaz...

- Mənə elə gəlir ki, bu, həm hər iki tərəfdən, həm də türklərdən asılıdır. Düşünürəm ki, əgər sülh razılaşması əldə olunarsa, Türkiyə-Azərbaycan-Ermənistan adlı üçbucaqla çox işləmək lazım gələcək, çünki onları tək bizə qarşı deyil, türklərlə də savaşa qaldırmaq istəyən qüvvələr var. Bundan əlavə onlar nəsildən-nəslə: "Türk sənin düşmənindir" düşüncəsini beyinlərə o dərəcədə yeridə biliblər ki, bu stereotipi qırmağa onilliklər lazım olacaq. Əgər Qərb imkan verərsə, biz onlara qonşu olduğumuzu və yan-yana yaşamağımızı istəməsələr də, dəyişməyəcəyini anlatmağa çalışarıq. Əgər buna nail olunarsa, gələcək nəsil keçmişdə yaşananlarla üz-üzə qalmaz. İnanmaq istərdim ki, tərəflər ortaq bir məxrəcə gələcək.

- İctimai-siyasi fəaliyyət sizi millət vəkili kürsüsünə qədər gətirib çıxardı. Məqsəd, istək, təsadüf, ya da çox inandığınız qismət. Adını siz deyin...

- Mənim elə bir istək və məqsədim olmayıb. Var elə insanlar ki, kiçik yaşlarından qarşılarına qoyduqları məqsədə nail olmaq arzusu ilə yaşayırlar və istəklərinə çatırlar da. Amma burda bir haşiyə çıxmaq istərdim. Sovet dövründə Kremlin Qurultaylar Sarayında keçirilən iclaslara baxanda orada iştirak edən deputatlar mənə çox maraqlı gəlirdi. Bu da uşaq təxəyyülü üçün təbii idi. Düşünürdüm ki, o deputat Moskvada nə edir. Və bir şagird təsəvvürümdə Moskvada qurultayda iştirak etmək ən böyük xoşbəxtlik kimi görünürdü. Reallıqda isə özüm deputat ola bilərəm düşüncəsini ağlıma da gətirməmişəm - məni bu kürsüyə qismət gətirib çıxardı və hiss edirəm ki, bu, böyük şərəflə yanaşı, böyük də məsuliyyətdir. Sənə insanlar etimad göstərib, inanıb, səsini verib, özünün millət vəkili seçib. Sən də onlarla qəbula gedəndə o qədər həlli vacib problemlərlə rastlaşırsan ki... Bu etimadı itirməmək, onların ümidini qırmamaq üçün daşıdığın məsuliyyətin ağırlığını düşünərək, dərk edərək addım atmaq lazımdır. Bu vəzifədə hələ ki, yeniyəm, qarşıda müəyyən illər var hələ. Çox inanmaq istəyirəm ki, çıxdığım yolda mənə etimad edənlərin ümidini qırmayacağam.

- Cəsarətlisiniz...

- Qətiyyətlə deyirəm: cəsarətliyəm. Həmişə özümü belə görmüşəm və ətrafda da məni belə tanıyırlar. Amma bu cəsarətin haradan gəldiyini hələ də bilmirəm.

- Bu gün 8 Noyabrdır, Zəfər günümüz...

- O qədər qürurverici bir tarixdir ki... Azad Qarabağda ilk üz tutduğum məkan Şuşa oldu. Elə ilk dəfə idi də Şuşanı görürdüm. Baxmayaraq ki, "insaflı" qonşular ora çox ziyan vurublar, inanın ki, Şuşa öz əzəmətini, qürurunu qoruya bilib. Ordakı sıldırımlı qayalara baxanda bizim igid oğullarımızın şücaətinə ancaq heyran qalmaq olur. Bu şücaətin şahidi həmin sıldırım qayalardır ki, onu hər qarışına əbədi həkk edib. Özüm konfliktologiya mütəxəssisi olduğumdan illərlə bu münaqişənin həlli istiqamətində az əmək sərf etməmişəm. Çox heyif ki, bu münaqişəni hərb yolu ilə həll etmək seçimindən başqa çıxış yolumuz olmadı. Düşünmədən belə, Vətən uğrunda canından keçən şəhidlər verdik, onların sayı qədər gözləri yaşlı olsa da, qürurlu analar, bacılar, atasız övladlar qaldı. Bu, unuda bilməyəcəyimiz bir ağrıdır. Bu gün onların sayəsində Zəfər gününü qeyd edirik. Biz də çalışaq ki, onların bizə əmanət etdiyi azad Qarabağı daha da gözəlləşdirərək onu gələcək nəsillərə çatdıraq.

 

Tamilla M-ZADƏ

525-ci qəzet .- 2024.- 8 noyabr(№206).-S.14;13.