Fateh Sultan Mehmet və Fateh İlham
Əliyev
Türkiyənin TRT-1 kanalında belə bir serial gedir,
indiyədək 22 bölümü nümayiş etdirilib,
adı: "Mehmet: Fetihlər Sultanı". O Sultan Mehmet ki,
Konstantinopolu fəth edib, Türkün və İslamın
bayrağını bu şəhərə sancaraq adını
dəyişib İstanbul qoyub. 600 ildir Türkün və
İslamın bayrağı
dünyanın paytaxtında, bəli, bəli,
dünyanın paytaxtında dalğalanır.
Filmdə və tarixi əsərlərdə Sultan
Mehmetin Konstantinopolu fəth edənə qədər çəkdiyi
iztirablar öz əksini tapıb. Bütün gücü ilə
sancaq bəyləri (yəni indiki dillə desək,
qubernatorlar), hətta sədr-əzəm onu bu yoldan çəkindirməyə
çalışırlar, yeniçərləri üsyan
etdirirlər. Sultan Mehmet xəyanətin ortasında qalıb,
amma səbr və təmkinlə bütün maneələri
aradan qaldırır və aprelin 6-da hücum əmri verir.
Hətta Bizans imperatoru ağır toplarla
silahlanmış gəmilərin boğaza girməməsi
üçün dənizə zəncir atdırır, amma
Sultan Mehmetin əsgərləri o gəmiləri quru yoldan
daşıyaraq boğaza daxil ola bilirlər. Səhər Bizans
imperatoru ayılır ki, gəmilər artıq Konstantinopolu
mühasirəyə alıblar.
Nə isə, mən bütün filmi danışmaq
istəmirəm, tarixi də sizə öyrətmək niyyətində
deyiləm, filmə də baxa bilərsiniz, tarix kitablarından
da dəqiqliklə öyrənə bilərsiniz.
Mən bu filmə baxdıqca gözümün
önünə Ali Baş Komandan, cənab Prezident İlham
Əliyev gəlirdi. Sultan Mehmetin Konstantinopolun fəthi ilə
cənab İlham Əliyevin Şuşanı azad eləməyində
o qədər oxşarlıq gördüm ki.
Necə Sultan Mehmetin əsgərləri o ağır gəmiləri
torpaqdan daşıyaraq
boğaza saldıqları kimi, İlham Əliyevin əsgərləri
də ağır texnikanı, eləcə çiyinlərində
daşıyaraq keçilməz meşələrdən,
cığırlardan keçirərək Şuşaya
aparıb çıxara bildilər. Bunu sənədli kadrlarda
çox görmüsünüz. Sultan Mehmetin əsgərləri
Konstantinopolun hasarlarına dırmaşdıqları kimi, cənab İlham Əliyevin əsgərləri
də Şuşanın ətrafındakı
sıldırımlardan eləcə dırmaşdılar və
şəhərin içində ermənilərlə əlbəyaxa
döyüşə girdilər və şəhəri azad
etdilər. 30 ildən sonra Gövhər ağa məscidinin
minarəsindən Azan səsləndirildi. Və cənab
İlham Əliyev müqəddəs bayrağımızı
Şuşada qaldırdı. Ermənilərin Şuşi
adlandırdığı şəhər yenidən öz qədim
adına qovuşub Şuşa oldu. Son 200 ildə zəbt olunmuş
torpaqlarımız məhz Ali Baş Komandan, cənab Prezident
İlham Əliyevin sərkərdəliyi ilə düşməndən
azad oldu.
Necə ki İstanbulda 600 ildir Türk bayrağı dalğalanır, eləcə
də Şuşada və Qarabağda min illər Azərbaycan
bayrağı dalğalanacaq. Möhtərəm Prezident necə
deyib: "Biz həmişə burda yaşamışıq, min
illərlə də yaşayacağıq".
Əlbəttə, bu qələbə cənab Prezident
üçün də asan olmamışdı. Bizdə də
İlham Əliyevi bu müharibədən çəkindirmək
istəyən qüvvələr vardı, amma cənab
İlham Əliyev səbr və təmkinlə həmin
qüvvələri sıradan çıxartdı, saraydan
uzaqlaşdırdı. Apardığı islahatlar nəticəsində
ordunu təmizlədi və bu təmizləmə müharibə
getdiyi dövrdə də həyata keçirilirdi.
Çox qəribədir ki, o dövrdə Roma
Papası Sultan Mehmetə məktub göndərir ki, fikrindən
daşın, bütün xristian dünyası birləşib,
sən bu müharibədə uduzacaqsan. Amma Sultan Mehmet bu hədələyici
məktubdan qorxmur və fikrindən daşınmır.
Avropa dövlətləri də belə məktublarla və
bəyanatlarla Ali Baş Komandana müraciət edirdilər ki,
Qarabağda müharibəyə başlamaqdan çəkindirsinlər.
Amma cənab Ali Baş Komandan da Sultan Mehmet kimi onların məktub
və bəyanatlarından çəkinmədi və
onların bəyanatlarına Dəmir Yumruqla cavab verdi.
Uğurlu xarici siyasəti nəticəsində Ermənistana
dayaq olan bəzi xarici qüvvələri
zərərsizləşdirdi. Əsgərləri Qarabağda
savaşarkən özü də 44 gün dünya mətbuatı
ilə, dünya siyasəti ilə savaşdı. Hamı
axşamlar kəsdirirdi televizorun önünü ki, cənab Ali Baş Komandanın səsini
və xoş xəbərlərini eşitsinlər.
Düzdür, Müdafiə Nazirliyi qələbələrimizlə
bağlı xəbərlər yayırdı, amma adamlar ən
son məlumatları cənab Ali Baş Komandandan eşitmək
istəyirdi.
Bəzi jurnalistlər, Ermənistanı dəstəkləyən
ölkələrin jurnalistləri, əlləm-qəlləm
suallarla cənab Ali Baş Komandanı çaşdırmaq istəsələr
də, Möhtərəm Prezident onları elə ustalıqla
yerində oturdub susdururdu ki, valeh olmaya bilmirdin.
Liderlər, siyasətçilər şahmat
oynamağı çox sevirlər, eləcə də cənab
İlham Əliyev.
Ən böyük siyasət şahmatçısı
Ulu öndər Heydər Əliyev idi. Şahmatla maraqlananlar
bilir, qrossmeysterlər 15-16-cı gedişi oyun
başlamamış görə bilirlər. Və onu da
şahmatçılar bilir ki, bir oyun 40-cı gedişdə adətən
təxirə salınır. Heydər Əliyev dünyada yeganə
şahmatçı idi ki, 40-cı gedişi görürdü
və 40-cı gedişdə
oyunu təxirə saldı və 41-ci gedişi varisi
İlham Əliyev üçün saxladı. İlham
Əliyev 41, 42, 43 və 44-cü gediş edərək təkcə
Ermənistanı deyil, dünyanın böyük dövlətlərini
mat vəziyyətinə saldı. Çünki O, özü
demişkən, nəyi nə vaxt deməyi və etməyi
yaxşı bilirdi. Və 44-cü gedişlə 44
günlük müharibəni zəfərlə başa
çatdırdı.
Və adını Sultan Mehmet kimi Türkün tarixinə
qızıl hərflərlə yazdırdı.
Aqil ABBAS