PREZİDENT İLHAM
ƏLİYEVİN SAATI
Hər xalqın sıra-sıra andları var. Andlar bir
xalqın ruhunun, mənəviyyatının,
özlüyünün ifadəsidir. Andlar insanın vicdan,
Tanrı qarşısında vədidir. Gözəl dilimiz sadəcə
"and söyləmək", "and vermək" yox,
"and içmək" deyir. Yəni and su kimi insanın
bütün varlığından keçir, qan kimi insanın
damarlarında axır.
Və çoxlu andlar arasında bir and da var: yola
içilən and.
İnsan ömrü boyu yollardan keçir. Həyatımız
da elə uzunlu-qısalı, enişli-yoxuşlu yollar deməkdir.
Yol sınaqçıdır, məhək daşıdır.
Bu düşüncə təsadüfən yaranmayıb -
soruşanda qardaşın necə adamdır, cavab verirlər
yol yoldaşı olmamışıq.
Bir var tək-tək adamların keçdiyi
cığırlar, bir də var bütöv millətin qət
etdiyi yollar. Azərbaycan xalqı var olduğu müddətcə,
minillər boyu çox yollardan aşıb. Amma bu xalqın
tarixində və taleyində əbədi qalacaq bir yol da var -
Azərbaycanın 2020-ci il sentyabrın 27-dən başlanaraq
44 gün davam edən yolu! Elə bir yol ki, o yolsuz bu millət
bütöv olmazdı. O yol Azərbaycan xalqının ləyaqətinin,
vüqarının, iftixarının ifadəsinə
çevrilən yol oldu. Elə yol ki, onun hər qarışına,
hər addımına gələcək zamanların içərisində
də biz daim ən müqəddəs dəyər kimi and
içə biləcəyik. 44 gün davam etmiş o yol
xalqımızın şərəf tarixindən hər zaman
keçəcək, yurdun və millətin
böyüklüyünün, əzminin ifadəsi kimi sabahlar
boyu da bitməyəcək!
... Gələcəkdəkilər də
Qarabağın başına gələnlərdən, tarixindən
keçənlərdən agah olsunlar deyə ötən əsrlərdə
sıra-sıra kitablar yazılıb. Onların əksərinin
adı "Qarabağnamə"dir. Mir Mehdi Xəzaninin, Mirzə
Rəhim Fənanın, Mirzə Yusif Qarabağinin, Həsənəli
xan Qaradağinin və daha neçələrinin
"Qarabağnamə"ləri bu gün masa üzərindədir.
Oxuyuruq, Qarabağın dünənləri barədə bilgilər
alırıq. O "Qarabağnamə"ləri, o salnamələri
vərəq-vərəq açdıqca Qarabağın
dünənlərini qarış-qarış gəzmiş
kimi oluruq. Hətta əsərlərinə Qarabağın
adını qoymayanlar da "Qarabağnamə"ni bir
ayrı şəkildə yazıblar. Abbasqulu ağa
Bakıxanov "Gülüstan-i İrəm" yazdı. Bu əsər
ən qədim zamanlardan ta Gülüstan
bağlaşmasına qədər olan Azərbaycan, Şirvan,
Qafqaz tarixini təsvir edirdi, amma arada Qarabağa da çoxlu səhifələr
həsr edilib ki, buna da "Gülüstan-i İrəm"
içərisində ayrıca "Qarabağnamə" demək
olar. Amma tarix boyu yazılmış "Qarabağnamə"lərin
sırasına 2020-ci ildəki Qarabağ savaşı
zamanında ayrı bir "Qarabağnamə" də əlavə
edildi.
O köhnə "Qarabağnamə"lər bizə
öyüd verir ki, dünəninizi bilin, keçmişinizdən
agah olun, olub-bitənləri, başvermişləri yadda
saxlayın. Amma bu yeni günün "Qarabağnamə"sini
Azərbaycan əsgəri yazdı, tarixin səhifəsinə
Azərbaycan Ordusu həkk etdi və keçmişlərdəki
bütün "Qarabağnamə"lərimizdən
seçilən bu son "Qarabağnamə" - Zəfər
"Qarabağnamə"mizin ən vacib, bugünkülər
və gələcəkdəkilər üçün ən
ali dərsi ondan ibarətdir ki, tarixin elə bir anı gəlir,
yurdun çıraqlarını sönməyə qoymamaq
üçün canını qurban verməyi sən ən
böyük səadət sayır, bununla da millətin
bağrının başına yazılmaq haqqını
qazanırsan.
...Hər ölkənin, hər xalqın öz şəhərləri
içərisində xüsusən sevilən bir-ikisi hökmən
olur. Əlbəttə ki, yurdun hər qarışı əziz,
doğmadır. Amma elə şəhərlər var ki, onlara
millətlər ayrıca, nəvazişli münasibət bəsləyir,
digər şəhərlərdən onu sanki övladların
sevimli kimi seçib ayırırlar.
Güneylilər üçün, bütün Azərbaycandan
ötrü Ərdəbil də əzizdir, Xoy da, Zəncan da,
Marağa da. Amma Təbrizin tamam başqa bir yeri var axı - Təbriz
şəhərlər şəhəri, açar şəhər,
rəmz şəhərdir. Bu tay Azərbaycanın Lənkəranı
olsun, ya Salyanı, Qubanı götür, ya Naxçıvanı,
yurdun Şamaxısına bax, ya Şəkisinə - əlbəttə
ki, hər biri bizimçün əzizdir. Amma Gəncənin
yeri bir ayrıdır. Gəncə həmişə Azərbaycanın
ruh paytaxtlarından olub.
Qarabağın sıra-sıra şəhərlərinin
hər biri sevimlimizdir, tarixən də çox istənilən
olub, hərəsi ilə bağlı nə qədər
tarixçələr yaşayır. Amma Qarabağın şəhərləri
qatarında və otaylı-butaylı Azərbaycanın
bütün şəhərləri arasında
Şuşanın yeri məxsusidir. Azərbaycan insanı
Şuşaya həmişə incə məhəbbət bəsləyib.
Həm də orası var ki, Şuşanı ömründə
bircə yol görməyənlər belə onun haqqında sadəcə
uzaqdan-uzağa eşitməklə, surətini öz içərisinə
hopdurmaqla bu yeri digər şəhərlərdən daha
artıq seviblər. Amma Şuşasız
qaldığımız, Şuşa göynəyi qəlbimizi
daim incitdiyi 28 il ərzində bu şəhər bizə sanki əvvəlkindən
ikiqat doğma, ikiqat munis, ikiqat əziz oldu.
Bir şəhər olaraq Şuşanın təməli
1752-ci ildə qoyulmuşdu. Pənahəli xan Cavanşir bu
göyçək şəhəri Azərbaycan insanına həmin
ildə bağışladı və salnamələrdə o
il Şuşanın doğum tarixi kimi qeyd edildi. Amma Şuşanın
bir başqa təvəllüd tarixi də var. 2020-ci ilin 8
Noyabrı Azərbaycan insanının qəlbində,
düşüncəsində, yeni çağın salnamələrində
bundan belə yalnız Zəfərimizin deyil, elə
Şuşamızın da ikinci doğum günü kimi qalacaq.
Nə qədər xoşbəxtik ki,
Şuşanın ikinci doğum gününün fərəhini
yaşaya bilmək səadəti hamımıza nəsib oldu. O
sevinci yaşaya bilməsəydik, bir millət olaraq biz
bütöv olmazdıq.
Şuşanın azad olunması xəbərini qəlbindəki
həyəcanlı məhəbbətlə Azərbaycan
insanına çatdırmaq üçün Prezident İlham
Əliyev Şəhidlər xiyabanına getmişdi. O gün
artıq azadlığına qovuşmuş Şuşaya
canlı bir insana müraciət edən kimi üz tuturdu.
"Əziz Şuşa" deyirdi, bütün Azərbaycan
kövrəlirdi. "Əziz Şuşa, sən azadsan!"
deyirdi, bütün Azərbaycan qəhərlənirdi.
Azərbaycan insanları, yurdumuz, millətimiz o qəhərli
sevinci yaşadığı anlarda dünyanın ən bəxtiyarı
idi.
Kaş həmin xoşbəxtlik həmişə Azərbaycan
insanı ilə qalsın!
...Dünyanın keçmişi yalnız
quruculuqların, xoş günlərin tarixi deyil.
Dünyanın dünənində bir-birindən müdhiş
müharibələr də var. Elə müharibələr
olub ki, illərlə davam edib, hansısa qısa çəkib.
Ancaq istisnasız olaraq bütün müharibələr
ağrı-acı gətirib, qaçılmaz itkilərlə
başa çatıb. Dünyanın saysız müharibələri
tarixində Azərbaycanın Qarabağ uğrundakı
savaşı, 44 günlük müharibəmiz də həmişə
qalacaq, bir örnək, dərslik olaraq yad ediləcək.
Bu müharibənin dərslərindən gələcək
nəsillər də, yeni dövrlərdə savaş aparanlar
da mütləq öyrənəcəklər. Amma həm də
biz özümüz - gələcəyin azərbaycanlıları
da o müharibənin dərslərindən vətənsevərlik,
torpağa bağlılıq, xalqçılıq ibrətlərini
alacağıq.
...Tələbəlik çağlarımı, 1970-ci
illəri xatırlayıram. O vaxtlar mən Qarabağın
sadiq patriotlarından olan və mənə çox əziz Nəsir
bəy Cavanşirlə tez-tez görüşərdik. Nəsir
bəy canlı, gəzən bir tarix idi. Qarabağın, illah
da ki, Şuşanın keçmişindən elə
maraqlı təfərrüatları danışırdı və
həm də bunları elə şirin tərzdə
nağıl edirdi ki, xəyalən qayıdıb
düşürdün həmin günlərin axarına,
Qarabağın məşhur insanları, məhəllələri,
hadisələri gözünün önündən kino lenti
kimi keçirdi.
Günlərin birində Nəsir bəy Cavanşir mənə
bir döş nişanı göstərdi. Bu döş
nişanı əslində Qarabağın 1843-cü ildə təsdiq
olunmuş gerbi idi - yuxarı hissəsində qalxan və həmin
qalxanın bir tərəfində alov dilimləri, o biri tərəfində
pələng təsviri.
Nəsir bəydə gördüyüm,
Qarabağın XIX yüzildəki gerbini əks etdirən həmin
döş nişanını Azad bəy Əmirov
hazırlatdırmışdı. Azad bəy Azərbaycanın
ilk fizioloqlarından olub. O, XX əsrin əvvəllərinin
bilikli, ötkəm, qəlp, saxta olanla barışmayan vətənpərvər
ziyalılarından olmuşdu. Cavid yadigarı Turan xanım
söyləyirdi ki, Azad bəy Əmirov onlara tez-tez qonaq gələrmiş.
Turan xanım onu çox işıqlı bir insan kimi
xatırlayırdı. Başına gələn bu əhvalatı
Cavid əfəndiyə zad bəy özü
danışıbmış: dəhlizlə gedirmiş, bir nəfər
yaxınlaşıb o dövrün üslubuna uyğun olaraq
"Salam, yoldaş Azad", - deyir.
Həmin şəxs ifrat bolşevik düşüncəli,
Azad bəyin döşünə yatmayan, dəmi gəlincə
sancmaq fürsətini qaçırmaq istəmədiyi kəslərdənmiş.
Azad bəy əvvəlcə gicgahına, sonra ürəyinə
işarə edərək qayıdır ki, yoldaşlıq ya
burayla olar, ya burayla - yəni ya düşüncə, ya ürəklə.
Bizimsə nə o, nə də bu cəhətdən
yaxınlığımız var.
Azad bəy belə barışmaz, sözünü
üzə açıq deyənmiş. Bir zərgərə
düzəltdirdiyi, üzərində Qarabağın gerbinin əks
olunduğu döş nişanını görüb bəyəndikdən
sonra haqqını ödəyərək rica edibmiş ki,
bundan əlavə olaraq 10-15 nüsxə də
hazırlansın. Həmin nişanları Azad bəy sonralar ən
yaxın dostları və simsarlarına
bağışlayırmış. Həmin tarixi döş
nişanının, Qarabağ xanlığı gerbinin üzərindəki
qalxan da, alov dilimləri də, sıçrayışa
hazır pələng də 2020-nin payızında Şuşa
uğrunda, Qarabağ yolunda döyüşən, Azərbaycanın
işğal altındakı torpaqlarını xilas etməyə
can atan igidlərimizin hər birinin varlığında idi. Hərəsi
bir Vətən qalxanına çevrilmişdi, o günlərin
içərisində hərəsi bir od dilimi idi, hərəsi
qorxubilməz aslan idi, çarpışma meydanına
atılmağa can atan pələng idi.
O 44 gün boyunca hər əsgərimiz od-alov
olmasaydı, bir pələngə çevrilməsəydi, yurd
və millət heysiyyətinin zirehinə dönməsəydi,
bu zəfəri qazana bilərdikmi?
...Elə kitablar, elə sənədlər, elə
kağızlar var ki, onları müqəddəs tutaraq əl
basıb and içmək olar. Çünki bunlar sadəcə
kitab, sadəcə sənəd, sadəcə kağız
deyillər. Üzdən adi kağız kimi, cansız
görünə bilən bu şanlı vərəqlər Vətən
tarixinin qutsal parçalarıdır. Belə tarix şahidi bəlgələr
sırasında ən qiymətli olanların bir qismi də
dövlətçilik keçmişimizin əyani şahidləri
olan fərmanlardır. Altında Şah İsmayıl Xətainin
Səfəvi möhürü olan, içərisində
"Sözümüz" kəlməsi həkk olunmuş fərmanlara
iftixarsız baxmaq olmur. Pənahəli xan Cavanşirdən
yadigar qalan fərmanların xətt gözəlliyi, zahiri cazibəsi,
məğrurluq yağan məzmunu öz yerində, amma
onların elə oçağkı dövlət iradəmizin
qətiyyətindən soraq verən varlığı qürur
doğurur. Bunlar keçmişimizin elə mötəbər və
şərəf daşıyıcısı
saxlanclarıdır ki, Azərbaycan insanında həmişə
onlara nəvazişlə toxunmaq, qayğı ilə
sığal çəkmək, əl basaraq and içmək
ehtiyacı var.
Çünki onlarda dövlətçiliyimizin,
keçmişimizin, Qarabağımızın tarixi var. Pənah
xanın fərmanları ilə yanaşı,
günümüzə onun "Gülləbatmaz köynəy"i
də gəlib çatıb. Elə bu köynəyi də
müqəddəs kimi öpmək, göz üstünə
qoymaq, ona əl basıb and içmək mümkündür.
Ən əvvəl ona görə ki, bu köynəyin
üstündə gözoxşayan zərif nəstəliq xətti
ilə "Quran" ayələri nəqş edilib. Digər
tərəfdən, bu köynəyi zamanında
Qarabağın baş sərkərdəsi Pənahəli xan
Cavanşir döyüşlərə yollanarkən geyinərmiş.
O köynəyə ona görə and içmək olar ki, bu
libas Qarabağ uğrunda çarpışmaların
şahididir. Rəvayətə görə, Pənah xan o
köynəyi döyüşlərə gedərkən geyinər
və inanarmış ki, əynindəki bu "zireh" onu
yağı atəşlərindən hifz edəcək. Qoruyub
da! Pənahəli xan yollandığı hər savaşdan zərrəcə
xətər görmədən qələbə ilə
qayıdıb, ona yönələn tüfənglərin
hamısı yan atıb, həmin səbəbdən də
Cavanşirlər nəslinin bu cəsur övladının,
Şuşanın qurucusunun sadə mahud parçadan olan o
libasına el "Gülləbatmaz köynək" adı
verib.
2020-ci ilin soyuq payız günlərində Azərbaycan
əsgəri sıldırım qayalarla Şuşanı azad
etməyə can atırdı. Hər bir Azərbaycan əsgərinin
əynində atəşlərə davamlı müasir
qoruyucu canlıqlar vardı. Yalın, çılpaq qayalara
dırmaşırdılar. İrəlidən güllə yağışı
tökürdü. Lakin dayanmırdılar, irəliləyirdilər.
Yaralanan yoldaşlarını yarı yolda buraxmırdılar,
çiyinlərinə alırdılar, özləri ilə
götürürdülər. O çağlarda - 2020-ci ilin
sonlarında Fransanın məşhur "Le Monde" qəzetində
dərc edilmiş bir yazıda Şuşadakı
döyüşləri şəxsən izləmiş, o
qarşıdurmalar əsnasında erməni hərbçilərinin
yanında olmuş bir jurnalist yazırdı ki, mən heyrətə
düşmüşdüm. Görürdüm ki, gətirilən
əsgərlərin heç biri uzaqdan açılan atəş
yarası almayıb. Hamısına atəş lap yaxından
açılmışdı, yaxud da o yaralılar
bıçaq yarası almışdılar.
Səbəb o idi - düşmən yuxarıda idi,
bizim o yüksəkliklərə qalxaraq düşməni
susdurmağa çalışan əsgərlərimiz
aşağıda. Yuxarıda onların ağır
texnikası, iriçaplı silahları vardı. Yuxarıdan
aşağıya fasiləsiz güllə, mərmi yağmuru əndərilirdi.
Bizimkilərin oralara qalxmaq üçün heç
yolları da yoxdu, alpinist kimi qayalara
dırmaşa-dırmaşa yuxarı dikəlirdilər.
Quşqonmaz Şuşa dağlarına yuxarıdan fasiləsiz
çiləyən atəş yağmuru altında yüksələn
əsgərlərimizin heç özləri ilə avtomat
götürmək imkanı da yox idi.
Dişi-dırnağı ilə yalçın qayalara
dırmaşan əsgərə hər qram əlavə yük
idi. Odur ki, onların üstündə ən zəruri və ən
yüngül, uzaq başı tapança, bıçaq kimi
silahlar vardı.
Mərd Azərbaycan əsgəri canını hər
saniyədə ölüm təhlükəsi altında qoyaraq
zirvələrdəki Şuşanı bu cür xilas edib.
Azərbaycan insanı azad Şuşada bundan sonra onillər,
yüzillər boyu asudəcə gəzəcək,
Şuşanın füsunkar gözəlliklərinin
arasından keçib zövq alacaq.
Gözəlliklərdən feyziyab olduğunuz, ətrafınızdakı
dinclikdən, rahatlıqdan ləzzət
aldığınız o dəqiqələrdə həmişə
bunu da düşünün ki, o gözəllikləri xilas etmək,
o gözəllikləri təzədən bizə qaytarmaq, o
gözəlliklərin yenidən bütün Azərbaycanınkı
olması üçün Azərbaycan əsgəri bu
dağlarda qanını axıdıb, şirin canını fəda
edib, şəhid olub. O dağlarda bitən çiçəklərin
üstündə, mamırlı qayaların köksündə
onun damla-damla qanı donub qalıb.
O dağlardan keçəndə, o gözəllikləri
seyr edəndə bu gün, sabah və bütün gələcək
boyunca bunu qətiyyən unutmayın!
Unutmayın ki, həmin gözəllikləri seyr etmək,
o saf havanı udmaq, o büllur bulaqlardan içmək ləzzəti
də halalınız olsun.
Gəzin, dolanın, yaşayın, xoşbəxt olun,
ancaq bunların sizinki olması üçün canını
qurban vermişləri yaddan çıxarmayın, o igidlərin
hər birini ürəyinizin döyüntüləri qədər
yaxın bilin.
...Azərbaycan əsgəri Şuşa uğrunda
çarpışanda etibarlı qoruyucu jiletlər -
canlıqlar geyinmişdi. Heç birinin əynində, Pənah
xanın olan sayaq, "Gülləbatmaz köynək" yox
idi. Amma əslində hər bir Azərbaycan əsgərinin həm
Şuşada, həm də Qarabağı xilas eləyərkən
hər addımda - şəhid olanların da, qazilərimizin də
bu gün yaşayaraq başucalığı olanların da, hər
birinin əynində Azərbaycan xalqının ruhundan
biçilmiş Dəyanət Köynəyi vardı ki, onun
sayəsində bu zəfəri Azərbaycan xalqına qismət
etdilər.
...Orta əsrlərdə yalnız bizdə deyil,
dünyanın ən müxtəlif ölkələrdəki
şəhərləri bir-birinə yaxın edən
mühüm cəhət vardı. Onların əksəri qala
divarları ilə əhatə olunmuşdu, səhərlər
açılan, axşamlar kilidlənən
giriş-çıxış darvazaları vardı. Orta əsr
şəhərləri daha çox qala-şəhərlər
idi və Şuşa qalası da qala-şəhər kimi
yarandı. Pənahəli xan Cavanşir Şuşanı iqamətgah
seçməzdən, buranı bir örnək şəhər
kimi qurub-yaratmağa başlamazdan öncə Bayat
qalasını qurmağa başlamışdı.
Tapşırıqlarını vermiş, buranı necə
görmək istədiyini söyləmişdi. Ancaq
icraçılar nə qədər səy göstərsələr
də, Bayat qalası Pənah xanın canına
yatmamışdı. O, paytaxt kimi təsəvvür etdiyi
Qala-Şəhəri daha möhtəşəm, düzəndə
deyil, zirvədə görməyi umurdu.
Və çox keçmədi ki, o məkanı
tapdı. Bu işdə ona Allah Özü kömək oldu.
Çünki 1.600 metr hündürlükdəki QALAnı
yaratmaq adam işi deyildi, bu, Pərvərdigarın
gücündə olan quruculuq idi. İlahi artıq təməli
qoymuşdu və həmin yeri seçəndən sonra Pənahəli
xan Cavanşirin öhdəsinə düşən iş bu təbii
Qalanı şəhərləşdirmək idi. Orta əsrlərin
qala şəhərlərinin tikinti qaydasına uyğun olaraq
buranın da dörd tərəfinə divarlar hörülməli
idi. İnsan qüdrətlidir, o, Misir ehramları kimi təxəyyülü
belə mat qoyan möcüzəni inşa edə bilib. Ancaq
Şuşa şəhərini qurmaq ondan da artıq
möcüzə istəyirdi. O qədər əlçatmaz
ucalıqda, şiş qayalar üstündə şəhərin
ətrafına 400 metrlik divarı tikə biləcək insan
gücünü Xudavənd-i aləm hələ xəlq etməyib.
Odur ki, Allah haçansa qurulmasını lütf etdiyi
Şuşa üçün tədarükləri öncədən
etmişdi. Bu dağları, dərələri, bulaqları,
meşələri, belə misilsiz təbiət gözəlliyini
və avaz məlhəmi təmizdən-təmiz havanı,
gülləri-çiçəkləri, çəmənlərə
minillər qabaqdan "Ol!" demiş, ardınca da
çox-çox gələcək əyyamlarda şəhərə
çevriləcək şəhərə sıldırım
qayalardan hasar çəkmişdi.
Şuşanı Tanrının Özü
möcüzə-qala kimi vücuda gətirmişdi. Amma Pənahəli
xan Cavanşirin də Şuşa quruculuğundakı ilk xidməti
bu oldu ki, Pərvərdigarın yaratdığı o mütənasib
məkanı yeni salacağı şəhər
üçün məskən seçdi və elə
görünüşündən, duruşundanca şeiriyyət
yağan bu məkanı qəlbinin bütün məhəbbəti
və səxavəti ilə şəhərləşdirməyə
başladı.
Aradı, axtardı, soraqlaşdı, Qarabağda və
yaxın ətrafda nə qədər bilgin insan, mahir usta,
işinin sahibi olan sənətkar vardısa,
hamısını Şuşaya cəm etdi. İstədi ki,
Şuşa yalnız bir iqamətgah olaraq qalmasın, mədəniyyətin,
mənəviyyatın mərkəzinə - başkəndinə,
ülgülər təklif edən şəhərə
dönsün. Ona görə də mükəmməl bir şəhərin
koloritindəki əlvanlığı tam təmin etməkçün
tacirindən tutmuş aliminə və şairinəcən, sənət
və peşə sahiblərindən tutmuş vəzifə
sahiblərinəcən ən yaxşıları, ən
sanballıları bura toplamaqla kifayətlənmədi,
müdrik ağsaqqalları da, baməzə adamların ən
itisözlülərini də, hansısa məziyyətləri
ilə bağlı el məclislərinə, toya-düyünə,
kədərli mərasimlərdə məxsusi yeri ola biləcək
seçmələri cəlb etdi.
Pənahəli xan - o aqil şəxsiyyət, nəzərləri
çox uzaq sabahlara dikilmiş o böyük sərkərdə
və dövlətçi illərcə çəkdiyi qurucu
zəhmətlərin bəhrəsi olaraq niyyətinə
çatdı və son olaraq Azərbaycan üçün daha
heç vaxt birinciliyini itirməyəcək mədəniyyət,
mənəviyyat paytaxtı yaratdı. Elə bir mədəniyyət
və mənəviyyat paytaxtı ki, ordan Azərbaycana da,
Yaxın-Orta Şərqə də həmişə
işıq saçıldı, impulslar göndərildi,
düsturlar ixrac edildi.
Molla Vəli Vidadi "Küll-i Qarabağın abi-həyatı
nərm ünazik bayatıdır, bayatı" deyirdi.
Qarabağ, onun əziz Şuşası Pənahəli
xanın yaratdığı sağlam bünövrə sayəsində
elə qurulmağa başlandığı çağlardan
beləcə bayatı kimi nərmü nazik qəlbə
yaxın oldu.
Bir milləti bəxtiyar, tarix içərisində
başıuca edən ən uca nemət onun istiqlalı,
dövlət müstəqilliyidir. XX yüzilin əvvəllərində
Azərbaycana bu səadət nəsib oldu. Müstəqilliyin,
azadlığın bayrağını qaldırdıq. 23 ay
ömür sürsə də, onu şirinliyindən doymadan
erkən itirsək, sonra 70 il həsrətini çəksək
də, istiqlalın dadı damağımızda həmişəlik
qaldı və hər bir azərbaycanlının daxilində
ürək kimi döyündü. İstiqlalın
bayrağı endirilsə də, 70 il onun həsrətini
çəksək də, üçrənglimiz könüllərdə
dalğalanmaqda davam etdi. O bayraq könüllərdə
dalğalanmaqda davam etməsəydi, istiqlalımız, dövlət
müstəqilliyimiz yenidən qayıtmazdı. 1991-ci ildə
müstəqilliyimizi yenidən bərpa etdik və
istiqlalın çətin yolu ilə yeni zaman içərisində
aşırımları adlaya-adlaya irəliləməyə
başladıq. Lakin istiqlal yolu ilə addımladıqca,
müstəqilliyin yeni fərəhli səhifələrini
yazdıqca müdam içərimizdə bir nisgil də
qövr edirdi - itirilmiş torpaqlarımızın
acısı. Ona görə də müstəqillik dövründə
məktəbə gedib dərs oxumuş uşaqların
hamısının hafizəsinə qəmli tarixlər
qonmuşdu - dərsliklərinin, hər gün
açdıqları iş dəftərlərinin, gündəliklərinin
sonunda müəyyən illər, aylar, günlər
yazılmışdı və yuxarısında da "Diqqət",
"Unutma" kəlmələri. Nəyi unutmasınlar? Həmin
tarixçələr uşaqları
çağırırdı ki, Şuşanın
işğalı gününü, Laçının zəbt
olunduğu günü yaddan çıxarmasınlar.
Ağdamın, Qubadlının, Kəlbəcərin
düşmən əlinə keçdiyi, Cəbrayılın,
Zəngilanın, Füzulinin alındlğı tarixləri əzbər
bilsinlər. Yeni dərsliklər nəşr edilirdi, yeni iş
dəftərləri çap olunurdu, yenə
hamısının son vərəqlərində həmin
sarsıdıcı tarixlər. Nə qədər ağır
olsa da, bunu etmək lazım idi. Millət keçmişinin elə
günləri var ki, onlar unudulanda, yaddaşın alt qatına
çökəndə milli şüur zədələnir.
Millət olmağın bir yolu da məhz belə tarixləri
yadda saxlamaqdan, içərində daşımaqdan keçir.
Və Azərbaycan nə xoşbəxtdir ki, o
işğal günlərinin tarixi bizim üçün
artıq keçmişdir. O zəbt günlərinin əvəzində
biz artıq yaddaşımıza fəth günlərimizin
tarixlərini yazmışıq.
Fəqət yadda saxlamalı, unutmamalı bir tarix də
var: 2021-ci ilin 30 avqustu. Şuşadaydıq, Molla Pənah
Vaqifin məqbərəsinin önündə. Molla Pənah
Vaqifin məqbərəsi orda - Şuşada 1982-ci il
yanvarın 14-də açılmışdı. İndi -
2021-ci ilin 30 avqustunda yenidən o məqbərə əvvəlki
əzəmətindən də daha artıq bir əzəmətlə
yüksəlirdi və bir yay günü idi. O yay
gününün, o günəşin
qızmarlığından daha artıq hərarət ora
toplaşanların hər birinin könlündə idi. Azərbaycan
aydınları - tanınmış bilim və qələm
adamları, dövlət və sənət xadimləri
toplaşmışdılar. Hamı bəxtiyarlıqla dolu idi.
Bir azərbaycanlı üçün bunca həsrətlərdən
sonra Şuşanın azad havasını udmaq, Cıdır
düzündə addımlamaq, Vaqifin dikələn məqbərəsi
önündə dayanmaqdan böyük səadət
olarmı?! Hamımız bəxtəvər idik. Amma o
insanların arasında hamıdan daha bəxtiyar olan Azərbaycan
öndəri İlham Əliyev idi.
Bir dövlət başçısı, millət sərkərdəsi
üçün öz vətəndaşlarının ləyaqətini
qorumaq, onları bütün dünyanın nəzərində
alnıaçıq, qürurlu edə bilməkdən
böyük nə səadət ola bilər?!
Möhtəşəm Qarabağ zəfərinə
çataq deyə illər uzunu Prezident İlham Əliyev
müqtədir bir Azərbaycan Ordusunu qurmaq yolunda gecə-gündüz
çalışdı. Mükəmməl bir ordunu
yaratmağına yaratdı, lakin qarşı-qarşıya
dayandığımız düşmən elə mənhus
idi, onun arxasında elə əzazil və məkrli qara
qüvvələr dayanmışdı ki, öhdəsindən
bir ordu ilə gəlmək mümkünsüz idi - istənilən
anda böyük zəfərimizi yarı yolda qoya bilərdilər.
İkinci bir orduya ehtiyac vardı və ikinci qadir ordu da
Prezident İlham Əliyevin özü oldu.
Dava gedişində, həmin 44 günlük şərəf
savaşı dövründə dünyanın üzdən
görünən və görünməyən xeyli siyasi
qüvvələri ilə döş-döşə
dayandı və bu qeyri-bərabər mübarizədə zəfərini
çaldı. Prezident İlham Əliyevin Zəka və Qətiyyətinin
ordusu ilə Silahlı Qüvvələrimizdən ibarət
ordu əl-ələ, səs-səsə, ürək-ürəyə
Azərbaycana Zəfər səadəti
bağışladılar. Əlbəttə ki, o Qələbəni
qazanaraq azad Şuşada, Qarabağın rəmzlərindən
olan bir məqbərənin önündə dayanaraq millətinə
üz tuta bilmək səadətinə çatmış
dövlət başçısı gərək sadəcə
xoşbəxt deyil, xoşbəxtlərin xoşbəxti
sayıla!
İllər öncə, 1982-ci il yanvar ayının
14-də Vaqif türbəsinin açılışı
zamanı bütün başverənlər lentə
alınıb, tarixdə qalır. Günlərin birində əlimə
nadir səs yazısı keçdi. Sən demə, həmin mərasimin
ilk anından son anınacan başverənlərin
hamısı səs yazısı olaraq qalırmış.
Tarixi anların yadigarı olan həmin lenti dinləyirdim, gəlib
çatdım axıra: yetişib o məqam ki, artıq
qayçı götürüb lenti kəsməlidirlər,
Vaqif türbəsi açılacaq. Görkəmli
yazıçılarımız, qocaman ədiblər
Süleyman Rüstəm, Mirzə İbrahimov unudulmaz Heydər
Əliyevə deyirlər ki, lenti siz kəsin. Heydər
Əliyev deyir, yox, siz yazıçısınız, onun
davamçılarısınız, siz kəsməlisiniz lenti.
Onlar yenə təkid edirlər ki, siz olmasaydınız, bu məqbərə
də ucalmazdı, bu hadisə də baş verməzdi. Siz bu əsərin,
Vaqifin qayıdışının əsas müəllifisiniz.
Siz kəsməlisiniz. Heydər Əliyev yenə təvazökarlıqla
deyir ki, çox təkid edirsinizsə, mən də bir tərəfdən
lenti tutaram.
Könlü və ruhutoxluqla açılış
lentinin yalnız bir kənarından tutmaq qədər
qıraqda dayanmaq istəyən Heydər Əliyev həqiqətən
o məqbərənin yaranmasına gətirib çıxaran
yoldakı bütün hadisələrin tən mərkəzində
dayanan olmuşdu. Qarabağda Vaqifi qəlbiləndirmək,
Şuşada Vaqifin məqbərəsini ucaltmaq sovet dönəmində,
erməninin qılıncının işlək
çağlarında qətiyyən sadə başa gələsi
istək deyildi. O dövrdə bu, bir mədəniyyət hadisəsindən
daha çox ciddi siyasi məsələ idi. Ermənilərin
Qarabağa iddiaları son iki əsr ərzində heç səngiməyib.
Daim saman altından su yeridiblər, öz məkrli qəsbkar
arzularını gerçəkləşdirmək
üçün girəvə gəziblər, Moskva da
dallarında durduğundan sözləri də çox yerdə
keçib. Vaqifin məqbərəsinin Şuşada,
Cıdır düzünə yaxın bir məkanda
ucaldılması fikri hələ 1936-cı ildə ortaya çıxıbmış.
Həmin il 18 metr ucalığında Vaqifin məqbərəsinin
tikilməsindən ötrü hətta vəsait də
ayrılıbmış, heykəltaraş Cəlal
Qaryağdı layihəni də hazırlayıbmış və
bütün işlər 1944-cü ilədək
tamamlanmalı, Vaqifin abidəsi hazır olmalı, məqbərə
açılmalı imiş. Lakin araya müharibə girir,
sonrakı illərdə isə erməni asta-asta Dağlıq
Qarabağda Kremlin dayaqdurması ilə daha artıq güclənir
və Molla Pənahın heykəlləşərək
Şuşaya qayıtmasının, məqbərəsinin
ucaldılmasının qarşısında yüz cür maneələr
yaradılır.
Məgər arxada qalan onillərdə Azərbaycana rəhbərlik
edən insanlar istəməmişdilər ki, orda Vaqifin, ya digər
Azərbaycan klassikinin abidəsi ucalsın? Əlbəttə
istəmişdilər, bəlkə bu yolda
çalışmışdılar da. Ancaq müvəffəq
olmamışdılar. Bu məqsədə
çatmaqçün istəmək az idi, bunu etmək
üçün Heydər Əliyev kimi güclü, mətin,
əzmli, Kreml səviyyəsində sözükeçər
şəxsiyyət lazımmış.
Və 1982-ci ildə unudulmaz Heydər Əliyev
neçə illər apardığı ardıcıl və tədbirli
işin nəticəsində ən uca sərhəd dirəyimiz
kimi Qarabağda - Şuşada Vaqifin məqbərəsini
ucaltdı.
Amma 10 il keçdi və 1992-ci ildə ermənilər
söykəndikləri mənhus güclərlə birgə
Şuşanı işğal da etdilər, Vaqif məqbərəsini
daşına-dəmirinəcən talan edib
dağıtdılar.
Və 2021-ci ilin 30 avqustunda Vaqifin bayramı idi,
bütün Azərbaycan sevinirdi, Qarabağ, Şuşa
xoşbəxt idi ki, Molla Pənah qayıtmışdı.
Vaqif məqbərəsi təzədən qurulmuşdu, böyük
şair sanki yenidən həyata qayıdırdı, illər
ayrılığından sonra yenə Qarabağ
torpağında əzəmətlə ucalırdı.
Ən ülvi arzumuz, ən sonsuz ümidimiz, ən qəti
inamımız da budur ki, o məqbərə Qarabağda -
Şuşada - Cıdır düzündə bundan sonra
bütün tarix boyu, indiki vüqarı ilə ucalmaqda davam edəcək.
...Qarabağı vəsf edənlər heç vaxt sadəcə
Qarabağ deməklə dayanmayıblar, sevgilərini və
heyranlıqlarını dolğunluğu ilə
çatdırmaqdan ötrü "Qarabağ"
sözünün qarşısına bir təşbeh də
artırıblar - "Cənnət Qarabağ" deyiblər.
O cənnət Qarabağı, o göyçək
Qarabağı müdhiş işğal dönəmində
yağı viranəliyə çevirmişdi. Gözəllər
gözəli Qarabağın kənd-kəsəyinin
düşmən əsarətində qaldığı illərdə
ömrü boyu daşı daş üstünə qoymayanlar
imkan vermədilər ki, oralarda daş-daş üstündə
qalsın, hər yanı xarabazara döndərdilər. Bu,
azmış kimi, illərlə kirli caynaqlarında
saxladıqları Qarabağı tərk edərkən
olub-qalana da od vurub yandırdılar.
Vaxtın suları çox qəbahətləri yuyub
aparır. Amma bunlar elə günahlardır ki, onları
törədənlərlə əbədiyyət boyu qalacaq.
Qalacaq və daim onları təqib edəcək, onlara məhşər
əzabı verəcək.
...İnsan illərlə üzünü görmədiyi,
həsrətini çəkdiyi doğmasıyla, əziziylə
görüşərkən hansı hissləri keçirər?
Mənim də ürəyimdən Qarabağla uzun
ayrılıqdan sonra görüşərkən həmin
duyğular keçirdi. Bir az ağrılı, bir az sevincli.
Sevincliydi ona görə ki, həsrət bitmişdi, artıq
Qarabağ mənimki idi. Ağrılı idi ona görə ki,
sağa baxırdım, viranələr, sola baxırdım,
xarabalıqlar - gözəl Qarabağı miskin kökə
salmışdılar.
...Məhəmməd ağa Müctəhidzadə
Qarabağın rəmzi olan adlardandır. O, XIX yüzilin
ikinci yarısı, XX əsrin birinci yarısında
yaşadı və Azərbaycana "Riyaz ül-aşiqin"
adlı qiymətli bir təzkirə yadigar qoyub getdi.
Qarabağın ən üstün söz ustalarının
şeirlərini, onların haqqında bilgiləri toplayaraq
öz çağı ilə bizim günlərin arasında
körpü olacaq bir kitab bağladı. Məhəmməd
ağa Müctəhidzadə özü də şair idi və
yazdıqlarının arasında bir "Qarabağnamə"
mənzuməsi də qalır. Bu şeirində o,
Qarabağı göyçək gəlin kimi öyərək
onu xanlar məkanı, igidlər oylağı, gözəllər
məskəni, şairlər ümmanı
adlandırırdı.
Dirçəlməyə başlayan Qarabağa
işğal bitəndən az sonra baş tutmuş səfərimdə
Azərbaycanın bu yerlərin əsl sahibi olmasının təsdiqi
kimi göz oxşayan hamar, rahat yoldan keçib gedirdik. Qısa
bir zamanda viranəliklərin qoynunda salınmış gözəldən-gözəl
bir yol. Ancaq sağa-sola baxdıqca yaddaşımda Məhəmməd
ağa Müctəhidzadənin həmin Qarabağ mənzuməsinin
son sətirləri sayrışırdı. Kədərli, amma
həm də ümidli sətirləri. Mənzuməsindəki
həmin misraları Məhəmməd ağa Müctəhidzadə
XX əsrin əvvəllərində Azərbaycan - Qarabağ
növbəti dəfə erməni qəsbinə məruz
qaldığı çağlarda yazmışdı.
Viran qoydu səni beş-on lənəti,
Əldən verdin köhnə şanu-şöhrəti.
Əhlin qaçıb məskən tutdu qürbəti,
Səni tikər yenə xalqın qüdrəti,
Sənə yardım zamanıdır, Qarabağ!
Həmin sözlərin həqiqəti bu gün də
olduğu kimi qalır. Əlbəttə ki, dövlətimizin əzmi
və Azərbaycan xalqının qüdrəti ilə
Qarabağ tikiləcək, qurulacaq, ucalacaq və əvvəlkindən
də şöhrətli, əvvəlkindən də cazibəli
olacaq.
...Şuşaya həmişə təbiətin ovsunu
kimi baxıblar - kənardan gələnlər də, hətta
illərlə Şuşada yaşayanlar da.
Və bu möcüzəlilik Şuşaya dünən,
bu gün nəsib olmayıb, Tanrının ona - bu hava, bu
sular, bu dağlar, bu yaşllıqlar və rəngarəngliklər
dəmətini bəxş etdiyi qədimdən-qədim
dövranlardan onunladır. Səbəbsiz deyil ki, Şuşa həmişə
Qarabağın - Azərbaycanın həm də səs, avaz
paytaxtı sayılıb. Azərbaycanın ən məşhur
xanəndələri, sazəndələri, müğənniləri
burdan çıxıb: Hacı Hüsü, Məşədi
İsi, Bülbülcan, Cabbar Qaryağdı oğlu,
Sadıqcan, Bülbül, Seyid Şuşinski, Xan
Şuşinski, Qurban Pirimov...
Birdirmi, ikidirmi, ondurmu, yüzdürmü? Cabbar
Qaryağdı oğlu söyləyirmiş ki, Şuşada
bir gədik var, səhər çağı kim orda dayanıb
sabahın təmiz havası ilə nəfəs alsa, onda
mütləq səs olar. Yəqin, elə bu səbəbdəndir
ki, heç xanəndəlik, musiqiçilik yolu tutmamış
çox qarabağlının, çox
şuşalının da xoş avazı, ruhoxşayan
zümzüməsi var. Elə ona görə deyiblər ki,
Qarabağda - Şuşada analar layla çalanda muğam
üstündə səslənirlər.
30 ilə yaxın bir müddətdə Şuşa
düşmən əlində oldu. Dağlar həmin dağlar
idi, hava həmin hava. Çiçəklər yenə
açırdı. O gözəlliklər yenə orda idi.
Turşsu yaylaqları yerində, İsa bulağı yerində,
Səkilli bulaq yerində, saysız-hesabsız çeşmələr,
qaynamalar da o cür. Bəs niyə bu 30 ilə yaxın
müddət ərzində işğalçının
arasından, orda yaşayanların sırasından bircə nəfər
məşhur oxuyan, səsi dünyaya çatan
çıxmadı? Səbəb odur ki, səs yalnız o
gözəlliklərlə, o su ilə, o hava ilə
yaranmırmış. Demək, səbəb yalnız o güldə,
çiçəkdə, suda, o dağlarda, havada, mənzərədə
deyil. Bunlardan daha ucada dayanan bir güc də var: Şuşa
ruhu, Qarabağ ruhu. O Şuşa ruhu, o Qarabağ ruhu olmayanda
bu gözəlliklər sənə səs verə bilmir, sənin
içərini gözəlliyə kökləyə bilmir.
Bir qədər səbirli olun. Bir neçə il
keçəcək, Şuşada yenidən həyat qaynayacaq,
yenidən toylar olacaq, yenidən uşaqlar dünyaya gələcək,
məktəbə gedəcək, çalacaq, oxuyacaq və
Şuşadan elə gözəl səslər pərvazlanacaq
ki, əks-sədası dünyanın dörd bucağına
çatacaq. Bütün aləm də bir daha şahid kəsiləcək
ki, Şuşanın əsl sahibi kimmiş.
Qayıdışımız oraların yaraları
sağaldıqca genişlənəcək, Şuşanın
da əsl sahibləri qayıdıb gündəlik həyatını
başlayandan sonra oranın səs paytaxtı olmaq ənənəsi
də təzədən dirçələcək.
Və əlbəttə ki, Şuşanın
möcüzəliliyinə yeni möcüzələr qatan
möcüzə səslərin yeniləri də dünyaya gələcək!
Mehriban, məlahətli avazlarda qəlbimizə
axmış sıra-sıra Qarabağ bayatıları
arasında bir məşhuru da var:
Qarabağda talan var,
Zülfün üzə salan var,
Gedibsən, tez qayıt gəl,
Gözü yolda qalan var.
Haçansa bu bayatını bir sevgili istəklisinə
ünvanlamışdı. Həsrətlə gözlərini
yollara dikmişdi, yarının haçan
qayıdacağını səbirsizliklə gözləyirdi.
Amma zaman ötdü, arxada qalan onillərdə - işğal
dönəmində bu məhəbbətli sətirlərin də
mənası tamam, daha bu misra keçmişdəki kimi səslənmədi,
bir gözəlin bir igidin qəlbini tufana salması, talan etməsi
anlamında qavranılmadı. Həqiqətən, Qarabağ
talan edildi, viran qoyuldu və illərcə gözü yolda
qalan artıq Şuşanın özü idi,
Şuşanın bizim ayağımız dəyməyən
yolları, bizim suyunu içmədiyimiz bulaqları, meyvəsini
dərmədiyimiz, çətiri altında sərinlənmədiyimiz
ağacları idi, dərmədiyimiz,
qoxlamadığımız gülləri, çiçəkləri
idi, bütün Qarabağın özü idi.
...Kəlağayı Azərbaycanda həmişə
sadəcə baş örtüyü olmayıb. Həm də
bir namus, ismət rəmzinə çevrilib. Xüsusən
Qarabağda bu adət keçmişlərdə geniş
yayılıbmış. Qadının kəlağayısı
qanı kəsə bilirmiş, savaşı qurtarmağa
qadirmiş, ədavətə son qoymaq gücündəymiş.
İki qanlı bıçağın arasında bir qadın
kəlağayısını atanda o da, bu da əlini
aşağı salırmış, xəncərini
qınına qoyurmuş, sülhə gəlib
barışırlarmış.
İşğal illəri ərzində Qarabağ -
Şuşa həm də Azərbaycanın kəlağayısı
idi, Azərbaycanın namusu idi, isməti idi. Biz bu namusu və
isməti qorumalı idik.
Və nə xoşbəxtik ki, bu gün
"Qarabağımız azaddır" deyə bilirik, nə
xoşbəxtik ki, bu gün "Şuşamız
azaddır" deyə bilirik.
Bu, sadəcə şəhərlərin, yurdların,
kəndlərin, qəsəbələrin təzədən bizə
qovuşması deyil, bu həm də o kəlağayının
qorunmasıdır. Bu həm də millətin namusunun, ismətinin
qorunmasıdır.
...Azərbaycanın indi çoxlarının
unutduğu, amma unudulmamalı bir şairi də yaşayıb.
Həsən İxfa Əlizadə "Molla Nəsrəddin"çi
şairlərdən idi, amma o həm də "Qarabağnamə"
qələmə almış salnaməçilərimizdən
biridir.
Həsən İxfa Əlizadədən bizə bir
bayatı da çatıb:
Əzizim Qarabağlar,
Yar başa qara bağlar,
Səndən ayrı düşəndən
Ürəyim qara bağlar.
Qarabağımızdan ayrı
düşmüşdük, ürəyimiz qara
bağlamışdı. Bütün Azərbaycanın ürəyi
qara bağlamışdı. Və nə xoşbəxtik ki, Azərbaycanın
Qarabağ savaşında qazandığı zəfər
bütün könüllərdəki o qara kölgələri
silib apardı. Bütün ürəkləri qələbə
nuru ilə doldurdu.
Bu doğma səs Qarabağın Müzəffər
Xilaskarı İlham Əliyevin səsidir: "Haqq-ədalət
zəfər çaldı. Müzəffər Azərbaycan
Ordusu zəfər çaldı. Düşmənin beli
qırıldı. Düşmən torpaqlarımızdan
qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş
torpaqlarda qaldırıldı və əbədi
dalğalanacaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
...Zamanında Molla Pənah Vaqif Qarabağa ilk gəlişində
Şuşadakı Saatlı məhəlləsində yerləşmiş,
oradakı məscidin yanında bir məktəb
açmışdı. Yeni zaman başlayırdı, təzə
vaxt artıq Molla Pənah Vaqifin - bu bilgin insanın saatı ilə
işləyirdi.
XXI əsrdəyik, ayrı bir zamanın övladlarıyıq.
Azərbaycan Qarabağ savaşında ZƏFƏRİNİ
qazanıb, bu Qələbənin siqlətini yaşının
üstünə yaş gəldikcə daha artıq duyub-dərk
edirik. Bu gün başqa bir zaman saatı işləyir.
Bu gün bu saatı quran Azərbaycan Öndəri
Fateh İlham Əliyevdir. Bu möhtəşəm zaman saatının
irəliləyən dəqiqələri Şuşanı,
Qarabağı, bütün Azərbaycanı gələcəyin
daha gözəl, daha yaşamalı, daha yüksək
üfüqlərinə aparır!
7 noyabr 2024
Rafael HÜSEYNOV
Akademik