Qoca dünyanın qocalmayan mollanəsrəddinçiləri  

Allahverdi Məmmədlinin "Azərbaycançılıq mollanəsrəddinçilərin milli ideya kontekstində" kitabı haqqında qeydlər

 

 

"Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə" - deyib Azərbaycan cəmiyyətinə qədəm qoyan "Molla Nəsrəddin" fasilələrlə cəmi 25 il "ömür sürdü". Amma ölməz ideyaları, bənzərsiz xidmətləri ilə millətin taleyinin və tarixinin bir parçasına çevrildi, onunla əbədi yol yoldaşı olmaq hüququnu, haqqını qazandı. Nəşrə başladığı vaxtdan, 120 ilə yaxındır ki, "Molla Nəsrəddin" və mollanəsrəddinçilər oxucuların dilindən, yazarların qələmindən düşmür. Cəlil Məmmədquluzadənin və onun ərsəyə gətirdiyi "Molla Nəsrəddin" jurnalının mümtaz tədqiqatçısı akademik İsa Həbibbəyli haqlı olaraq yazır: "Molla Nəsrəddin" jurnalının fəaliyyəti tarixin faktına çevrilmişdir. Mollanəsrəddinçilik isə davam edir. Nə qədər ki, Azərbaycan xalqı, dövləti və məmləkəti var, nə qədər ki, milli ədəbiyyatımız və mətbuatımız fəaliyyət göstərir, "Molla Nəsrəddin" ədəbi məktəbinin ənənələri, mollanəsrəddinçilik təlimi yaşamaqda davam edəcək, inkişafa, tərəqqiyə özünün böyük və təmənnasız köməyini göstərəcəkdir. Böyük mollanəsrəddinçi Ömər Faiq Nemanzadənin fikirləri ilə desək: "Bu gün "Molla Nəsrəddin" batar, sabah Molla Xeyrəddin çıxar... "Molla Nəsrəddin"i meydana gətirən fikirlər bağlanmayacaqdır".

Firudin bəy Köçərli, Hüseyn Minasazov, Nəriman Nərimanov, Əli Nəzmi, Əziz Şərif, Əmin Abid, Bəkir Çobanzadə, Yusif Vəzir, Mikayıl Rəfili, Mirzə İbrahimov, Məmməd Arif, Cəfər Xəndan, Mehdi Hüseyn, Mir Cəlal, Həmid Araslı, Abbas Zamanov, Xalid Əlimirzəyev, Qulu Xəlilov, Bəkir Nəbiyev, Xeyrulla Məmmədov, Şamil Qurbanov, Nazim Axundov, Nüsrət Bağırov, Əziz Mirəhmədov, Kamal Talıbzadə, Qulam Məmmədli, Mikayıl Məmmədov, Sabir Məmmədov, Təhsin Mütəllimov, İnayət Bəktaşi, Anar, Nizami Cəfərov, Əflatun Saraclı, Yusif Seyidov, Arif Əmrahoğlu, Yavuz Axundlu, Əzizə Cəfərzadə, Gülşən Əliyeva, Mehriban Sultan... saymaqla tükənməyən bu kimi söz sahibləri "Molla Nəsrəddin" və mollanəsrəddinçilər haqqında yazmış, ədəbi-mədəni həyatımızın bu fenomenal hadisəsini dəyərləndirmişlər. 2002-ci ildən bu sıraya qoşulan Allahverdi Məmmədli ötən müddət ərzində Cəlil Məmmədquluzadə və mollanəsrəddinçilərlər haqqında maraqlı tədqiqat əsərlərinə imza atıb ki, bu da ölkənin nüfuzlu alimləri tərəfindən yüksək qiymətləndirilib.

Bu yaxınlarda isə A.Məmmədli "Azərbaycançılıq mollanəsrəddinçilərin milli ideya konteksində" kitabını elmi ictimaiyyətin və oxucuların diqqətinə təqdim edib. Cəlil Məmmədquluzadənin anadan olmasının 155-ci ildönümünə həsr olunan kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, redaktoru professor Cahangir Məmmədli, rəyçiləri professor Vüqar Əhməd və professor Vüqar Əliyevdir. Əsər "Ön söz"dən, "Azərbaycançılıq və mollanəsrəddinçilik", "Molla Nəsrəddin" ədəbi məktəbi və azərbaycançılığın yeni mərhələsi", "Mollanəsrəddinçi nasir və publisistlərin fəaliyyətində azərbaycançılıq", "Mollanəsrəddinçi şairlərin yaradıcılığında azərbaycançılıq", "Yeni mollanəsrəddinçi qüvvələr və azərbaycançılıq", "Mollanəsrəddinçi karikatura ustaları" adlı altı fəsildən, "Nəticə" və "İstifadə edilmiş ədəbiyyat siyahısı"ndan ibarətdir. Kitabda həmçinin rəyçilərin məqalələri əksini tapıb.

A.Məmmədli "Ön söz"də mənbəyini XIX əsr maarifçilərinin irsində intişar edən azərbaycançılıq ideyasının "Molla Nəsrəddin" jurnalının və mollanəsrəddinçi sənətkarların meydana çıxması ilə güclü məfkurə kimi formalaşdığını qeyd edir, toxunduğu problemin aktuallığını ciddi arqumentlərlə əsaslandırır və monoqrafiyanı qələmə almağının səbəbini açıqlayır: "Tədqiqat işində əsas məqsəd azərbaycançılıq, ədəbi məktəb haqqında yeni elmi-nəzəri fikirlər ortaya qoymaq, "Molla Nəsrəddin" ədəbi məktəbi nümayəndələrinin yaradıcılığında azərbaycançılıq ideyasının bədii əksini araşdırıb üzə çıxarmaqdır".

A.Məmmədli kitabın I fəslində milli ideyanın əsas prinsipləri, ictimai və elmi-ədəbi fikirdə təzahürü, mollanəsrəddinçilik təlimi haqqında etibarlı mənbələrə və mövcud tədqiqat materiallarına istinad edərək toxunduğu problemlərə dair dolğun, sanballı fikir və mülahizələr irəli sürür. O, haqlı olaraq bu təlimin- azərbaycançılığın, türkçülüyün, istiqlalçılığın təməlində XIX əsrin ikinci yarısında milli özünüdərkin inkişafında, milli şüurun dirçəldilməsində misilsiz rol oynamış M.F.Axunzadə, H.Zərdabi kimi maarifçilərin irsinin durduğunu vurğulayır və bu qənaətə gəlir ki, məhz bu oyanışın nəticəsində Məhəmməd Əmin Rəsulzadənin, Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Əlimərdan bəy Topçubaşovun və başqalarının səyi ilə yeni mərhələyə qədəm qoyan milli-azadlıq hərəkatının ideoloji bazası formalaşdı və nəticədə 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Müəllifin fikrincə, mollanəsrəddinçi ədiblər Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji üst qurumunun yaradılmasında fəal iştirak etmişlər.

Monoqrafiyanın II fəslində tədqiqatçı dünyagörüşü, düşüncə tərzi, ədəbi maraq dairəsi, bədii zövqü, dili, üslubu və ideya istiqaməti cəhətdən bir-birinə yaxın olan yazıçıları öz ətrafında birləşdirən "Molla Nəsrəddin" ədəbi məktəbinin prinsip və örnəklərini təhlil edir, dəyərləndirir, qənaətlərini ümumiləşdirir: "Beləliklə, Cəlil Məmmədquluzadə başda olmaqla "Molla Nəsrəddin" ədəbi məktəbinin nümayəndələri ədəbiyyatda tarixi dönüş yaratmış, özündən əvvəlki yaradıcılıq ənənələrindən fərqli şəkildə yazıb-yaratmışlar".

Elmi-tədqiaqt işinin III fəslində də "Molla Nəsrəddin" ədəbi məktəbi ilə bağlı fikirlərini davam etdirən müəllif, bu dəfə məktəbin özünəxas xüsusiyyətlərini nəzərə çatdırır. Ədalətsizliyə, ətalətə, qadın hüquqsuzluğuna, cəhalətə, mövhumata, köləliyə, haqsızlığa qarşı amansız mübarizə aparmaq, xalqı elmə, mədəniyyətə, böyük tərəqqiyə, təkamülə təşviq etmək, millətə, dilə, milli-mənəvi dəyərlərə, bütövlükdə azərbaycançılığa xidmət bu məktəbin nümayəndələrinin əsas yaradıcılıq mövzusuna çevrilmişdir. Əlbəttə, yeni məktəb bu məzmunda olan əsərləri xalqa ən yaxın yeni üslubda, yeni formada təqdim edir və istəyinə də çatırdı .Beləliklə, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ömər Faiq Nemanzadə, Məmməd Səid Ordubadi, Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzə Əli Möcüz, Bayraməli Abbaszadə və başqaları əsərləri ilə yeni ədəbi məktəbin poetika və estetikasını formalaşdırdılar. Əsərin III və IV fəsillərində yuxarıda adları çəkilən nasir, publisist və şairlərin, V fəslində isə yeni mollanəsrəddinçilərin - Əli Razi Şamçızadə, Mirzə Məhəmməd Hatif Axundov, Məşədi Həbib Zeynalov, Mirzə Cabbar Əsgərzadə, Əli Məhzun Rəhimov, Məmmədəli Nasir Hacı Məhəmmədzadə, Nişiravan Kərimov kimi sənətkarların yaradıcılığı azərbaycançılıq məfkurəsinə xidmət edən bədii nümunələr əsasında elmi-nəzəri təhlil müstəvisinə çıxarılır. Növbəti fəsildə müəllif mollanəsrəddinçi karikatura ustalarından - Oskar Şmerlinq, İozef Rotter, Əzim Əzimzadə, Xəlil Musayev, İsmayıl Axundov, Qəzənfər Xəlilov, Hüseyn Əliyev, Seyid Əli Behzad, Mirzə Məhəmməd Nəqqaş kimi fırça ustalarının Molla Nəsrəddin ədəbi məktəbinə xidmətlərindən, onların təsviri sənətin imkanlarından istifadə edərək satirik jurnalın ideyasının həyata keçirilməsi istiqamətindəki fəaliyyətlərindən, sənətkarlıq məharətindən söz açır.

Monoqrafiyanın "Nəticə" hissəsində A.Məmmədli tədqiqat prosesində gəldiyi elmi-nəzəri qənaətləri ümumiləşdirir və 21 müddəa ilə bəyan edir. Monoqrafiyada araşdırmaçı Azərbaycan, türk, ingilis, rus dilində olan mənbələrdən - kitab, monoqrafiya, dərslik, dərs vəsaiti, jurnal, qəzet materiallarından, dissertasiya və avtoreferatlardan, arxiv sənədlərindən istifadə edib.

Monoqrafiya haqqında fikirlərimizi yekunlaşdıraraq vurğulayırıq ki, A.Məmmədlinin gərgin əməyi ilə ərsəyə gələn tədqiqat əsəri mollanəsrəddinşünaslığa və həmin konteksdə Azərbaycançılıq ideologiyasına dəyərli töhfəsidir.

 

07.11.2024.

Abid TAHİRLİ

525-ci qəzet .- 2024.- 15 noyabr(№207).-S.15.