"Laləzar
körpüsü"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Əli İskəndərlidir.
Onunla rəssam Cəlal Ağayevin "Laləzar
körpüsü" əsərindən
danışmışıq.
Cəlal Ağayev 1983-cü ildə Bakıda anadan
olub. Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin
"Dekorativ-tətbiqi və təsviri sənət"
fakültəsini fərqlənmə diplomu ilə bitirib, daha
sonra təhsilini Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının "Təsviri sənət" fakültəsində
davam etdirib. 2009-cu ildən Azərbaycan Rəssamlar
İttifaqının üzvüdür. Cəlal Ağayev
2010-cu ildən həm Azərbaycanda, həm də xarici ölkələrdə
keçirilən müxtəlif sərgilərində
iştirak edir. Rəssamın əsərləri Türkiyə,
Ukrayna, Rusiya, Qazaxıstan, Bolqarıstan və başqa ölkələrdə
nümayiş olunub.
- Əli bəy, tablo neçənci ildə çəkilib?
- Tablo 2024-cü ilə aiddir. Cəlal Ağayev əsəri
kətan üzərində işləyib. Kətanın
ölçüsü 60x90 sm-dir. Əsərin işlənmə
texnikası isə yağlı boyadır.
- Bəs "Laləzar körpüsü"nün
özü haqqında nə deyə bilərsiniz?
- Əsərdə vətənimizin dilbər guşəsi
Qubadlı rayonunda yerləşən "Laləzar
körpüsü" təsvir edilib. Körpü 1867-ci ildə
Qubadlı rayonunun Əliquluuşağı kəndində
daşdan inşa olunan abidədir. Bu körpünün
quruluşu bir tağlı, alt hissəsi oval şəklində,
yuxarı hissəsi isə dam formalıdır. Təpələri
arasında axan "Bərgüşad
çayı"dır. Tabloda "Qurbantəpə"sindəki
kollar, dağ meşələri, çaydaşı və səmada
buludlar təsvir edilib.
- Əsərin rəng həlli və kompozisiyası
necədir?
- Burada fon təbiəti - tünd yaşıl, qəhvəyi,
çaylar - tündü-göy, açıq-göy, otlar isə
açıq-sarı, narıncı, qəhvəyi rənglənib.
Rəssam tarixi-memarlıq abidəsini soyuq və isti rənglərin
ahəngində təsvir edib. Tabloda gördüyümüz rənglər
canlı təsir bağışlayır.
Əsərin işlənmə texnikası
yağlı boya, perspektiv növü isə havadır.
Kompozisiya növü frontaldır. Kompozisiya quruluşuna
görə sadə ritmdədir. Körpünün alt hissəsi
qaranlıq olsa da, çaylar və daşlar
işıltılı göstərilib.
- Tablo hazırda harada saxlanılır?
- "Laləzar körpüsü" hazırda şəxsi
kolleksiyadadır.
- Bu əsər rəssamın digər işləri ilə
hansı ortaq xüsusiyyətlərə malikdir?
- Rəssam "Xudafərin körpüsü",
"İssikul", "Böyüknamə", "Təşviş",
"Miras", "Ritm", "Tarixin möhürü"
kimi əsərlərin müəllifidir. Bu əsərlər
realizm, impressionizm, abstrakt ekspressionizm üslublarındadır.
Əsərlərin əsas ortaq cəhətləri
qızıl rəngin üstünlüyü, tarixiliyi və mənzərə
təsvirinin olmasıdır. "Laləzar
körpüsü" də bu baxımdan istisna deyil. Ümumiyyətlə,
Cəlal Ağayev yaradıcılığında tarixilik
xüsusi önəm kəsb edir. O, işğaldan azad
olunmuş ərazilərin təbiəti və qorunub
saxlanmış abidələrə dair mövzulara tez-tez
müraciət edir.
- Sizcə, bu əsər bizə nə deyir?
- Rəssam bu əsərdə
Qarabağımızın ecazkar memarlıq abidələrindən
birini özünəməxsus şəkildə təsvir edib.
Bu da Cəlal Ağayevin Azərbaycan mədəniyyətinə,
tarixinə münasibətindən xəbər verir. "Laləzar
körpüsü" tarixin kətan üzərindəki əksidir.
Aytac SAHƏD