Şəhid ocağı

 Esse

 

Bu dünyada tək hüzur tapdığım yer Şəhid evləridir. Xüsusən də o evlərdəki Şəhid otaqları. Mənim üçün dünyanın cənnəti də, qiyamətin sorğu-sualı da o evlərdə, o otaqlardadır. İnanın, o otaqlara daxil olub çıxmaq istəmirəm. Həyatımı dondurub o otaqlarda qalmaq istəyirəm. Dünyanın dəyəri də o otaqlarda, dəyərsizliyi də. Həyatdan küsən insanlara psixoloji yardım edir o otaqlar. Həm də o otaqlar insanın bu dünyaya bağlılığını qırıb yerlə-yeksan edir.

Mənim üçün dünyada ən gözəl dərs otağı o otaqlar, ən gözəl müəllimlər isə Şəhidlərdir. Dünən yenə o otaqlara getmişdim. Öncə mənə bu şəraiti yaratdığı üçün şəhid məktəblərinin direktorlarına, yəni Şəhid analarına təşəkkür edirəm. Dünyanın ən ağır yükünü daşıyan Şəhid anaları və o yükü heç kimlə paylaşmaq istəməyən Şəhid anaları... Onlar bu yükün altında əzilmir, çiyinlərini dik tuturlar, çünki bilirlər, cənnət ayaqlarının altında, vətən isə çiyinlərindədir.

Əmin olun, Şəhid anasına nə təklif etsən, bu yükü sənə verməz. Onlar bu yükü 9 ay bətnlərində, bir ömür çiyinlərində daşımaq üçün doğulublar. Onların həyat missiyası budur. Gözlərinin kədəri dünya imtahanının ən ağır sualıdır. Və cavabı olmayan sualı. "Sən hardan biləsən nə çəkirəm mən?" Bu sualın cavabını Şəhid anası olmadan vermək olmaz. Şəhid anaları ruhən yaşamır. Onlar ruhlarını övladlarının məzarı üstündə növbədə saxlayıb evə gəlirlər. Və cavabını tapmadığın o sual səni Şəhid atalarına sarı boylanmağa məcbur edir.

Həm oğlunun, həm də həyat yoldaşının yükünü daşıyan Şəhid ataları. Bu yükü təsəvvür edin. Bu yükü təsəvvür etmək belə ayaqlarımı dizə qədər torpağa basdırır. Oğlun cismən gedib, amma ruhən yanındadır. Həyat yoldaşın cismən yanındadır, amma ruhən yanında deyil, oğlunun məzarına laylay çalır. Və sən bu yüklə ayaqda durmalı, "Vətən sağ olsun" sözünü deyə bilməlisən. Və Vətən Şəhid atalarının sözlərində möhürlənib Vətən olur. Kim nə deyir-desin, Şəhid anasının çiynində, Şəhid atasının "Vətən sağ olsun" sözü ilə möhürlənməyən Vətən, vətən deyil, sadəcə yaşayış məskənidir.

Və o məktəblərdə - həmin otaqda üzünü görmədən ruhunu hiss etdiyin biri olur - Şəhidin həyat yoldaşı. Şəhidin həyat yoldaşı nə Vətəni çiyinlərində daşıyır, nə də "Vətən sağ olsun" deyib torpağı vətən edir. O, vətənin özüdür. O, "Vətənə canım fəda" sözünü dildə yox, əməldə həyata keçirən Şəhidin bizə vətən əmanətidir. O, vətənləşmiş əmanətdir. Vətən qədər müqəddəs, vətən qədər toxunulmaz. Bu gün o Vətənlər olmasa, bu Vətən də olmaz. Onlar xəritəyə bənzər. Məmləkətin harasına baxsan, onları görərsən və onlar bir araya gələndə vətən bütövləşər.

Bir şəhidin həyat yoldaşı ağlasa, vətən təhlükədə deməkdir. Həmin otaqlarda bu vətənlər görünməz, amma onların əl izləri görünər. Şəhidlərin şəklindəki gülüş, əynindəki paltarlarda duruş, onların izləri. Və onlar dünyanın, məhz dünyanın tənhalıqdakı qəhrəmanlarıdır. Onlar tənhalığa gözəllik gətirən insanlardır. O vətənlərin öz sərhədləri var və o sərhədləri tənhalıqları mühafizə edər.

Onlar yaşayırmı? Yaşayır, amma... Qazilər məndən inciməsin. Mənim üçün gəzən Şəhidlər vətənləşmiş, qalan ömrünü Şəhidinin tənhalığı ilə yaşayan Şəhidlərin həyat yoldaşlarıdır. Şəhidlərin həyat yoldaşları həm vətənləşmiş, həm də gəzən Şəhidlərdir. "Yaşayır, amma" dedim, onlar bu ömrü övladları üçün, Şəhid əmanətləri üçün yaşayır. Bu müqəddəs evin ən məsum bəndələri.

Niyə ən məsum? Ata-ana övladına verdiyi tərbiyə ilə oğlunu Şəhidliyə hazırlayırdı. Şəhidin yoldaşı onu seçməklə özünü bu günə hazırlayırdı. Amma şəhid övladı olmaq o körpələrin, məsum körpələrin seçimi deyildi. Şəhid övladı olmaq Tanrının seçimi idi. Tanrı onları seçib bu bəndin sonuncu bağlantısı kimi. Bu bənddə hamı bu ağır yükü daşıyır, amma ən zərif çiyinlə məhz Şəhid övladları daşıyır. Şəhid övladları ata nəfəsi ilə təsəlli tapan, məktəbdən çıxarkən ataların arasında öz atasını axtarıb tapmayan, atasının məzarına "atamın evi" deyən, darıxanda "atamın evinə gedək" deyən şəhid övladlarıdır.

Bir millətin körpələri atalı böyüsün deyə bir ömür atasız yaşayan şəhid övladları... Dünən o evdə idim. O evdə, o otaqda ibadətə getmişdim. Dizimi yerə qoymadım; o otaqda dizlə itaət qəbul olunmur. O otaqda ürəyimi yerə qoymuşdum. Vətən uğrunda ürəyini verən Şəhidi ziyarətində ibadət sükutla, itaət isə ürəklə olur. Haqqınızı halal edin, Şəhidlər!..

 

Yetim QACAR

525-ci qəzet .- 2024.- 15 noyabr(№207).-S.14.