"Hüseyn Razi: taleyi və sənəti" -  zəngin irsə layiqli dəyərin ifadəsi

 

Bu il qədim tarixə və zəngin ənənələrə malik Naxçıvan ədəbi mühitinin Azərbaycan ədəbiyyatı və mədəniyyətinə misilsiz xidmətlərilə seçilən tanınmış nümayəndəsi Əməkdar incəsənət xadimi, şair-dramaturq Hüseyn Razinin (Hüseyn Məmməd oğlu Rzayev, 1924-1998) 100 illiyi tamam olur.

"Azərbaycan vətəndaşlıq lirikası yaratmaq yollarında qətiyyətli addımlar atmış" (akademik İsa Həbibbəyli) Hüseyn Razinin ədəbi-elmi irsi olduqca zəngin və çoxşaxəli olub. Yüksək məziyyətləri ilə seçilən belə bir ədəbi irsin Azərbaycanın müstəqillik qazandığı bir dövrdə və Azərbaycançılıq ideologiyası əsasında araşdırılması şairin Azərbaycan ədəbiyyatında tutduğu mövqeyi daha dəqiq müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Bu ehtiyacı hələ illər öncə Əməkdar elm xadimi, professor Hüseyn Həşimli vurğulamışdı: "Hüseyn Razinin zəngin, orijinal və qiymətli ədəbi irsinin daha əhatəli və ciddi tədqiqinə ehtiyac bu gün daha aşkar duyulur".

"Mərdlik və cəsarət tərənnümçüsü" (Xəlil Rza Ulutürk) Hüseyn Razinin zəngin və çoxşaxəli ədəbi-elmi irsinin tədqiqi və təbliği məqsədi daşıyan növbəti bir addım AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən nəşrə hazırlanan "Hüseyn Razi: taleyi və sənəti" kitabı şairin anadan olmasının 100 illiyi münasibətilə işıq üzü görüb. Kitabın tərtibçisi AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru filologiya elmləri doktoru Fərman Xəlilov, elmi redaktoru və ön sözün müəllifi AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevdir.

Dörd bölmədən ibarət kitabın ilk bölməsi "Hüseyn Razi müasirlərinin gözü ilə" adlanır. Burada Xalq yazıçısı Mirzə İbrahimov, Xalq şairləri Xəlil Rza Ulutürk, Məmməd Araz, Məmməd Rahim, akademik İsa Həbibbəyli və başqa tanınmış elmi və ədəbi mühit nümayəndələrinin Hüseyn Razinin yüksək mənəvi keyfiyyətləri və orijinal yaradıcılığı barədə fikirləri yer alıb.

"Ədəbi-bədii və elmi irsinə aid araşdırmalar" adlanan növbəti bölməyə şairin həyat yolu, ictimai fəaliyyəti, ədəbi-bədii və elmi-publisistik əsərləri ilə bağlı yazılan məqalələr daxil edilib. Məqalələrdə Hüseyn Razi yaradıcılığı, eləcə də keşməkeşli həyat yolu müxtəlif aspektlərdən araşdırılıb. Kitaba daxil edilmiş məqalələrində Hüseyn Razinin bədii-elmi irsi, bu irsin tədqiqi tarixi, yaradıcılığının üslubi-semantik, dil-üslub və sənətkarlıq xüsusiyyətləri, lirikası, poemaları, publisistikası, o cümlədən, şairin yaradıcılığında yer alan folklor nümunələri ilə bağlı araşdırmaların nəticələri əksini tapıb.

Akademik İsa Həbibbəyli "Vətəndaşlıq poeziyasının tərcümanı" məqaləsində H.Razinin əsərlərində vətən məhəbbəti mövzusunun daha üstün və qabarıq şəkildə verildiyini qeyd edir və onu haqlı olaraq "Şərq qapısı" şeir məktəbinin yaradıcısı hesab edir: "O, "Şərq qapısı"nda geniş mənada ədəbiyyata, xüsusən də şeirə böyük qapı açmışdı. İstedadlı şairlərimizdən çoxları həmin mətbuat qapısından keçərək ədəbiyyata gəlmişlər. Naxçıvanda yaşayıb-yaradan yazıçı və şairlər "Şərq qapısı" qəzetində və Hüseyn Razi ədəbi məktəbində yetişib formalaşmışlar".

Şairin oğlu, jurnalist Əli Rzayevin xatirələrində onun uşaqlıq və gənclik illərində yaşadığı maddi çətinlikləri, qeyri-adi yaddaşa sahib olmasını, klassiklərin əsərlərindən saatlarla əzbər şeirlər deməyini, şair olmaqla yanaşı, zəngin ədəbiyyatımızı ünsiyyətdə olduğu insanlara sevdirməyi bacaran bir ziyalı olduğunu, SSRİ Xalq artisti Rəşid Behbudov, Xəlil Rza Ulutürklə yaxından dostluq və yaradıcılıq əlaqələrini, namizədlik dissertasiyası ilə bağlı İrəvanda apardığı araşdırmaların əhatəliliyini, şeirlərindəki imperiya əleyhinə səslənən açıq fikirlərə görə təqiblərə məruz qalmasını (məsələn, 1965-ci ildə yazılmış "Yetim olmaq istəyirəm" şeiri və s.) və digər mətləbləri öyrənirik.  

Vaxtilə dəyərli müəllimim, akademik İsa Həbibbəylinin dediyi bir fikir yadıma düşür. O demişdi ki, hər hansı bir ədibin vəfatından sonra onun şəxsiyyəti və sənətinin xatırlanması, yaradıcılığının tədqiqi və təbliği üçün 2 mühüm amil əsas rol oynayır: Bunlardan birincisi onun övladlarının, varislərinin ardıcıl bu işlə məşğul olmasıdır. İkincisi isə onun güclü tədqiqatçısının olmasıdır. Bu mənada H.Razinin bəxti gətirmişdi, çünki həm oğlanları, həm də kürəkəni AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru filologiya elmləri doktoru Fərman Xəlilov onun ədəbi-elmi irsini, şəxsi arxivindəki materialları əsl tədqiqatçı səriştəsi və dərin ehtiram hissiylə qruplaşdırmış, sistemləşdirmiş, tədqiq və layiqincə təbliğ etmişlər. Bura həm də "babam bəşəri düşüncə sahibi idi" - fikrində haqlı olan nəvəsi hüquqşünas Yunis Xəlilovun vikipediyadakı, internet saytları və sosial şəbəkələrdəki paylaşımlarını da əlavə etməyi zəruri hesab edirəm. Fərman müəllim H.Razi şəxsiyyəti və sənətindən elə sonsuz qürur və fərəh hissiylə danışır, dinləyənlər onu şairin dosdoğma övladı zənn edir. Şairin 304 səhifəlik çap olunmuş əsərlərinin məlumatlarını əhatə edən biblioqrafiyasını Fərman müəllim 2015-ci ildə tərtib etməkdən əlavə, "Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər" kitablarında və digər mətbuat orqanlarında daim bu istiqamətdə orijinal tədqiqatları ilə də çıxış edib. Bu kitabda Fərman müəllimin yazdığı "Hüseyn Razinin elmi irsi" adlı məqalədə onun SSRİ və dünya yazıçıları, N.Gəncəvi, M.Füzuli, İ.Nəsimi, M.P.Vaqif, M.F.Axundov, C.Məmmədquluzadə və s. haqqında ədəbi-tənqidi, elmi-publisistik məqalələri, icmalları, rəy və resenziyaları, o cümlədən də, professor Abbas Zamanovun rəhbərliyi ilə yazdığı namizədlik dissertasiyası haqqında ətraflı məlumat verilmişdir. 

"Naxçıvanda ədəbi qüvvələrin formalaşmasında Hüseyn Razinin rolu və təsiri" məqaləsində dosent Elxan Yurdoğlu-Məmmədov onun bədii ədəbiyyat, əsl şeir haqqındakı fikirlərini diqqət mərkəzinə çəkir. Gənc qələm sahiblərinə düzgün istiqamət və yol göstərən məqalələri - "Gəlin, açıq danışaq", "Yaradıcılıq zəhmət tələb edir", "Şeir həvəskarları", "Fikir aydınlığı, bədii vüsət lazımdır" və s. ondan bir ədəbiyyat nəzəriyyəçisi kimi bəhs etməyə haqq qazandırır.

"Hüseyn Razi ədəbi irsinə dair ilk irihəcmli tədqiqat işi" adlı resenziyada dosent Aygün Orucova bu dəyərli ədəbi irsin hərtərəfli və sistemli araşdırılması sahəsində ilk addımı filologiya üzrə fəlsəfə doktoru Nadir Qəşəm oğlu İsmayılovun atdığını, onun həyatı, ədəbi mühiti, yaradıcılığının əsas istiqamətləri və ideya-məzmun, bədii-sənətkarlıq xüsusiyyətlərini araşdırdığını diqqətə çatdırır. Giriş və dörd fəsildən ibarət olan "Hüseyn Razinin yaradıcılıq yolu" (2003) adlı bu tədqiqatda əsərlərin sənətkarlıq məziyyətlərindən ayrıca fəsildə deyil, son dövrlər ədəbiyyatşünaslığının müvafiq qənaətlərinə uyğun olaraq, elə bədii nümunələrin mövzu-məzmun xüsusiyyətlərilə paralel şəkildə bəhs olunması təqdir olunur.

Dosent Nurlana Əliyeva, Ramiz Qasımov bu zəngin yaradıcılığı ədəbiyyatşünaslıq, Əli Qəhrəmanov, Ələkbər Qasımov sənətşünaslıq, Zülfiyyə İsmayıl, Nuray Əliyeva isə dilçilik baxımından araşdıraraq son dərəcə mühüm əhəmiyyət kəsb edən elmi nəticələr irəli sürmüşlər.

Hüseyn Razi publisistikasının araşdırıcısı Sahab Əliyevanın məqaləsindən bu nəticəyə gəlinir ki, əsas həyat amalı Naxçıvana xidmət olan, bədii və publisistik yaradıcılığında doğma torpağının ictimai-siyasi problemlərini ustalıqla işıqlandıran, yaradıcı ədəbi gəncliyin formalaşması istiqamətində bütün qüvvəsi ilə çalışan H.Razinin "Şərq qapısı" qəzetindəki fəaliyyəti və dərc etdirdiyi yazıları 1940-1990-cı illər Naxçıvanın ictimai-siyasi və mədəni həyatının öyrənilməsində qiymətli mənbə, əhəmiyyətli qaynaqdır.

Əsərin üçüncü bölməsinə müasirlərinin Hüseyn Raziyə ünvanladıqları bəzi məktublar verilib. Həmin məktublarda şairin sənət dostlarının, tanınmış qələm sahiblərinin ona bəslədikləri xoş münasibət və ehtiram aydın hiss edilir.

"Fotolarda qalan anlar" adlanan sonuncu bölmədə Hüseyn Razinin həyatının müxtəlif dövrlərini əks etdirən, dövrünün tanınmış ictimai və ədəbiyyat xadimləri ilə çəkdirdiyi fotoşəkillər oxuculara təqdim olunur. II fəsil istisna olmaqla kitabda toplanan bütün materiallar şairin qızı Firuzə Rzayeva tərəfindən mühafizə olunan arxivinə məxsusdur.

 

Aygün ORUCOVA

AMEA Naxçıvan Bölməsi Filologiya üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet .- 2024.- 16 noyabr(№208).-S.15.