TARİXLƏ HƏMSÖHBƏT OLMAQ FÜRSƏTİ  

 

O olan yerdə həmişə adilik bitirdi, o olan yerdə yıpranmış qəliblərdən, nimdaşlaşmış deyişlərdən, ənənəviləşərək adamı yoran nələrdənsə aralanma vardı. Gündəlik danışığı, rəftarı da hamınınkı sayaq deyildi. Allah onu da, o qəbil insanları da sanki elə günlərin ahəngini, rəngini, dadını dəyişərək daha cazibəli etmək, həyatı yeknəsəqlikdən qurtarmaqçün xəlq edir.

Heç mütləq də deyil hansısa sahədə parlamış olalar. Onlar onsuz da elə mahiyyətcə hər zaman məxsusi işıq daşıyıcıları olurlar. Hər kəs də öz ömründə bu qəbil seçkinlərə az rast gəlməyib. Hansısa sahədə əməliylə, yaratdıqlarıyla belələri önə çıxaraq şöhrətlənməsələr belə, yenə də elə sadəcə başqalarına bənzəməzlikləri ilə diqqət çəkir, yadda qalırlar.

Hər adam öz ömründə arasın. Görəcəksiniz ki, hətta ən kiçicik bir kənddə, qəsəbədə də haçansa çərçivələrə sığmayan, sözü iti və duzlu, düşüncəsi seçkin, həm də bəyənimli bu qəbil el müdrikləri olub, elə şəxsən sizin həyatınızdan da keçib.

Elə ən sıravi günlərdən birində sanki hərzamankı hal-əhval tutma əsnasında baş vermişvə lətifələşmiş əhvalatın özündə onun hamı kimi olmaması açıqca görünmürmü?

Bir gün yenə Filarmoniya bağındakı çayxanaya toplaşıblarmış. Bizim xalq çalğı alətləri ansambllarında çalan bir nağaraçı eynəklidir və elə oxumuşluq yağan görünüşü ilə dərhal diqqət çəkir. Şəxsən ona qədər mən ansambllarımızda ikinci eynəkli nağaraçıya rast düşməmişəm. Habil söhbəti hələ sonunda qəhqəhə vəd etməyən sakit bir tərzdə başlayır ki, çoxdan gözlük taxırsan? Cavab verir ki, hə, uşaqlıqdan. Yenə soruşur ki, bu çeşmək elə bütün günü gözündə olur? Qayıdır ki, bəli, Habil müəllim, məndəki mənfi şüşəli eynəkdir, ona görə də rahat görməyimçün həmişə gözümdədir. Habil tam ciddiliklə bir də xəbər alır: "Bəs yatanda necə, çıxarırsan, yoxsa onda a gözündə olur?" Tam səmimiyyətlə dillənir ki, yox, yatanda çıxarıram, şüşəsi sınıb-eləyər axı! Habil qımışır: "Yaxşı, yatanda da çıxarırsansa, bəs yuxunu necə görürsən?"

 

Böyük sənətkarımız Habil Əliyev Azərbaycan insanının düşüncəsində televiziyada, səhnələrdə görünüb-tanındığı ilk çağlardan bir də bu cür qaldı ki, ifa zamanı gözlərini yumardı. Hətta uşaq vaxtı, musiqi məktəbinə təzə-təzə getdiyim çağlarda çalarkən mənim də, digər tay-tuşlarımızın da səsləri dəqiq tutmaqçün gözlərimizin müəllimin əllərində, özümüzün pərdələr, ya dillər üzərində barmaqlarımızda olduğu günlərdə bir dəfə köhnə musiqiçi olan dayımdan televizorda gözüyumulu çalan Habil Əliyevi göstərərək soruşmuşdum ki, o niyə gözünü yumub çalır, çaşar ki! "Çaşmaz, onun barmaqları səslərin yerini gözümulu da bilir", - demişdi.

Bir də soruşmuşdum ki, səslərin yerini elə gözüyumulu da bildiyini öz üstünlüyü kimi göstərməkçün gözünü yumur?

Buna da belə cavab vermişdi ki, yox, öz aləmindədir, səslərin içindədir, ona o cür daha münasibdir, yəqin, belə olanda daha ürəkdən çala bilir.

Artıq belə suallara özümün kimsədən nəsə soruşmadan cavab tapa biləcəyim çağlarda, Habil müəllimlə mehriban ünsiyyətlərimizin yarandığı dövrdə uşaqlıq illərindən beynimdə olan bu sualı onun özünə də verdim.

Qayıtdı ki, onsuz da gözüm açıq olsa belə, çalanda ətrafı unuduram, qarşımdakıları elə adamlar çoxluğu kimi görürəm, ayrı-ayrı surətləri seçmirəm. O qədər olub ki, çoxdan görüşmədiyim dost-tanış konsertdə mənə başı ilə, gözü ilə salam verdiyini, ancaq mənim buna qarşılıq olaraq heç bir münasibət göstərmədiyimi söyləyərək gileylənib. And-aman eləmişəm ki, vallah, görməmişəm. İnanmayıblar ki, necə yəni görməmisən, düz gözümün içinə baxırdın ki!

Başa sala bilməmişəm ki, bu, nə özünü dartmaqdır, nə diqqətsizlik, çalmağa başlayanda musiqi özü məni alıb aparır, elə bil bu aləmdən ayrılıram, həqiqətən, ətrafı duman içində olan kimi görürəm. Çalıbqurtaranda camaat əl çalırsa, yaxud kimsə "Sağ ol!", "Əhsən!" deyirsə, onda həmin səsə yuxudan oyanan kimi oluram. Gözü yummaq da heç mənim özümdən asılı olmur. Mənə elə gəlir ki, hər çalğım elə gördüyüm gözəl bir yuxudur.

Bu, Habil Kamanın öz sözləridir və Azərbaycan nə xoşbəxtdir ki, onun Habil adlı sevimli bir röyası olub.

Habilin bir xoşbəxtliyi də bu olmuşdu ki, Bakıya gələrək böyük musiqi mühitinə qovuşduğu ilk çağlardan hərəsi bir ayrı SƏNƏT RÖYASI olan misilsiz musiqiçilərlə təmasda olmuşdu. Onlarla elə sadəcə yanaşı olmaq, onları görmək bəs idi ki, sənə izah edilmədən, sözlə ifadə olunmadan çox dərsləri almış olasan.

"Bakıya gələndə o sənət adamlarının içinə düşdüm ki, nə qədər sadə görünsələr də, hərəsi bir nəhəng idi. Allah Soltan Hacıbəyova rəhmət eləsin. Mənim Bakıda ilk əlimdən tutub irəliləməyimə kömək edən o oldu. Filarmoniyada məni müşayiətçi kimi işə götürdü, amma təkid də elədi ki, işləməyinə işlə, bununla bərabər oxu, təhsilini davam etdir, əlində diplomun olsun, nə qədər yaxşı çalsan da, cibində sənədin varsa, sözün daha keçərli olar, qabağa gedərsən. Mən Bakıya gələndə babat çala bilirdim. İntəhası gəlmişdim ki, məktəbi oxuyum, diplom alım, gedim rayonda müəllim işləyim. Daha elə oldu ki, baxdım gördüm ki, Bakı Ağdaşdan böyükdür. Ağdaşdan Bakı yaxşıdır, odur ki, qaldım Bakıda. Oxuyanlara çaldım, elə oxuyanlardan da öyrəşdiyim, hərəsindən götürdüyüm bir cümlə mənim çalmağımda çox böyük dəyişikliklərə gətirdi. Kamança yolu, məlum kamança çalğısı qaldı bir kənarda, mən başladım oxumaq yollarını çalmağa, kamançada eşitmədiyi şeyləri eşidən xalqın da xoşuna gəldi".

Hamımız yüz yox, min dəfələrlə Xan Şuşinskini də, Əbülfət Əliyevi də dinləmişik, dinləyirik, hər birinin haqqında azdan-çoxdan bilirik də. Ancaq Habil Əliyev o aləmi və həmin ailənin sakinlərini evin içərisindən tanıyırdı. Həm də müşahidəcil olduğundan hər biri haqqında elə təfərrüatları və cizgiləri yada salırdı ki, dinləyincə sanki tanıdığın məşhur ifaçıları həm insan, həm sənətkar kimi yenidən kəşf edirdin.

Habil tərif deməkdə xəsis idi. Amma layiq olanın da dəqiq, yaraşan qiymətini əsirgəməzdi. Xan Şuşinskiyə "oxuyanlarımızın şahı" deyərdi: "Rəhmətlik Xan əmi bizim oxuyanlarımızın şahı idi. Doğrudan da, elə Xan. Adı da Xan idi, özü də xan idi, sənəti də xan idi. Hər barədə çox yaxşı insan idi. Sənəti qədər də yaxşı adam idi. Sakit, heç kimin işinə qarışmayan, kirimişcə qıraqdan baxardı".

Xan əmi üzdən sadədil, hətta bir az sadəlövh kimi görünürdü. Amma bu, zahiri aldanışdı. Əslində o, müdrik, həyatın və insanın hər üzünə bələd olan dərin bir şəxsiyyətdi. Yəqin, elə içərisindən keçdiyi qəliz vaxt ona məhz bu cür görünüb qəbul edilməyin daha sərfəli, daha xatasız olduğunu anlatmışdı. Onun üzdən zənn edildiyi qədər də sadə olmadığına Habil müəllimin etdiyi bir söhbət sübutdur.

Deyir, nəsə söhbət edirdin, Xan əmi yarım saat qulaq asırdı-asırdı, axırda elə bir sual verirdi ki, gərək o suala cavab verməkçün söhbəti başdan başlayaydın; mən də yoldaşlara həmişə deyirdim ki, Xan əminin hər işi yaxşıdır, bir bu xasiyyəti olmaya.

Habil müəllim dəqiqləşdirirdi: "Bir dəfə səhər bir nəfərlə görüşüm vardı, onunla danışandan sonra başqa işim olmadığına görə gəlmişdim Filarmoniya bağına. Adətən ora yığışmağımızın bəlli saatları vardı, çox ertədən gəlməzdik. Ancaq nədirsə, bağa çatanda gördüm ki, Xan əmi də burdadır, tək oturub. Sən demə, onun da tezdən işi varmış, evdən saat səkkizdə çıxıbmış, daha geri qayıtmayaraq elə yolunu burdan salıbmış ki, sonra da Asəf Zeynallı məktəbində dərsə yollansın. Baxdım fürsətdir, çoxdan beynimdə dolaşan sözü dedim ki, ay Xan əmi, bu sizdə nə xasiyyətdir, adam yarım saat, bir saat danışır, sonra elə sual verirsiniz ki, heç elə bil bayaqdan danışılanı eşitmirsizmiş. Dodağı qaçdı. Dedi ki, axı siz danışırsız, mən də inanıram. Sonra gedib bu sözü mən də başqa yerdə danışa bilərəm, düz olmaz, mənə irad tutarlar. Ona görə də biri bir söhbəti edib başa çatana yaxın o cür sualları verirəm ki, görək danışdığı özünün yadında qalıbmı, əvvəldən bir də bu söhbəti eləyəndə indi dediyi bayaqkı sözü ilə üst-üstə düşəcəkmi".

Habil müəllim deyirdi ki, mənim Xan əmidə qüsur hesab elədiyim yeganə cəhət o cür naqəfil sual verməyi idi, ancaq həmin gün məlumum oldu ki, sən demə, bu da onunbaşqa bir fərasəti imiş.

Musiqiçilər mühitimizdəki bir şəxsiyyətlə isə ünsiyyət illərini Habil müəllim Pərvərdigarın ona hədiyyəsi hesab edirdi. O belə hesab edirdi ki, müasiri olduğu xalq musiqi ifaçıları arasında Seyid Şuşinskidən qüdrətlisi olmayıb.

Belə söyləyirdi və Seyidin ömür, sənət yolunu illərcə araşdırandan sonra mənim də gəldiyim qəti qənaət elə budur ki, xanəndəliyimizdə zirvələrimiz az deyilsə də, ən ucası elə Seyiddir ki, var!

Habil filarmoniyada işə başlayanda hələ Seyid oxuyurmuş. Seyidin səsi axıracan onunla qaldı və ömrünün bitər-bitməzində lentə alınmış "Arazbarı"sı, "Osmanlı"sı da qalmaqdadır ki, sənət gücünün qocalığı da yenə bilməsinə əyani göstəricidir. Habilin dediyi bu idi ki, o özü filarmoniyada xanəndələri müşayiət edən bir kamançaçı kimi işə başlayanda Seyidin adı hələ solistlər cərgəsində imiş və ona Seyidin oxusuna çalmaq da nəsib omuşdu.

İyirminci yüzilin əllinci illərinin sonları, altmışıncı illərinin əvvəllərində xanəndəliyimizə yeni nəsil gəlmişdi. Köhnələrdən qalanların ən alisi Seyid idi ki, onun cavanlara nisbətən ləng, ağır oturub batman gəlmişlik yağan ifa tərzi artıq yeni oxuyanlara alışmış dinləyiciyə müəyyən qədər yorucu gəlirdi.

Ancaq o biləni də heç kim bilmirdi və Habil müəllim danışırdı ki, Seyidin hansı günsə hansı konsertdəsə oxuyacağının sorağını alanda Bakının kəndlərindən ən tanınmış muğam biliciləri və aşiqləri hökmən filarmoniyaya gələrdi.

"Xanın yanında Seyidin adını çəkəndə deyirdi ki, o, əlçatmaz bir zirvədir, Zülfünün yanında "Seyid" söyləyəndə, deyirdi, Seyid əvəzolunmaz sənətkardır. Cavan oxusunu eşitməsəm də, elə qocalığındakı ifasından hiss edirdim ki, o nə cür oxuyan olub".

Ancaq Habil müəllim Seyidin ixtiyar çağlarında da köhnə əzəmətini qeyb etmədiyini gözü ilə görüb qulağı ilə eşitdiyi möcüzəvari bir oxusuna əsasən təsdiqləyirdi.

Danışırdı ki, Ağdaşda "Tölvər İmran" deyilən, camaat arasında da xətirli-hörmətli, hər qapını aça bilən bir adam varmış ki, oğluna toy etməyə hazırlaşırmış. Ona olan ehtiramı, hörmət-izzəti bundan götürün ki, Əhməd Ağdamski Habilə bir məktub yazıb verir ki, apar Bakıya, çatdır Seyidə, bu kişinin arzusudur ki, oğlunun toyunda Veyslə Seyid oxusun. Veys ki burda yanımızdadır, amma Seyid artıq yaşlaşıb, hər çağırışa gedən deyil, amma mənim sözümdən çıxmaz.

Böyük Seyidin, görünür, elə cavan yaşlarından aludə olduğu və ahıllığı zamanında da daha qurtula bilmədiyi bir-iki yaxşı olmayan vərdişi varmış. Musiqiçilər aləmində bunu hər kəs bilsə də, adətən açıb-ağartmamağı lazım bilmişlər. Ancaq Seyidin qocalığında da oxu nəhəngi olmasını nişan verən o söhbət ki günlərin birində mənə Habil müəllim etmişdi, olduğu kimi çatdırmasan, məna itər. Olduğu kimi nağıl edəndə isə gərək Seyidin tiryəkə bağlılığının da üstündən keçməyəsən. Neyləməli, olan olub, keçən keçib. Seyidin sənət və insanlıq tariximizdəki yeri elə ucadır ki, o, elə dürüst bir şəxsiyyət və sənətkar olub ki, sıravi insanlara qəbahət sayılası belə-belə istisnalar onun parlaq surətinə əsla kölgə salmaz. Qoy Habil özü danışsın: "Gəldim Bakıya, Ağanı tapdım, məktubu verdim, Ağdaşa gəlməyə razılıq verdi. Götürdüm gəldim bunu. Qatarla gəlirdik, o vaxt maşınla gedib-gəlmək məsələsi hələ çox seyrək idi. Rəhmətliklə gəldik Əhməd əmigilə, gecəni orda qaldı. Səhər-səhər yığışmışıq başına, rəhmətlik Seyid açdı balaca çantasını, ordan xaşxaş çıxartdı, tökdü böyük bir bərniyə - bankaya, üstünə də su aldı, bunu yaxşıca qarışdırdı, elə içməyə başlayanda Veys kişi gəldi yapışdı onun əlindən ki, ay Ağa, neynirsən, biz toya gedirik, indi oxuyacaqsan orda. Cavab verdi ki, heç nə olmaz, oxuyaram. Nə isə, bunu içdi, getdik toya. Çox şurlu bir məclis idi, Seyidin də adını eşidərək lap çox adam gəlmişdi və nəhayət, onun oxumaq növbəsi gəlib yetişdi. Tar çaldı, ayaq verdi, Seyid ha istədi oxusun, səs gəlmədi. Nə illah elədi, səs çıxmır ki, çıxmır. Hamı gördü ki, Seyidin vəziyyəti heç yaxşı deyil, bir qırıq səs yoxdur, rəngi də qapqara qaralıbdı, çox ağır vəziyyətdədir bu kişi. Camaat da onun adına yığışıb axı. Həmin Tölvər İbrahim, toy sahibi gəldi toyxananın baş tərəfinə, xanəndələr-çalğıçı oturan masanın qabağına, dedi, Ağa, heç qanını qaraltma, kefini pozma, sənin o qədər gözəl oxumaqlarını eşitmişik ki, bizə sənin elə adın, gəlməyin bəsdir. Camaat danışacaq ki, mənim oğlumun toyunda Seyid olub, bu şöhrət mənim bəsimdir. Mənə o lazımdı desinlər ki, Tölvər İbrahim oğlunun toyunu Seyid Şuşinski eləyib. Bu söz bəsdi mənə. Əlqərəz, Veys kişi başladı oxumağa. Yavaş-yavaş hava qaralırdı, toyxanada çıraqlar yandırmışdılar. Masanın üstündə də otuzluq lampa qoyulmuşdu, işığı düşürdü Ağanın üzünə, hiss olunurdu ki, yavaş-yavaş rəngi durulur. Tarçı gəzişmələr eləyirdi ki, Veys kişi növbəti muğamı başlasın, qəfildən asta-asta Ağanın avazı gəldi. Əvvəlcə səsini burnuna saldı, içəridə oxudu-oxudu, birdən ağzını açdı, nəfəsi elə gur gəldi ki, otuzluq lampanı söndürdü".

Toy çadırının obiri başında çıraqların işığı sozalırmış, Seyid bu başda qaranlığın içində oxuyurmuş. Elə oxuyurmuş ki, kimsə yaxınlaşaraq lampanı alışdırmağa ürək etmirmiş. Habil müəllim o vaxt düşdüyü sehrdən hələ də xilas olmayıbmış ki, heyranlıqla deyirdi ki, Seyidin oxumağı elə bil ayrı aləmdən, göydən gəlirdi.

Bayaqdan səsi çıxmayan ustad o axşam "Mahur"u düz bir saata oxuyur, axırını da bir təsniflə tamamlayıb qavalı uzadır Veys Hacıyevə.

Habil müəllimin danışdığı bu əhvalatı mənə Veys Hacıyevin oğlu müğənni Ramiz Hacıyev də danışmışdı. Əslində mən Veys kişi ilə görüşmüşdüm, ondan aldığım müsahibə də, qoca vaxtında oğlunun kamançada müşayiəti ilə mənim xahişimlə oxumasının yazısı da qalır. Ancaq gənc, təcrübəsiz vaxtlarım olub. İndiki ağlım ola, Veys kişidən o təhər əlüstü ayrılardımmı? Saatlarla danışdırardım, Cabbardan üzü bu yana oturub-durduğu sənətkarların hər biri haqqında xatirələrini dinlərdim.

Keçən günə gün çatmır...

Ancaq yenə el şənlikləri olur, yenə çalğıçılar, oxuyanlar gedib ifaları ilə məclisləri bəzəyirlər, yenə xalq onların hörmətini edir, haqqını verir. Lakin indiki məbləğlər elədir ki, köhnənin çalıb-oxuyanlarına əfsanə kimi gələrdi. Həm də o sənət hara, indikilərin göstərdiyi mikrofon və səsgücləndiricilərin gurultusunun altında çapalayan musiqi hara?!

Habil müəllim də, elə Seyid barədə danışdırdıqlarımın, onun həyatına, sənətinə yaxşı aşina olanların da hər birinin yekdil olduğu digər məqam bu idi ki, Ağanın sənəti ilə insanlığı tən gəlirmiş.

"Böyük oxuyan olduğu qədər də mərd adam olub. Özünün Şuşada dükan-bazarı olub, oteli olub, restoranı olub, imkanlıymış. Pul hardan gəlir, hara gedir, heç üzünə baxmazmış. Veys kişi danışırdıki, toya gedərdik, məclisin axırında yığılan pulu göstərib soruşardıq ki, ay Ağa,bunu nə edək? Deyərdi, bilmirsiniz pulu nə edərlər? Gedin sayın, düzəldin, bölün. Ömründə çönüb baxmaz, saymazdı ki, ona nə qədər verdik. Gözü həddən ziyadə tox idi. Seyidi Ağa çağırırdılar. Elə həqiqətən də, çox ağayana adam idi. Şəxsiyyəti ilə ümumən sənətin də nüfuzunu, rütbəsini artırırdı".

Bunları deyib iynəsini işə salmasa, Habil Habil olmaz, onun sözü də Habil sözü olmazdı. Və əlavə edirdi: "İndiki oxuyanlar hamısının əvəzini çıxdı".

Habilin yanında əyər-əskik işin olmayaydı. Nə qədər yaxşın var deyəcəkdi, amma yüngülvari bir girəvə tapan kimi gördüyü qüsuru da qulaqardına vurmayacaqdı, gözünə məzə qatıb hökmən deyəcəkdi. Bir başqa məziyyəti də bu idi ki, ən acı gerçəyi də zəhərə yox, şəkərə batırıb yeritməyi bacarırdı, ona görə də hətta neştərli zarafatlarından da dost-tanışları, yaxınları incimirdilər.

Köhnə xanəndələrdən İslam Abdullayevdən danışırdı, oxusunu, səsini tərifləyirdi, amma şikayətlənirdi ki, bunların əksərinin savadı az olub, kitaba-dəftərə sən deyən meyil etməyiblər, ona görə danışıqları ilə oxuları, sənətdəki və məişətdəki varlıqları arasında fərq xeyli gözəgörünən olub. İslam Abdullayevin valdan eşitdiyi "Segah"ını tərifləyib göylərə qaldırır, onun da boğazlarından öz "Segah"ına xallar gətirdiyini söyləyir, ardınca da gülərək məşhur xanəndənin qocalıq çağlarından bir hadisəni danışırdı. Deyir, lap sinli çağlarında bir nəfər gəlib İslama salam verir. Soruşur ki, kimsən, a bala. Həmin adam deyir ki, İslam əmi, dostunuz filankəsin oğluyam.

"Hə, nə yaxşı. Xatirimdədir ki, onun iki oğlu vardı, biri rəhmətə getmişdi. Sən idin, yoxsa qardaşın?"

Azman sənətkarları, sözün əsl mənasında USTADları gördüyündən, klassiklər əlindən su içdiyindən sənətdən, sənətkardan umduqları da bəzən hətta ifrat təsiri bağışlayacaq qədər çox idi.

Həm çox tələbkar, həm güzəştsiz idi. Əgər yalnız inkar etsəydi, təkcə tənqidlə kifayətlənsəydi, olsun ki, düz etdiyi dəyərləndirmələrin də təsiri azalardı. Ancaq o, yaxşını - daha dəqiqi - ən yaxşıları görməyi də, bunu ürək genişliyi ilə dilə gətirməyi də bacarırdı. Hədsiz tələbkarlığını, hətta bir az qəddarlığa da çəkən sənətkar barışmazlığını ondan götürün ki, oğlu Rəvana da izin vermədi ki, ekranda, sənət meydanında qalsın. Rəvanın bəstəkarlığı da yaxşı idi, bir neçə təsirli mahnısı hər halda musiqi bilənlərin yadındadır, təsirli oxumağı da vardı. Bacarmadığı halda yazanlara, oxuyanlara tənqid söyləyə bilərdi, amma "yazma", "oxuma" demək ixtiyarı yoxdu. Ancaq Rəvan oğlu idi, sözü keçirdi, onun belə sərt yanaşması nəticəsində Rəvan çəkildi bir qırağa. Ola bilər Habil öz övladı ilə belə kəskin, hətta müəyyən mənada amansız davrandı ki, bəlkə başqaları da özünü yığışdıra. Amma başqaları yenə öz işində oldu, ara yerdə Rəvan qaldı kənarda, faydalar verə biləcəyi məkandan aralandı.

"Hansı alət olur-olsun, ondan çıxan səs alətin səsi deyil, ifaçının ürəyinin səsidir. Adam var ki, çalır, o dəqiqə görürsən içində heç-zad yoxdur, deməli, onun ürəyi bomboşdur. Musiqi təsir eləməlidir. Musiqidə, çalğıda, oxumaqda, hətta danışığın özündə gərək təsir ola. Təsir olmalıdır ki, hiss olunasan. İndi sənətə elə şeylər qoşublar ki, adam çiyrinir. Elə buna görə mən özüm də aralandım. Oğlum da, Rəvan da oxuyurdu, onu da bu yoldan çəkindirdim. Leşə quzğun yığışan kimi sənətə elələri gəlib doluşdular,sənəti, musiqini ovsanadan çıxartdılar. Özləri də quzğun kimi uçdular. Kimlər? Sənətdən xəbəri olmayan adamlar. Gülünc hala qoydular. Özü də maraqlı burasıdır ki, olmayan sənətlə, olmayan səslə ad da aldılar, san da aldılar, mükafat da aldılar. Həqiqi sənətkarlar nə cür olursa, onlar da elə oldular və adama dərd olan da elə budur".

...Habil Əliyevin də, Əlibaba Məmmədovun da həyatının son parçasında ömürləri boyu həsrətində olduqları bir sevinc, nəhayət ki, onları tapdı. Düzdür, xeyli gec idi, amma yaxşı ki, oldu, çünki bunun tarixi əhəmiyyəti də vardı.

Heydər Əliyev Fondu Əlibabanın da, Habilin də mahnılarını çox nəfis albomlar şəklində, həm də nota da salaraq nəşr etdi.

Keçmişlərdə də bizim ayrı-ayrı xanəndələr və sazəndələrin hərdən-hərdən bəstəçiliyə meyl etməsi olmuşdu. Cabbarın da, Xanın da, Bülbülün də qoşub-düzdüyü neçə mahnı məşhurdur. 1950-1960-cı illərdə isə Qulu Əsgərov, Əlibaba Məmmədov, Habil Əliyev bu səmtə daha ardıcıl üz tutmağa başladılar və peşəkar bəstəkarların mahnılarının hansısa uzun, hansısa qısa ömürlü, hansısa uğurlu, hansısa yetərincə alnmamış olsa da, bu həvəskarların hər nəğməsi elə ilk eşidilişdən sevildi.

Təbii, bəstəkarlıq ilahi vergidən savayı həm də peşəkar bilik və səriştələr tələb edən xüsusi sənətdir. XX yüzilin ortalarında isə Azərbaycanda çox güclü bəstəkarlıq məktəbinin mövcud olduğu və onlarla bir-birindən qiymətli bəstəkarın yazıb-yaratdığı dönəmdə həvəskar bəstəçiliyə qısqanc, hərdənsə lap etirazçı münasibət də vardı. İstənilən yeni mahnının rəsmi həyat vəsiqəsi qazanmasının, radioda-televiziyada səsləndirilə bilməsinin tək yolu isə səlahiyyəti təqribən elə doğum haqqında şəhadətnamə verən "ZAQS"larca olan Bədii Şura idi. Bu şurada Azərbaycanın tanınmış bəstəkarları, sənət xadimləri, şairləri və ziyalıları toplaşmışdılar ki, mərkəz də Dövlət Televiziya və Radio Verilişləri Komitəsi idi. Oradansa nəinki həvəskarların, hətta əsl bəstəkarların da mahnı təsdiqlədib keçirmələri müşkül idi. Ona görə də uzun müddət mahnıları yalnız toylarda deyil, radio-televiziyada da eşidilsin deyə Qulu Əsgərov da, Əlibaba Məmmədov da, Habil Əliyev də qoşub-düzdükləri canayatan nəğmələri xalq mahnısı adı ilə təsdiqlətmişdilər.

Zamanında mahnıları Azərbaycan boyu dillərdə əzbər olan, hətta xarici ölkələrə yayılaraq əcnəbu ifalarda canlanan Ələkbər Tağıyevi də həvəskarsan deyə Bəstəkarlar İttifaqına yaxın buraxmırdılar.

Olsun ki, zamanında Qara Qarayev və məsləkdaşlarının Bəstəkarlar İttifaqının sıralarını belə vasvasılıqla qorumaqda haqları da varmış ki, güclü ordunun adına da, sanbalına da, elə gələcək fəaliyyətlərinə də xələl gəlməsin. Çünki nümunə olandan sonra o örnəyə baxıb daha az layiq olanlar da iştahlanacaq, bəstəkar adlanmaq sevdasına düşəcək, İttifaq üzvlüyünə min bir cəhdlə can atacaqdılar. Necə ki, elə sonralar, doğrudan da, belə oldu.

Ancaq istisnalar da həmişə olub axı. İçərisi musiqi ilə daşan, Pərvərdigarın nadir ilhamlar bağışladığı Qulu, Əlibaba, Habil kimi elə özü bütün mahiyyəti ilə musiqi olan adamlar da yüzillərdə bir yaranır axı! Fəqət həmin sovet onillərində müstəsnaları da istisna edirdilər.

(Görən hansısa ilahi ömürlə bir neçə dəqiqəliyə həyata qayıdaraq o çağların böyük bəstəkarları musiqimizdə indi baş verənləri izləsəydilər, bəstəçiliyimizin indisindən hali olsaydılar, ya sadəcə Bəstəkarlar İttifaqı üzvlərinin siyahısını nəzərdən keçirsəydilər, nə kökə düşərdilər və məhz bunların onların qoyub getdiyi musiqi məkanında cərəyan etməsinə inana bilərdilərmi?!).

"Bizim xalq mahnılarının hərəsi böyük bir əsərdir. Bəstəkarlarımız da çox gözəl mahnılar yazıblar. Rəhmətlik Səid Rüstəmovdan tutmuş ta Cahangirəcən elə qəşəng mahnılar yazılmışdı ki, onların bir çoxunun əsiri idim. Amma bu da var ki, ürəyin lap dərinində, içəridənə isə gizlənir, adamı narahat edir, mütləq üzə çıxmaq istəyir. Mənim də fikrimdən keçirdi ki, ürəyimdən asılan, məni narahat edən o "nə isə"ləri üzə çaxarım. Bir gün bunu Bəxtiyara dedim, içərimdəki musiqiyə uyğun ona bir bəndlik söz qəlibi də verdim ki, buna uyğun şeir yazsın. Oçağacan çalğımı çox eşitmişdisə də, Bəxtiyar mahnı da yaza biləcəyimi təsəvvür etmirdi axı. Buna baxmayaraq, ürəyimi sındırmadı, şeiri yazıb verdi, hələ bir məni həvəsləndirdi ki, mən inanıram sənin mahnın pis olmayacaq. Xəbəri yoxdu ki, artıq Süleyman Rüstəmin sözlərinə "İlk məhəbbət" mahnısını yazmışam.

 

Sevgisiz gül-çiçək bitməz, ey könül,

İnsan muradına yetməz, ey könül,

Nədəndir bilmirəm, getməz, ey könül,

Başımdan sevdası ilk məhəbbətin.

 

Bu dərdə neyləsin loğmanın əli,

Əlimə dəyməmiş cananın əli.

Döydü qapımızı hicranın əli,

Bumudur vəfası ilk məhəbbətin?

 

Mən onu sevmişdim bir ilk baharda,

O məni tərk etdi boranda, qarda,

Hər yara sağalıb, unudular da,

Sağalmaz yarası ilk məhəbbətin.

 

Gör nə yaxşıdır, bir az mənim musiqim korlayıb bu sözləri. Allah Süleymana rəhmət eləsin! Nə isə. Bəxtiyarla "Vəfa"nı yazdıq. Ardınca da Bəxtiyarın şeirlərinə onacan başqa mahnım yarandı. Dadanmışdım, ürəyimə təzə melodiya qonan kimi Bəxtiyarın qapısını döyürdüm. Hər qapı döyüləndə görürdü mənəm, baxırdı yazıq-yazıq, yorğun səslə deyirdi: "Gəl". Bir gün radioda haqqımda oçerk gedirdi, arada o mahnılardan da səslənirdi, mən də Bəxtiyarı, Lətif Kərimovu, Əkrəm Cəfəri evə dəvət etmişdim, balaca bir süfrə açmışdım ki, elə verilişi də birlikdə dinləyək. Oturub çörəyimizi yeyə-yeyə qulaq asırdıq, Bəxtiyarın sözlərinə yazdığım mahnılardan növbətisi səslənəndə bir var qəhərlənmək, bir də var lap gözündən əməlli-başlı yaş axmaq, mən də, Bəxtiyar da o vəziyyətdə idik. Məni qucaqlayıb qayıtdı ki, ay Habil, biz zarafata salmışıq, başımız qarışıb, sən əməlli bəstəkar olmusan.

 

Nə yel əsdi aramızdan,

yolumuzu kəsdi hicran,

Öz eşqinə sadiq olan aşiqini unudarmı?

Vəfa dedik, biz and içdik,

axı belə deməmişdik.

 

"Vəfa"nın sözləridir. Hamısı bir-birindən tutarlı sözlər. "Güləsən gərək" də onunkudur.

 

Mən sənə aşiqəm, sən də, ay gözəl,

İnsafa, mürvətə gələsən gərək,

Həsrətin ağladır mən aşiqini,

Axan göz yaşımı siləsən gərək".

 

Habil müəllimin elə çalğısı qədər təsirli şeir oxuması vardı. Şeir oxuması da elə həzin musiqi kimi idi. İndi Habil müəllimin kövrələ-kövrələ oxuduğu bu şeiri diktofonumda dinləyirəm, yenə təsirlənirəm və birdən duruxur. Deyəsən, sonrakı misralar o anda hafizəsindən uçub. Doluxsunan səsinə gülüş qarışır. "Görürsən də, qocalıq budur da, sonra da bəzi ağzıgöyçəklər deyir ki, qocalıq yaxşı şeydir. Harası yaxşıdır, dünyada qocalıqdan alçaq şey yoxdur".

O vaxt, sağlığında sözünün axırında belə demişdi, onda gülmüşdüm, indi, artıq olmadığı çağlarda əvvəlki sözlərinə lentdən qulaq asarkən içərimi narın qüssə bürümüşdü, yenə son atmacasını eşidərək istər-istəməz gülümsəyirəm.

Habil belə mahir və qabil idi, ovqat yarada bilməyin sehrkarı!

...Bir dəfə "Space" telekanalında Habil Əliyev münsif kimi qonaq idi, gənc, qabiliyyətli xanəndələrimizdən biri də oxuyurdu və birbaşa efir idi. Ustadın yanında bir az da şövqə gələrək bu cavan bacarığını bir az da artıq göstərməyə çalışaraq hələm-hələm gedilməyən zillərdə gəzişmələr edib oxumağını tamamladı və inamlı ümidlə Habil müəllimə sarı qanrıldı ki, indi ondan tərifli sözlər eşidəcək.

Hər təzə başlayan xanəndə üçünsə milyonlarla tamaşaçının gözü qarşısında canlı yayımda belə çətin yuxarılarda zəngulələr vuraraq oxuduğu muğamı tamamlayarkən korifeydən isti-isti xoş sözlər eşitməkdən yüksək nə mükafat olar ki!

Ancaq o cavanın da, dinləyənlərin hamısının da gözlədiyinin əksinə olaraq Habil müəllim əsəbi tərzdə xanəndəni danlamağa başladı ki, bu nə hərəkətlərdir edirsən.

Cavan mat qalmışdı. Axı nə etmişdisə, yaxşı etmişdi, hər şey ürəyi istəyən kimi alınmışdı.

Habil davam etdi ki, sən canlı efirdəsən, belə məsuliyyətli bir yerdə başlamısan o cür zil yerdə improvizə etməyə. İndi Allah üzünə baxdı ki, yaxşı qurtardın. Amma başqa cür də ola bilərdi axı. Bu, səsdir, birdən ilişdi, birdən istədiyin alınmadı. Xəcil olarsan axı. İmprovizəni də əvvəlcədən dönə-dönə məşq edib camaat arasına çıxarmalısan. Elə etməlisən ki, hamıda o təsəvvür yaransın ki, indi improvizə edirsən, bunu bu anda bədahətən tapdın. Ancaq sən təqdim etdiyini evindəd əfələrlə təkrar edib, cilalayıb camaat qarşısında da yaxşı alınacağına əminlik hasil edəndən sonra cəsarətə gəlib üzə çıxarmalısan.

Həmin hadisəni Habil müəllimin yadına salmışdım, bunu da demişdim ki, siz o vaxt elə deyəndə bir az pis olmuşdum ki, niyə uşağın könlünü incitdiniz, amma izahınızdan sonra anlamışdım ki, haqlısınız.

Habil müəllim demişdi ki, çox da düz demişdim, indi də nigaranam ki, niyə onda özümdən o cür çıxdım. Bəzən bir sözü deyirəm, sonra özüm altını çəkirəm. O uşağa da o sözü ürəyim yandığı üçün söylədim. Düzdür, bir az yumşaq demək olardı, amma onda da dərs olmur, yadda qalmır. Muğam elədi ki, yarım saat, bir saat çal, oxu, hamı da qəşəng qulaq asır, amma tək bir saniyə bir barmağı səhv düşsün, adamları elə bil elektrik cərəyanı vuracaq, yuxudan ayılacaqlar, o saniyəyə qədər yaxşı nə etmisənsə, onların da hamısı zay olacaq, yarım saatlıq, bir saatlıq əmək batacaq. Ona görə də həmişə son dərəcə ehtiyatlı olmaq lazımdı. Çox çalışmaq, çox məşq etmək lazımdır. Özümdən artıq məni kim başa düşə bilər? Mən özüm çalıram, görürəm hələ razı deyiləm. Özüm hələ özümdən razı olmadığımı çalsam, alqışlasalar, elə zənn edirəm ki, məni ələ salırlar, o alqışı da qəbul eləyə bilmirəm. Hiss edirsən ki, hələ nəsə çatışmır. Gərək həmin o çatışmayan "nəsə"nitapanacan əlləşəsən. Elə deyirlər "sağ ol, Habil". Əşi, sənin xəbərin yoxdur axı, dünən mən nələr çəkmişəm, axtardığımı da tapa bilməmişəm. Dinləyən, tamaşaçı onu bilmir, görmür. Amma mən özüm görürəm, içərimdə bunun xiffətini çəkirəm. Gərək həmişə fikirləşəsən ki, sənə qulaq asanın arasında qiyməti səndən də dəqiq verməyi bacaranlar var. Bu məsuliyyəti hiss edəndə sən heç vaxt ortaya ortabab məhsul qoymayacaqsan, qədir-qiymətin də daim yüksəkdə olacaq".

...Habil müəllimlə əyləşmişdik. İkimiz idik. Yəni ömür-gün yoldaşı Şərqiyyə xanım da evdə idi, amma uzaq otaqların birindəydi, heç səsi gəlmirdi. Elə sakitlik idi ki, arada biz susanda saatın hərəkət edən kəfkirinin səsi də eşidilirdi.

Bu arada böyük əqrəb gəlib dayandı 12-nin üstündə, saat zəng vurdu. İstər-istəməz baxışdıq, sanki vaxtı, tarixi lap yaxından hiss etdik. Qayıtdım ki, Habil müəllim, tale elə gətirib mən dünyanın ən müxtəlif ölkələrində, ən müxtəlif məclislərdə ən müxtəlif kürsülərə qalxmışam, ən mötəbər yerlərdə oturmuşam, amma bu gün bu anlarda sizinlə söhbət edərkən, bu saat zəngini çalarkən taleyin mənə qismət elədiyi ən hörmətli yerdə əyləşmişəm - sizin hüzurunuzdayam, demək, canlı Tarixin özünün yanındayam, nəfəsini duyacaq qədər Tarixə yaxınam. Elə bu anda bu zəngin çalınması da həm qismət, həm rəmzdir.

Dünyanın işi əvvəldən belədir - tərif tərifə bağlıdır. Habil müəllim bu söylədiklərimdən mütəəssir olmuşdu və mən o gün elə deyəndə o da yəqin ki, sözüm cavabsız qalmasın deyə tərifsiz keçinməmişdi: "Nə yaxşı ki, nə yaxşı ki, siz bir şey çalıb-oxumursunuz. Mən inanıram ki, bütün sənətkarlar hamısı yaddan çıxardı. Sizdə o qədər tələbkarlıq var özünüzə. Siz o qədər dəqiq, incə, nəcib oxuyub çalardız ki, hansı sahədə olsaydız, hamı heyran qalardı. Nə yaxşı ki, bizi Allah istəyib, sizi ayrı tərəfə yönəldib, vallah".

Oxşar zarafatı mənimlə bir vaxt böyük sənətkarımız Alim Qasımov da etmişdi.

Əlbəttə, millətimizə Allahın ərməğanı olan o misilsizlərin lütf edib könül sevindirməkçün etdiyi belə ruhlandırmaların hər biri elə həqiqət yox, xoş zarafatdır ki, var. Mənimsə illər öncə Habil müəllimlə bağlı gəldiyim qənaətlərin hər biri yüzfaizli gerçək idi, bu gün Habilsizkən də eyni cür düşünürəm.

Tarix yaratmış, varlıqları ilə tarix olmuş seçkinlərimizin millətin və hər birimizin ömründən keçməsi isə həqiqətlərin gözəli, bəxtiyarlıqların yüksəyidir ki, bu tale payına görə həmişə iftixar etməli, o işıqları daim minnətdarlıq və sevgilərlə yaşadaraq sabahlara ötürməliyik!

 

4 noyabr 2024

 

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet .- 2024.- 16 noyabr(№208).-S.12-13.