Ustad oğlu
UNUDULMAZ ŞƏXSİYYƏT QƏNBƏR
ŞƏMŞİROĞLUNU BİR DAHA DƏRİN EHTİRAMLA
YAD EDƏRKƏN...
Bir həftə sonra - noyabrın 25-də saf havası,
sərin suları, yaşıl donlu yal-yamacı, şəfa mənbəyi
İstisuyu, nəğməkar, bəstəkar Xan Tərtəri,
əzəmətli Dəlidağı, Murovu, quşqonmaz
qayaları, Səməd Vurğunun vəsf etdiyi "kəklikli
daşları", keçilməz bənd-bərəsi, gədiyi,
aşırımı, yeraltı, yerüstü sərvətləri
ilə cənnətin özü olan Kəlbəcərin
azadlığının dördüncü ili tamam olur. Ulu
öndərimiz Heydər Əliyev bu gözəlliklər
diyarı haqqında deyirdi: "Allah Kəlbəcərə hər
cür nemətlər - gözəl təbiət, zəngin sərvətlər
veribdir. Kəlbəcər məğrur dağları, gözəl
meşələri, otlaqları, çəmənləri,
obaları, bulaqları olan, Vətənimizin təbiət
gözəlliyini özündə əks etdirən bir
parçasıdır". Şükürlər olsun ki,
dörd il öncə Vətənimiz özünün
ayrılmaz parçasına əbədi qovuşdu. Müzəffər
Ali Baş Komandanımız cənab İlham Əliyevin yenilməz
sərkərdəliyi, şəhidlərimizin canı, qazilərimizin
qanı hesabına əbədi azadlığına qovuşan,
elləri qoynuna köçən Kəlbəcər
günü-gündən dirçəlir, çiçəklənir,
Qarabağda, Şərqi Zəngəzurda aparılan misilsiz
quruculuq layihələri nəticəsində enidən qurulur.
Əsrarəngiz təbiəti, bitib-tükənməyən
yeraltı, yerüstü sərvətləri ilə dünyaya
örnək olan Kəlbəcər həm də mənəviyyat
beşiyi, sazın-sözün məkanı, görkəmli
insanların yurdu kimi də məşhurdur. Bu əsrarəngiz
yurdun mənəviyyat sərvəti sayılan
oğullarından biri də Qənbər Şəmşiroğludur...
91 il bundan əvvəl - 1933-cü ilin 16 noyabrında
sazın beşiyi Ağdabanda, sözün zirvəsi Dədə
Şəmşirin ailəsində dünyaya gələn Qənbər
Şəmşiroğlu bütün həyatı boyu mənsub
olduğu xalqın, soy-kökün adını ucaltdı, əslinə,
nəslinə sadiq və eyni zamanda layiq oldu. "Ustad oğlu
şəyird olmaz" - deyiblər. Ustad oğlu kimi
böyüdü Qənbər Şəmşiroğlu! Gənclik
illərindən başlayaraq elinə-obasına, yurduna
şan-şöhrət gətirdi. Ağdam İkiillik Müəllimlər
İnstitutunu, Azərbaycan Pedaqoji İnstitutunu, Ali Partiya Məktəbini
bitirdi. Məktəb direktoru, sonra Kəlbəcər Rayon
İcraiyyə Komitəsinin sədri, Gədəbəy
İcraiyyə Komitəsinin sədri, Gədəbəy və
Kəlbəcər rayonlarının İcra Hakimiyyətinin
başçısı kimi mühüm dövlət vəzifələrində
çalışdı. Respublika Ağsaqqallar Şurasının,
Azərbaycan Yazıçılar Birliyinin üzvü oldu. Hələ
gənc yaşlarından Qənbər Şəmşiroğlu
ona tapşırılan vəzifələrin öhdəsindən
ləyaqətlə gəlir, doğma Kəlbəcərin
inkişafı üçün əlindən gələni, hətta
əlindən gəlməyəni belə edirdi. Əslində
isə doğma yurdun doğma insanları ilə birləşəndə,
əl-ələ verəndə bu müdrik insanın əlindən
gəlməyən, bacarmadığı iş qalmırdı.
Onun nəhayətsiz fəaliyyətinin bir dövrü
də Gədəbəylə bağlıdır. Bir müddət
Gədəbəy rayonuna rəhbərlik edən Qənbər
Şəmşiroğlu Kəlbəcərdə
apardığı quruculuq işlərini, ata-babasından,
soy-kökündən gələn xeyirxahlıq
missiyasını burada da eyni şövqlə, eyni
doğmalıqla davam etdirdi. Gədəbəylilər o illəri
indi də unutmur və qədirşünaslıqla
xatırlayırlar.
Dövlət vəzifələri, ictimai işlərlə
yanaşı, Qənbər Şəmşiroğlunun bir vəzifəsi,
bir missiyası da atası - qüdrətli sənətkar, ustad
Aşıq Şəmşirin ədəbi-bədii irsinin
toplanması, tədqiqi, nəşri məsələləri
olub. Bu müqəddəs vəzifəni də qədirşünaslıqla
yerinə yetirib Qənbər Şəmşiroğlu. Atası
Dədə Şəmşirlə yanaşı, babası
Ağdabanlı Şair Qurbanın, ulu babası Miskin
Abdalın da irsinin yorulmaz təbliğatçısı olub.
Bütün bunlarla bir ömrə bir neçə ömür
sığdırmışdı Qənbər Şəmşiroğlu:
Qurban ömrü, Şəmşir ömrü, Qənbər
ömrü! Və eyni zamanda, Qənbər müəllim bu fəaliyyəti
ilə bütünlükdə ozan-aşıq sənətinə,
böyük sözə xidmət edirdi. O, bu məsələlərdə
təkcə Aşıq Şəmşir ailəsinin varisi kimi
deyil, ümumilikdə Azərbaycan ədəbiyyatının,
saz-söz sənətinin təəssübkeşi kimi
çıxış edirdi.
Kəlbəcər kimi əsrarəngiz gözəllikər
diyarında, Dədə Şəmşirin ailəsində,
saz-söz mühitində böyüyən Qənbər Şəmşiroğlu
özü də, əlbəttə ki, könlünü
şeirə-sözə verməli idi. Uzun illər şeir
yazmağını gizli saxlayıb Qənbər Şəmşiroğlu.
Dədə Şəmşirdən sonra əlinə qələm
almaq və şeir yazmaq məsuliyyətinin
ağırlığı həmişə onu əhatə
edib. Yazdıqlarını da gizli saxlayıb, uzun müddət
çap da etdirməyib. Amma Məmməd Araz demişkən:
İstedad elə bir toxuma bənzər
Göyərər bir quru daş üstündə də!
Nə yaxşı ki, bu istedad göyərdi və Qənbər
Şəmşiroğlu imzası nüfuzlu qələm sahiblərinin,
ədəbi mühitin tanıdığı, bəyəndiyi,
qəbul elədiyi bir imza oldu. Miskin Abdalın, Ağdabanlı
şair Qurbanın bulağından, Ustad Dədə Şəmşirin
əlindən su içmiş, şeir-sənət məbədində
böyümüş bir insanın ömrünü şeirə,
sözə verməsi əslində, çox təbiidir. Qənbər
Şəmşiroğlu şeir yazmaqla mənsub olduğu
ünvana bağlılığını, sadiqliyini uca səslə
- poeziyanın dili ilə bəyan edirdi.
Aşağıdakı misralar onun soy-kökünə, tarixin
o başından, yüzilliklərin dərinliklərindən
yön alıb gəldiyi ünvanına
bağlılığın poetik ifadəsidir:
Ulu babam Miskin Abdal,
Qurban böyük dərya-kamal,
"Şəmşiroğlu" - deyib hər hal:
Ünvanımı gəzdirirəm!
Qənbər Şəmşiroğlu sənətkarlar
nəslinə mənsub olub, ustad ailəsində doğulmaqla
yanaşı, Kəlbəcər kimi şeir-sənət məbədi
olan bir məmləkətdə dünyaya gəlmişdi və
bu əzəmətli dağlarda, quşqonmaz zirvələrdə,
Səməd Vurğunun vəsf etdiyi "kəklikli
daşların" cazibəsində şair olmamaq, şeir
yazmamaq mümkün deyildi. Doğulduğu, boya-başa
çatdığı mühitin, eləcə də təbiətin
yaradıcı insana təsiri şəksizdir və bu mənada
Qənbər Şəmşiroğlunu da nəsil şəcərəsindən
gələn ilahi təb, Dədə Şəmşirdən
aldığı ustad dərsləri ilə yanaşı, Dədə
Ələsgərin dediyi kimi, "xeyri də, şəri də
yaxşı olan" Kəlbəcər mühiti və əsrarəngiz
Kəlbəcər təbiəti şair etmişdi. Qənbər
müəllim özü də bunu şeirlərində
ustalıqla ifadə edirdi:
Bizə şair deməsinlər,
Kəlbəcər özü şairdi.
Sərt qayası, uca dağı,
Dərəsi, düzü şairdi.
Qənbər Şəmşiroğlu
yaradıcılığını mənsub olduğu nəslin,
doğulduğu ailənin və eləcə də
böyüdüyü mühitin ənənələrindən
fərqləndirən bir cəhət də var. Bu ailədə,
bu mühitdə çoxları şeir yazır, amma o,
hamıdan fərqli olaraq həm də nəsr əsərləri
- roman, povest və hekayələr də yazır. Onun
"Caninin etirafı" romanı, "Tale
oxşarlığı", "Bir gözəlin taleyi",
"Adam kimi ölməyib", "Bütövləşmək
istədim", "Qızlardan muğayat olun" povestləri
və hekayə janrında qələmə aldığı əsərləri
özünün orijinal təhkiyə üsulu, zəngin
obrazlar sistemi və canlı xalq dilinin, xalq həyatının
ədəbiyyata gətirilməsi baxımından olduqca
maraqlıdır.
Publisist kimi də tanınır Qənbər Şəmşiroğlu!
Onun ölkədə baş verən ictimai-siyasi hadisələrə
həssas münasibətini ifadə edən məqalələri,
eyni zamanda, memuar xarakterli yazıları müasir publisistikamızın
ən yaxşı örnəklərindəndir. Bu yazılarda
təqdim olunan həyat həqiqətləri, insan xarakterləri,
tarixi sənədlərin işığında verilən
faktlar gələcək nəsillər üçün qiymətli
bir mənbədir.
Yaradıcılıqla yanaşı, ictimai fəaliyyətində
də hər zaman seçildi Qənbər Şəmşiroğlu.
Onun rəhbərliyi, ağsaqqallığı ilə
yaradılan "Aşıq Şəmşir" Mədəniyyət
Ocağı İctimai Birliyi ölkəmizin ictimai-siyasi, mədəni
həyatında hər zaman fəal iştirak etdi. Milli mədəniyyətimizi,
mədəni incilərimizi, adət-ənənələrimizi,
aşıq sənəti, folklor və digər incəsənət
nümunələrini toplamaq, araşdırmaq, onları
yaşatmaq, təbliğ etmək və gələcək nəsillərə
çatdırmaq istiqamətində misilsiz işlər
gördü. Qənbər Şəmşiroğlu bu müqəddəs
ocaqda ata-babasından gələn xeyirxahlıq
missiyasını şərəflə davam etdirdi, şəhid
ailələrinə, qaçqın və məcburi
köçkünlərə, tələbələrə
öz diqqət və qayğısını heç zaman əsirgəmədi.
Şükürlər olsun ki, bu xeyirxah missiya indi də davam
edir.
Ömrünün müdriklik çağlarında Kəlbəcər
nisgilini yaşadı Qənbər Şəmşiroğlu. Kəlbəcərin
işğal olunduğu ağır günlərdə
el-obanı başına yığıb, onlara hayan durduğu
kimi, köçkünlük illərində də
böyük bir mahalın qayğılarını çiynində
daşıdı. Qənbər müəllim bu illər ərzində
torpaqlarımızın işğaldan azad olunacağı
günü ən müqəddəs gün kimi gözləyirdi.
Qarış-qarış gəzdiyi Kəlbəcər,
doğulduğu kənd, Ağdaban faciəsi, babası Şair
Qurbanın, atası Dədə Şəmşirin odlara qalanan
əlyazmaları gözünün önündən getmirdi.
Şəhid bacısı Çimnaz xanımın,
Ağdabanda, Kəlbəcərdə, Qarabağda qanına qəltan
edilən soydaşlarının intiqamının
alınacağını səbirsizliklə gözləyirdi...
Nə yaxşı ki, Qənbər Şəmşiroğlu
dünyadan narahat getmədi, tarixi Zəfərimizi
gördü, illərlə həsrətində olduğu
ata-baba yurdunu ziyarət etdi. Və dünyadan arxayın getdi.
Dünyaya gəlişinizin 91-ci ildönümündə
bir daha ruhunuz şad olsun, əziz Qənbər müəllim!
Artıq Qarabağımız da, Kəlbəcərimiz də,
Ağdabanımız da azaddır! Əbədi məkanınızda
nur içində uyuyun!
Ələmdar CABBARLI
Bakı Dövlət Universitetinin dosenti, filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2024.- 16 noyabr(№208).-S.11.