Zərrədən
Küllə: "Seçmələrin seçməsi -
Qranulalar"
Varlığın sirri onu anlamağa
çalışan insanın içindəki sonsuz
boşluğun və parlaq məqamların, eləcə də
zərrələrin birgə tandemində gizlənir. Xalq
yazıçısı Kamal Abdullanın bu yaxınlarda
ictimaiyyətə təqdim edilən "Seçmələrin
seçməsi - Qranulalar" kitabı zərrələrin
bir-birini aydınlaşdırdığı, dəstəklədiyi
və bütövlükdə küllə xidmət edən
bir təfəkkürün təzahürüdür.
Kitabdakı fikirlər oxucuya fərqli dünyaların
qapısını açır: onun qranulaları sadəcə
"ilkin vacib hissəciklər" deyil, bütün aləmlərin
sirrini ÖZə sığışdırmağa
çalışan enerji vahidləridir. Zərrənin içində
küll saxlandığı (gizləndiyi) kimi, insanın
öz içindəki sonsuzluqda bir o qədər də
mütləq olmayan, bir o qədər də qeyri-müəyyən
həyat hekayələrinin ehtimalları var olmaqdadır...
Yazıçının "Seçmələrin seçməsi
- Qranulalar"ı sanki zərrələrin birləşərək
insanın düşüncəsində mücərrəd aləmlərin
formalaşmasına və təkcə
yazıçının deyil, daha çox oxucunun
özünün bir çox tərəflərini anlamasına
yol açan metaforaların cəmlənməsidir: "Sənin
kölgəndən də görünərəm mən..."
Kvant fəlsəfəsi həm gözə
görünən, həm də qəlblə görülən
dünyanın bir çox qatını və paralel
mümkün dünyaların arxasında gizlənən (bəlkə
də Yaradan tərəfindən bilərəkdən gizlədilən)
gerçəklikləri özündə ehtiva edir. Kamal
Abdullanın əsərlərinin ruhuna kvant fəlsəfəsi
hop(durul)ub. Onun əsərlərində gizli qatlar
özünü göstərir; hər bir yazı, hər bir
hekayə bir növ kvant sahəsi kimi bir-birinə paralel gedən,
bəzən də kvant dolaşıqlığına bənzəyən
duyğu və düşüncələrin toplamıdır.
Kamal Abdullanın yaradıcılığında zaman
və məkan mütləq deyil, sərhədsizdir, orada
paralel zamanlar, paralel məkanlar, paralel həyatlar həmişə
mövcuddur. Onun əsərlərindəki müxtəlif
obrazlar, suallar və mövzular bir yandan real dünya ilə əlaqələndirilərkən,
digər tərəfdən oxucunu başgicəlləndirən
düşüncə tunelləri ilə paralel dünyaların
dəyişən zamanlarına aparır.
"Kimsə yox xatırlamağa,
Unutmağa da kimsə yox" - situasiyasını ancaq
kvant pəncərəsindən baxanda ehtimalları ilə sezmək
olar...
Kamal Abdullanın yaradıcılığı kvant fəlsəfəsinin
təklif etdiyi dünyaların müxtəlifliyi və dəyişkənliyi
ilə üst-üstə düşür. Kvant nəzəriyyəsinə
görə, bir zərrənin həm yerini, həm də
sürətini eyni anda dəqiq müəyyən etmək
mümkün deyil, həmçinin burda olan eyni vaxtda başqa
yerdə də mövcud ola bilər... Eynilə, Kamal
Abdullanın əsərlərində də belədir: hər
bir həyatın, seçim və qərarın bir sabit
nöqtədə qalmasını izləmək olmur. Onun
yaradıcılığında bu "müəyyənolunmazlıq"dır.
"Zamanın qeyri-müəyyənliyi" və
paralel dünyaların mövcudluğu daha çox bir kvant sahəsinin
oyunudur. Kamal Abdullanın yaradıcılığı bu
baxımdan kvant nəzəriyyəsinin Azərbaycan ədəbiyyatındakı
bədii inikasıdır və dəyərli irsdir. Burada -
zamanın və məkanın sərhədsizliyində hər
düşüncə, hər seçim, hər kəlmə
bir paralel "dünya" yaratma gücünə malikdir.
"Seçmələrin seçməsi -
Qranulalar"da hər bir qranula kvant zərrəsinin
potensialını daşıyır. Oxucu bu zərrələrin
arasında səyahət edərkən, bir anlıq bu
dünyada, bir anlıq digər dünyada, bir anlıq
keçmişdə, bir anlıq gələcəkdə olma təcrübəsi
yaşayır: "Əvvəlki an olmamışdır və
sonrakı an olmayacaqdır. Həm indini, həm sabahı, həm
keçmişi öz içinə yığan bir vahid an var.
Dolğun an!"
Hər bir seçim, bir zamanın başqa bir
formasıdır. Yazıçı həmçinin indiyədək
adi qəbul edilənin alternativ versiyasını da təqdim
edir:
Yağışlar yağar üzüyuxarı,
Üzüaşağı yaşmaz
yağışlar...
Maraqlı isə budur ki, sən bunun elə bu cür də
olduğunu içindəki həqiqətin dərinliyindən
bilirsən. İnanırsan yox, məhz bilirsən.
Çünki mənə görə, bilmək inanmaqdan ə(f)zəldir...
Kamal Abdullanın yaradıcılığı paralel
dünyaların və qeyri-müəyyən zamanların izlərini
özündə birləşdirir. Hər bir seçim və
yazı bir paralel aləmdəki başqa bir
"özünü" ortaya qoyur. Onun
yaradıcılığının mistik atmosferinin sirayətedici
təsiri var. "Seçmələrin seçməsi-Qranulalar"da
zərrənin küllü ifadə etməsi əslində
mistik təfəkkürün şaxələnməsi ilə əlaqədardır.
Hər bir yazı, bir seçimi, bir başqa düşüncəni
əks etdirir və həmin düşüncənin başqa
bir forması, bir digər ehtimalı hansısa paralel
dünyada yaşamağa başlayır. Və onda anlayırsan
ki, "Taleyində olan həyatında olmaya bilər".
Halbuki həyatında olmayanları axtarmaqla keçir bəzən
bir ömür. Amma yazıçının bu fikrə olan
münasibəti də düşüncə şaxələnməsi
ilə özünü göstərir. Bir yandan yazır ki,
"Bəzən axtardığını tapmaqdansa, axtara-axtara
qalmaq maraqlıdır". Digər tərəfdən deyir ki,
"Sən çətin tapasan axtardığını, Sən
axtardığını itirməyiblər"... Eynən
kvant reallığındakı kimi eyni andaca həm bir-birini
inkar edən, həm də bir-birini tamamlayan qranulalar...
"Seçmələrin seçməsi -
Qranulalar"da oxucu hər bir seçimin, hər bir qərarın
bir paralel dünyada başqa bir şəkildə təzahür
etdiyini intuitiv hiss edir. Bu, yalnız bir dolaşıq psixoloji
oyun deyil, həm də insanın içindəki sonsuz
seçimlərin gerçəkliyidir. Hər bir seçim fərqli
bir yola götürür, hər bir düşüncə
başqa bir həyat təcəssümünü yaradır.
Yazıçı ehtimallar sonsuzluğu içərisindən
hansını seçib özünə cəzb edəcəyini
isə oxucunun seçim azadlığına buraxır.
Bir zərrədə gizlənən kainatı oxucunun
şüurunun idrak edə biləcəyi mümkün səviyyələrdə
açıb göstərmə cəhdləri Kamal Abdulla
yaradıcılığının prinsiplərindəndir. Bu
prinsiplərə Böyük Zamanın ruhən yaxşıca
həzm olunmuş dərki də daxildir: "Böyük Zaman
və onun ətrafında hər biri öz balaca, çəlimsiz
vaxtı ilə atılıb-düşən bizlər..."
Yazıçının dediyi kimi, "balaca, çəlimsiz
vaxtı"mızda - həyatın dalana dirədiyi
çıxılmazlıqda əksəriyyətimizin
içindən keçən bir intonasiya ilə: "Vaxt olur
ki, yuxarı baxırsan bığ, aşağı baxırsan
saqqal... Hər ikisinə tüpürmək istəyirsən".
Sonra daha bir qranula kiçicik bir güllə kimi
sümüyündən keçib iliyinə saplanır:
"Biz onları gül-çiçəklə
qarşıladıq, onlar bizi süngülərə
keçirdilər".
Hər bir fikrin və hər bir cümlənin sonsuz
ehtimalları vardır. "Seçmələrin seçməsi
- Qranulalar" əsəri bu sonsuz ehtimalların birləşdiyi
bədii aləmdir. Hər bir qranula, yəni hər bir
kiçik fraqment, özündə böyük bir
dünyanı daşıyır və bu dünyalar birləşərək,
yeni bir anlam formalaşdırır. Və fərqinə vara
bilsən, görürsən ki, əslində dilədiyin
arzunun içində yaşayırsan(mış): "Yağışlı
bir payız havası olaydı. Duman yavaş-yavaş dağ ətəyindən
dağ başına çəkiləydi. Uzaqdan havada əriyən
səslər gələydi. Ürəyinaz qala yerindən
çıxmaq istəyəydi. Göylərdən bir arzun
varsa, yerinə yetirək, deyəydilər. Beynindən
bütün həyatın ildırım sürətilə
keçəydi. Bu həyatın heç bir məqamını
saxlamaq, geri qaytarmaq istəməyəydin. Sadəcə ürəyindən
bir arzu boylanaydı: yağışlı, çiskinli bir
gün olaydı, yavaş-yavaş dağ ətəyindən
dağ başına yol alan duman olaydı, bir də havada əriyən
uzaq səslər..."
Kitabın strukturuna baxanda sadə
düzülüş təsiri bağışlayan cövhər
mətnlərdəki çoxqatlılıq və paralellik
hazırlıqlı oxucunu ilk qranulalardan mistik
yolçuluğa səfərbər edir. Yazıçı
sanki zamanın təkrarlanan anlarında bir-birini əks etdirən
dünyaların qapılarını aralayır. Bu qapılar bəzən
açıq olur, bəzən isə yalnız bir nəfəs
məsafəsindədir - əlini uzat, açılacaq...
Kamal Abdullanın yaradıcılığı, kvant
düşüncə modelinin təməl
anlayışlarından biri olan qeyri-müəyyənlik və
təsadüf olmayan təsadüf prinsipləri ilə sıx əlaqəlidir.
Burada heç bir hadisə, heç bir seçim və ya
heç bir həyatın mütləq nəticəsi yoxdur. Hər
şey ehtimalların gözəl və bəzən vahiməli
şəbəkəsidir:
Allah bizi bağışladı,
Yəni verdi cəzamızı...
Kamal Abdullaq ranulalarında bir anın içindəki
bütün potensialları ortaya qoymağa
çalışır. Hər bir oxucu bu qranulaların birləşməsindən
yaranan böyük mənanın içində özünə
aid olanı götürməyə həvəslidir... Müəllifin
yaradıcı aləmlərinə daxil olanda oxucu yalnız
yazıçının fikirlərinə deyil, həm də
öz daxili dünyasına, öz zərrəsinin içindəki
digər dünyaların varlığına doğru
tamamlanmayan bir səyahətə çıxır...
"Hər şey itirdi sehrini,
İtirdi ilk qəlibini,
Kim kimə saldı mehrini,
Kim kimə satdı qəlbini?!"
Özündə küllü saxlayan zərrələr
toplaşanda daha böyük aləmi formalaşdırmaq kimi
"xasiyyəti" də var. Onun yazılarında hər
şey, hər bir cümlə bir ehtimal kimi var olur və
yalnız oxucu, bu ehtimalları fərqli kontekstlərdə nəzərdən
keçirərək özünə aid həqiqəti tapır.
Ona görə də, "İki üstəgəl iki
həmişə dörd olmur. Onun beş olduğu o qədər
gözəl və qəribə məkanlar var ki..."
Kamal Abdullanın əsərlərində mifik və
mistik auranın yaratdığı bədii atmosfer onun
çoxqatlı düşüncə strukturuna və ruhun
yaddaş təcrübələrinə əsaslanır. Onun
yazılarında mistik dünyanın varlığı,
insanın var olan hər şeyə yeni baxış rakursunu
aydınlaşdırmağa xidmət edir. Kamal Abdullanın
yaratdığı dünyada hər şeyin bir
başlanğıcı var, amma o başlanğıc bir təkrarlama
deyil, bir sirrin açılmasına hesablanıb.
Mistik təfəkkür Kamal Abdullanın
yaradıcılığında yalnız mövzu olaraq deyil, həm
də həyatın və varlığın mahiyyətinə
dair bir yanaşma kimi təzahür tapır. Bu yanaşmada
dünyalar bir-birinə qarışır, zamanın və məkanın
sərhədsizliyi və qeyri-müəyyənliyi
açığa çıxır. Mistik bir baxış
açısına görə, hər bir fərdi təcrübə,
yalnız bir həyatın yox, bir çox ehtimalın və
paralel gerçəkliklərin təzahürüdür. Kamal
Abdullanın əsərlərində də hər bir
düşüncə, hər bir sual və hər bir cavab,
bir-birinə qarışan dünyaların içində hərəkət
edir. Bu qarışıqlıq və qeyri-müəyyənlik,
mifik bir atmosferin yaratdığı arxetipləri və mistik təsvirləri
hər zaman təzələyir.
Yazıçının
yaradıcılığında bir çox obrazlar, ideyalar və
mövzular paralel olaraq bir-birini tamamlayır: "Özümüzü
dünyanın içində yox, dünyanı öz
içimizdə görməyi bacarmalıyıq".
Bütün bunlar oxucuya zamanın və məkanın
qırılmalarını hiss etdirərək, insanın
öz ruhunu və öz dünyasını daha dərindən
anlamağa təşviq edir. Bu daxili səyahət hər bir
insanın öz içindəki sonsuz dünyaları kəşf
etməsi üçün bir fürsətdir. "Səsimdən
yapış..." Bu, tamam başqa bir ehtimaldı. Bu dəfə
işıq gələn tərəfə yox, səs gələn
tərəfə yönəlməyin ehtimalı... Amma
çoxlu seçimlər də var axı:
- Hansı yolla gedək?
- Bilmirəm.
- O zaman getməyə yol çoxdu, deməli...
Bütün bu mətnaltı mənaların kvant
dolaşıqlığında, zamanın qeyri- müəyyənliyinin
və saysız-hesabsız ehtimalların
varlığının içində bir qranula da
özünü xatırladaraq mümkün coxsaylı şərti
yekunlaşdırmalardan ən məqbulu kimi indilik (bəlkə
də həmişəlik) yazdığım təfərrüatı
nöqtələyir: "Əsas olan mətndir, yerdə qalan
təfərrüatdır"...
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet .- 2024.- 16 noyabr(№208).-S.10.