Yaşıl
sivilizasiyanın COP29 anonsu
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin nitqindəki "ölkə göstəricilərinin
qiymətləndirilməsində… Tanrının bəxş
etdiyi təbii sərvətlər meyar kimi götürülməli
deyil" - mesajı COP29-un ən mükəmməl aforizmidir.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin elan etdiyi "Yaşıl dünya naminə həmrəylik
ili" ilə Birləşmiş Millətlər Təşkilatının
İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyası mahiyyəti və hədəfləri etibarilə
bir-birini tamamlayan baxışlardan ibarətdir.
"Yaşıl dünya naminə həmrəylik ili"nin
ölkəmizdə yaratdığı yaşıl hərəkat
COP29-un irəli sürdüyü iqlim dəyişiklərinin
yarada biləcəyi fəlakətlərdən xilas olmaq
üçün yaşıl enerjinin ön mövqeyə
çəkilməsi nəticə olaraq ölkələri və
dünyanı qorumağa, yaşatmağa və inkişaf
etdirməyə xidmət edən qlobal hadisələrdir.
Yaşıl Dünya naminə hərəkat sahəsində həyata
keçirilən tədbirlər Azərbaycan
Respublikasının COP29 kimi dünyanın bir nömrəli
beynəlxalq tədbirinə ev sahibliyi etməsinə haqq
qazandırır. Həm də müstəqil Azərbaycan
Respublikasının hərtərəfli və sürətli
inkişafı, beynəlxalq aləmdə əldə etdiyi
nailiyyətlər də COP29-u ən yüksək səviyyədə
keçirməyə geniş imkan yaratmışdır.
Heç şübhəsiz ki, COP29-un estafetini qəbul etmək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
dünya liderləri sırasındakı yüksək
nüfuzunun da real təzahürüdür. Azərbaycan
Prezidenti İlham Əliyevin açılış
iclasındakı parlaq çıxışı COP29 hərəkatının
manifestidir. Bu dərin məzmunlu nitqdə COP29-un əsas
reallıqları və perspektivləri öz əksini
tapmışdır. Cənab Prezidentin
çıxışı COP29 üzrə Azərbaycan
reallıqlarının gerçək təqdimatı,
dünya gedişatının obyektiv qiymətləndirilməsi,
yaxın-uzaq gələcəyin praqmatik paroludur. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin nitqindəki
"ölkə göstəricilərinin qiymətləndirilməsində...
Tanrının bəxş etdiyi təbii sərvətlər
meyar kimi götürülməli deyil" - mesajı COP29-un ən
mükəmməl aforizmidir. Əks halda, dünya ölkələri
"Tanrının bəxş etdiyi real təbii sərvətlər"dən
tam imtina edib, "yaşıl keçid"
axtarışı ilə yeni yaşıl imkanlar əldə
edənə qədər böhran təhlükəsi ilə
üzləşə bilərlər. Azərbaycan Prezidentinin sərrast
aforizm kimi səslənən fikirləri dünyanın
tarazlığını pozmaq həddinə çatmamaq şərti
ilə bütün təbii sərvətlərdən yerində
və qədərində istifadə etməyin
mümkünlüyünə realist baxışın ifadəsidir.
Bu, "Tanrının bəxş etdiyi təbii sərvətlər"lə
yaşıl texnologiyalardan əldə olunacaq gəlirlərin
düzgün balansının tapılmasının zəruriliyini
nəzərə çatdıran praqmatik
çağırışdır.
Bu gün dünyanın bir çox ölkələrində,
o cümlədən, Azərbaycanda "Tanrının bəxş
etdiyi təbii sərvətlər" COP29-un hədəflərinin
həyata keçirilməsi üçün dayanıqlı
donor funksiyasını yerinə yetirir. Fikrimizcə, o ölkələr
"yaşıl keçidə" daha səmərəli
şəkildə nail ola biləcəklər ki, onların
yaşıl texnologiyalar əldə etmək üçün
real təbii sərvətlərdən gələn
dayanıqlı gəlirləri vardır. Beləliklə,
Tanrının bəxş etdiyi təbii sərvətlər
mövcud dayanıqlı inkişafla yaşıl keçid
arasında yaşıl transformasiya funksiyasını yerinə
yetirir. Azərbaycanın mövcud neft-qaz gəlirləri bu
gün yaşıl iqtisadi zona kimi elan olunmuş
Naxçıvan Muxtar Respublikasında, Qarabağda və Şərqi
Zəngəzurda, həmçinin Böyük
Qayıdış hərəkatında "yaşıl
keçid" mərhələsinə uğurla keçidin hərəkətverici
qüvvəsidir. Şübhəsiz, həm
"Tanrının bəxş etdiyi təbii sərvətlərə"
malik olan və həm də yaşıl enerji əsasında
XXI əsrin yaşıl iqtisadiyyatını qura bilən və
inkişaf etdirən ölkələr yaxın gələcəyin
lider dövlətləri sırasına çıxmaq
imkanı qazanacaqdır. Bu cəhətdən Azərbaycan
dünyanın ən şanslı ölkələrindən
biridir. Çünki Azərbaycan ərazisi məşhur
Mendeleyev cədvəlindəki əksər yeraltı və
yerüstü təbii sərvətlərlə zəngin olan
ölkədir. Bununla yanaşı, Azərbaycanda həm də
artıq bir neçə ildir ki, Prezident İlham Əliyevin irəli
sürdüyü neftdən asılı olmayan iqtisadiyyat
modelinin yaradılması üçün
düşünülmüş dövlət siyasəti həyata
keçirilir. Artıq Azərbaycan Respublikasının
dövlət büdcəsində neftdən
asılılığı aradan qaldırmağa xidmət edən
aqrar sektordan, turizmdən, nəqliyyat sferasından, iaşə
xidmətindən əldə edilən gəlirlər kifayət
qədər əhəmiyyətli əmsala malikdir.
Yaşıl dünya naminə həmrəylik ili və COP29-un
çağırışları neftdən asılı
olmayan gəlirlərin siyahısına yaşıl
iqtisadiyyatdan və alternativ yaşıl enerji mənbələrindən
əldə olunacaq maliyyə imkanları da əlavə
olunacaqdır.
Hazırda Azərbaycan Respublikasında yaşıl
iqtisadiyyaın qurulması istiqamətində
genişmiqyaslı işlər aparılmaqdadır. Bundan
başqa, ölkəmizdə mövcud təbii sərvətlərin
istismarının, emalının, bazara
çıxarılmasının yaşıl texnologiyalar əsasında
yenidən qurulması prosesləri də genişlənməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
COP29-un açılış mərasimindəki nitqində
ölkəmizdə yaşıl iqtisadiyyat infrastrukturunun
formalaşdırılması, bərpa olunan alternativ
yaşıl enerji mənbələrinin yaradılması
istiqamətində həyata keçirilən dövlət
proqramlarının və nəzərdə tutulan yeni layihələrin
aydın mənzərəsi verilmişdir. Ölkəmizdə
aparılan məqsədyönlü müasir siyasi-iqtisadi siyasət
dünya reallıqlarına uyğun olaraq, mövcud təbii sərvətlərdən
yaşıl texnologiyalar əsasında istifadə etməklə
atmosferin sağlamlaşdırılmasına töhfə verməyə,
yaşıl enerji əsasında yeni dövrün yaşıl
iqtisadiyyatının qurulmasına və meydanının daha
da genişləndirilməsinə yaşıl işıq
yandırmağa uğurla xidmət edir. Fikrimizcə,
yaşıl iqtisadiyyatın Azərbaycan modeli dünya ölkələri
üçün də əhəmiyyətli təcrübə
ola bilər. Bu mənada Azərbaycan Respublikası Prezidentinin
COP29-un Bakı Olimpiya Stadionundakı açılış mərasimindəki
nitqində səslənən aşağıdakı fikirləri
yaşıl iqtisadiyyat anlayışına müasir
dövrün realist baxışın ifadəsidir: "Ölkələr
onların (Tanrının bəxş etdiyi təbii sərvətlərin
- İ.H.) olmasına görə günahlandırılmalı
və bazarda onlara tələbatın olması səbəbindən
onları bazara çıxardıqlarına görə
suçlanmalı deyillər".
Bu, yaşıl enerjiyə keçidə münasibətdə
eyforiyaya qapılmağa, yaxud bu qlobal problemə birtərəfli
qaydada baxmamağa, məsələyə kompleks
yanaşmağa çağırışın konseptual şərhi
və aydın ifadəsidir.
"Yaşıl dünya naminə həmrəylik
ili"nin və COP29-un ölkəmizə və dünyaya bəxş
etdiyi daha bir "yaşıl sərvət" də bu istiqamətdə
dialoqun miqyasının genişləndirilməsindən və
məzmunca yaşıl ideyalarla və əməli
addımlarla zənginləşdirilməsindən ibarətdir.
Azərbaycanın paytaxtı Bakı şəhərində
COP29 miqyasında yüksək səviyyədə təşkil
olunan dialoq platforması mədəniyyətlərin dialoquna, ən
yeni yaşıl texnologiyaların mübadiləsinə,
yaşıl transformasiyaların müzakirəsinə
yaşıl işıq yandırmışdır.
Bu gün Bakı Olimpiya Stadionunda yaradılmış
COP29 şəhərciyi çoxvektorlu dünya dialoq mədəniyyətinin
baş kəndinə çevrilmişdir. Ölkələri əyani
şəkildə təqdim edən pavilyonlarda sərgilənən
iqtisadi-texniki yeniliklərlə konfrans salonlarında səslənən
yaşıl elmi-praktik ideyalar bir yerdə dünyanın
yaxın və uzaq yaşıl gələcəyi haqqında
tam yeni təsəvvürlərin
formalaşdırılmasına imkan yaradır. Əslində
Bakı Olimpiya Stadionundakı COP29 Baş Kəndində
aparılan müzakirələr dünyanın yeni
yaşıl mənzərəsinin dərslərindən ibarətdir.
Son illərdə Azərbaycanda və dünyada
yaşıl iqtisadiyyat, yaşıl enerji, yaşıl kimya,
biomüxtəliflik, ekomədəniyyət, yaşıl
transformasiyalar, rəqəmsal dünya, süni intellekt, elektronəqliyyat,
ekolinqvistika, ağıllı kənd və sair kimi yeni
anlayışlar yaşıl terminologiyanın
formalaşdırılmasını şərtləndirmişdir.
Və yaşıl terminologiya müasir dövrün
yaşıl dünyasının, yaşıl
texnologiyasının danışan dili funksiyasını həyata
keçirir. Ekolinqvistika anlayışı da yaşıl
terminologiyanın sinonimi kimi prosesin daha da genişləndirilməsinə
yol açır. Bunlar isə öz növbəsində
dünyanın yeni bir inkişaf səviyyəsinə -
yaşıl sivilizasiyaya keçidin xüsusiyyətlərini
özündə əks etdirir. XVIII əsrdən etibarən
sonrakı inkişaf mərhələlərində dünyada
buxar maşınının, elektrik enerjisinin, kosmosun fəthinin,
internetin kəşfinin, ağıllı texnologiyaların
meydana çıxmasının fərqli sivilizasiyaları və
sənaye inqilablarını yaratdığı kimi
yaşıl enerji, süni intellekt və rəqəmsal
inkişaf da bəşəriyyəti yeni bir inkişaf mərhələsinə
doğru aparmaqdadır.
Beləliklə, Bakı Olimpiya Stadionundakı COP29
şəhərciyi yaşıl sivilizasiya problemlərini
dünyanın yaşıl gündəliyinin baş
mövzusuna çevirmişdir. Hazırda ən müasir
yaşıl texnologiyalar əsasında salınmış COP29
şəhərciyi dünyanın yaşıl svilizasiya
müzakirələrinin möhtəşəm xitabət
kürsüsüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin COP29 xitabət kürsüsündən səsləndirdiyi
bəyanatlar və mesajlar dünyanın müasir
gedişatının yeni yaşıl inkişaf mərhələsinin
anonsudur.
Bakı COP29 sessiyası Birləşmiş Millətlər
Təşkilatının yaşıl dünya hərəkatı
mövzusunda keçirilən ümumdünya
konfransıdır. Planetimizin 196 ölkəsini təmsil edən
72 mindən çox insanın çoxcəhətli səmərəli
fəaliyyətini, təhlükəsizliyini, transferini, hətta
asudə vaxtını yüksək səviyyədə vahid
bir ailə kimi təşkil edən Azərbaycan COP29 adlı
çoxmillətli bir qitə yaratmağın nümunəsini
göstərir. Bu mənada Bakı Olimpiya Stadionu Yer kürəsi,
COP29-un Mavi Zonası okeanları, dənizləri,
çayları və səmanı, Yaşıl Zona isə
landşaftı, təbiəti simvolizə edir. Mifologiyada mavi rəngin
genişlik, yaşıl rəngin isə dəyişiklik mənalarını
daşıdığını nəzərə alsaq, COP29 qitəsinin
müasir mənzərəsinin XXI əsrin inkişaf tendensiyalarını
əks etdirdiyi qənaətinə gəlmək
mümkündür. Sülh, qarşılıqlı əməkdaşlıq,
ədalətli yaşıl cəmiyyət, yalnız rifaha və
inkişafa xidmət edən yaşıl texnologiyalar Azərbaycan
ölkəsinin yaratdığı möhtəşəm
platformadan COP29 qitəsinin səsləndirdiyi yaşıl
sivilizasiya çağırışlarıdır...
Azərbaycanın tarixi Qarabağ Zəfərini,
Böyük Qayıdış hərəkatını, ən
yüksək səviyyədə təşkil olunmuş COP29
yaşıl inkişaf platformasını qəbul edə, həzm
edə bilməyən xarici ölkə dairələri öz
qapılarını al günəşə
qapadıqlarının fərqində olmayan bədbəxtlərdir.
Azərbaycanda isə Prezident İlham Əliyevin COP29-un mötəbər
xitabət kürsüsündən bütün dünya
qarşısında bəyan etdiyi kimi, günəşli
günlərin sayı ən azı 250-dən çoxdur.
Paytaxt Bakının isə bir adı da küləklər
şəhəridir. Azərbaycan günəşli
coğrafiyası, yaşıl enerjisi, yaşıl
iqtisadiyyatı və ağıllı rəqəmsal
inkişafı ilə yaşıl sivilizasiyanın
astanasındadır.
14 noyabr 2024-cü il
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, akademik,
525-ci qəzet .- 2024.- 16 noyabr(№208).-S.7.