“Dünya Azərbaycanı
sanki yenidən tanıdı...”
AZƏRBAYCAN
YAZIÇILAR BİRLİYİNİN SƏDRİ ANAR
AZƏRBAYCAN PREZİDENTİ CƏNAB İLHAM
ƏLİYEVƏ MÜRACİƏT ETDİ
Bakıda böyük izdihamla keçirilən BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyası (COP29) ilə bağlı Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə müraciət
ünvanlayıb. Müraciətin mətnini təqdim edirik.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
COP29-un böyük uğurla keçirilməsi, Sizin
bu tədbirdə parlaq çıxışlarınız
ölkəmizin başını daha da ucaltdı. Bədxahlarımızın
bütün cəhdlərinə baxmayaraq, dünya Azərbaycanı
sanki kəşf etdi, yenidən tanıdı. Qədim tarixi, zəngin
və əlvan mədəniyyəti olan, bu gün qurucu bir həyatla
yaşayan, dini və milli dözümlülük,
tolerantlıq amallarına daima sadiq qalan, otuz il işğal
altında qalmış və vandallar tərəfindən
xarabaya çevrilmiş torpaqlarını öz gücü ilə
azad edən, ərazi bütövlüyünü son
qarışınacan əbədi bərpa edən qürurlu və
məğrur bir xalqın vətəni Azərbaycan – Ulu
öndərin dediyi kimi, dünyaya günəş kimi
doğdu.
O da təsadüfi deyildir ki, müqəddəs dinimiz
İslamın Yaşılı ilə Təbiətin rəmzi
olan Yaşıl bir vəhdətdə – mənəvi və əxlaqi
dəyərlər vəhdətində qovuşur.
Ayrı-ayrı insanlar içində paxıllar
olduğu kimi, paxıl dövlətlər də var. Daha
doğrusu, paxıl siyasətçilər tərəfindən
idarə olunmağa məruz qalmış məmləkətlər.
Füsunkar təbiətimizə, yeraltı sərvətlərimizə
həsəd çəkənlər, hətta dənizimizə,
küləklərimizə, bol-bol günəşli günlərimizə
də qısqanclıqla yanaşırlar. Bizi təkləmək,
boykot etmək cəhdləri də məhz bu gücsüz hiddətdən,
aciz hikkədən doğur. Ölkəmizi təkləmək
istəyənlərin arzuları ürəklərində qaldı.
Özləri təkləndilər.
Fransız xalqı bəşəriyyətə ədəbiyyat,
sənət, elm, maarif sahəsində dahi insanlar bəxş
etmiş böyük millətdir. Amma bu ölkənin müstəmləkəçilik
xumarından hələ də ayılmamış bədnam
siyasətçiləri əzdikləri xalqların fəryadını,
iqlim fəsadı ilə tamamilə yox olmaq təhlükəsinə
görə çəkdikləri harayı eşitmək istəmirlər.
Zəbt etdikləri xalqlara öz doğma dillərini unutdurub
fransız dilini sırıyan müstəmləkəçilər
bu məqsədlə hətta fransızca danışan ölkələr
birliyi – frankofon təşkilatı yaradıblar. Amma indi nə
XIX əsrdir, nə də XX yüzillik. XXI əsrdə bu təşkilatın
yalnız iki üzvdən ibarət qalması realdır –
Fransanın özündən, bir də “frankofon” Ermənistandan.
Hörmətli Prezidentim!
44 günlük zəfər savaşından və 23
saatlıq antiterror əməliyyatından sonra COP29-un
Bakımızda belə möhtəşəm keçirilməsi
şəxsən Sizin, xalqımızın, müstəqil
dövlətimizin Üçüncü tarixi qələbəsidir.
Qələbələr qüruru və dərin minnətdarlıq
hissi ilə
ANAR
Azərbaycan Yazıçılar Birliyinin sədri
15 noyabr 2024
525-ci qəzet .- 2024.- 16 noyabr(¹208).-S.4.