İlki bilinməyən,
sonuncusu olmayacaq sirdaş
Hər millətin öz dili var və millətin dili də
yalnız sözlərdən ibarət hər gün
danışılan dil deyil. Millətin geyimi də bir dildir,
süfrəsi də, adət-ənənəsi bir ayrı
dildir, oturuş-duruş, salam-kəlam vərdişləri bir
başqa dil. Milləti millət edən, onu başqalarından
seçdirən, çöhrəsini müəyyənləşdirən
bütün bu dillərin hamısının
qovuşağıdır.
Tara bənzəyən başqa musiqi alətlərini
qoyuram bir qırağa - sırf tar olan və elə birbaşa
tar da adlanan alət bizdə də var, İranda da, Orta Asiyada da.
Ancaq farsın öz dili, bizim öz dilimiz, tacikin, özbəyin,
türkmənin öz dili olduğundan,
qaş-gözümüz, yolumuz-yolağamız bir-birimizdən
fərqləndiyindən, nə qədər yaxın olsaq da, elə
tarımız da tam eyni deyil - bizimki öz dilimizə
uyğundur, onlarınkı öz dillərinə. Yəni
yalnız danışdıqları yox, onların
özlüyünü nişan verən nə varsa,
hamısını əhatə edən DİLlərinə.Adı
da, məzmunu da aşağı-yuxarı eyni olan muğamı
adı da, varlığı da mahiyyətcə bir olan tarda
iranlı da çalsın, özbək də, biz də. Dilin
fərqi o saat duyulacaq. Əslində gendən baxan kimi elə
o tarla bu tarın zahirindəki seçkinliyi də görəcəksiniz,
dinləyincə səsindəki ayrılığı da.
Kamança da o cür. Onu Tehrandakı kamançaçı
İstanbuldakından, Daşkənddəki kamançazən
Düşənbədəkindən fərqli dilləndirir. Zahirinə
diqqət et, orda da bir başqalığı hökmən sezəcəksən.
Onun eyni musiqi alətini buna, bununkunu ona ver, hərə yenə
öz dilində çalacaq. Çünki bu tarı, bu
kamançanı yalnız əllər, barmaqlar
çalımır, ən əvvəl ifaçının
içərisində nəbz kimi çırpınan,
damarındakı qana qoşulub axan RUH, öz
DİLiçalır.
Ustad Habilə bir daha rəhmətlər! Dinləyin
günün bu günündə Errmənistanda dizinin
üstündə kamança olan bir sənətkarı, arxivlərdən
eşib çıxarın keçmiş bakılı erməni
kamançaçıların ifalarını, bunları
tutuşdurun Habilə qədərki
kamançaçılarımızın lentlərdə,
vallarda qalan çalğıları ilə. Eyniyyətə
şahid olacaqsınız. Habilin hünəri budur ki (və həmin
həqiqət beyinlərə tam otursun deyə təkrar-təkrar
söylənməsinə lüzum var!) erməniçiliyin bizə
sırıdığı, onunla da kamançamızı
özlərininkiləşdirməyə hesablanmış
musiqi dili siyasətini dağıtmağa müvəffəq
oldu, kamançamızın öz Ana Musiqi Dilimizdəki
çalmaq gələnəyini dirçəltdi. Nəticə
etibarilə də Qafqazda kamançamızı erməni
istilasından xilas etdi.
Habilin oğlu, nəvəsi yerində olan, onun məktəbinin
davamı sayılası başqa kamançaçımız
- İmamyar Həsənovsa bu işi daha yaxın coğrafiyada
deyil, Azərbaycandan min kilometrlərlə uzaqda, okeanın o
tayında, bir zamanlar avropalıların Yeni Dünya
adlandırdığı Amerikada gerçəkləşdirdi.
Amerikada da, Avropada da təzə başlanmış,
xırda-xırda yaşa dolan üçüncü minilliyin əvvəllərinəcən
kamança vardı, ancaq kamançanın İmamyara qədərki
şöhrəti və hörməti yoxdu.
Kamançaçılar vardı, ancaq ya farslar idi, ya ermənilər.
Aralarında əslən azərbaycanlı, Güneydən olan
kamançaçılar vardısa da, onlar da elə iranlı
kimi, farslar sayaq çalırdılar.
İmamyar qısa zaman kəsiyində
kamançanı ucaltmağı bacardı - həm məcazi,
həm müstəqim mənada.
O anlamda ucaltdı ki, parlaq ifası ilə
kamançanı elə violin, royal kimi Avropada da, Amerikada da
hörmətə mindirdi, solo konsertlər verə biləcək
gücdə olduğunu nümayiş etdirdi, o yerlərin musiqi
həyatında kamançaçıya vətəndaşlıq
qazandırdı.
Və həm də sözün birbaşa, fiziki mənasında
elə yüksəltdi ki, ixtiraçılıq etdi. Öz
verdiyi cizgi ilə mahir ustalara kamançası
üçün dayaq düzəltdirdi. Bu dayaq dönüb
oldu müasir kamançanın ayrılmaz tərkib hissəsi.
Daha kamançanı yalnız diz üstündə qoyub
çalmaq ifanın yeganə tərzi olaraq qalmadı.
Lazım gələndə İmamyar kamançasının
dayağını alətə bənd etdi, kamança oldu
onunla eyni boy-buxunda və başladı ayaq üstə durub
çalmağa.
Ancaq bütün bunlar hələ işin və
İmamyarın vətənçi
çalışmalarının bir tərəfi idi. Daha vacib
olansa budur ki, o, kamançanı Azərbaycan dilində, Azərbaycan
Kamançası kimi çalmağa başladı, qərbli
fikrində donuqlaşımış təsəvvürü
dağıtdı, kamançanın farsınkı deyil, məhz
onu belə gözəl ifa edən Azərbaycanın və azərbaycanlınınkı
olduğunu sübuta yetirdi.
Gününə, yerinə görə elə bu,
Habilin burda etdiklərinə tay olan bir xidmət idi.
İmamyar kamançanın musiqi alətlərimiz
arasında ən siyasiləşmiş olmasını, bu siyasətin
sərhədlərimizdən çox uzaqlarda da ayaq tutub yeriməsini
fəaliyyətləri ilə bir daha qabartdı, Habil
mübarizliyi ilə həmin siyasətin Azərbaycana,
xalqımıza gərək olan səmtə yönəlməsinə
töhfələrini verə bildi.
İfaçılığı öz yerində, həm
də dərs deyir, tələbələr yetişdirir, deməli,
bu xətti ləpələndirmək, daha da genişlətmək
yolunda əməli fəaliyyətdədir.
Kimdir axı 23 ildir ki, Vətəndən uzaqlarda
yaşayaraq bu millətəxeyir və sənətəgərək
böyük işləri görən İmamyar Həsənov?
Kamança həmişə ardca gedən alət
olmuşdu - tarın qoşqusu, onun dediyini təkrarlayan.
Kamançanı ilk dəfə bu ikincilikdən
çıxaran Habil oldu və bu ənənəni də o gətirdi
ki, heç də mütləq deyil xanəndə oxuyanda həmişə
tar əvvəldə gedə, kamança da onun ardınca
düşə; qoy hərdən kamança öndə olsun,
tar onun ardınca gəlsin və belə-belə kamança
musiqi üçlüyündə də, ansambllarda da asta-asta
daha qabarıq görünməyə başladı.
Gün yetişdi Habilin gətirdiyi üslub - Azərbaycan
kamança çalğısı dəsti-xətti də tədricən
məktəbləşdi. Görün bu gün nə qədər
Habil yolu ilə çalanımız var. Ancaq bu sırada,
söz yox ki, İmamyar ən seçiləndir. O, Habil məktəbinin
yeni ifadə tərzi olmağı bacardı. Bəlli çərçivəyə
qapılıb qalmadı, bu üslubun yeni çeşidini, bir
az da irəliləmiş çeşnisini öz cazibədar
ifası ilə yarada və sevdirə bildi.
İmamyar musiqiçi ailəsində doğulmuşdu
və ritm duyğusu artıq dünyaya gələndə onun
qanında vardı - atası Fikrət Həsənov
nağaraçalan idi. Göz açıb evdə musiqi səsi
eşidən, atasının musiqiçi dostlarını
görən uşaqlarda musiqiyə həvəs necə
yaranmayaydı - İmamyarın özündən kiçik
qardaşı Xanlar da uşaqlıqdan musiqiyə
bağlandı. Ondan kiçik Rüfət də tarın
ardınca getdi, sonralar Ramiz Quliyevin ənbəyəndiyi yetirmələrindən
biri kimi yaxşı da tarzən oldu, bacıları Qəmərsə
fortepianoya meyl etdi.
Evin böyük uşağının,
babasının adını daşıyan İmamyarınsa
ürəyi kənd toy-düyününün bəzəyi
klarnetin yanında idi. Hərçənd bundan əvvəl
atasından həm nağara, həm qoşadümbək
çalmağı əməlli-başlı mənimsəmişdi.
Klarneti öyrənməyə başlayır, tezliklə
yaxşıca çalmağıda öyrənir, ancaq bunu da
hiss edir ki, nəsə ürəyi klarnetə bağlana bilmir.
O vaxt klarnetə yönəlməsinin səbəbini
artıq indiki yaşında belə etiraf edir ki,
uşaqdım, klarnet də ən qabaqda olan, ən gur, şənliklərdə
birinci yerdə olan idi, məndə də fərqlənmək,
birinci olmaq həvəsi vardı.
Atası hiss edir ki, deyəsən, bu uşaq klarnetdən
soyuyan kimidir, daha əvvəlki şövqü yoxdur, amma
üzə düşüb, deyə bilmir. Anlayır ki,
İmamyarın klarnetlə təması uzun sürəsi
deyil, ona görə bihudə çox vaxt itirməməkçün
nəsə tədbir görmək lazımdır. Bir axşam
elə dilucu təklif edir ki, bəlkə tara, ya kamança
sinfinə gedəsən?
Söhbət olur, keçir və hər şeyi əlahəzrət
təsadüf həll edir (İndi təsadüf deyirik. Bəlkə
elə bu, Tanrının Özünün səmtləndirməsi
imiş, bəlkə bizə sonralar hadisələrin təsadüfən
bir-birini izləməsi kimi görünənlər əzəl
başdan cızılmış Yazıdır?).
Mərdəkanda yaşayırdılar, bir gün
ata-bala qonşunun həyətinə keçiblərmiş. Həmin
qonşu da haçansa kamançaçalan olub, sonra sənətdən
ayrılıbmış. Baxırlar ki, həyətdəki
damın taxçasında dörd simindən biri
qalmış, toz basmış, çoxdan əl vurulmayan kamança
küsən kimi dayanıb. Uşağın gözlərinin
ixtiyarsız kamançaya zilləndiyini görən qonşu
qayıdır ki, çalarsansa, onu bağışlayım sənə.
O gün evə kamançayla qayıdırlar və
İmamyarın bu sevdası yalnız simləri deyil, toxunulmaz
qalaraq qəlbi də qırılmış, bir küncə
atılaraq unudulmuş kamançaya həyat verməklə
başlanır. Artıq musiqi təcrübəsi olduğundan
kamançada çalmağı öyrənməyi də uzun
çəkmir.
"Musiqi təcrübəsi" deyəndə ki,
dördüncü-beşinci sinifdə oxuyandan məclislərə
qoşanağara çalan kimi getməyə
başlamışdı. Şagirdinin həm qabiliyyətinə,
həm aşıb-daşan həvəsinə bələd
olduğundan müəlliməsi Sədaqət xanım onun
ayağını qonşulardakı qadın məclislərinə
- xınayaxdılara açıbmış.
Günlərin birində musiqi məktəbində
İmamyara dərs deyən müəllim söyləyəndə
ki, bu uşağın gələcəyi olacaq, başqa sinif
yoldaşları tənəffüsə çıxıb həyətdə
oynayanda da o, oturub çalmaqda davam edir, Fikrət çox
sevinir, balasının kamançadan daha heç vaxt
ayrılmayacağını anlayır.
...Yeddiillik musiqi təhsilinin ardınca Asəf
Zeynallı adına Orta İxtisas Musiqi məktəbi gəlir,
ondan sonra da Üzeyir Hacıbəyli adına Konservatoriya.
Sonralar Bakı Musiqi Akademiyasına çevriləcək
bu ali musiqi təhsili ocağındakı illəri - 1995-ci ildən
2000-ci ilədək olan dövrü, əslində elə Asəf
Zeynallı dönəmini də İmamyar özünün bir
musiqiçi kimi yetişməsində sağlam təməllər
fəsli sayır və minnətdarlıqla xatırlayır. O
vaxtlar ki İmamyar tələbə idi, konservatoriyada Şərqlə
Qərb birlikdəydi, milli musiqi alətləri də, xanəndəlik
də tədris olunurdu, vokal da, bəstəkarlıq da. Ortaq
mühitdə bu tərəfin o üzə, oranın da bura
qarşılıqlı və münbit təsiri daimi idi. Bu
qaynayıb-qarışma Qərb musiqisi səmtində təhsil
alanların milli musiqi ruhunun, milli musiqi sahəsində
yetişdirilənlərin dünya musiqi zövqünün və
səriştələrinin şəkillənməsinə
böyük fayda verirdi.
Yeni minillik, XXI yüzillik başlananda tale İmamyar Həsənovu
Amerika Birləşmiş Ştatlarına, Kaliforniya
ştatının San-Fransisko şəhərinə aparıb
çıxaracaq, olacaq oralı - qərbli.
Başlayacaq həm də musiqi dərsləri verməyə
və təbii ki, onun öyrənciləri arasında müxtəlif
millətlərin təmsilçiləri olacaq - əsilcə,
kökcə şərqli olanlar da, qərbli olanlar da. Məhz
Bakıda aldığı musiqi təhsili və tərbiyəsinin
zamanında Üzeyir bəyin bütün başqa dahiyanə
uzaqgörənlikləri kimi dəqiq müəyyənləşdirdiyi
ahəngdar Şərq-Qərb müstəvisi İmamyarın
orda dadına çatacaq, ifaçı kimi də, müəllim
olaraq da oralarda özününkü kimi qəbul ediləcək.
Hərdən düşünürəm ki, Habil
missiyasını həm çalğısında, həm
kamança siyasətində yeni və bəyənimli
çağdaş biçimdə qürurverici uğurla davam
etdirmiş İmamyar Həsənovu ustad sənətimizin bu
sahəsinin parlayan ulduzu kimi necə təhlil edər, nələr
söylərdi?
Habil Əliyevi 2015-ci ilin 8 sentyabrında itirdik. O
vaxtlar İmamyarın ayrı-ayrı
çalğıları, ifa ustalığı internet şəbəkəsindən
buralara çatmışdısa da, hələ az adama bəlli
idi, mədəni mühitimizdə oralarda gördüyü
işlərin əhatəsi və vacib faydalılıq dərəcəsi
haqqında bilgilər təqribən yox kimi idi.
İmamyar buralarla əlaqəsini heç vaxt
qırmasa da, Bakıya, Azərbaycana əsas gəlişi
böyük Zəfərimizdən sonra oldu.
Şuşaya da getdi, Cıdır düzünə də
qalxdı, hətta oralarda kamançası ilə görünərək
işğaldan azad olunmuş Qarabağın ayrı-ayrı
guşələrində çaldı da, bu ifalardan ibarət
bizim Diaspora Komitəsinin dəstəyi ilə "Zəfərli
Şuşa" adlı ayrıca musiqi albomu da buraxdı.
Habil müəllim həyatda olsaydı, həmin gəlişində
İmamyar, yəqin ki, onu arayar, ziyarətinə tələsərdi
və cavan sənətçinin Azərbaycandan çox
uzaqlarda kamançaya etdiyi xidmətlərin təfərrüatlarından
xəbərdar olunca, söz yox, Ustad da çox sevinərdi.
Xalq musiqimizin, muğamımızın, illah da
kamançamızın aqibəti Habil müəllimi həmişə
düşündürürdü. Sənətimizə yol tapan
hər umulmaz axın və ucuz sənətin layiq
olmadığı yüksək məqamlara müxtəlif bic
fəndlərlə yol tapması Habil Əliyevi daim narahat
edirdi. Həm də bu təmayüllərə sadəcə
umu-küsü etməklə, deyinməklə qalmırdı,
kəskin tənqidli səsini də qaldırırdı. Mətbuatda,
radio-televiziyalarda, çeşidli sənət məclislərindəki
ötkəm, barışmaz çıxışlarına
görə ondan inciyənlər az olmasa da, toxtamırdı,
dediyini deyirdi, söyləyişlərinin aforistik və duzlu
özünəməxsusluğu isə səbəb olurdu ki,
iradları, eyhamları, qaxınclarının çoxu da lətifələşərək,
zərbülməsəlləşərək yayılsın.
Habil radio-televiziyanın, səhnənin o tələbkar
seçim dövrlərindən keçib gəlmişdi ki, həmin
çağlarda nəinki yararsız avazlar, heç ortabab,
xüsusi gözəlliyi olmayan, birovuz səslərin də
kütləyə təqdim olunmasının yolu sayıq
qoruyucuların qətiyyətli iradəsi ilə qapalı idi.
Ancaq Habil bunu da görürdü ki, indi meydanda
sözükeçər sənət ağsaqqallarının
vaxt gərdişiylə xeyli seyrəkləşdiyi əyyamlarda
bir-bir artan telekanallara da, səhnələrə də bir evin
içərisindən qıraqda eşidilməsi ayıb olan
cır, qulaq dalayan, əsəb cırmaqlayan səslər
sarmaşır, oxu əvəzinə
çığırtı və pıçıltı dəbə
düşür, səbri daralardı, bu yöndəmsizliklərə
qarşı etiraz səsini qaldırmaya bilmirdi.
Kinayə ilə deyirdi ki, nədirsə indi hər ərindən
boşanan qadın gəlib olur müğənni,
çıxır ekranlara; təəccüblə söyləyirdi
ki, indi nədirsə arvadlar kişi, kişilər arvad səsi
ilə oxuyur; yüksək fəxri ad almış o ada layiq
olmayan birisi ona yaxınlaşaraq sırtıq ərklə:
"Təbrik edin, mənə Xalq artisti adı verdilər",
- söyləyəndə anındaca sancırdı ki: "Hə?
Onlar verirdi-verirdi, bəs sən niyə
götürdün?"...
Ancaq istedadı, ümid verəni, gələcəyinə
inandığını da əsla görməzliyə
vurmazdı, onlar haqqında da qiymətini ürəklə verərdi,
bu sanballı Habil sözü də həmincavanlarçün
mötəbər zəmanətə, qoruyucu zirehə və
yolaçıcıya çevrilərdi. Çünki onillərcə
daxilində dolaşdığı sənət aləmində
qarşılaşdıqlarından agah idi ki,yalnız
ayrı-ayrı adamların içində qalmayıb hərəkətə
çevrilən qibtə, paxıllıq, həsəd kimi
insani naqisliklər hərdən neçə-necə
parlamalı gəncin işığını nə təhər
sozaldıb, nə sayaq görünməzləşdirib. Ona
görə də işığını duyduqlarına
qahmar çıxırdı, bu təriflərinin də kiminsə
döşünə yatıb-yatmayacağına bənd olmadan
macal düşən kimi dilə gətirirdi.
Örnəklərindən biri bu - ömrünün
axır parçalarında mənə söylədikləri,
amma radiodan hamıya eşidiləcəyinə əmin
olduğu mövqeyi. Sevinirdi ki, musiqimizdə 1990-cı illərdə
dərinləşməyə başlayan hərcmərclik, yiyəsizlik,
bozlaşmadan sonra 2000-ci illərdən yeni pöhrələnmə
başlayır, xalq musiqimizə dövlətin də
qayğısı, nəvazişi artıb: "Bizim musiqimiz
bir arada yatdı, dayandı. Amma indi dirçəliş
başlayıb. Musiqimiz bu saat çox böyük inkişaf
edir. İnkişaf mən ona demirəm ki, oxuyan
çoxalır. Bir yaxşı oxuyan olanda, bir ölkəyə
bir neçə onil bəs eləyir. Vaxtında Bülbül,
Rəşid, Xan, Şövkət xalqın musiqi
ehtiyacını neçə onil ərzində ödəyən
əsas simalar deyildilərmi? Elə indi də, oxuyan bolluğundansa
bir neçə nəfər yaxşı oxuyanın olması
kifayətdir. Mən hal-hazırda Babək Niftəliyevə,
bir də Ehtiram Hüseynova qulaq asıram. Ehtiram Şərq aləmi
üçün çox yaxşıdır. Onun səsində
muğam ahəngi,oxu yollarında şərqlilik lap
çoxdur. Amma Babəki dünyanın harasına aparsan,
eşidəni heyran qoya bilər. Çünki onun
oxumağı cəlb edə bilən, təsirinə sala bilən
oxumaqdı. Xaricdə də o zəngulələrə, nəfəsə,
xırdalıqlara qulaq asıb təəccüb qalırlar ki,
insan belə şeylər eləyə bilər. Bax bu, çox
vacibdir. Hərəsi bir yolda, ikisi də ən gözəlidir.
Məndən soruşurlar, bunların hansı
yaxşıdır, mən deyə bilmərəm. Məsələn,
ikisi də çox vacib, lazımlı sənətkarlar kimi
yetişiblər. İndi yerdə qalanlar da oxuyurlar da. Kim qulaq
asır-assın. Mənim qulaq asdığım bunlardır.
Birdə o qız var, Güllü, o da yaxşı oxuyur,
qızlardan mən ona qulaq asıram. Bir ayrısı da var - Bəyimxanım,
onu da bəyənirəm. O, mahnılar ifa etməkdə
yaxşıdır, amma Güllü muğamla yetişir. Mən
əminəm ki, bunlar respublikanı, xalqı neçə illərlə
təmin edəcəklər. Korlayanlar olmasa! Arada musiqinin rəhbərlərinə,
telekanal sədrlərinəbaşa salmaq lazımdır ki, o,
pisdir, o pisi vermə, bu, yaxşıdır, bunu irəli
çək; sənətə yeni gəlmək istəyən
cavanlar ki var, qoy onlar da eşidəndə
yaxşılarını eşidərək onlara
oxşamağa çalışsınlar".
2010-cu illərin lap başlanğıcı idi.
Özünün razılığını alaraq çəkiliş
və söhbət üçün bir dəstə cavan
kamançaçımızı Habil müəllimgilə dəvət
etmişdim. Hamısı gözəl-göyçək,
hamısı mahir, hamısı artıq sənət
meydanında sözünü deməyi, özünü təsdiqləməyi
bacarmış ifaçı. Daha çox onlar
danışırdılar, Habil müəllim dinləyirdi,
arada müdaxilə edirdi və aşkarca hiss olunurdu ki, Ustad bu
anlarda xoşbəxtdir. Elə bil ki, padşah şahzadələr
əhatəsində idi. Bu deyiş şairanə səslənsə
də, elə bu cürdü ki, vardı. Azərbaycan
kamançaçılığının bütün
zamanlardakından daha üstün bir səviyyəyə
çatmasını gözəl ifaları ilə təmin edən
bu cavan sənətkarların hər biri Habilin doğma
övladı kimi idi - onlar Habilə elə baxırdılar,
Habil də onları belə qavrayırdı.Bu
ata-övladlığı məcazilikdən
çıxarıb aydın həqiqətə çevirən
həm də bu idi ki, onlar hamısı kamançanı azərbaycanca
çalırdılar, hamısı Habil məktəbinin
davamçısı idi. Baxmayaraq ki, bircəsinə də
Habil haçansa bircə saat da dərs keçməmişdi.
Bu da bir başqa Habil sehridir ki, ömrü boyu
hansısa musiqi təhsili ocağında müəllimlik etmədiyi
haldaməktəb doğura, bir neçə nəsil
kamançaçımızın ustadı ola bildi.
Elə biri də İmamyar Həsənov!
...Mənə dünyanın o başına necə
gedib çatmasının tarixçəsini, oradakı sərgüzəştlərindən
danışır. Öz ömründən bəhs edir, amma
bunlar həm də kamançamızın həyat tarixçəsindən
səhifələrdir.
"Amerikaya ilk dəfə 2000-ci ilin yayında
getmişdim. Orda bir festivaldaiştirak edirdim. Əvvəlcə
Kanadaya getdik, ordan da gəldik ABŞ-a. Bir ay qaldıq orda. Bir
ayın içində, demək olar ki, hər gün konsertlərimiz
vardı. Elə orda fərqlilik də gördüm, fərqli
yanaşmaları da. İranlıların, Cənubi Azərbaycandan
olanlarınsənətə verdiyi qiymət,
baxışları məni çox maraqlandırdı. Hiss
etdim ki, burda çox iş görməli geniş meydan var.
Amma sonra tale elə qismət elədi ki, "qrinkart"
lotereyası ilə mənə yol açıldı,
köçdüm Amerikaya. Uyğunlaşmaq xeyli vaxt
apardı. Çətin idi. Çünki bir var 10
yaşında başlayırsan, bir də var mənim kimi 25-i
keçəndən sonra. Vətəndə həmişə
insanların əhatəsində olmuşdum, indi isə
qalmışdım tək. Amerikaya gələnədək
daşıdığım ən ağır yük
kamança olmuşdu. İndi isə birdən-birə
çiynimə çox qayğıların yükü
çökdü. Üzləşdiyim əsas problemdə
ondan ibarət idi ki, bu aləti Azərbaycan kamançası
kimi tanımırdılar. Əslən İrandan olan
yaxşı kamançaçalanlar vardı, elə onlara
görə də kamança burda İran aləti kimi qəbul
olunurdu.Başlıca sual da bu idi ki, öz sözümü deyə
bilmək, özümü təsdiqlətmək
üçün neyləməliyəm".
İmamyarın gendən çox parıltılı
görünən, yaxınlaşınca çox
müşkülləri ilə qəribi küncə dirəyən
gündəlik həyatında İmamyarın iki ümdə məqsədi
əslində bir-biri ilə sıx bağlı idi. Həyatını
qurmaqçün özünü tanıtmalı idi,
özünü tanıtmağın yolu isə Azərbaycan
kamançasını tanıdıb təsdiq etməyə
bağlı idi. İşin tərsliyindən, məskunlaşdığı
Kaliforniyada farsların, elə musiqi zövqü onlar kimi olan
kamançalı iranlıların bolluğu bir yana, üstəlik
itə daş atırdın, erməniyə dəyirdi.
"Burda kamancanı ilk növbədə
İranınkı sayırdılarsa, ikinci də ermənilər
idi.Ermənilərin Kaliforniyada təşkil etdikləri
konsertlərdə həmişə kamança da,
onların"duduk"dedikləri balaban da olurdu.
Hamının da burda o cür çalınan kamançanı
gözləri görüb, qulaqları eşitmişdi, həmin
səslərə artıq alışmışdılar.
İllərcə formalaşmış olanı dəyişdirə
bilmək mümkün olmayan iş kimi
görünürdü".
Bir Avropa, ya Amerika şəhərinə gedərək
ağzınacan dolu konsert salonunda müvəffəqiyyətlə
çıxış etmək, alqışlar selinə
bürünərək haqqında qəzetlərin ağız
dolusu yazdığı qastroldan şad-xürrəm
qayıtmaq bir başqa, səndən illər və onillər
qabaq həmin yerlərdə həyatını qurmuş, sənətini
göstərərək qəbul etdirmişlərin arasında
tək-tənha yola çıxmaq, onları da ötmək
iddiasında olmaq bir ayrı. Çünki bu, artıq
yaşayış uğrunda mübarizədir və belə bərabər
olmayan qarşıdurmadan qalib çıxmaq qətiyyən
asan məsələ deyil. Xüsusən o şəraitdə
ki, bütün ağlından keçənləri ən
yüksək səviyyədə həyata keçirsən də,
hələ rəqiblər heç, daha əvvəl - sənin
satdığını alan müştərinin, təqdim
etdiyini qəbul edən auditoriyanın da proqnozunun irəlicədən
tam əminliklə verilməsi mümkünsüz olan həlledici
rəyi, münasibəti də olmuş ola.
"Ordan başladım ki, içində
yaşadığım topluma qarışa bilim, əriyib
onların bir parçası olum. Əriyim, amma onlara
qarışıb itməyim, özümün kimliyimi, sənətimin
nədən ibarətliyini də göstərə, sübut edə
bilim. Çalışdıq-vuruşduq, yavaş-yavaş nail
olduq, amerikalılarla iş əlaqələri də qurdum,
başqalarından üç qat, beş qat artıq
çalışdım, məktəblərində onların
uşaqlarına dərs vermək etibarını da
qazandım. İllər ötəndən sonra aşkar
olmağa başladı ki, bəzi şeylər edə
bilmişəm".
İmamyarın uğur gündəliyinin arxasında dayanan
təməl şərt alın təri, daim axtarışda
olmaqdır. Bu yoxdursa, İlahinin sənə bəxş etdiyi
istedad da korşalır, paslanır, açılmamış
solur. Əslində elə usanmadan çalışmaq da fəlsəfəsi
ilə insanın bağışladığı istedad
payına görə Pərvərdigara minnətdarlığı,
şükranlığı deməkdir.
"Uğrunda çalışdığım bir məqsəd
var. Öyrənməkdə olduğum və gələcəkdə
də öyrənə biləcəyim şeyləri axtarmaq və
müraciət etdiyim musiqi əsərlərini, onların hekayəsini
tapmaq, o əsərləri hekayələşdirərək
dinləyiciyə çatdırmaq. Kamançadan
çıxarılan səs, düşünürəm ki, mənim
öz səsimdir. Allah səs verməyib ki, oxuyum. Yəqin, ona
görə verməyib ki, özümü oxumaq əvəzinə
kamançanı oxutdura bilim. Mən də gücüm
çatan qədər kamançanı oxutdura bilməyə
çalışıram. Yəni birinci, əsas özək
budur. İndi məndə nə qədər alınıbsa,
alınıb.İkincisi də odur ki, yaşadığım
dövrün havasını, ətrafımda olan cərəyanlarınruhunu
musiqimə keçirə bilim. Yəni bu fikirlə mən
razılaşa bilmirəm ki, mən sənətçiyəm,
ancaq sənətlə məşğulam. Yox, gərək hər
şeylə məşğul olasan. Yəni hər qazanda
qaynamalısan, görməlisən, mütaliə etməlisən,
hadisələrin içində bişməlisən".
İmamyarı İmamyar edən bir mühüm özəllik
də budur ki, onun bir əli həmişə köklərdə,
qaynaqlardadır. Deyir ki, Bakıdan Amerikaya köçüb
gedəndə özümlə çoxlu kaset aparmışdım.
Atasının, özünün illərcə
topladığı nə musiqi arxivi varsa,
hamısını.Xalq musiqimizin incilərindən tutmuş
böyük bəstəkarlarımızın simfonik əsərlərinədək
olan əzəmətli bir silsilə. Danışır ki, elə
indi də hər gün o əsərlər mənimlədir.
Evdə oluram, səslənir, maşında gedirəm, məni
müşayiət edir. Dinləyir, sevir, canına hopdurur, ancaq
onların qəlbinə də qapılıb qalmır. Elə
çalır ki, hər biri təzə hüsn qazanır,
indiyədək eşidildiyindən fərqli təsir
oyadır.
Azərbaycanın musiqi ruhunu və iradəsini yeritmək,
Azərbaycan kamançasının, Azərbaycan dilində ifa
edilən kamançanın təntənəsinə nail
olmaqçün keçdiyi yol heç vaxt hamar olmayıb və
bu yol həndir-hamarlığı heç də yalnız
yaradıcılıq axtarışları və zəhmətlərindən
ibarət deyil.
Təzyiqlərlə də, müqavimətlərlə
də, lap sıxma-boğmalarla da qarşılaşıb. Belə
macəralı günləri Kaliforniyada da yaşayıb,
Fransada - Parisdə də, digər Avropa şəhərlərinə
qastrolları əsnasında da.
2013-cü ildə Kaliforniyada, Sakromento şəhərindəki
Konqresbinasında mühüm bir Azərbaycan tədbiri
keçiriləcəkmiş. Konsulluğumuzun işçiləri
İmamyardan xahiş edir ki, sizi də dəvət edirik, gəlin,
bizimlə eyni masada əyləşərsiniz,
buralısınız, Stanford Universitetində dərs deyirsiniz,
arada bir ifa da edərsiniz, effektli alınar.
İmamyar məmnuniyyətlə razılıq verir. Tədbir
saatı yaxınlaşanda, adətən olduğu kimi, əlində
iki kamançası Konqres binasına doğru irəliləyir.
"Yaxınlaşanda gördüm ki, hamının əllərində
plakatlar, izdihamlı piket təşkil ediblər, meqafonla da
ucadan danışırlar, Azərbaycan əleyhinə siyasi
şüarlar səsləndirirlər. Baxdım ki, əlimdəki
bu alətlərlə onların arasından keçib getməyim
çətin olacaq, lap hücum da edə, təxribat da törədə
bilərlər. Tez bizimkilərə zəng vurdum. Onlar da
güvənlik göndərdilər, bir nəfər ardımca
gəldi, bir nəfər düşdü qabağıma,
kamançalarımı gizlədə-gizlədə arxa
qapıdan içəriyə daxil olduq. O gün Konqres
binasındakı ifam həmişəkindən də gözəl
alındı. Çünki o gün mən orda yalnız zalda
oturanlarçün deyil, bütün Azərbaycan naminə
çalırdım, çalğımın içərisində
Konqres binası qarşısına toplaşaraq bizə
qarşı etiraz səsini ucaldanlara da qəzəbim
vardı".
...İmamyarın ifalarını dinlədikcə elə
keçidlərə, elə barmaqlara, elə şirinliklərə
rast gəlirəm ki, bunlara çatmaqçün, bunları
tapmaqçün onun bəlkə eyni gəzişməni
yüz dəfələrlə təkrar-təkrar
çaldığına şübhəm qalmır. Ona görə
də soruşuram ki, gündə neçə saat kamança
ilə olursunuz, neçə saat məşq edirsiniz?
Məlum olur ki, bu sual tək məni yox,
çoxlarını maraqlandırırmış, mənimkinə
oxşar müşahidəni başqaları da edibmiş, ən
çoxu da bu sualı tələbələri verirmiş.
İmamyar deyir ki,tələbəlik dövründə saata
baxmadan elə gün boyu çalmaq lazımdır, gündə
yeddi-səkkiz saat, bəzən daha çox. Səbəbini də
izah edir ki, bu, barmaqların arasında olan balansı saxlamaq,
sol əllə sağ əlin tam ahəngdarlığının
bərqərar olması üçün vacibdir. Ancaq peşəkarlıq
həddinə çatandan sonra daha bu məqsədlə deyil,
ayrı-ayrı xırdalıqları cilalamaq üçün
yorulmadan, bezmədən çalmalısan. Peşəkarlığın
yuxarı həddinə çatandan sonra bəzən hər
gün çalmasan da olur. Ancaq barmağınla, əllərinlə
bilavasitə kamançanı çalmırsansa da, onsuz da
beynində, ürəyində onu çalmaqda davam edirsən.
Yəni kamançanın sənə tam ram olması
üçün gərək ondan bir an da ayrılmayasan. Gecə-gündüz
səninlə olsun. Yatanda da, oyaq vaxtında da.
İmamyar lap çoxdan ölkədən-ölkəyə
uçan bir quş kimidir. Hər səfəri musiqimizin,
kamançamızın daha bir fəthi, kamançanın
tilsiminə düşən yeni-yeni könüllər deməkdir.
Bir sualı da verməyə bilmirəm ki, axı
ölkədən-ölkəyə gedəndə təyyarənin
içərisinə apara biləcəyin yükün bəlli
çəkisi, icazə verilən ölçüləri var,
bəs bu kamançaların işi necə həll olunur?
Axı hər kəsin başına gəlib ki, hava
limanında enirsən, bəlli olur ki, baqajın ayrı bir
uçaqla başqa bir ölkəyə göndərilib.
Düzdür, çox zaman itmir, əvvəl-axır
tapılır, qaytarılır, ancaq bunlarkamançalardır
axı, İmamyar da bəzən hansısa şəhərə
elə bir, ya iki gecəliyə uçur, kamança gəlməyibsə,
demək, ora səfər etmək də mənasını
itirir.
Sualımı verirəm və cavab belə olur ki,
kamançası həmişə onunladır - yerdə də,
göydə də. Kamançalarına düzəltdirdiyi
dayaq da uzun olmağına baxmayaraq, bir neçə hissədən
ibarətdir, sökülüb-yığıla bilir. Sən
demə, İmamyarın kamançasının qılafı
da, həmin dayaq da onun öz cizgisi ilə hazırlanıb.
Maraq üçün açıb kamançanın
qılafına da baxıram. Uşaqlıq illərimdən
evimizdə dayımızın kamançasını da, o
kamançanın qılafını da görmüşəm.
Uzaqbaşı qılafın içində ikicə cib olur.
Baxıram ki, İmamyarın kamançalarının
qılafları da adi kamançalarınkından
büsbütün fərqlənir. Hərəsində
irili-xırdalı bir yığın mücrüvari ciblər.
Deyir ki, bunların hərəsində kamançanın bir əlamanı
qoyulur. Ən mahir usta da özüm dəqiq izah etməsəm,
ilkin layihəsini cızmasam, üstündə durmasam, bunu
qiyabi sifarişlə düzəldə bilməz.
İmamyar kamançasının söhbətini edir,
elə bil ata öz doğmaca, istəkli
oğlundan-qızından danışır.
Hökmi-zərdir - bala kimi sevməsən, yəqin,
kamança da sənə o qədər simsar, o qədər
sözəbaxan, o qədər sədaqətli olmaz!
...Bu misralar kamançaya həsr edilib və əvvəllər
də,söz yox ki, şairlərimizin kamançanı vəsf
edən bildiyimiz və bilmədiyimiz bolluca şeirləri olub.
Mən şair deyiləm, bununla ardıcıl məşğul
olmuram, hərdən şeir yazmağa, bədii tərcüməyə
dəyalnız ayrı-ayrı işlərimlə bağlı
zərurət yarananda üz tuturam.
Azərbaycan televiziyasında hazırladığım
"Vətənim" verilişinin İmamyar Həsənova
həsr olunan buraxılışının montajı vaxtı
verilişin əvvəlində bir boşluq hiss etdim və
düşündüm ki, həmin boşluğu
İmamyarın çalğısına qoşulan,
kamançanı tərənnüm edən misralar doldursa yerinə
düşər. Fikir gəlməyinə gəlmişdi, ancaq
o dar macalda elə şeiri haradan tapaydım. Elə montaj
otağındaca yazdım, verilişdə səsləndi, beləcə,
iki daşın arasında doğulan bu sətirlər də həkk
olundu kamançanın ömür kitabına:
Bu, kamandır, insan kimi danışan,
Duyğuların atəşindən alışan.
Ağrıları insan kimi duyandır,
O, həmdəmdir, o, məhrəmdir, hayandır.
Sinədəki dağdan deyib coşandır,
Gücsüz sanma, o, dağları aşandır.
Kaman demə, o, püskürən vulkandır,
Qoşun-qoşun ürəkdəki üsyandır.
Bir gün mütləq gül açacaq fidandır.
O, ağ günə, Haqqa ümid, gümandır.
O, saflıqdır, o, inamdır, imandır,
O, könüllər tərcümanı kamandır.
...İlk azərbaycanlı kamançanı nə
zaman götürdü, nə vaxt çalmağa
başladı? Bu sualın cavabını heç kim bilməyəcək,
bu sualın cavabı tarixin dərinlərində əriyib
itir. Amma hər halda o ilk haçansa baş verib. Birinci dəfə
nə zamansa, hansısa azərbaycanlı kamançanı
götürüb və çalmağa başlayıb.
İlk kamançaçı olubsa da, son Azərbaycan
kamançaçısı heç vaxt olmayacaq. İmamyar
varsa, dünənlərdə bir-birindən parlaq
kamançaçımız yaşayıb-yaradıbsa, bu
gün bir-birindən üstün istedadlı
kamançaçılarımız meydandadırlarsa, demək,
son kamançaçı heç vaxt olmayacaq. Demək,
yeni-yeni İmamyarlar sabahlar içərisində həmişə
yaranacaq.
6 noyabr 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2024.- 17 noyabr(№209).-S.16-17.