Əli İldırımoğlu - şəxsiyyət fenomeni

 

Əli İldırımoğlu-97

 

Hər kəs həyatda öz yolunu özü seçir. Bu gündən sabaha uzanan ömür yolunda zamanlar yalnız bir pillədir, həyatın mütləq gedişi üçün bu, hazırlıqdır. Kim bu bəşəri mənəvi tərəqqiyə yönəlik ümid qaynaqlarına yeni bir ideal vasitələr qatır, onlar zamanın fatehinə çevrilir. Bu, insanın doğulan gündən özünüyaratma, özünüformalaşdırma və özünütəsdiqinə yönəlmiş çabalarıdır. İnsan var, təsadüflərə bel bağlayıb yaşayır, ömrün pillələrini taleyin ümidinə buraxır. İnsan da var ki, əvvəldən axıradək yaşadığı ömrü kamilləşdirməklə məşğul olur, taleyi idarə edir, ən nəhayətdə, özü özünü yaradır. Əli İldırımoğlu özü özünü yaradan insanlardandır. O, cəmiyyətdə kütləvi xaosun tüğyan elədiyi çağlarda belə, heç vaxt küncdə-bucaqda gizlənməmiş, mübarizələrin önündə olmuş, həyatın qaynarında mövqe tutmuş, ağlı, savadı, bütöv mənəviyyatı, zəngin daxili aləmi, bəşəri inancı ilə yaşadığı dövrün, zamanın fövqünə yüksəlməyi bacarmışdır. O, daim küləyin səmtinə qarşı getmiş, əqidəsi, fikri, düşüncəsi, ictimai konsepsiyası uğrunda döyüşmüş, müstəqilliyini, qürurunu, mənliyini, şərəfli adını qorumuşdur. Hər kəs öz taleyini qaynar, dramatik şəkildə başa vurmur, öz düha və inanclarına söykənib yaşadığı həyatı zənginləşdirmir. Əli İldırımoğlu kimi qaynar təbli və döyüşkən insanlar, əksinə, bu xüsusiyyətlərlə sabit ömür yaşamış olurlar. Bu səciyyəvi cəhətlər daim onun həyat kredosuna, yaşam amalına çevrilmişdir.

Plutarx Makedoniyalı İskəndər haqqında demişdir ki, əgər hakimiyyətin İskəndərə taleyin hədiyyəsi kimi çatdığını hesab etsək, düzgün olmaz. İskəndər qısa ömründə ali zirvəyə doğrudan da taleyin qisməti kimi çatıb? Bəs onda onun ağlı, bacarığı, erudisiyası, sərkərdəlik məharəti, dərin biliyi və dünyəvi dərrakəsi nə olsun? Bütün bunlar taleyin qisməti kimi ona xonçada bəxş olunmuşdumu? Məhz Plutarx da buna işarə vurur və İskəndərin zirvəyə gedən yolunu taledən daha çox üstün cəhətlərlə, istedad, şəxsi təşəbbüs və coşğunluqla, individual fenomen cəhətlərlə, fərdi özünütəkmilləşdirmə, özünütəsdiq və özünüdiktə ilə bağlayır. İskəndərin yüksəlişi, həqiqətən fenomenol möcüzə, taleyin özünə belə, meydan oxumaq nümunəsi idi.

Əli İldırımoğlu haqqında düşünəndə Plutarxın bu müdrik sözlərini xatırlamamaq olmur. Əli İldırımoğlu kimi nadir şəxsiyyətlər öz talelərini özləri formalaşdırır, öz inkişaf və tərəqqisini özləri yaradır, öz həyat dastanını özləri öz əllərilə yazırlar. Belələri taleyin təsadüflərinə bel bağlamır. O, bütün şüurlu həyatını ömrünü zənginləşdirməklə, doldurmaqla, bitkinləşdirməklə keçirmişdir. O, uşaqlıqdan, yeniyetməlikdən, gənclikdən üzübəri öz yüksəlişini addım-addım, zərrə-zərrə, qətrə-qətrə yaratmışdır. Müəllimlikdən ən çətin sahə olan jurnalistikaya təsadüfi gəlişindən tutmuş, respublikanın ən aparıcı qəzeti "Kommunist"in uzaqvuran artilleriyasına çevrilməsi, sonralar istedadlı bir yazıçı kimi özünü təsdiq etməsi... Bütün bunlar onun öz yaradıcılığı, özünüyaratma, özünüformalaşdırma, özünütəsdiqi sayəsində başa gəlmişdir. O, çox şeyi özünə qadağan eləməyi bacaran, dünyaya vicdan qanunları ilə baxan, qəlbinin, ruhunun hökmüylə yaşayan insan olmuşdur. Onun həyatının hər anı həqiqətdən, obyektiv, real mənzərələrdən ibarətdir. İradə, dözüm, daxili mükəmməllik, psixoloji səbat, insanlara təsir etmək bacarığı... Bütün bunlar onun portret cizgilərini tamamlayan ştrixlərdir. O, hətta, istedadını da özü yaratmış, özü formalaşdırmış, üzə çıxarmış, reallaşdırmışdır. Bu barədə o, çox yazmış, xatirələrində, müsahibələrində bu məsələlərdən geniş söz açmış və bununla bağlı, hətta irihəcmli, ikihissəli bir roman da çap etdirmişdir: "Zorən jurnalist". O, bu barədə verdiyi müsahibələrin birində deyir: "...Yaxşı yadımdadır. Qubadlı rayon qəzetində işə götürülmüşdüm. İlk məqaləmi redaktor geri qaytardı və dedi ki, xalq dilində yazılmalıdır, məqalənin dili sadə olmalıdır. Qapını örtüb bərk ağladım ki, bu nə işdir, düşdüm? Fikirləşdim ki, mənim dostlarım var, onlar məyus olacaq, atama bu, dərd gətirəcək. Odur ki, canı dildən çalışırdım, axtarırdım ki, necə jurnalist olmaq olar?

...Mən çoxlu qəzet oxuyur, məqalənin yazılma texnikasını öyrənirdim. Yavaş-yavaş çap olunmağa başladım. Tez-tez redaksiyaya zəng vurub mənə irad tuturdular. Redaktor isə bir ucdan danlayırdı. Bu da məni çox narahat edirdi. Lakin mən öz üzərimdə çalışır, yorulmaq nə olduğunu bilmirdim. Zirvənin cığırı dərədən başlayır. Gərək dibdən gələsən - həyatın dibindən. Mən zənglə müxbir olmamışam. Onda raykomun birinci katibi kəndimizə gələrkən dərsimdə oturmuşdu. Görünür, dərsin gedişindən razı qalmışdı. Az sonra onun tapşırığı ilə məni rayon qəzetinə işə götürdülər..."

O, həyatda öz prinsiplərilə yaşamışdır. Mərd, dönməz, prinsipial, heç kimin qabağında əyilməyən, haqq üçün daim mücadilə edən, kimsəsizlərə, əlsiz-ayaqsızlara dayaq duran bir insan olmuşdur. Onu sındırmaq çətin idi, hər bir məşəqqətə, təzyiqə, qarşıdurmaya kişi kimi sinə gərərdi. Çətin anlarda, gərgin məqamlarda özünü itirməzdi. Bu yerdə Sallülystinin Sezara yazdığı bir məktubu xatırlamaq yerinə düşərdi: "Mən səndə fövqəladə, təəccüblü bir keyfiyyət görürəm. Sən müvəffəqiyyətdən daha çox bədbəxtlik anında ruhi əzəmətini saxlayırsan". Mən Əli İldırımoğlunu həmişə belə görmüşəm: hər bir çətinlik anında səbatını, səbrini, şəxsiyyətini və ruhi əzəmətini qoruyub saxlayan bir insan kimi.

O, tez-tez belə bir ifadə işlədərdi: "Mən ürəyimin yağını həmişə özümə yavanlıq eləmişəm". Bu, təbii ki, mənəvi-əxlaqi ucalığını, heç kimin qabağında əyilmədiyini, sınmadığını bəyan etmək demək idi. Amma onun həyatında öz mənliyini qorumağın praktik nümunələrinə də çox rast gəlmək olar. Özü tez-tez xatırlayırdı: "Naxçıvanda "Kommunist"in bölgə müxbiriydim. Maaşımla kifayətlənmirdim, qonorar üçün respublika radiosuna, ayrı-ayrı mətbuat orqanlarına da yazılar göndərirdim. Elə bir vəziyyət yarandı ki, maaşımız üç gün gecikdi. Cibimdə bir qəpik də pul yox idi. Uşaqları yaxşı ki, Qubadlıya göndərmişdim. Evdə tək-tənha üç günü ac-acına keçirdim, heç kimə ağız açmadım. Təknənin dibində çörək qırıntılarını toplayıb ağzıma atır, aclığımı birtəhər ötüşdürürdüm". Bax, Əli İldırımoğlu xarakteri budur! O, ömrü boyu ictimai-siyasi fəaliyyətində də bu mənəviyyata, bu əxlaqa sadiq qalıb.

Əli İldırımoğlunu yaxından tanımaq üçün onun "Zorən jurnalist" romanını dönə-dönə oxumaq lazımdır. Dönə-dönə ona görə deyirik ki, hər dəfə hadisələrin axarına düşəndə əsərin qəhrəmanı Nazim İlhamın (Əli İldırımoğlunun) bir sıra mənəvi-əxlaqi cəhətlərini, üstün keyfiyyətlərini, insani ucalıqlarını yenidən kəşf edirsən. O, böyük hərflərlə yazılmağa layiq insan kimi yadda qalır. Oğul kimi nümunəvidir, ailəsinə sadiqdir, vətənpərvərdir, ictimai mənafeyi şəxsi ambisiyadan üstün tutur, mərddir, dönməzdir, dosta sadiq, düşmənə barışmazdır, qələmini sipərə çevirib haqqı müdafiə edir, dünya malına əyilmir, qürurunu və vüqarını hər şeydən uca tutur. Ədəbiyyatda olduğu kimi, eynən həyatda da Əli İldırımoğlu budur.

Əli İldırımoğlunun yaratdığı qəhrəmanlar mərdliyi, dönməzliyi, vətənpərvərliyi ilə seçilir. Bu qəhrəmanlar həyatdan, özü demişkən "dibdən" gəlir. Ədəbi qəhrəman kimi bu insanlarla, əvvəlcə, onun oçerklərində rastlaşırıq. Adı, ünvanı, işi-gücü bəlli insanlar oçerk qəhrəmanları kimi bədii cilvədən də xali deyil. Əli İldırımoğlu bu obrazları da həyatdan seçib-sonalayıb publisistikasının baş qəhrəmanlarına çevirmişdir. Burada da o, prinsiplərinə sadiq qalmış, comərd, vətənpərvər, sözü bütöv insanların taleyini qələmə almışdır. Bu tip insanlarla onun hekayələrində, povest və romanlarında daha geniş spektrdə rastlaşırıq. "Zorən jurnalist", "Mənim rəncbər atam", "Daş yağan gün", "Qarlı gecələr", "Aqibət", "Közərən sətirlər", "Əmrahsız qalan dağlar" romanlarında bu qəhrəmanların işi, əməli, məişəti, amal və məqsədləri də rəngarəng çalarlarla sayrışır. Bu əsərlərin qəhrəmanları bir mövqedə birləşirlər, mərdlik, dönməzlik, sədaqət, həyata sevgi onların hər birinin mənəvi sifətləridir. İnsanın formalaşdığı mövcud mədəni həyat və sosial sfera, özünüdərk sistemi ictimai mühit, adət-ənənələr, hüquqi normalar, dövlət quruluşu, iqtisadi-siyasi, ailə münasibətləri, təhsil sistemi və s. bu kimi vacib sahələr çərçivəsində yetişən Əli İldırımoğlu qəhrəmanlarının hər biri kamillik nümunəsi kimi yadda qalır: Nazim İlham, Höcər Cahangir, Nəcəf, Əmrah Yüzbaşı, İldırım kişi, Məşədi Paşa, Gövhər və başqaları bu pleyadanın natamam siyahısıdır.

Əli İldırımoğlunun bir yazıçı kimi güvəndiyi milli-mənəvi dəyərlər onun yaratdığı prozoik obrazlarda öz təcəssümünü daha mükəmməl şəkildə tapmışdır. Yazıçının bədii məzmun göstəricisinə görə tam fərqli tipajlarda təqdim olunan obrazlarının demək olar ki, hamısı milli-mənəvi dəyərlərin daşıyıcısı mövqeyində birləşir, eyniləşirlər. Yazıçının sənətkarlıq gücü və poetik istedadı onun düşüncələrinə daim hakim kəsilmiş azərbaycanlı tipinin təqdimi ideyalarını yaratdığı zəngin obrazlar qalereyasında fərqli poetik tənasüb və bədii ölçülərdə əks etdirə bilməsində ifadə olunur. Onun milli dəyərlər konseptində birləşən obrazlarının bir-birini təkrarlamayan orijinal xarakterə malik olması bir amillə - yazıçının obrazlaşdırma qabiliyyətinin məna diapazonunun genişliyi ilə müəyyən olunur.

Bəşər hər zaman ruhani və mənəvi azadlığa möhtacdır. Daha geniş mənada düşünsək, əxlaq, insani, mənəvi və ruhi zənginlik bəşəriyyətin xilas yoludur. Bütün bədii ədəbiyyat, söz sənəti, başqa incəsənət nümunələri dünyəvi sevgi və məhəbbət təlqin etməklə insanlığa sülh, əmin-amanlıq, qardaşlıq, tolerant münasibət, sevgi və məhəbbət aşılayır. İrticaya xidmət edən bədii sənət nümunəsi, demək olar ki, yoxdur. Hər bir sənət əxlaq və mənəviyyat təşviq edir. Xüsusən, bədii ədəbiyyat, nəsr və poeziya nümunələri bəşəriyyətin nizamlanması və xilası mövqeyindədir. Əli İldırımoğlu da bütün yaradıcılığı boyu insanın mənəvi və ruhi azadlığından yazmışdır. Onun əsərlərinə möhtəşəmlik verən bu əzəmətli hiss, bu nəhəng leytmotivdir. İnsanlığın əbədi tələbatı olan mənəvi və ruhani azadlıq Əli İldırımoğlu nəsrinin poetik özəlliklərini təşkil edir. O, insanı uca tutur, onun qəhrəman və döyüşkən mənəviyyatına inanır, onun dünyanı dəyişəcək, onu qoruyacaq gücünə güvənir, insanın yaradıcı və xilaskar ruhuna alqışlar söyləyir. Onun qəhrəmanları mənəvi və ruhani azadlıq konseptində, ilk növbədə, bədii ideya səviyyəsində sabit və sürəkli səciyyəyə malikdir.

Əli İldırımoğlu torpaq adamıdır. Onun nəsrindən, hər nəsnədən torpaq ətri gəlir - Qubadlı dağlarının əzəməti boylanır. O yazırdı ki, mənim atam rəncbər olmuş, torpağın dilini yaxşı bilmişdir. Əli İldırımoğlu sövq-təbii ilə, məhz bu dildə yazıb - atasının dilində. Torpaq dili - ata dilidir, ana dilidir, el-oba, qohum-qardaş, yurd-yuva dilidir. Əli İldırımoğlu bu dili incəliklərinədək bilmiş və əsərlərini bu dildə qələmə almaqla mənsub olduğu el-obanın, yurd-yuvanın ruhunu göyərtmiş, onu rövnəqləndirmiş, ona ədəbi dil statusu vermişdir. Bu da sevgidən, xalq məhəbbətindən qaynaqlanmış, el-obaya vurğunluqdan doğmuşdur.

Yazıçı haqqında söz açmış bütün tədqiqatçılar onun dili barədə xüsusi danışmış, bu bədii vasitələrin, obrazlı ifadələrin, xəlqi deyimlərin xüsusi status daşıdığını qeyd etmişlər. Əslində Əli İldırımoğlu bununla Amerika kəşf eləməmişdir. O, danışdığı dildə yazmışdır. İməklədiyi torpağın, ayaq açıb yeridiyi yurdun dilində yazmışdır. Bu dil qanla, genlə onun yaddaşına yazılmış, ruhuna hopmuşdur. Məşhur dilçi-alim Humboldt demişdir: "Dil xalqın ruhunun təzahürüdür: dil onun ruhu, ruh isə onun dilidir". Bəli, Əli İldırımoğlu ruhən xalq dilinə bağlıdır. Odur ki, onun dili torpaq qədər munis, dağlar qədər uca, səma qədər genişdir. Odur ki, bu dil sevimli, şirin, ürəyəyatımlı və canayaxındır.

Yaradıcılıqda mənəvi dəyərlərin, ruhi təbəddülatların, ideyalar aləminin ən bariz təcəssüm etdiyi əsas poetik struktur səviyyəsi dil-üslub sahəsidir. Dilin poetik stixiyasının ən toxunulmaz elementlərini öz yaradıcılığında məharətlə işlədən yazıçının ortaya qoyduğu nəsr əsərlərinin əsas bədii-poetik göstəricilərindən biri zəngin bədii dil və üslubdur. Əli İldırımoğlunun Azərbaycan dilinin tarixi-mədəni potensialına bağlılığı və məhəbbəti ona öz yaradıcılığında milli-mənəvi dəyərlər ideyalarını dil-üslub səviyyəsində uğurla bədii reallığa çevirməyə imkan vermişdir. Bu cəhətdən Əli İldırımoğlunun dili milli-mənəvi dəyər ideyalarının təcəssümünə çevrilmiş fundamental milli bədii dil hadisəsidir.

Əli İldırımoğlu qaya kimi sərt, dönməz, prinsipial olduğu qədər də ipək kimi yumşaq adam idi. Son dərəcə həssas, duyumlu, incə qəlbli insan olan Əli İldırımoğlu bir xəfif mehdən, bir çiçək gözəlliyindən, bir ilıq təbəssümdən uşaq kimi kövrələ bilirdi. O, uzun müddət torpaq həsrətilə yaşadı, Qubadlı deyib uşaq kimi sızıldadı. O möhtəşəm insan, nəhəng Əli İldırımoğlu hər dəfə Qubadlı deyəndə çovğuna düşmüş fidan kimi titrəyir, üşüyür, büzüşüb yumağa dönürdü. Vətən torpağı onunçün qibləgah, ehram yeriydi. Onun irili-xırdalı bütün əsərlərində bu hiss öz nəhəng siluetilə görünür. Səciyyəvi hal kimi "Bərgüşada sözüm var" essesinə nəzər yetirək: "...Məni təhdid edən bir arzum, bir diləyim var. Üzümü ulu göylərə tutub deyirəm. Tezliklə erməni əsirliyindən xilas olasan, Bərgüşad! Məcrandan kənara çıxmayasan, suyun qurumasın, yolun rəvan olsun, Bərgüşad! Cahıllığımın sevinci, ahıllığımın qəmi, kədəri Bərgüşad! Yazıb-pozduğum bəyaz kağızlar kimi sahillərində qalan izimi, sözümü, həsrətli baxışlarımı əmanət saxla, Bərgüşad! Əsirlikdə zillət çəkən kəndimə, dağlarımıza, bağ-bağçalarımıza həmişə həyan ol, Bərgüşad! Qışda suların buz bağlayanda, qərib ellərdən quşların qonaq gələndə, baharda sahillərin əlvan gül-çiçəklərlə bəzənəndə gecə-gündüz həsrətini çəkən bu qələm əhlini də yad et, Bərgüşad! Bir də yoxluğumda yazdıqlarımı yozanların güzarı o tərəflərə düşsə, həzin nəğmələrinlə onların da könlünü şad et, Bərgüşad!.."

Yaxşı ki, Əli İldırımoğlu dünyasını torpaq niskiliylə dəyişmədi. Qubadlının azad olunması xəbərini o, xəstəxanada, əcəl yatağında aldı. Halsız, yarıhuşlu vəziyyətdə uzanmışdı. Televizor işləyirdi. Birdən Ali Baş Komandan İlham Əliyevin gur səsi eşidildi: "Qubadlı işğaldan azad edilmişdir!" Bu söz sanki ona yeni can, yeni ruh verdi. O, tərpəndi, üzündə təbəssüm cilvələndi, hətta başını möcüzəli şəkildə yastıqdan bir balaca da, qaldırdı. Sonra yenə süst vəziyyətə düşdü. Bu sözlər onun ruhunu ovundurdu, uzun illik həsrətinə son qoydu.

İnsan ömrü boyu üfüqü seyr edir və ürəyində ona qovuşmaq həsrətilə yaşayır. Lakin üfüq əlçatmaz, ünyetməzdir. Görünür, insan, yalnız dünyasını dəyişəndə ruhən üfüqə qovuşur, bu möcüzəli aləmlə birləşir. Bu gün Əli İldırımoğlunun ruhu da o əlçatmaz üfüqdədir. Lakin biz onunla tez-tez görüşür, onun ruhuna ehtiramla salam veririk. Bu, onun əsərlərini hər oxuyanda qəlbimizə yayılan xoş hisslərdən qaynaqlanır.

 

Loğman RƏŞİDZADƏ

yazıçı-publisist

525-ci qəzet .- 2024.- 17 noyabr(№209).-S.12;13.