Əli
İldırımoğlu haqqında görkəmli qələm
sahiblərinin dedikləri
Əli İldırımoğlu-97
Əli İldırımoğlunun
yaradıcılığını, onun qəzet səhifələrindəki
çıxışlarını maraqla izləyirəm. Bu
müəllifin yazılarında məni ən çox qane edən
cəhət təsvir etdiyi hadisələrin, lövhələrin
mərkəzində duran canlı həyatdır, səfərbərlik
duyğusudur.
Mirzə İbrahimov,
Xalq yazıçısı
lll
Əlinin bədii yaradıcılığa meyli
güclüdür, duyğuları, müşahidələri
zəngindir. Həyatı bilməyən, ondan uzaq düşən,
mövzunu göylərdə, xəyalatda axtaran qələm
sahiblərinə məsləhət görərdim ki, Əli
İldırımoğlunun yazılarını oxusunlar,
oradakı həyat materialını, həyatın öz
parçalarını, öz problem və istəklərini
görsünlər, bəhrələnsinlər.
Bayram Bayramov,
Xalq yazıçısı
lll
Əli İldırımoğlunun "Mənim rəncbər
atam" kitabı ədibin təkcə atası ilə vida
akkordu deyil, həm də sabahkı nəslə örnək
olacaq sənət abidəsidir. Bu kitab vaxtilə göylərdən
bayraq alaraq dünyaya sivilizasiya yaymış, dünyaya
hürr gəlmiş, hürr yaşamış ulu bir
qövmün öz taleyinə, öz torpağına, öz
sabahına çağırış himni kimi səslənir.
Səadət İldırımzadə,
Filologiya üzrə fəlsəfə doktoru
lll
Əli İldırımoğlu özünün ədəbiyyata
gətirdiyi müsbət obrazların - rəftar və
davranışında təmkinini saxlayan, ələm, kədər
və ağır günlərdə heç vaxt
sarsılmayan, bayağı şöhrətə aludə
olmayan, ədalət uğrunda mübarizə aparmaqdan yorulmayan
sevimli ədəbi qəhrəmanlarının real prototipi,
canlı nümunəsidir.
Əliheydər Həşimov,
Professor
lll
Xalq dilindən gələn mükəmməllik müəllif
tərəfindən o qədər təbii mənimsənilmiş
və əsası o qədər təbii təqdim
olunmuşdur ki, bütövlükdə mətnin həndəsi
sxemini çəkmək mümkündür.
...Etnoqrafik-əxlaqi kanonlarla yanaşı, müasir
ictimai həyatı, təbii (və süni) prosesləri bir
publisist istedadı ilə dərindən bilən Əli
İldırımoğlunun dil həssaslığı nə qədər
ənənəvidirsə, o qədər müasirdir. Və nə
qədər müasirdirsə, o qədər ənənəvidir.
Nizami Cəfərov,
Akademik
lll
li İldırımoğlu qələm
adamıdır. Ürəyini qələmə boşaldan
söz sahibidir. Və o, dünyaya göz açandan dilini
öyrəndiyi yerin-yurdun, dünyadan köçərək həmin
yer-yurda qovuşmuş əziz, munis insanların taleyini
yazır. Əli İldırımoğlu yazır ki, o dili gələn
nəsillər unutmasın. Yazır ki, yazdıqları
keçmişlə sabah arasında körpü olsun. O yerlər
ki, o ata yurdu ki, Əli İldırımoğlu ondan yazır,
onlar lap çoxdandır ki, düşmən
tapdağındadır. Lap çoxdandır ki, o yerlərin
dağı, daşı, otu, çiçəyi,
bulağı, çayı laldır. Bildikləri təkcə
bizim dildir: kimlə dərdləşsin, zavallılar. Bəlkə
tək o yerlərin quşlarıdır ki, dərdləriylə
birgə yurdun azad səmtlərinə uçurlar,
danışıb ürəklərini boşaldırlar.
Əli İldırımoğlu həmin qəlbi sınıq
yerlərin, o yerlərdəki gülün, bulağın,
qayanın, mamırın dilindən yazır, o ruh
unudulmasın deyə, yazır.
Rafael Hüseynov,
Akademik
lll
Əli İldırımoğlunun çox sadə, hər
kəsin anlayacağı tərzdə bir üslubu var. Yurdun
çobanı da, akademiki də onu eyni dərəcədə
(əlbəttə, çoban çoban kimi, akademik akademik kimi)
sevəcək... və sevib... Amma bu sadə
yazıçı-jurnalist manerasında daha dərin
çoxçalarlılıq var, sən
düşünürsən, fikirləşirsən,
qaşların çatılır, hətta hirslənirsən
də... Bax, bədii cazibə budur.
Vaqif Yusifli,
Filologiya elmləri doktoru
lll
90-cı illərin əvvəllərində Əli
müəllim sözün həm hərfi, həm də məcazi
mənasında müxbirlikdən, qəzetçilikdən təqaüdə
çıxdı. Və o vaxtdan bir yorulmaz peşəkar
yazıçı kimi fəaliyyətə başladı... Və
bu əsərlərdə ("Mənim rəncbər
atam", "Qarlı gecələr" və s.) o, öz
yaddaşının, təxəyyülünün
gücünə zaman etibarilə də daha uzaq məsafələrə,
50-ci, 40-cı, 30-cu illərin kəndinə səyahət edir,
çoxdan unudulmuş, yoxluğa qovuşmuş insanları,
hadisələri bədii sözün köməyilə diriltməyə,
yaşatmağa can atır, o illərin təkcə bədii
deyil, həm də mənəvi-əxlaqi mənzərəsini
göstərməyə çalışır. Və onun əsərlərinin
məhz həmin 50-ci, 40-cı, 30-cu illərdə
"isti-isti" yazılmış, orta məktəb dərsliklərinə
salınmış məşhur kənd romanlarından əsas
fərqi də, təsvir olunan hadisələrin və
insanların o dövrün sovet ideologiyası baxımından
yox, xeyir və şər, haqq və nahaq, vicdan və əxlaq
kimi əbədi dəyərlər baxımından qiymətləndirilməsidir.
Ramiz Rövşən,
Xalq şairi
lll
Hər bir qələm sahibi əsərlərində
istər-istəməz özünü ifadə edir. Kimi
özünü olduğu kimi, kimi də olmaq və ya
görünmək istədiyi kimi təsvir etməyə
üstünlük verir. Əslində, bunun özü də
birbaşa yaşanan ömürlə bağlıdır.
Keçmiş Tanrı bəndəsinin yalnız dünəni
deyil, həm də və bəlkə də, daha çox
özündən sonrakı adının və nəslinin dəyişdirilməsi
qeyri-mümkün olan sabahıdır. Əli
İldırımoğlu təsəlli və təskinliyinə
çevrilmiş keçmişini, mənliyini qorumaqla elə
yaşayıb ki, indi onun dünəni təmizləməyə
və bəzəməyə yox, olduğu kimi
çatdırmağa ehtiyacı vardır. Buna görə də
onun əsərləri realdır, həyatıdır və ən
başlıcası, səmimidir.
Arif Əmrahoğlu,
Ədəbiyyatşünas alim
525-ci qəzet .- 2024.- 17 noyabr(№209).-S.13.