Qələmsiz
yazılanlar
status-esselər
Bakı məsuliyyətli bir tədbirin keçirilməsinə
hazırdır. Bu gün COP29 üçün qeydiyyat sənədini
götürərkən Olimpiya stadionunda yüksək təhlükəsizlik
və təşkilatçılıq olduğunu
müşahidə etdim. Ətrafda müxtəlif ölkələrdən
gələn qonaqlar, iştirakçılar qaynayırdı.
Könüllülərin və çalışan əməkdaşların
yüksək diqqəti, mədəni, incə rəftarı
diqqət çəkirdi. Könüllülərin geyimləri
üçün seçilmiş açıq yaşıl rəng
isə ilk bahar ovqatı yaradırdı. COP29-un beləcə
yaz təravətli xoş ovqatla keçəcəyindən,
dünyamızın gələcəyi naminə bir çox
vacib qərarların qəbul olunacağından əminik.
Uğurlu olsun!
lll
Deyilənə görə, Kür çayı
axırıncı dəfə təxminən 100 il əvvəl
donubmuş. Üstündən araba ilə o üz-bu üzə
keçirlərmiş. Bu barədə mənə Xalq
şairi Fikrət Qoca danışmışdı,
babasının söhbətlərini xatırlarkən.
lll
ANEWZ beynəlxalq televiziya kanalının fəaliyyətə
başlaması ölkəmizin teleməkanı
üçün mühüm hadisədir. Həm bu hadisəni,
həm də dəyərli həmkarımız Rüfət Həmzəyevin
telekanala rəhbərlik etməsini yüksək qiymətləndirirəm.
Mən onu istər media forumlarında aparıcı, istərsə
də müxtəlif ingilisdilli tədbirlərdə
iştirakçı kimi dəfələrlə müşahidə
etmişəm, peşəkarlığına bələdəm.
AzTV-dəki səmərəli fəaliyyətindən də xəbərdaram.
Bildiyimə görə, yeni telekanalda yüksək səviyyəli
komanda formalaşdırmağa müvəffəq olub. Bəri
başdan bu münasibətlə həmkarımızı təbrik
edirəm.
Müxtəlif vaxtlarda ayrı-ayrı xarici ölkələrdə,
xüsusən də Orta Asiya respublikalarında ingilis dilində
telekanalların fəaliyyət göstərdiyini
görmüşdüm və bu tipli media subyektlərinin bizdə
də olmasını çox arzulamışdım. Sevindirici
haldır ki, artıq bizdə də bilavasitə ingilis dilində
yayımlanacaq TV kanalı olacaq.
Hamımıza məlumdur ki, hazırda beynəlxalq
miqyasda Azərbaycana qarşı aktiv dezinformasiya kampaniyası
aparılmaqdadır. İnformasiya müharibəsi
günümüzün reallığıdır. Cənab
Prezident İlham Əliyev də
çıxışlarında bu məqama dəfələrlə
toxunub, müxtəlif detalları müfəssəl şəkildə
açıqlayıb, saxta xəbərlərlə,
insinuasiyalarla mübarizənin zəruriliyini əsaslandırıb.
Dövlətimizin başçısı
çıxışlarında, həmçinin, jurnalistlərin
xarici dil biliklərinin artırılmasına da böyük
önəm verdiyini bildirib. Heç şübhəsiz, bu,
informasiya təhlükəsizliyimizin təminatı
baxımından vacib amildir. Hesab edirəm ki, yeni ingilisdilli
telekanal bu baxımdan müstəsna rol oynayacaq,
qarşısına qoyduğu vəzifələrin öhdəsindən
layiqincə gələcək. Əminəm ki, belə bir media
orqanının fəaliyyətə başlaması, ümumən,
Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması, obyektiv mövqeyimizin müdafiəsi
xüsusunda da öz sözünü deyəcək.
Yeni yaranan kanalın rəhbərliyinə və
kollektivinə çətin, məsuliyyətli yolda uğurlar
arzulayıram. İnanıram ki, onlar bu etimadı yüksək
səviyyədə doğruldacaq, ANEWZ-u beynəlxalq miqyasda
tanınan, etibarlı media subyekti kimi təsdiqləməyi
bacaracaqlar.
lll
Noyabrın 9-u müasir Azərbaycan
publisistikasının usta nümayəndələrindən
biri, Əməkdar jurnalist, "Ədalət" qəzetinin
baş redaktoru İradə Tuncayın növbəti yubiley
yaşı tamam olur. Bu münasibətlə İradə
xanımı ən xoş arzularla ürəkdən təbrik
edir, cansağlığı və bol-bol yaradıcılıq
uğurları diləyirəm.
Jurnalist kimi fəaliyyətə əvvəlcə
televiziyadan başlayan, sonradan yazılı mətbuatda
çalışan İradə Tuncay istər telekanallarda
müəllifi olduğu verilişləri, istərsə də
mətbuatda dərc olunan çoxsaylı yazıları ilə
çağdaş jurnalistikamızın və
publisistikamızın ən yaddaqalan nümunələrini
yaradıb. Onun xüsusilə müstəqillik illərində
telekanallarda efirə gedən verilişlərində ən fərqli
mövzulara geniş dünyagörüşünə, dərin
savada, zəngin biliyilə əsaslanan yanaşmasına, səsləndirdiyi
dopdolu, yüklü cümlələrindən ibarət mətnlərindəki
dərin qatlı fikirlərə bir tamaşaçı kimi dəfələrlə
heyranlıq duymuşam. Sonrakı dönəmdə isə dərin
intuisiyası, müşahidə qabiliyyəti, həssaslığı
ilə də seçilən İradə xanımın mətbuatda
çoxsaylı publisistik yazıları dərc olunmağa
başladı. Mən əvvəllər TV ekranlarından
eşitdiyim, amma sürətli nitqi, həyəcanlı ifadə
tərzi üzündən bir çox hallarda
çatdırıb hamısını həzm edə bilmədiyim
o cümlələri bu dəfə təkrar-təkrar gözlə
görmək, oxumaq imkanı qazandım və yenə də
heyran qaldım. İradə xanımın yazılarını
ötəri, üzdən oxumaq olmaz, onun hər
yazısında alt qatlar, gizli laylar, görünməyən məqamlar
var və o yazılar bizi düşündürür, beynimizi
yormamaq üçün haqqında fikirləşmək istəmədiyimiz
dərin mətləblərə toxunur. İradə
xanımın yazdıqları həm də gözəl bədii
ədəbiyyat nümunələridir. Bu yazılar öz bədii
siqləti, obrazlılığı, təsir gücü, dərin
alt qatları ilə çağdaş ədəbiyyatımızın
ən dəyərli nümunələri
sırasındadır. İradə xanım sosial şəbəkədə
də fəaldır. O, burada da tarixin dərin qatlarına
varmaq, oxucularını, izləyicilərini maarifləndirmək,
öyrətmək və şərh etmək missiyasını
eyni səviyyədə yerinə yetirir.
İradə Tuncayı ötən əsrin səksəninci
illərindən tanıyıram. Təxminən bu 40 ildə
onunla söhbətləşməyə, reaksiyalarını, təpkilərini,
sevincinin və qəzəbinin səbəblərini
müşahidə etməyə çox imkanım olub; bəzən
ən adi, sakit söhbətlərdə də hadisələr
və insanlar haqqında dərin müşahidələrə
əsaslanan elə dəqiq fikirlər söyləyir ki, heyrətindən
donub qalırsan.
Son bir neçə ildir ki, İradə xanım
yazılarına ara verib. Halbuki naşılığın və
qeyri-peşəkarlığın mediada ayaq
açdığı indiki dövrdə İradə Tuncay
kimi peşəkar qələm sahibinin yazılarına daha
çox ehtiyac duyulur. Bu əlamətdar gündə İradə
xanımı bir daha ürəkdən təbrik edir,
şövqünün, enerjisinin, gücünün və
yazmaq ehtirasının heç zaman azalmamasını
arzulayıram.
Yubiley yaşınız mübarək, əziz və dəyərli
İradə xanım!
lll
Müqəddəs Müəllim adını
daşıyanların önündə əyilir,
ehtiramımı bildirirəm!
Bayramınız mübarək, əziz Müəllimlər!
lll
İpək Məcid Kitab sərgisinə dəstək
olmağa gəldi: "Baba, bəs Şahbaz bəy deyir sərgiyə
az adam gəlir? Burda tərpənməyə yer yoxdu
axı".
lll
Aqil Abbasla Ağcabədiyə gedirik.
Sürücüyə deyir, Rəmişdən, Qədirdən
bir şey qoy, qulaq asaq. O da Aşıq Ədalətlə Rəmişin
birgə ifasını tapdı. Dinləməmişdim.
Qeyri-adi bir bəhsləşmə, deyişmədir.
Dünya dəyişir, Aqil Abbasın dəyərləri
dəyişmir. Yaxşı da ki dəyişmir. Məmməd
Arazın sözüylə desək, "od kimi, su kimi köhnədir".
Belə insanlar həmişə saf və istiqanlı olurlar.
lll
Bir kəlmə xoş sözlə insanlarda nikbin ovqat
yaratmaq mümkündürsə, niyə bunu əsirgəyək
ki?
lll
Şəhərlər milli çalarlarını
itirirlər. Böyük şirkətlərin reklamları
onları biri-birinə bənzədir.
lll
Hissiz-duyğusuz, mərhəmət və empatidən
uzaq adamların önə çıxarılması yəqin
post-insan dövrünə hazırlıqla bağlıdır.
Əgər 50 il sonra insanın yer üzündə dominant
olmayacağını əminliklə söyləyiriksə,
deməli, "şəriklərimizin" hakimiyyətinə,
idarəçiliyinə də öyrəşməli və
hazır olmalıyıq.
lll
Hamıyla dil tapmaq, hamının dilini bilmək
gözəl keyfiyyətdir. Düzdür, istedad, enerji, səbr
tələb edir. Zorakılıqdansa çalışıb
dil tapmaq daha yaxşıdır.
lll
Hörmətli Vilayət Quliyev həmişəki kimi
mühüm tarixi əhəmiyyət daşıyan hadisələrə
biganə qalmayaraq bu dəfə "Son məskəni
İstanbul olan azərbaycanlılar" kitabı barədə
fikirlərini bölüşüb.
Vilayət müəllim "İstanbuldakı Azərbaycan
Baş konsulluğunun yüksək səviyyədə təqdimatını
keçirdiyi və həqiqətən də belə mərasimə
layiq olan bu qiymətli kitabı" İstanbulda Azərbaycan
Baş konsulluğunun mövcud olduğu 32 il ərzində həyata
keçirilən ən mühüm tarixi-mədəni layihələrdən
biri adlandırıb. Mötəbər nəşrin
işıq üzü görməsinin səbəbkarlarına
və bütün əməyi olanlara minnətdarlığını
bildirən Vilayət Quliyev əsərin müəllifi -
"səkkiz il ərzində Azərbaycanın və
Türkiyənin arxivlərində, kitabxanalarda yorulmadan
axtarış apararaq, ucsuz-bucaqsız İstanbulun müxtəlif
səmtlərinə səpələnmiş məzarlıqları
addım-addım dolaşaraq, mühacir ailələrinin həyatda
olan üzvləri, yaxın və doğmaları ilə təmas
quraraq bütün bu məlumatları toplayan, dəqiqləşdirən,
sistemə salan gənc soydaşımız - 2016-cı ildən
İstanbulda yaşayan araşdırmaçı-yazar,
publisist, tanınmış kolleksiyaçı və
kitabşünas Dilqəm Əhməd" barədə
xüsusi danışıb və xoş sözlər söyləyib.
Kitab barədə düşüncələrini
bölüşən müəllif həm də tariximizlə
bağlı zəngin məlumatından, təcrübə və
biliyindən qaynaqlanan təklif və mülahizələrini
bildirib. Vilayət müəllimin yazılarında ilk
baxışdan adi görünəcək sakit sitat və məlumatlarının
dərinliyinə varanda alt qatlardakı təlatümləri və
yanğını sezməmək mümkünsüzdür. Bu
məqalədə də çoxlu belə məqamları
görmək olar. Oxuyanlar hiss edəcək. Mən isə
bunlardan birini misal gətirməklə həm bu dəyərli
kitaba və yazıya diqqəti cəlb etmək, həm də
bu layihəni gerçəkləşdirənlərə
ehtiramımı bildirmək istədim:
"Üzeyir bəy "Nəyimizin
vaxtıdır?" adlı məqaləsində cəmiyyəti
sarmış süstlük, laqeydlik, ətalət hissindən
gileylənirdi, məhz ürəyi yandığına görə
millətin gələcəyi ilə bağlı bir qədər
ümidsizlik ruhu aşılanmış həyəcan və
narahatlığını açıq şəkildə dilə
gətirirdi. Gənc həmkarının fikirləri ilə
razılaşmaq istəməyən Ömər Faiq isə
"Açıq söz" qəzetinin səhifələrində
dərc etdirdiyi nikbinlik və inam dolu
"İşığımız sönməyəcəkdir!"
(20 yanvar 1916-cı il) adlı məqaləsində onu ruhdan
düşməməyə çağıraraq
yazırdı: "Hər dürlü, hüquqdan məhrum məmləkətimizdə
belə ən cahil və həmiyyətsiz vaxtımızda adi
mirzələrdən - Fətəli Axundovlar, ən
fağır baqqal Məşədi Ələkbərdən -
Sabirlər, Şamaxı mühitində əsir qalmış
seyidlərdən - Seyid Əzim Şirvanilər kimi ədiblər,
şairlər yetişdirən bu millət
işığının gələcəkdə gözlədiyimiz
"haqq və ədalət" altında daha artıq
parlayacağı "aşkar" deyilmi?"
lll
Kağızdan oxunan çıxışların
effekti az olur; dinləyənlər yeknəsəq səs
tonundan darıxır, fikirləri tam həzm edə bilmirlər.
Görünür, fikrin çatdırılmasında dinamik
tembr, səsdəki emosiya, bədən dili, jestlər və s.
əsas rol oynayır. Birincidə çox vaxt bunlara imkan olmur.
lll
ARB24 kanalında tarix elmləri doktoru Həsən Həsənovla
Atropatena tarixi ilə bağlı söhbəti çox maraqla
dinlədim. Həsən müəllim sadə və aydın,
inandırıcı arqumentlərlə danışır. Onun əzmkarlığı,
şövq və enerjisi, gördüyü işə
inamı nəticəsiz qala bilməz. Yoluxanlar çox olacaq.
Söhbətlərin davamlı olması vacibdir. ARB24-də bu
söhbətlərin davamlı olacağı təşəbbüsünü
alqışlayır və getdikcə mövzunun daha çox
tamaşaçı diqqətini cəlb edəcəyinə
inanıram.
lll
Məncə, həm ədəbiyyat, həm kino, həm
də teatr formasını dəyişməlidir. Bizim
üçün nə qədər acı olsa da, indi
insanları 3-4 saatlıq teatr tamaşalarında saxlamaq,
saatlarla davam edən filmə baxmağa vadar etmək, kiməsə
bir həftə boyunca hansısa romanı, yaxud yarım saat ərzində
hansısa uzun hekayəni oxutdurmaq çətin məsələdir.
İndi texnologiya, vaxt məhdudluğu onsuz da buna imkan verməyəcək.
Bunun əksini təmin etmək üçün, gərək
ki, yazarda informasiya baxımından yüksək
hazırlıq, xüsusi bədii təfəkkür, dinamiklik
olsun. Bu isə müşkül görünür və indiki
dövrdə hər istedada nəsib olmur. Bəs nə etməli?
Bunun üçün yaradıcı şəxs sürətli
dövrün tələblərinə uyğunlaşmalı,
proseslərin mütəhərrikliyi ilə ayaqlaşmalı,
öz bədii həqiqətini daha qısa, yığcam və
lakonik deməyə çalışmalıdır.
Yazıçı bunu bacarmasa, uduzacaq: zamana da, oxucuya da,
tamaşaçıya da.
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini
525-ci qəzet .- 2024.- 17 noyabr(№209).-S.9.