Kənd
Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova
"Ailəyə
iqtisadi dəstək göstərən qadının hörməti
də çox olur"
Dünya bina olandan insan yer üzünün əşrəfi
sayılıb. Deyilənə görə, yeri-göyü,
füsunkar təbiəti, uzandıqca uzanan gözəlliyi
yaradan Tanrı bir boşluğun olduğunu duyaraq insanı xəlq
edib ki, dünya öz tamlığına yetsin. Torpaqdan
yoğrulub cisminə can verdiyi ilk insan tək olmasın deyə,
Tanrı ona bir yoldaş, həmdəm də qoşmaq niyyətilə
daha birini də xəlq edir. Lakin bu yaratdığı əsla
ilk kişiyə heç də bənzəmədi. Daha zərif,
daha incə, daha gözəl bir varlıq oldu ki, adına
qadın dedilər.
Bir fransız məsəli var: "Qadın istəyəni
Tanrı da istəyir". Qadın adına verilən ən
bitkin tərifdir, zənnimcə. Etiraf edim ki, onlarla həmsöhbət
olmaq mənə daha maraqlıdır. Müxtəlif xarakterlərin,
hansısa bir məsələyə münasibətdə fərqli
düşüncələrin, fikir ayrılıqlarının
özü belə, onların simasında eyni bir ada söykənəndə,
sanki bir həmrəylik yaranır. Bu, yaşımızdan
asılı olmayaraq hər zaman sevgi və kövrəkliklə
andığımız ana adıdır.
Düzü, qadın haqqında belə bir
düşüncələrim bugünkü müsahibimizin fəaliyyət
sahəsinin adından irəli gəldi. Və budəfəki
şənbə qonağımız Azərbaycan Kənd
Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərovadır.
- Təşkilatınızın adından bilinir ki,
torpağa bağlısınız...
- Həm də çox bağlı... Özüm buğa
bürcündənəm və bu bürcdə də
torpağa bağlılıq var. Torpağı o qədər
sevirəm ki, istirahəti də təbiətin qoynunda
keçirməyə üstünlük verirəm,
çünki orada torpaq var.
- İndiki Azərbaycan Dillər Universitetini
ingilis-alman dilləri üzrə bitirmisiniz, amma tamam fərqli
bir istiqamətə üz tutmusunuz...
- Qısa müddər pedaqoji fəaliyyətim oldu,
lakin iş elə gətirdi ki, mən beynəlxalq təşkilatların
inkişaf və dövlət proqramlarında fəaliyyət
göstərməyə başladım. Sonra Azərbaycan Kənd
Qadınları Assosiasiyasının rəhbəri oldum. Bura
çatana qədər Kanadada kurs keçmişəm, Haaqa
Akademiyasında yerli inkişaf üzrə daha bir uzun müddətli
kursu başa vurmuşam. Dünyanın bir çox ölkələrində
Azərbaycanda ictimai inkişafla bağlı, özümün
fəaliyət göstərdiyi kənd investor layihələrilə
bağlı təqdimatlara imza atmışam. Təhsilimin əsas
istiqaməti layihə idarəçiliyi, ictimai inkişaf,
monitorinq üzrə olub.
- Assosiasiyanın yaradılması maraqlı bir
ideyadır...
- Bu təşkilatı Azərbaycan Kənd Təsərrüfatı
Nazirliyi təsis edib. 2005-ci ildən başlayaraq 15 il Dünya
Bankının Azərbaycan dövlətilə birlikdə həyata
keçirdiyi böyük bir layihədə ictimai inkişaf
üzrə menecer kimi fəaliyyət göstərdim. Layihənin
əsas məqsədi nə idi? Kəndlərdə icma səfərbərliyinin,
insanların təlimləndirilməsinin, kənddə vacib
prioritet məsələlərin üzə
çıxarılması istiqamətində vacib olanlarla
insanlar həmin dövlət proqramına müraciət edə
bilirdi. Nəticədə dövlət proqramının
köməyilə kəndlərə su çəkilirdi, kəndarası
yollar salınırdı, məktəblərdə əlavə
sinif otaqları tikilirdi. Həmin dövrdə Dünya
Bankının icma səfərbərliyində yaranan qruplarda
qadınların sayının çox olması kimi bir
kriteriyası vardı. Bu, sayın kişilərdən
çox olması anlamına gəlmirdi. Əgər doqquz nəfərlik
bir qrupda bir-iki qadın olurdusa, çalışırdıq
ki, nisbətdə fərq az olmasın. Yəni kəndin
ağrılı məsələlərinin ortaya
çıxmasında qadınların da fikri dinlənilsin.
Layihə kifayət qədər bəlli bir dövrü əhatə
etdi və biz bu zaman ərzində çox ölkələrin,
ölkəmizdə başa çatan layihələrin təcrübəsindən
istifadə etdik ki, daha çox qadının cəlb edilməsinə
nail olaq. Layihə bitəndən sonra onun bir
çıxış strategiyası kimi kənd
qadınlarının sosial və iqtisadi inkişafına dəstək
məqsədilə bu assosiasiya yaradıldı. Məqsəd
regionların sosial-iqtisadi inkişafına kənd
qadınlarının töhfəsini artırmaq və onu
dayanaqlı etmək idi. O zaman kənd təsərrüfatı
naziri olan İnam Kərimov özü Azərbaycan Kənd Qadınları
Assosiasiyasının inaqurasiyasını keçirdi.
- Dediniz ki, digər ölkələrin təcrübəsindən
istifadə etmisiniz. Məsələn...
- Azərbaycanda layihələr
əsasən infrastruktur sahəsində olurdu. Yol çəkilişi,
məktəb təmiri, tibb məntəqəsinin tikilməsi,
suvarma suyunun çəkilməsi və sairə. Biz
İndoneziyada gördük ki, xüsusi layihələr var ki,
iştirakçıları yalnız qadınlardır.
Maraqlandım ki, necə oldu bizimlə görüşə bu
qədər qadın dəvət edə bilmisiniz? Dedilər
ki, biz qadınlar üçün xüsusi layihələr
edirik - dərman bitkilərinin toplanması, kokonat qozunun
qurudulması və sairə kimi. Bu, bir təcrübə.
Qayıdandan sonra gəlir gətirən bu təcrübəni
Azərbaycandakı layihələrimizə əlavə etdik.
Bunu necə etdik? Qadınlara cücə inkubator sexi, tərəvəz
yetişdirilməsi üçün istixana verdik. Daha sonra
Hindistanda təcrübə səfərində olduq. Orada kəndlərdə
"Qadın özünə kömək" qrupları fəaliyyət
göstərir...
- Maraqlı addır...
- Deməli, bu gün Banqladeşdə müvəqqəti
hökumətin sədri olan Məhəmməd Yunus 70-ci illərdə
bankdan kredit götürmək üçün qadınlardan
ibarət kredit qrupları yaradır. İllər sonra bir bankir
kimi özünün təsis etdiyi "Grameen Bank"ın rəhbərinə
çevrilir. Məhz bu qadın qrupu modelinə görə o,
Nobel sülh mükafatına layiq görülüb. Bu modeldən
əlavələr etməklə digər ölkələrdə
istifadə edənlər oldu. Hindistan bu modelə
qadınların sosial fəaliyyəti, özlərinin biznes
qurmağı və genişləndirməsi kimi elementləri əlavə
edərək, onu inkişaf etdirdi. Model bizim də xoşumuza gəldi.
Biz orada gördük ki, Hindistanda imkanı hədsiz
aşağı olan qadınlar necə bir araya gələrək,
həftədə çox cüzi miqdarda pul yığmaqla
özlərinə necə iş qurmağa nail olublar. Təsəvvür
edin ki, bazarda bir neçə dəstə göyərti sataraq
onu artırmaqla, sərbəst ayaqları üstə qalxa
bilmişdilər. Hətta aralarında bir qadın dedi ki,
qızım həkimlik sənəti üzrə təhsil
alır. Buradan da "Qadın özünəkömək"
modelini götürdük.
Kənd investisiya layihəsi çərçivəsinin
axırıncı ilində pilot olaraq altı qadın qrupu
yaratdıq. Hindistan səfirliyinin öz ölkələrindən
dəvət etdikləri ekspertlərin köməyi və
iştirakı ilə Masallıda, Lənkəranda və Balakəndə
bu qadın qrupları yaradıldı. Ekspertlər gedəndən
sonra biz Ağdamda və İsmayıllıda da bu qrupları
yarada bildik.
İnanın ki, bu qadın qrupları özünü
çox yaxşı doğrultdu. Qruplar yaranandan sonra onlara
müxtəlif təlimlər keçdik, bizneslə, pulun idarə
olunması ilə bağlı qadınları təlimləndirdik.
Hər qrup öz daxilində bir yerə
yığışır, müzakirələr aparır,
bir-birinə dəstək olmaq üçün təkliflər
irəli sürürlər. Özlərinə cüzi miqdarda
depozit fondu yaradırlar. Yığılan vəsaitin
hesabına qurduqları işi get-gedə böyüdərək
öz sıralarına işsiz qadınları cəlb edir və
beləcə, iş də genişlənir, maraq da artır,
qadınlarda özünə güvən inkişaf edir. Etiraf
etmək lazımdır ki, qadınlarımız həm
savadlı, həm yeniliyə maraqlı, həm də
işgüzardılar. Və bu üç amil bir yerdə
olanda çox şeyə nail olmaq mümkündür,
çünki qadının bacara bilmədiyi iş yoxdur.
- Bu vaxta qədər qrupların sayı artmış
olar...
- Bu gün 23 rayonda 50 qadın qrupumuz var. İlkin mərhələdə
25-30 nəfərdən ibarət olan qrup ələnə-ələnə
gəlib 10-15 nəfərdə dayanır, yəni bir-birilə
dil tapan, bir-birinin sözünü eşidib qəbul edənlər
işə birlikdə davam edir. Artıq belə qrupların
öz adı, şüarı, depozit fondu, loqosu olur. Və
getdikcə onların böyüyən biznesi yanına
işsiz qadınları cəlb etməyə başlayır. Kəndin
hər tərəfində gəlir var və işini
düzgün qurmağı bacaran insan bundan həm özü
bəhrələnir, həm yanına cəlb etdiyi adamlara
qazanmaq şansı yarada bilir. Azacıq həvəsi,
marağı olan qadın kənddə özünə
yaxşı güzəran və şərait qura bilər.
- Amma bu qruplar yəqin ki, inkişaf da edir...
- Yaxşı sual verdiniz... Qrupların təcrübəsini
artırandan sonra biz onları qadın kooperativlərinə
çevirdik. Hazırda dövlət tərəfindən
qeydiyyata alınmış 14 Qadın kooperativi var. Dövlət
proqramlarından, beynəlxalq təşkilatlardan onlara biznes
avadanlıqları verilir. Qadın qruplarına maraq
böyükdür, çünki kollektiv əməkətrafına
daha çox işçi qüvvəsi cəlb edə bilir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı
qadın qruplarını çox avadanlıqlarla təmin edir.
Meyvəqurutma, tikiş sexləri, traktor, qoşqu
avadanlıqları qrant olaraq verilir. Bu model ölkədə
özünü yüksək səviyyədə doğrultdu
deyə bilərik. Azərbaycanda bu modelin tətbiqinə
görə təşkilatlarla iş birliyimizi davam etdiririk. Ailəyə
iqtisadi dəstək göstərən qadının
yaxınlarının yanında hörməti də çox
olur. Biz də onların bu dəstəyinin daha yüksəlməsi
üçün bir təşkilat olaraq əlimizdən gələni
əsirgəmirik.
- Gəlin etiraf edək ki, kənd qadının
yükü daha ağırdır...
- Bilirsiz niyə? O yükün
ağırlığı kəndin infrastrukturunun mükəmməl
olmaması səbəbindəndir. Əgər kənddə
uşaq bağçası yaxşı deyilsə, tələblərə
cavab vermirsə, qadın uşağını harda
qoymalıdır ki, fikri onun yanında qalmasın və rahat
işini görsün? Kənddə elektrikin tez-tez kəsilməsinin
zərbəsi qadına dəyir. Və yaxud kəndin
yollları bərbad vəziyyətdədir və uşaq məcburən
palçıqlı yolla məktəbə gedib-gəlirsə,
bunun da əziyyətini qadın çəkir. Dizə qədər
palçıq içində evə gələn
uşağın paltarlarının təmizlənməsi,
yuyulub-qurudulması qadının öhdəsinə
düşür. Bir məsələyə də münasibətimi
bildirmək istərdim. Bilmirəm, bəlkə də bu,
mentalitetə bağlıdır, bizdə qadınlar tarlada, kənd
təsərrüfatı sahələrində işləməyə
35 yaşdan sonra çıxır. Bunun da səbəbləri
müxtəlifdir. Amma qadın qruplarının bu istiqamətdə
müsbət tərəfi odur ki, 10-15 qadınla birlikdə
işləməyə gənc qadınlara evdən icazə
verirlər. Biz iş prosesində
statistikalar aparırıq, sorğular keçiririk, rəyləri
öyrənirik və nəticədə görürük ki,
gənc qadınların sayı kifayət qədər
azlıq təşkil edir. Ümid edirik ki, tədricən
onların sayı artacaq.
- Deyirlər ki, həyatda zəif qadınlar var...
- Zəif deməzdim, zəiflədilmiş qadın
var. 2017-ci ildə pilot qadın qruplarının rəhbərlərini
Brüsseldə keçirilən Avropanın iqtisadi inkişaf
günləri adlı beynəlxalq tədbirə
aparmışdıq. Orada dünyanın ən güclü
gender mütəxəssisləri öz
çıxışı ilə iştirak edirdi. Onlardan biri
öz çıxışında bir neçə
çağırış elədi. Onlardan biri belə idi: Biz
zəif doğulmadıq. Digər çağırış
belə idi: Siz böyük hədəflər
götürün, lakin onlara tərəf kiçik
addımlarla gedin. Bir reallıq da var ki, güclü
qadınların övladları çox cəsarətli və
diribaş olur. O ailədə ki qadın öz zəifliyi
üzündən danlanıb, döyülüb, əziyyət
görüb, onların övladları da çox qorxaq,
küskün olur. Yəni qadını zəiflədən eyni
zamanda öz övladını da zəiflətmiş olur.
- Artıq bizim azad olunmuş torpaqlarımız da
var...
- Bu torpaqlara hər kəs
öz sahəsi üzrə töhfəsini verməlidir . Bu istiqamətdə ilk olaraq
dövlətimiz, daha sonra sahibkarlar, sosioloqlar buna şərait
yaradır və çox yaxşı layihələr həmin ərazilərdə
həyata keçirilir. Bizim həmin ərazilərdə
görəcəyimiz iş ilk növbədə
qadınların rəqəmsal bacarıqlarının
artırılması ilə bağlı olacaq. Daha sonra
qadın qruplarının, kooperativlərinin yaradılması
istiqamətində işlərimizi quracağıq. Yəni
böyük hədəflər götürüb kiçik
addımlarla o hədəflərə doğru irəliləyəcəyik.
SÖZARDI: Söhbətimizin sonuncu sualı belə
idi: Qadın gülərsə... Sualı eşidən kimi
müsahibimin üzündə təbəssüm yarandı və
dedi ki, qadın gülərsə, dünya gülər. Təəssüf
ki, dünya bu gün heç kəsi ürəkdolusu gülməyə
qoymur. Amma biçarə dünya neyləsin ki, onu daha da gözəlləşdirmək
üçün Tanrının xəlq etdiyi insanın əli
ilə qan çanağına çevrilib. Bu qanı silməyə
yenə də insan əli qadirdir. Düşünən
başlar bu qanı dayandırsınlar ki, qadın
gülüşü dünyanı öz ovqatına bələsin.
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2024.- 17 noyabr(№209).-S.15.