Zəqqum çiçəyi və ya oleandr  

Esse

 

 

Zəqqum - səslənməsi belə qulağa xoş gəlmir, elə deyilmi? Ola bilsin ki, bu sözün xoş məna daşımadığını bildiyimiz üçün ona qarşı belə reaksiya veririk. "Zəqqum" Quranın bir ayəsində adı çəkilən, cəhənnəm əhlinin içəcəyi kimi təsvir olunan, acı və çox pis dadı olan bir bitkidir. Bu bitki cəhənnəmdə insanların əzabını artıran bir element olaraq təsvir edildiyi üçün, ədəbiyyatda və gündəlik danışıqda "zəqqum" sözündən pis və qorxunc bir şeyi təsvir etmək və ya kiməsə kobud cavab vermək üçün metaforik olaraq istifadə edilir.

Gözəl bir çiçəyin belə mənfi məna ilə assosiasiya olunması, onun haqqında mənfi fikir formalaşdırmağa səbəb olur. "Oleandr" sözü isə ilk anda nə olduğunu bilməsək belə, melodik səslənişi ilə qulağa xoş gəlir.

Gözəllik və təhlükə anlayışlarının heyrətamiz bir vəhdətini təcəssüm etdirən bu bitki - zəqqum çiçəyi və ya oleandr - xarakteri və simvolizmi ilə həmişə insanların diqqətini çəkməkdədir. Hər nə qədər zəhərli xüsusiyyətləri ilə tanınsa da, onun cəlbedici görünüşü də inkaredilməzdir.

Oleandr Aralıq dənizi sahillərində geniş yayılan subtropik və tropik bölgələrdə yetişən bir bitkidir. Uzun boyu, sıx yarpaqları və gözoxşayan rəngarəng çiçəkləri ilə bağ və parklarda estetik baxımdan üstünlük qazansa da, bitkinin hər bir hissəsi - yarpaqları, kökləri, çiçəkləri - zəhərli olub, insanlar və heyvanlar üçün təhlükə mənbəyi sayılır. Tərkibindəki "oleandrin" adlı kardiyak qlikozid ciddi ürək ritm pozuntularına və hətta ölümlə nəticələnə bilən təsirlərə malikdir. Ürək çatışmazlığı və bəzi aritmiyaların müalicəsində istifadə olunan kardiyak qlikozidlərin təsir gücü yüksək olduğu üçün, onlardan yalnız tibbi nəzarət altında istifadə olunmalıdır. Həddindən artıq dozalar ürək ritmini nizamsızlaşdıra, ürəkbulanma, başgicəllənmə və hətta ölüm kimi yan təsirlərə səbəb ola bilər.

Bəzi parklarda təhlükəli olmayan növlər yetişdirilsə də, bu, ümumi təhlükəni aradan qaldırmır, çünki bitki təbiət etibarilə əksər hallarda zəhərli olaraq qalır.

Gözəllik və təhlükə dualizmini əks etdirən bu çiçək, ilk baxışda saf və zərif görünsə də, zəhərli təbiəti ilə bizə həyatda təmkinli olmağın, gözəllik (bu, yalnız qadın gözəlliyinə aid deyil, baxmayaraq ki, gözəllik çox vaxt qadınla assosiasiya olunur) qarşısında aciz qalmadan sağlam düşüncə ilə hərəkət etməyin vacibliyini göstərir. Bu çiçək həm hisslərə, həm də məntiqə əsaslanaraq qərar verməyin əhəmiyyətini xatırladır. Əslində bizlər də bu çiçək kimi, həm müsbət, həm də bəzən "toksik" tərəflərə malikik və müəyyən hallarda qarşımızdakını hərəkət və düşüncələrimizlə ya zəhərləyə, ya da gözəlliyimizlə valeh edə bilərik. Deməli, yalnız bu çiçək deyil, biz də gözəl və təhlükəli ola bilərik. Bu isə bizə təbiət üzərində hökmümüzün olmadığını, bizim də yaradılmışlardan biri olduğumuzu və hər bir canlıya, özümüzlə eyni qəlibdən olan insanlara dəyər verməyin, diqqətlə yanaşmağın, lakin eyni zamanda məntiqi qorumağın vacibliyini xatırladır. Bu keyfiyyətlərdən hansının bizdə üstünlük təşkil etməsi isə daxili zənginliyimizdən, mənəvi gücümüzdən, empatiya hissimizdən və ya bəzən, informasiya çoxluğuna baxmayaraq, mənəvi kasadlığımızdan asılıdır.

Zərərli tərəfini bildikləri halda, estetik və bəzək məqsədləri üçün parklarda və bağçalarda oleandrın geniş yer alması, bu bitkinin təhlükəli olması barədə xəbərdarlıq lövhələrinin və ya kiçik çəpərlərin olmaması məsələnin bu günə qədər mübahisəli tərəfi olaraq qalır. Biz isə ağıllı varlıqlar olaraq, "ehtiyat igidin yaraşığıdır" atalar sözünə əsaslanaraq, təhlükəsizliyimizi qorumağa çalışmalıyıq.

Belə olan halda, dağın zirvəsinə və ya yüksəkliklərə qalxdığımız zaman bədənimizdə baş verən hormonal və fiziki dəyişikliklər bizə qürur hissi yaşatsa da, məntiqimizi itirmədən ehtiyatlı davranmağı, zooparkda vəhşi heyvanların rəng və hərəkət cazibəsinə qapılaraq müəyyən edilmiş həddi keçməməyi unutmadığımız kimi, eynilə, oleandrın gözəlliyini də yalnız kənardan seyr etməyin daha faydalı olduğunu hər zaman xatırlamalıyıq.

 

Fidan Malik

525-ci qəzet .- 2024.- 17 noyabr(№209).-S.18.