Aktyor Niyaz İlyasoğlu: "Bizim
aktyorlarımız varlı adam obrazını oynaya bilmirlər
Çünki varın nə olduğunu bilmirlər"
Aktyor Niyaz İlyasoğlu tamaşa, serial və filmlərdə
tamaşaçıların yaddaşında daha çox mənfi
rolları ilə iz qoyub. Bakı Uşaq və Gənclər
Teatrı, Əsa Teatrı və M Teatrda fəaliyyət
göstərən Niyaz İlyasoğlu "Ağabəyovlar",
"Sonuncu fəsil", "Yuxu kimi", "Vətəndaş
A" kimi serial və "Soyuq günəş", "Son nəfəsədək",
"Oğul", "Ölümə qənşər",
"Arxa cəbhə", "Səriyyə" kimi filmlərdə
rol alıb.
Niyaz ilyasoğlu ilə müsahibəmizi oxuculara təqdim
edirik.
- Niyaz bəy, tamaşaçı sizi daha çox mənfi
rollarda görür. İstər "Yuxu kimi" olsun, istər
"Vətəndaş A" serialı, istər "Səriyyə"
filmi olsun, hər birində mənfi obrazı canlandırmısınız.
Bu rollardan sonra həyatda insanların sizə qarşı
reaksiyası, münasibəti, davranışı necədir?
- Sözün açığı, hər cür
reaksiya görürəm. Daha çox müsbət reaksiyalarla
qarşılaşıram. İnsanlar məni görəndə
təşəkkür edirlər, sevdiklərini söyləyirlər.
Bəzən olur ki, izləyicilərim məni ilk görəndə
mənfi reaksiya vermək istəyirlər, amma sonra
yanıldıqlarının fərqinə varırlar. Deyirlər
serialda, filmdə çox fərqlisiniz, real həyatda tamam
başqa insansınız. Ümumiyyətlə,
tamaşaçılarımın mənə diqqət göstərdiyini
görəndə sevinirəm.
- Aktyorlar obrazları canlandırarkən emosional
yaddaşlarına müraciət edirlər. Öz xarakterinizə,
yaşantılarınıza uyğun olmayan mənfi xarakterləri
necə canlandırırsınız?
- Doğrudur, hər
aktyor özündən, daxili aləmindən ortaya bir parça
qoyur. Mən nə qədər desəm də, gerçək
həyatda belə deyiləm, yalan danışmış olaram.
Hər insanın gerçək həyatda görünməyən
tərəfi olur. Mənim də görünməyən tərəflərim
var. Amma obrazı canlandırarkən öz içimdən xərcləyirəm,
öz şəxsi emosiyalarımdan istifadə edirəm. Həyatda
necə əsəbləşirəmsə, tamaşada, serialda,
çəkilişdə də o cür əsəbləşirəm.
- Özünüz oynadığınız mənfi
obrazlara haqq qazandırırsınızmı?
- Bu, aktyorluğun prinsiplərindən biridir.
Oynadığın obrazlara haqq qazandırmalısan.
İstisnasız şəkildə bunu etməlisən. Haqq
qazandırmasan, obrazı uğurlu oynaya bilməyəcəksən.
Oynadığın obraza nifrət edə bilməzsən, onu həmişə
sevməlisən. Mən də oynadığım obrazlara həmişə
haqq qazandırmışam. Rusların bir sözü var:
yaxşı insanı oynayırsansa, onun mənfi tərəfini
tap. Pis insanı oynayırsansa, onun yaxşı tərəfini
tap. Çünki elə bir insan yoxdur ki, ya həmişə
yaxşı olsun, ya da həmişə pis olsun. Ən pis
insanın belə yaxşı tərəfi var.
- Bəs davamlı şəkildə mənfi rollarda
oynamağa sizi vadar edən nədir? Bu vəziyyətdən
yorulmursunuz?
- Nəinki tamaşaçılar, rejissorlar belə məni
mənfi rolda görürlər və daha çox mənfi
obrazı canlandırmağa dəvət edirlər. Mən də
bezirəm. Hər dəfə dəvət edəndə deyirəm
niyə yenə mən, niyə mənim adımı pis
edirsiniz. Yaddaşlarda belə qalmaq istəmirəm. Onlar
özləri də tanıyırlar məni, bilirlər ki, elə
adam deyiləm, amma onların da bir həqiqətləri var,
deyirlər bu, ekrandır, kameradır, bizə sima
lazımdır. Sənə baxanda bir balaca əsəbləşən
kimi bizə lazım olan cizgilər üzündə
yaranır. Yaxşı mənada deyirlər ki, üzündən
cin yağır və bizə o lazımdır. Amma mən də
istəyirəm ki, yaxşı obrazı oynayım. Hazırda
çəkildiyim "Xəyanət" serialında da ilk
öncə mənfi obraza dəvət etdilər, amma sonradan
hadisələr elə cərəyan etdi ki, dedilər sən mənfi
rol almayacaqsan. İndi orada anasının, atasının qeydinə
qalan, bacısını qoruyan düzgün bir oğul
obrazını oynayıram və bu, mənə xoşdur. O qədər
mənfi obraz oynamışam ki, müsbət rolda oynamaq
üçün darıxmışam. Mənfi rollar məni
çox yordu.
- "Vətəndaş A" serialındakı
obrazınız çox uğurlu alınıb. Sanki illərdir
həmin kənddə yaşamısınız, o kəndin
düşüncə tərzi ilə
böyümüsünüz. Rolunuzun öhdəsindən
uğurlu şəkildə gəlməyinizdə kimin daha
çox payı var - rejissorun, yoxsa özünüzün?
- Açığın deyim, "Yuxu kimi"
serialında elədiklərimin 99 faizi rejissor və ssenariyə
aid idi. Orada artıq nəsə etməyə imkan verilmirdi.
Serialın qaydası bu idi. Amma "Vətəndaş A"
serialında rejissor Elvin Rüstəmzadə aktyorla elə
işləyirdi, elə şərait yaradırdı ki, həvəsə
gəlirdin, daha yaxşısı üçün
çalışırdın. Onunla işləyərkən
özünü dəyərli hiss edirsən. Vidadi obrazı
deməzdim çətin obraz oldu, əksinə, maraqlı
oldu. Çünki oynadığım digər obrazlardan fərqli
idi. Mən özüm Bakıda doğulub-böyüsəm də,
kəndə gedib-gəlmişəm, ən azı uşaq
vaxtı tətillərim orda keçib, o cür adamlar
görmüşəm, siz dediyiniz emosional yaddaşıma
dayanaraq həmin obrazı canlandırmışam. Ümumiyyətlə,
çəkiliş zamanı elə ab-hava var idi ki, aktyor və
rejissor birliyi o qədər bir-birinə
qarışmışdı ki, bilmək olmurdu hansı iş
kimə aiddir.
- Mənfi obrazlar canlandırırsınız, bəzən
komik səhnələrinizə də rast gəlirik, sentimental
duyğularla şeir də yazırsınız. Bu üç
situasiyadan hansı Niyaz İlyasoğlunun tam təsviridir?
- Məndə ironiya da var, sentimentallıq da var -
qısası, Vidadi obrazında gördüyünüz hər
şey var, amma mən Vidadi deyiləm (gülür).
Çünki mən də çılğın ola bilirəm,
əsəbi ola bilirəm, amma o əsəbi ailəmə
göstərmirəm. Daha çox sentimental Niyaz var.
Çünki şeir yazmaq üçün gərək bir az
sentimental olasan. Bəlkə də, Vidadi də şeir yazmaq
istəyib, bilmək olmaz. O da istəyib yaxşı adam olsun,
amma ətraf mühit imkan verməyib.
- İnsan həm şeir yazanda, həm də bir
obrazı canlandıranda özündən, mənindən
müəyyən qədər uzaqlaşır və yeni ruh
halı ilə qarşılaşır. Amma hər iki hal da
bir-birindən fərqlənir. Şeir yazan aktyor kimi o fərqləri
deyə bilərsinizmi?
- Birinci onu deyə bilərəm ki, hər iki anda
yaşanılan hisslər eyni deyil. Mən çox az şeir
yazmışam. Hər düşündüyümü
şeirə çevirmirəm. Çünki
düşünürəm ki, şeir yazacaqsansa, gərək
yazdığın hərtərəfli olsun, mükəmməl
olsun. Yoxsa hər ağlıma gələni yazsaydım, bəlkə
də beş-altı kitab çıxardı ortaya. Bu, mənim
özümə maraqlı deyil. Elə yazılarım olub ki,
demişəm, bu hələ şeir olmağa layiq deyil,
yarımçıq-yarımçıq fikirlərdir. Bəzən
mənə şeir kitabı verirlər və mən o
kitabı oxuyub sadəcə təəssüflənirəm.
Kitab söz yığınından başqa bir şey deyil.
Sözə məsuliyyətlə yanaşmaq lazımdır.
Şeir yazanda insana bir ilham pərisi gəlir, yazmağa
başlayanda hiss edirsən ki, o, sənin ətrafındadır.
Ruhuna qəribə şövq gəlir, dilindən sözlər
tökülür. Baxırsan ki, adi vaxtda bu misranı demək
üçün nə qədər fikirləşmək
lazımdır, amma indi çox rahatsan, qəribə bir əhval-ruhiyyədə
olursan. Aktyorluqda o, yoxdur, sən özünü dəyişib
başqa adam olursan, amma şairlikdə sən dəyişmirsən,
sadəcə başqa bir şeylə əhatələnirsən.
Çünki aktyorluqda başqa bir obraza çevrilirsən,
özündən uzaqlaşırsan, amma şairlikdə
başqalaşmırsan. Amma təsəvvür edin aktyor olub
başqalaşasan və o başqa insanın içində bir
şeir yazasan. Onu bilmirəm indiyə kimi kimsə edib, ya yox.
Düşünürəm ki, fəlsəfi bir şeir
yazırsansa, bu, artıq mümkün deyil. Həm də insan
etmədiyi, yaşamadığı bir şey haqqında
şeir yaza bilməz. Məsələn, qadın
hüquqlarından şeir yazmaq istəyirəm, amma
özüm qadınların hüquqlarını saymıram.
Onda yazdığım şeir yalançı olacaq.
- Həm müəllif filmlərində, həm
teleseriallarda, həm də teatr tamaşalarında rol
alırsınız. Bu üç vəziyyətdən
hansı sizə daha doğmadır? Özünü daha
çox hara aid hiss edirsiniz?
- Mənim aktyor təhsilim yoxdur, teatr aktyoru deyiləm,
amma teatr mənim üçün çox doğmadır. On
dörd ildir Uşaq və Gənclər Teatrında işləyirəm,
özümü ora aid hiss edirəm. Amma filmdə və ya
serialda da özümü yad hiss eləmirəm, yəni kamera
qarşısında olmaqdan zövq alıram. Teatrda olmaqdan da
zövq alıram, bacardığım qədər zövq
almadığım işi görmürəm. Sevmədiyim
iş istər-istəməz mənə mənfi enerji verir, məni
xoşbəxt etmir. Məşhur bir söz var: bir yer ki səni
xoşbəxt eləmir, gərək oranı tərk edəsən.
Mən o deyimə bacardığım qədər riayət
etməyə çalışıram. Amma nə yalan deyim, hər
bir halda maddiyyatı da nəzərə almalısan. Mən də
insanam, ailə başçısıyam.
Düşünürəm ki, gördüyüm işin
müqabilində daha çox qazansaydım, lap əla
olardı, ağlım evdə qalmazdı, soyuducuda qalmazdı.
Sən bilsən ki, kifayət qədər qazancaqsan, onda
obrazlar daha fərqli olar, daha detallı işlənmiş olar.
Bəzən əməyinin qarşılığını
tamaşaçının dəyəri ilə almaq bəs eləmir.
Bilirsiniz, hamı hamını tanıyır, gözəl
istedadı olan bir aktyora yaxınlaşırsan, bir az söhbət
edirsən və görürsən ki, cibində 10 manat pul
yoxdur. Təəssüf ki, reallıq belədir. Fikir versəniz,
bizim aktyorlarımız varlı adam obrazını oynaya bilmirlər.
Türkiyəli aktyorlara baxırsan, varlı insan
obrazını o qədər inandırıcı oynayırlar
ki. Çünki onlar varın nə olduğunu bilirlər,
amma biz bilmirik. Əsəbi, kobud insanı niyə rahat oynaya
bilirik? Çünki o davranışlar bizim ruhumuza hopub.
Bahalı geyinsək belə, kənardan süni
görünürük (gülür).
Ləman İLKİN
525-ci qəzet .- 2024.- 17 noyabr(№209).-S.19.