Hər şey yox olanda  

və ya Emin Maaloufun pəncərəsindən görünən dünya

 

Esse

 

Dünya ədəbiyyatı bütövlükdə tarixi eyni bir mərkəzə toplayır və oradan bütün dünyaya yayır. Roman üçün çox gözəl bənzətmədir, çünki roman da bütün janrları özündə cəmləşdirib böyük ölçüdə ədəbiyyat janrına çevrilməkdədir. Amma insanlığın mədəni dəyişikliyindəki bu istiqamətin narahatlıq yaradan tərəfləri də var. Söhbət mədəniyyətlərin və mədəni formaların öz içində daim qeyri-bərabər inkişafından gedə bilər, amma inkişafla bərabər, bərəbərlik və plüralist olmağın ziyanı nə idi? Bəs hələ də belə bir imkan varsa, bu, necə aktuallaşa bilər? Narahatlıq iki səbəbdən yaranır. Birincisi, romandan başqa digər janrların arxa plana keçməsinin qarşısını necə almaq olar? Daha doğrusu, bu, mümkündürmü? Bunun mümkün olmadığı söylənilir. Hər inkişafın təbii təkamülünün (epik və nağılların çox keçmişdə qalması kimi) olduğu vurğulanır. Roman digər ədəbi növləri ölümdən xilas edir, onları öz içinə alıb yoğurur, yeni bir nəfəs verir. Narahatlığın ikinci səbəbi artıq burada görünür: Roman hər kəsin və hər coğrafiyanın səsini ona uyğun şəkildə təqdim edə bilərmi? Bu suala yetkin cavab vermək son bir əsrdə mümkündür. Qərb təfəkkürünə qarşı çıxan antikolonializm mübahisələri (Jozef Konroda qarşı çıxan Şinue Aşebenin tənqidini misal çəkə bilərik), kişi dominantlığına qarşı qadınların mövqeyinə münasibət (Virciniya Vulfdan yeni feminist baxışlara qədər böyüyən bir dalğa), bazarın monopoliya ilə idarə olunmasına qarşı etirazlar (azad yayım evlərinin və azad kitabxanaların yenidən yenidən qurulması) kimi xəbərdarlıqlar ədəbiyyat dünyasını bir səmtdə yönəldir və günbəgün daha aktiv müzakirələrə səbəb olur. Və bu zəmində hər beynəlxalq səviyyəli dil öz ədəbiyyatını digərlərinə çatdırmağa çalışır.

Milli dillərin ədəbiyyatın içindəki anlamı və missiyası da dəyişir. Bir neçə əsr əvvəl cəmiyyətlərin yeni sosial əhvalı yeni bir ədəbiyyat janrını - romanı ortaya çıxardı. Sənaye toplumları yaranır, yeni siniflər müəyyən edilir, böyük şəhərlər qurulurdu. Şəhərlərin qarmaşasında çabalayan yeni insan - fərd - formalaşmaqda və böyük imperatorluqların nisbətən təsir edici, zəif və plüralist mədəniyyətinin yerini konkret sərhədlər və qaydalarla müəyyənləşmiş millətlər alırdı. Əvvəllər ədəbiyyat milli mətn yaratmağa bir vasitəsi kimi görünürdüsə, indi milliliyi aşmağın yoludur. Dünya ədəbiyyatı gerçəkləşmək üçün millətlərin siyasi olaraq qarışmasını gözləmir, ayrı-ayrı millətlər var olarkən belə, ədəbiyyat onlara qarşı çıxmağın bir yolunu tapır. Bu baxımdan dünya ədəbiyyatı həm milli ədəbiyyatın öz içində inkişafına təsir edir, həm də onu aşır. Yeni dil bir yandan millətlər arası, digər yandan millətlərdən kənar bir dildir.

Toplumlar modern çağa qədər keçən təxminən iki min ili qiyamət qorxusuyla yaşamışdır. Kabus həyatın başqa bir anlamıydı. O zamanlar kabus içində karnavalların qələbəlik səsi axtarılırdı. Sonra aydınlanma dövrü ilə ümid çağı başladı. Bu coşqu iki əsr davam etdi. İyirminci əsrdə ədəbiyyat yeni dövrün qiyamətindən yazdı. "Heç bir şey göz önündəki faktdan daha aldadıcı ola bilməz" deyən Şerlok Holms haqlı idi. Epik mətnlər tragik finallara önəm verir, faciə həmişə mətnin əvvəlindən hiss olunurdu. Nağıllar isə "happy end"lə bitirdi. Roman faciə ilə xoşbəxtliyi iç-içə keçirdi və mətnin sonuna deyil, mərkəzinə yerləşdirdi. Yeni dövrün ədəbiyyatı həm faciənin içindəki xoşbəxtliyi, həm də xoşbəxtliyin içindəki faciəni axtardı.

Bu müstəvidə bir roman olmasa da, roman dadında məşhur bir esselər kitabını gözdən keçirəcəyik.

Şərqi Aralıq dənizi ölkələri fərqli milli mənsubiyyətə malik şəxsiyyətlərin birlikdə yaşamaq praktikası ilə dünyanın qalan hissəsinə işıq saça biləcək şansı var idi. Ancaq bu şans düzgün dəyərləndirilmədi. Beləliklə, Şərqi Aralıq dənizində işıqlar söndü və qalaktikanı qaranlıq bürüdü...

Adana mənşəli, katolik misirli bir ananın və livanlı Məlkit bir atanın oğlu olan Emin Maalouf 1949-cu ildə Beyrutda doğulub. Həyatının 27 ilini Livanda yaşayıb. Livanın vətəndaş müharibəsindən sonra 27 yaşında Fransaya köçüb və bu günə qədər hər biri dünya miqyasında uğur qazanmış, 40 dilə tərcümə olunmuş yeddi roman, yeddi essevari tarix kitabı və dörd libretto yazıb.

Təhsili sosiologiya, peşəsi ata sənəti olan jurnalistlik, ən böyük marağı isə, öz diliylə desək, dünyada baş verənləri müşahidə etmək, izləmək idi. Zaman keçdikcə o, min bir gecə nağılları yazıçılığından, mütəfəkkirliyə doğru irəliləməyi bacardı. Nəzər yetirdiyimiz kitab da bu irəliləyişin nəticəsi olan dəyərli bir mətndir.

Kitabın ilk fəslində Amin Maalouf ilə əl-ələ tutub 1949-cu ilin Misirinə səyahət edirik. "Müsəlman qardaşları"nın qurucusu Həsən Əl Bənnanın öldürülməsinə, ardınca Çörçilin sifarişi ilə yerinə yetirilən İsmailiyyə qətliamına, azad zabitlər çevrilişi və Ərəb milliyyətçi Camal Əbdulnasirin yüksəlişi ilə aftoqratın güc qazanmasına, dolayı yolla Maalof ailəsinin Misirdən qovulmasının ürək ağrıdan hekayəsinə şahid oluruq. Misirin bir çox mədəniyyəti əhatə edən, intellektual olaraq məhsuldar bir ölkədən milliyyətçilik kölgəsində tək bir partiyanın dəmir yumruğu ilə idarə edilən təksəsli bir ölkəyə çevrilməsinin hekayəsidir bu.

Kitabın ikinci fəslində artıq Misirlə əlaqəsi kəsilmiş, Beyrutda yaşayan Maalouf ailəsi ərəblərin son böyük ümidi olan Camal Əbdülnasirin yenilməsinə şahidlik edir. Maalouf 1967-ci il İsrail müharibəsi və məğlubiyyətinin ərəblər üzərində böyük bir ümidsizlik və özgüvən çatışmazlığı dalğası yaratdığını və günümüzdə ərəb dünyasındakı qaranlığın bu duyğulardan çıxa bilməməyini yazır. Yazıçıya görə, bu, radikal İslamın hələ də Şərq ilə etdiyi müharibəsindən qaynaqlanır.

Fəslin sonunda son dərəcə dramatik bir səhnə təqdim olunur. Ehud Barakın komandanlığı altındakı İsrail hərbçiləri Beyruta basqın edir, 1975-ci il Livan vətəndaş müharibəsi başlayır və Amin Maalof bu ölkədən də ayrılmaq məcburiyyətində qalaraq Fransaya gedir.

Kitabın üçüncü fəslində 1979-cu ildəki 4 mühafizəkar inqilabı izləyirik: İran inqilabı, Tetçer və Reyqanın seçkidəki qələbələri, antikommunist, Polşa mənşəli İohann Pavelin (II) Roma Papası olması və Çindəki mühafizəkar Den Siyaopinin iqtidara gəlişi. Maaloufa görə, bu mühafizəkar inqilabları bənzərsizliyin və arsızlığın normal görüldüyü, mikromilliyyətçiliyin yüksəlməkdə olduğu, ağır kapitalizmin hökm sürdüyü bugünkü dünya nizamına yol açdı.

Dördüncü fəsildə isə yazıçı dövlət aparatına təriflərini yağdırdıqdan sonra, kommunizmin uğursuz iqtisadi xəttindən, Amerikadan, Əfqanıstanda antikommunist mücadilə çərçivəsində silahlandırılıb "Əl-Qaidə" qurulduqdan sonra İraqda İŞİD və bənzər qurumların meydana gəlməsindən şikayətlənir. İnanır ki, bu məsələlərin həlli daha öncələr belə problemlər yaşayan və bu problemlərdən dərs alan, bir-biri ilə mübarizəni başa vuran Avropa Birliyindən gələ bilər, ancaq bu mövzuda tərəddüd yaşadığını da ifadə edir.

Maalouf Ərəb dünyasındakı liderlərin iqtidarı ələ keçirdikdən sonra illərcə kənar olduqları iqtidarın köhnə sahiblərinə qarşı revanşist duyğular hiss etdiklərini, ölkəni daha məxsusi şəkilləndirməyə çalışdığını, ancaq bunun işə yaramadığını və ümumiyyətlə, qalanlara zərər verdiyindən yazır. Ona görə yaxşı öndər mikro milliyyətçilik ünsürlü din, irq, məzhəb siyasəti edən liderlər deyil, ölkəsinin varlığı üçün düzgün yol tutan, hətta özünün 26 il həbsdə qalmasına səbəb olmuş Cənubi Afrika prezidenti Henrix Vervoedin dul xanımını ziyarət edən Nelson Mandela kimi liderlərdir. Kitabın sonunda Maaloufun gələcəklə bağlı optimist olmaq üçün bir əsasının qalmadığını, tək ümidinin hər şeyi düzəldəcək görünməz bir əlin hərəkətə keçməsi olduğunu oxuyuruq.

Amin Maalouf, onun romançılığından kəşf etdiyimiz sadə və axıcı dillə, içindən çıxdığı ərəb toplumuna dürüst bir güzgü tutaraq, səbəb-nəticə əlaqələrini, gələcəyə olan narahatlığını ifadə edir. Haqlı bir narahatlıqdır bu.

Lakin bugünkü dünyada cəmiyyətlər ən kiçik fərqliliklərini belə əsas tutub bir-birlərinə olan hisslərini nifrətlə ifadə edirlər. Bunu edərkən, əslində, qloballaşma içində bənzər həyatlar yaşadıqları və bir-birlərindən çox da fərqli olmadıqları üçün hələ də cəmiyyətlərin anlaşa biləcəklərini ümid edirik.

Emin Maaloufun bu kitabını əslində sosioloq və jurnalist olan bir ədəbiyyatçının çağının və içindən çıxdığı ərəb toplumunun simasında bugünkü qaranlığı, irqçiliyin və mədəniyyət fərqliliyinin yaratdığı problemləri ifadə edən essevari tarix kitabı kimi dəyərləndirə bilərik.

 

Rəvan CAVİD

525-ci qəzet .- 2024.- 17 noyabr(№209).-S.20.