Bizans
imperatorluğunun "göz bəbəyi"
Pantokratordan Molla Zeyrəkə çevrilən abidə
Ayın Biri Kilsəsindən çıxarkən xeyli
uzaqda, evlərin arasından gözoxşayan abidə
ucaldığını gördüm. Bütün cazibəsi
ilə gəl-gəl edən və maqnit kimi özünə
çəkən yerin nə olduğunu öyrənmək
marağı güc gəldi. Yolu keçib arxadan görünən
qırmızı binaya necə gedə biləcəyimi
soruşa-soruşa hədəfə doğru irəlilədim.
Dar yolda səkkiz, bəlkə də on qara çadralı
qadınla qarşılaşdım. Hamısı tez-tələsik
sağ tərəfdəki qəbiristanlığa
doluşdular. Qədim məzarın başına toplandılar
və başlarını, əllərini daşa sürtməyə
başladılar. Sonra susdular və hamısı ədəb-ərkanla
heç nə olmamış kimi oturdular. Təbii ki, təəccüblənmədim,
cəhalət hər tərəfdən o qədər çox
fışqırır ki, artıq belə hallar adi
görünür gözə. Qadınları hasarın dəmir
barmaqlıqları arasından bir az izlədikdən sonra yoluma
davam elədim. Bu vaxt qara paltarlılardan biri "axşam
yaxınlaşır, ora getmə" dedi. Səbəbini
soruşdum, "qorxarsan" dedi. Getsəm də,
başımı örtməyi məsləhət
gördü, əks halda kimlərinsə məni
aparacağını söylədi. Qadının
üzünü o yana tutmağı ilə mənim binaya tərəf
götürülməyim bir oldu. Gülərək
öz-özümə - "Ah maraq, səninlə nə edəcəyəm
mən", - dedim. Açıq qapıdan içəri
keçəndə önümdə dayanan binanın sehrinə
qapıldım. Yaxınlaşıb divarlarına toxundum, uzaqlaşıb
pəncərələrini baxdım, kənardakı pilləkənə
çıxıb gümbəzlərini seyr elədim.
Sağına, soluna keçdim və "Molla Zeyrək Məscidi"
yazısını oxudum. Buranın məscid olduğuna inanmaq
istəmədim. Ən azından məscid olaraq inşa edilməyi
beynimə yatmadı. Tərəddüdlərim boşa
çıxmadı. Sən demə, bu valehedici abidə
Ayasofyadan sonra dünyada mövcud olan və Bizans dönəmindən
qalma ikinci böyük monastır imiş.
Pantokrator monastırı
Əsl adı Pantokrator olan monastır Haliçin təpə
yerlərindən birində, Unkapanında geniş ərazidə
inşa edilib. Bizans dönəmində bu abidənin
yaxınlığında əlavə iki kilsə də
varmış. Hazırda mövcud olan bina İmerator II
İoannes Komnenosun həyat yoldaşı Macar Kralı Laszlonun
qızı Eirene tərəfindən 1124-cü ildə
inşa edilib. On ildən sonra həyat yoldaşı ölən
İmperator kilsənin ətrafında "Şəfqətli
Məryəm ananın şərəfinə" bir kilsə
inşa etdirir. Bu həm də vəfat edən xanımına
ehtiram idi. Üçüncü və sonuncu bina 1136-cı ildə
iki kilsənin ortasında baş mələk Mikayılın
adına inşa edilir və beləliklə, ərazi
monastır kompleksinə çevrilir.
Hətta tezliklə xəstəxana binası da tikilərək
monastırın gücünü daha da artırırlar. Bundan
əlavə, kitabxana, qocalar evi, tibb məktəbi, əczaxana
kimi bölmələr də açırlar. Şöhrəti
hər yerə yayılır. Hətta bura o qədər əhəmiyyətli
bir yer olur ki, başda imperator və imperatriçə olmaqla
Komnenos və Palaiologos xanədanlarına mənsub ailə fərdlərinin
dəfn edildiyi yer olaraq istifadə edilir.
Talan və yağmalama
Bizansın imperatorluq olduğu müddətdə şəhərin
sayğı duyulan abidələri arasında olan monastır,
Latın işğalı əsnasında venesiyalı Katolik
din adamları tərəfindən istifadə edilir. Həmin ərəfədə
abidələrin zəngin kilsə əşyaları, xristian əzizlərinə
aid bəzi müqəddəs xatirələr, hətta abidə
materialları başda Venesiya olmaqla, Avropanın fərqli
şəhərlərinə aparılır. Abidə,
İstanbul şəhərinin İmperatorluğun paytaxtı
olduğu 57 il boyu fərqli məqsədlər
üçün istifadə edilir. Yarım əsr ərzində
təmir və restavrasiya görməyən Pantokrator Kilsəsi
bütün qiymətli əşyaları tükənənə
qədər yağmalanır.
Monastırdan mədrəsəyə
İstanbul Fateh Sultan Mehmet tərəfindən
alındıqdan sonra gedişat dəyişir və Fateh
külliyəsinin inşasından əvvələ qədər
bura mədrəsə kimi fəaliyyət göstərir.
Dönəmin bir çox alimləri burada dərs keçirlər.
Sonra necə olursa kilsəyə yepiskop seçilir və
yenidən monastır kimi fəaliyyətini davam etdirir. Yenə
necə olursa, bina ayaqqabıçılar və
çuxaçıların əlinə keçir və onlar
tərəfindən istifadə edilməyə başlanır.
XV əsrin sonlarında isə abidə onu məscidə
çevirəcək olan Molla Zeyrəkə verilir. Beləliklə,
monastır bütün funksiyasını itirir. Bu parlaq
memarlıq incisinin bütünündən geriyə ayaqda bu
kilsə qalır.
Hər şeyə rəğmən...
Abidənin hər tərəfi qədim hekayələrlə
doludur. Məsələn, mehrabın sağında yerləşən
mərmər divar üstündə yazılanlardan anlamaq olur
ki, bura vaxtilə bir vikinqli tərəfindən ziyarət
edilib və monastır haqqındakı xoş fikirlərini,
memarlığını necə bəyəndiyini həmin mərmərin
üstünə oyma üsulu ilə yazıb. Abidənin qiblə
tərəfində yerləşən sütunlarda qədim
kilsədən qalma, içərisindən keçməyin
müqəddəs olduğuna inanılan altı qapı var.
Bundan əlavə, xüsusilə yeni doğulan
uşaqların arınma törəni olaraq adlandırılan
"vaftiz" bölümünü yenə olduğu kimi
görmək mümkündür. Binanın altında
sarnıç və məzarlar olduğu deyilir. Görünən
odur ki, abidəyə sonradan əlavə edilən yerlərin təməlində
qalan həmin məzarlar imperatorluq ailəsinin məxsusdur.
Rəvayətlər, cəfəngiyyatlar, cin məsələləri
Abidə ilə bağlı həddən artıq rəvayətlər,
qorxulu hekayələr, inanılmış uydurmalar
mövcuddur. İşə bax ki, bu cəfəngiyyatın
çoxu kilsənin məscid elan edilməyindən sonra
yayılır. Deyilənə görə, bu ərazidə
tövlə varmış. Tövlənin də içində
bir quyu, altında isə zirzəmi mövcud imiş. Gecələr
buradan qışqırıq, fəryad səsləri
ucalırmış, tövlənin var olduğu dönəmlərdə
hətta mal sahibləri heyvanlarını bağlamaq
üçün axşamlar bura getməyə
qorxurlarmış. Bundan əlavə, tövlənin
altından Ayvansaraya gedən naməlum tunelin
varlığından bəhs edilir. Məsciddə gecələr
yüksələn qəribə səsləri Türk
folklorunda dərin kökləri olan cinlərlə, türk və
Altayların inancında isə "Körmöz" ilə əlaqələndirirlər.
Körmözlər həm yaxşılıq, həm də
pislik edən ruhların ümumi adıdır və
üç əsas kateqoriyaya bölünür: Yer
üstündə, torpaq altında, göydə yaşayan
ruhlar. Bu varlıqlar bəzən Tanrı tərəfindən
vəzifələndirilən, bəzən də şeytan
olaraq təsvir edilir. Xüsusilə günəş batanda və
doğanda oyandıqlarını və bu vaxtlarda insanların
ruhlarını ələ keçirdiklərinə
inanılır. Görünən odur ki, bu naməlum məxluqların
Qədim abidələrin və ruhani məkanların ətrafında
aktiv olduqlarına yönəlmiş uydurmalar bu dedi-qoduları
xeyli böyüdüb. Deyəsən, qarşıma
çıxan qadın ona görə bura tək gəlməməyi
məsləhət görürmüş. İşə bax də,
insanlar özlərindən qüsursuz cəfəngiyyat
uydururlar, buna tərəddüdsüz şəkildə
inanırlar və öz inanclarını başqalarına da
sırımağa çalışırlar. Belə yerdə
Kərəmi ağlamaq tutmasın, neyləsin?
Memarlıq texnikası
Bura gizli kərpic hörgüsü ilə inşa edilən
imperatorluq kilsəsidir. Divarda dərin işçilik var.
Binanın hər tərəfində Bizansa məxsus xüsusi
texnikadan istifadə edilərək, betonlama işləri
aparılıb. Şərq və qərb yönü xaç
şəklindədir, künc koordinatlarda qeyri-adi pəncərələr
mövcuddur. Pəncərələr nişlərlə əhatələnib.
Kilsənin cənub yönü daha böyükdür.
Şimal yönündə isə imperatorluq ibadətgahına
uzanan narteks mövcuddur. İki böyük qübbəsi var.
Əl işi texnikasından istifadə edilərək rəngli
mərmərdən hazrlanmış, insan və heyvan
fiqurlarının təmsil edildiyi döşəmə
qatındakı mozaiklərin üstü nəhəng
xalça ilə örtülüb. Yəni hazırda namaz həmin
mozaiklərin üstündə qılınır. Ətrafdakı
rəngli şüşələrdən məlum olur ki, burada
bir vaxtlar əzizlərin fiqurları və təsvirləri ilə
dolu virtajlar varmış. Həvarilər və İsanın həyatını
təmsil edən mozaiklər XVIII əsrdə vandallığa
məruz qalmağına baxmayaraq, hələ də
görülə bilir. Abidə beşik tağlarla
örtülüdür. Binanın yaxınlığında
Pantokrator Monastırına aid olan kiçik Bizans abidəsi
olan Şeyx Süleyman Məscidi mövcuddur. Dəqiq olmasa da,
bir vaxtlar buranın kilsəyə bağlı kitabxana
olduğu ehtimal edilir. Bu monastır kompleksi bütünlükdə
Orta Bizans memarlığının İstanbulda
varlığını davam etdirən ən mükəmməl
örnəklərindəndir və 1986-cı ildə UNESCO-nun
Ümumdünya İrs siyahısına daxil edilib.
Əslində, burada insanı düşündürən
başqa şeydir. Qarşında yüz illər əvvəl
inşa edilən bir abidə, möhtəşəm memarlığı,
keşməkeşli mərhələsi var, sənin gəlib
işi cinə, şeytana bağlayıb, bu nəhənglikdə
abidəni məişət səviyyəsinə endirməyin, əlbəttə,
insanı incidər.
Türkan TURAN
525-ci qəzet .- 2024.- 17 noyabr(№209).-S.21.