Dəhşətlər və bədbəxtliklər. Ləyaqət və iradə xilaskar rolunda  

 

 

(Əvvəli ötən cümə sayınızda)

 

Hitler ordusunun SSRİ sərhədlərinin yaxınlığında yerləşdirilməsi barədə xəbərlərə, digər sədaqətli sovet kəşfiyyatçılarının müharibənin tezliklə başlanacağı barədə məlumatlarına Stalin əhəmiyyət vermirdi, Hitleri qıcıqlandırmamaq üçün bunları provokasiya hesab edirdi. Sovet-alman paktına müvafiq olaraq SSRİ-dən Almaniyaya strateji məhsulların, xüsusən neftin və taxılın göndərilməsi, müdaxilənin başlandığı 22 iyun 1941-ci ilə kimi davam edirdi. Həmin gün səhər saat 4-də alman ordusu bütün sərhəd boyu SSRİ ərazisinə hücum etdi. İlk aylar sovet qoşunları üçün uğursuz oldu, iki milyona qədər sovet əsgəri əsir götürüldü. Bütöv Ukrayna itirildi, Leninqrad mühasirəyə alındı, alman ordusu Moskvanın 27 kilometrliyinə gəlib çıxdı.

Hökumət Kuybışev şəhərinə köçsə də, Stalin Kremli tərk etmədi. Alman təbliğatının SSRİ-nin məğlub edilməsi barədəki saxta hay-küyünə cavab olaraq, Stalin cəbhəyə yollanacaq ordunun 1941-ci ilin 7 noyabrında  Qızıl Meydanda hərbi paradını keçirdi və döyüşçülər qarşısında çıxış edib, onlara böyük rus sərkərdələrinin ənənəsini davam etdirmək lüzumunu xatırlatdı. Dekabrın əvvəlində əks-hücumla alman ordusu 200 km geriyə oturduldu. 1943-cü ilin fevralında isə Stalinqrad döyüşündə möhtəşəm qələbə çalındı. 300 min alman əsgəri və zabiti feldmarşal Paulyus başda olmaqla əsir götürüldü. Stalinqrad qələbəsi İkinci Dünya müharibəsində dönüş nöqtəsi oldu. Həmin ilin iyununda Kursk vilayətindəki Proxorovka kəndində gedəni nəhəng tank döyüşündə Qızıl Ordu yeni qələbə çaldı. Hitler artıq bu məğlubiyyəti sərt rus qışının adına yaza bilməzdi.

1937-1938-ci illərin repressiyası çox sayda hərbi xadimlərini də sıradan çıxmasına səbəb oldu. Bu itkilərə baxmayaraq, Stalinin müdrikliyi onda idi ki, müharibənin taleyini Vətəndaş müharibəsi qəhrəmanları olan sərkərdələrə deyil, yeni müharibə taktikasından baş çıxaran Georgi Jukov, Konstantin Rokossovski, Aleksandr Vasilyevski kimi gələcək marşallara etibar etdi. K.Y.Voroşilov, S.M.Budyonnı isə motorlar müharibəsinin tələblərini anlamırdılar, ona Vətəndaş müharibəsinin köhnəlmiş təcrübəsi prizmasından baxırdılar. Yeni sərkərdələrin hərbi istedadı hesabına Moskvanı müdafiə etmək, Stalinqradda və Kurskda qalib gəlmək, sonrakı qələbələrə də zəmin yaratmaq mümkün oldu.

Ordunun baş qərargahı çox intensiv işləyirdi, onun fəaliyyətinə Ali Baş Komandan kimi Stalin özü nəzarət və yaxından rəhbərlik edirdi.  O, cəbhədə vuruşan generallarla da telefonla danışır, vəziyyəti olduğu kimi öyrənməyə çalışırdı. 1944-cü ildə hücum edən sovet ordusu təkcə alman qoşunlarını öz torpaqlarından qovmurdu, həm də on minlərlə əsir götürürdü. Lakin nə düşmən, nə də müttəfiqlər belə çox əsir götürülməsinə inanırdılar. Onda Stalin əsirlərin Moskva küçələrindən keçirilməsini təklif etdi, axı almanlar Qızıl Meydanda qələbə paradı keçirməyi çox arzulamışdılar. İndi onlara əks-qələbə paradı keçirmək nəsib olacaqdı. Moskva küçələrindən 60 min alman əsgəri və zabiti keçirildi. Bu tədbir amerikan filminin adından götürülmüş "Böyük vals" adlanırdı. Ancaq sifətlərindən əsirlərə məxsus çarəsizlik yağan almanlar Ştrausun valsında deyil, Hitlerin dəhşətli "cəhənnəm musiqisinin" sədaları altında,  ölümün ağuşunda fırlanmalı olmuşdular.

Stalin hansısa bayram xatirinə raport vermək üçün döyüş əməliyyatını tələsdirməyə də yol vermirdi. Berlini marşal G.K.Jukov beynəlxalq bayram günü olan 1 maya qədər tutmaq istəyirdi, bu tələsiklik çox sayda sovet əsgərinin ölümünə səbəb ola bilərdi. Stalin əməliyyatın, artıq qurbanlara səbəb olacaq sürətlənməsinə imkan vermədi və çox inandığı sərkərdənin ölçüyə sığmayan həvəsini söndürə bildi.

Lakin müharibə vaxtı bütöv xalqlara qarşı böyük ədalətsizlik, əsl qəddarlıq halları da baş vermişdi. 1944-cü ildə Şimali Qafqazın, Krımın, Kalmıkiyanın bütöv xalqları - çeçenlər, inquşlar, balkarlar, qaraçaylılar, Krım tatarları, kalmıklar və Gürcüstandan Axısxa türkləri Qazaxıstana, Özbəkistana və Sibirə sürgün edilmişdilər. Onların hamısı, təkcə buddist kalmıklardan başqa, islama sitayiş edənlər idi. Onlar qaramal vaqonlarına yükləndirilirdilər, ağır səfərə davam gətirməyənlərdən xeyli adam ölmüşdü. Yeni yaşayış yerlərində onlar rezevasiyalarda, ciddi məhdudiyyətlərin olduğu yerlərdə saxlanırdılar. On illərdən sonra yerli əhali ilə onların, qan tökülməsi ilə müşayiət olunan münaqişələri baş verirdi.

Stalin müharibə illərində Ali Baş Komandan olmaqdan da yuxarıda dururdu. Döyüş əməliyyatlarının hazırlanmasına və həyata keçirilməsinə bilavasitə rəhbərlik edirdi. Məsələn, Stalinqrad əks-hücumunun bütöv planı yalnız ona məlum idi və bu plan icra edilənə qədər tam gizli saxlanmışdı. Lakin ilk il yarım ərzində sovet qoşunları məğlub olur, geri çəkilir və böyük itkilər verirdi. Başlanğıcdakı məğlubiyyətlər seriyası, sonralar, müharibə başa çatana qədər daha parlaq qələbələr seriyası ilə əvəz edildi.

Stalini tarixin ən böyük sərkərdələri ilə müqayisə etmək olar. Böyük Aleksandr öz ordusundan böyük olan qüvvələr üzərində qələbə çalnaq, şəxsi igidlik göstərmək qabiliyyəti ilə şöhrət tapmışdı. Hannibal və Yuli Sezar taktiki ustalıq, gözlənilməyən tədbirlər seçmək yolu ilə parlaq qələbələr qazanmırdılar. Napoleon düşmənin daha iri qüvvələri üzərindəki qələbələri ilə böyük sərkərdələr qalereyasına daxil olmuşdu. Lakin o, ağır məğlubiyyətlərlə üzləşdikdə, onun əvvəlki sərkərdə qabiliyyəti yoxa çıxmış, fransız hərbi-dəniz donanması isə daim ingilislərə məğlub olmuşdu. Özü isə ölümlə nəticələn uzaq sürgünə yollanmaq kimi ağır cəzaya məhkum olmuşdu.

Stalin də ağır məğlubiyyətlərlə və böyük itkilər verməklə üzləşmişdi, düşmən, ölkənin paytaxtını az qala tuturdu. Lakin o, çaşqınlığa yol verməmiş, qələbə əzmi onu bir an da olsa, tərk etməmişdi. O, həm də böyük sələflərindən hərtərəfli, daha böyük miqyaslı fəaliyyəti ilə də fərqlənmişdir. O, viran qoyulmuş ölkəsinin iqtisadiyyatını uğurla idarə edir, hər cür əzablarla müşayiət olunan sosial siyasəti davam etdirməklə, əhalinin nəzarətdən çıxmasına yol vermirdi. Partiya rəhbərliyini əlində saxlamaqla, bu canlı orqanizmi döyüşkən qvardiyaya çevirməyi bacarmış, müharbənin qalibiyyətli ideoloji təminatına da başçılıq etmişdi. Təkcə sənaye müəssisələrinin Şərqə köçürülməsi ölkənin dəmir yol nəqliyyatından titanik səylər tələb edirdi. Bu zavodlarda çalışanlar gəlib çatdıqları məkanda hələ hazır bina olmadığından, açıq havada, yağan qarın altında, Sibirin sərt şaxtasında işləməklə, hərbi məhsul istehsal edirdilər. Arxa cəbhədəki fədəkarlıq döyüşçülərin düşmənlə ağır mübarizəsindən heç də geridə qalmırdı. Sovet qadınları döyüşən ərlərini, qardaşlarını, atalarını əvəz edərək, kənddə istehsalın bütün ağırlığını öz üzərlərinə götürərək, əslində arxada "ikinci cəbhə" açmışdılar. Ölkə, elə bil ki, vahid cəbhəyə çevrilmişdi. Belə çətin həyatın idarə edilməsi heç də asan məsələ deyildi. Bu vəzifələrin öhdəsindən gəlməyi bacaran Stalin tarixin ən görkəmli sərkərdələrinin və siyasi xadimlərinin o qədər də böyük olmayan siyahısını öz böyük şəxsiyyəti ilə bəzəyir.

Stalin XX əsrin əvvəllərində Bakıda inqilabi fəaliyyətlə məşğul olmuş, həbs edilmiş, köhnə Bayıl dustaqxanasında saxlanmışdı. O, Bakıda yaşayarkən, Yekaterina Svanidze adlı gürcü qızı ilə evlənmiş, onların bir oğlan uşağı olmuşdu, onu Yakov adlandırmışdılar. Yakov İkinci Dünya müharibəsi başlanan kimi cəbhəyə yollanmış, iki ay sonra, avqustda əsir düşmüşdü. Başqa çıxış yolu olmadığından, 1943-cü ildə o, özünü həbs düşərgəsindəki cərəyan buraxılmış məftilin üstünə atmaq istəyəndə, mühafizəçinin açdığı atəşlə ölmüşdü. Marşal Jukovun yazdığına görə, Yakovu sovet əsiri, feldmarşal Paulyusa dəyişmək barədə almanların təklifinə etirazını bildirərək, Stalin "əsgəri generala dəyişmirlər" cavabını vermişdi.  

1919-cu ildə Stalin Tsaritsinə (gələcək Stalinqrada) ezamiyyətə göndərilərkən, katibə kimi Nadejda Alilluyevanı da özü ilə götürmüşdü, iki il əvvəl atası Sergey Alilluyev də inqilabçı olduğuna görə, o, onların evində yaşamışdı. Saritsində gənc qızla, bu vaxt onun 17 yaşı var idi, yaxınlıq edən Stalin, sonralar ona evlənmişdi. Onların iki uşağı olmuşdu, onlar Vasili və Svetlana adını daşıyırdılar. 1932-ci ildə, Svetlananın 6 yaşı olanda, Kremldəki bayram ziyafətində, ərinin təhqiramiz hərəkətinə dözməyən Nadejda Sergeyevna məclisi tərk etmiş, Kremldəki mənzillərinə qayıtmış, orada, ona bağışlanmış xarici markalı tapança ilə özünü öldürmüşdü.

Vasili hərbi təyyarəçi idi, cəbhədə vuruşmağa can atsa da, Stalin onu müharibədə iştirak etməyə buraxmamışdı. Çünki qorxurdu ki, ikinci oğlunun da əsir düşməsi, onu dünyada biabır edəcəkdir.

Vasili Stalin general-leytenant rütbəsinə, Moskva hərbi-hava qüvvələrinin komandanlığına yüksəlmişdi, 1950-ci ildə SSRİ Ali Sovetinin deputatı seçilmişdi. Lakin o, sərxoşluğa meyilli idi, bahalı "Metropol" restoranında atəş nəticəsində adam öldüyünə görə, atasının ölümündən sonra, hadisədə iştirak etmək ittihamına görə azadlıqdan məhrum edilmək cəzasına məhkum edilmiş, dustaqlıqdan buraxıldıqdan sonra, Moskvada yaşamasına icazə verilmədiyindən, Kazanda yaşamış və 1962-ci ildə orada da, 40 yaşında ölmüşdü.

Svetlana Alilluyeva gənc yaşında yəhudi mənşəli yaşlı bir şairə vurulmuş, sevgilisi bir məhəbbət şeirində onun Kremldə yaşadığına eyham vuraraq, şiş uclu divarın arxasında həsrət çəkdiyini bildiyini etiraf etdiyinə görə, həbs olunmuşdu. Atası Svetlananı, öz silahdaşı A.A.Jdanovun yüksək vəzifədə işləyən oğluna ərə vermişdi. Az sonra gənc ailə dağılmışdı. Sonra Svetlana Moskvada elmi işlə məşğul olan bir hindliyə ərə getmiş, əri öldükdə onu vətəninə aparmaq üçün Svetlanaya xaricə getməyə icazə verilmişdi. O, Hindistandan Amerikaya mühacirət etmiş, orada atası barədə yaxşı təsir bağışlamayan təəssüratlarını çap etdirmişdi.

Stalini digər inqilabçılardan fərqləndirən bir cəhət də var idi, bu da bankları qarət etməklə, partiyanı pulla təmin etmək idi. O, Tiflis bankına hücum təşkil edib, oradan böyük məbləğdə pul götürmüşdü. Bu vaxt o, özü yarıac həyat sürürdü, buna baxmayaraq, pulların hamısını İsveçrəyə, Leninə göndərmişdi ki, partiyanın zəruri xərcləri üçün istifadə edilsin. Onun gəncliyindəki təmənnasızlığı, ölümcül riskə gedərək, qarət etdiyi pulda özünün şəxsi faydasının olmaması, sonralar ölkə rəhbəri olarkən əlinin təmizliyində, maaşından artıq heç nəyə göz dikməməsində də özünü göstərdi. Onu da qeyd etmək lazımdır ki, onun tələbatının bir hissəsi dövlət hesabına ödənilirdi.

Stalinin şəxsi keyfiyyətlərini təhlil etdikdə, onun öz geyiminə və yaşayışına olduqca dəbdəbəsiz yanaşması, sadə həyat tərzindən uzaqlaşmaması diqqəti cəlb edir. O, nəhəng ölkənin rəhbəri kimi böyük imkanlara malik idi, lakin daim bu imkanların öz xeyrinə olanlarını məhdudlaşdırmağa çalışırdı. O, əylənmək, öz əhvali-ruhiyyəsini yüksəltmək üçün hansısa vasitələrdən istifadə etməyə fikir vermirdi, aludə olmurdu. O, adi şeylərdən sevinməyi, həzz almağı bacarırdı. Onun Kuntsevodakı bağında olan yataq otağının divarlarını məşhur tablolar deyil, onların "Oqonyok" jurnalından kəsilmiş reproduksiyaları bəzəyirdi. Napoleonun isə saraydakı yataq otağının divarında Leonardo da Vinçinin "Cokonda"sı  ("Monna Liza"sı) asılmışdı. Sonralar bu rəngkarlıq incisi Luvr muzeyinə bağışlanmışdı. Stalin Böyük Teatrın balet tamaşalarına baxmağı sevirdi, bu vaxt onu teatrdakı digər kütləvi tamaşaçılardan yalnız hökumət lojasında əyləşməsi fərqləndirirdi.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet .- 2024.- 17 noyabr(№209).-S.22.