Naxçıvan Dövlət Tarix Muzeyi: uğurlarla zəngin 100 illik yol

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" 30 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən, bu il Naxçıvan Muxtar Respublikasının 100 illiyi müxtəlif səpkili silsilə tədbirlərlə geniş şəkildə qeyd olundu və bu tədbirlər davam etməkdədir. Həyata keçirilən tədbirlər sırasında Muxtariyyət tarixinin muzeylər vasitəsilə öyrənilməsi və təbliği də xüsusi yer tutur. Muxtariyyətin bəhrəsi olan Naxçıvan Dövlət Tarix Muzeyinin də bu ilin oktyabr ayında 100 yaşı tamamlandı.

Qədim Naxçıvan diyarında ilk tarix muzeyinin yaradılması ötən əsrin 20-ci illərinə təsadüf edir. 1924-cü ilin fevral ayında Naxçıvan MR təşkil olunduqdan sonra Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 30 oktyabr 1924-cü il tarixli qərarı ilə Naxçıvan Tarix-Etnoqrafiya Muzeyi yaradılıb. Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 6 yanvar 1926-cı il tarixli iclasında "Naxçıvan Tarix-Etnoqrafiya Muzeyini zənginləşdirmək haqqında" məsələyə baxılıb, Naxçıvan şəhər sakini Balabəy Əlibəyovun şəxsi kolleksiyası dövlət mülkiyyətinə götürülüb, həmin əşyaların muzeyə təhvil verilməsi üçün V.Həsənzadə, A.Əliyarov və Rəhmanovdan ibarət olmaqla komissiya yaradılıb.  B.Əlibəyovun özü isə həmin vaxtdan muzeyə direktor təyin edilib. Muzey ilk vaxtlar B.Əlibyovun iki otaqda və çox da böyük olmayan dəhlizdə yerləşdirilmiş şəxsi evində fəaliyyət göstərib.

İlk dövrlərdə cəmi bir neçə yüz eksponatla fəaliyyətə başlayan Naxçıvan Tarix Etnoqrafiya Muzeyində qədim diyarın tarixinə, arxeologiyasına və etnoqrafiyasına dair materiallar var idi. Onların arasında qızıldan hazırlanmış qadın bəzək əşyaları, qədim xalçalar, saxsı, misdən hazırlanmış məişət əşyaları, qədim silahlar, Səfəvilər dövrünə aid sikkə kolleksiyası, XIX əsrin əvvəllərində tərtib olunmuş torpaq mülkiyyətinə dair sənədlər, tarixi memarlıq abidələrinin tikintisində istifadə olunan inşaat materiallarının nümunələri və digər maraq doğuran eksponatlar xüsusi yer tuturdu. Professor V.M.Sısoyev 1926-1927-ci illərdə Naxçıvanda olmuş və öz hesabatında bu muzeyi "Balabəy Əlibəyovun Naxçıvan Muzeyi" adlandırmış, qeyd etmişdi ki, çox az şəhər belə muzeylə öyünə bilər.

Muzeyin təşəkkülündə və inkişafında 1925-ci ilin may ayında Naxçıvanda yaradılan "Tətqiq və Tətəbbö" Cəmiyyətinin və onun ətrafında toplanan ziyalıların xüsusi rolu olmuşdu. B.Əlibəyovun vəfatından sonra "Tətqiq və Tətəbbö" Cəmiyyətinin elmi katibi M.Mirheydərzadə Naxçıvan MSSR Xalq Maarif Komissarlığının 27 avqust 1930-cu il tarixli əmri ilə muzeyə direktor təyin edilir. Həmin dövrdə Naxçıvan Tarix Etnoqrafiya Muzeyinin adı da dəyişdirilərək Naxçıvan Tarix Diyarşünaslıq Muzeyi adlandırılır. Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyətinin 1932-ci il 26 avqust tarixli iclasında muzeyin adı yenidən dəyişdirilərək Naxçıvan Ölkəşünaslıq Muzeyi adlandırılaraq, Naxçıvan şəhərindəki indiki Heydər Əliyev prospektində, 39 saylı yaşayış binasının yanında mövcud olan binada muzeyə 2 otaqdan və çox da böyük olmayan dəhlizdən ibarət yer ayrılır.

Mirbağır Mirheydərzadə 1945-ci ilin avqust ayında muzey direktorluğudan ayrılıb, onu Abdulla Axundov əvəz edib. Həmin dövrdə muzeyin yeri dəyişdirilərək vaxtilə Naxçıvan şəhərində fəaliyyət göstərmiş M.T.Sidqi adına 4 nömrəli 8 illik məktəb binasının 2-ci mərtəbəsində yerləşdirilib.

1950-ci ilin sentyabrında Naxçıvan MSSR Xalq Maarif Komissarlığının əmri ilə Validə Vəzirova muzeyə direktor təyin edilib və o, bu vəzifədə 1956-cı ilin əvvəllərinədək  işləyib.

Azərbaycan SSR Nazirlər Sovetinin 9 yanvar 1956-cı il tarixli qərarına əsasən, Naxçıvan Ölkəşünaslıq Muzeyi yenidən təşkil olunur və muzey yeni binaya köçürülür. Muzey indiki Heydər Əliyev prospektindəki Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş konsulluğunun yerində, əvvəllər mövcud olunmuş 2 mərtəbəli binada, 2 otaqdan ibarət sahədə yerləşdirilir və Ə.Sultanov 1956-cı ildə muzeyə direktor təyin edilir.

Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 28 avqust 1957-ci il tarixli fərmanı ilə muzeyə Azərbaycanın görkəmli realist rəssamı Bəhruz Kəngərlinin adı verilir. Azərbaycan SSR Nazirlər Sovetinin 6 may 1964-cü il tarixli sərəncamı ilə muzeyin adında yenidən dəyişiklik edilərək B.Kəngərli adına Naxçıvan MSSR Tarix-Ölkəşünaslıq Muzeyi adlandırılır. Bir müddət keçdikdən sonra Naxçıvan şəhərinin mərkəzində Nizami küçəsi 31 ünvanındakı bina Naxçıvan Ölkəşünaslıq muzeyinə verilir, muzeyin ekspozisiyası yenidən qurulur.

1968-ci ilin sonlarından isə muzey Naxçıvan Dövlət Tarix Muzeyi adlandırılır və bu gün də həmin adı şərəflə daşımaqdadır.

Naxçıvan Dövlət Tarix Muzeyi də özünün əsl inkişaf yolunu Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə keçib. Məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci ilin yanvar ayında "Respublikada muzey işinin təkmilləşdirilməsi haqqında" və 1980-ci ilin yanvarında "Respublikada muzeylərin şəbəkəsinin genişləndirilməsi haqqında" qəbul edilən qərarlar bütün muzeylər kimi Naxçıvan Dövlət Tarix Muzeyinin də fəaliyyətində mühüm rol oynayıb və onun inkişafına əhəmiyyətli təsir edib. Həmin qərarların qəbulundan sonra, 1982-1983-cü illərdə muzeyin ekspozisiyası yenidən qurulub, 1982-ci ildə İsfəndiyar Əsədullayev muzeyə direktor təyin edilib və bu vəzifədə 1998-ci ilin may ayınadək çalışıb.

1998-ci il iyul ayında Nizami Rəhimov muzeyə direktor təyin edilib. Muzey rəhbərliyində baş verən kadr dəyişikliyi muzeyin həyatında yeni dövrün başlanmasına təkan verib. Bu dəyişikliklər əsasən əhaliyə göstərilən muzey xidmətinin keyfiyyətinin yüksəldilməsi, tələbə-gənclər və məktəblilər arasında maarifçilik işinin gücləndirilməsi, muzey sərvətlərinin etibarlı mühafizəsinin təmin olunması və digər məsələlərdən ibarət olub.

Gənc nəslin milli-mənəvi tərbiyyəsində muzeylərin rolunu layiqincə dəyərləndirən Ulu öndər Heydər Əliyev vaxtilə demişdi: "Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyyə etmək üçün muzeylər lazımdır". Ulu öndərin bu fikirlərindən yola çıxaraq 1999-cu ilin may ayının birinci həftəsində "Muzeydə açıq dərs" layihəsinə start verilib. Həmin layihə üzrə muzeydə keçirilən ilk açıq dərs Ulu öndər Heydər Əliyevin anadan olmasının 75 illiyinə həsr edilərək "Yolumuz Heydər Əliyev yoludur" mövzusunda keçirilib. Naxçıvan şəhərindəki 12 saylı tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə keçirilən həmin açıq dərsdə vaxtilə Ulu öndərin müəllimi olmuş mərhum Lətif Hüseynzadə və muzeyin əməkdaşları iştirak etmişdilər.

2000-ci ilin ilk aylarında muzeyin yerləşdiyi binanın əsaslı təmiri məsələsi gündəmə gəlmiş, Naxçıvan şəhəri İstiqlal küçəsi 92 ünvanındakı bina əsaslı təmirdən sonra muzeyə verilmiş, ekspozisiya yenidən qurulmuş və noyabr ayının 4-də muzeyin təntənəli açılışı olmuşdu.

Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də muzey işinə diqqət və qayğısını əsirgəməyib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" 2007-ci il mart ayının 6-da imzaladığı Sərəncama uyğun olaraq həmin ilin may ayında təmirdən sonra muzeyin ekspozisiyası tamamilə yenidən qurulub, eksponatların mühafizəsi üçün muzey yeni vitrinlər və saxlanc qurğuları ilə təchiz edilib.

Naxçıvan Dövlət Tarix Muzeyi ötən 100 il ərzində Muxtar Respublikada muzeyşünaslığın inkişafına mühüm töhfələr verib. Tarix muzeyinin təşəkkülü və inkişafı, onun iri mədəniyyət müəssisəsinə, Muxtar Respublikada muzeyşünaslığın mərkəzinə çevrilməsi, ekspozisiyada çoxsaylı sərgilərin yaradılması, eyni zamanda material axtarışları, fondların formalaşdırılması və zənginləşdirilməsi daim diqqət mərkəzində saxlanılıb.

Mədəni irsin qorunması və təbliği sahəsində Naxçıvan Dövlət Tarix Muzeyinin çoxillik fəaliyyəti layiqincə qiymətləndirilib. Naxçıvandakı tarix profilli muzeylər üzrə baza müəssisəsi kimi fəaliyyət göstərən muzeyə 2017-ci ildə Muxtar Respublika səviyyəli status verilib. Muzeydə kadrların seçilib yerləşdirilməsinə, onların muzey işinin sirlərini mənimsəmələrinə diqqət və qayğı ilə yanaşılıb. 2010-2020-ci illərdə Naxçıvan Dövlət Tarix Muzeyinin 4 əməkdaşı Naxçıvan şəhərindəki aparıcı muzeylərə direktor vəzifəsinə, 1 nəfər isə baş fond mühafizi vəzifəsinə təyin edilərək irəli çəkiliblər.

Muzey fondunu zənginləşdirmək istiqamətində həyata keçirilən tədbirlər nəticəsində təkcə 2000-2020-ci illərdə fonda 12 minə yaxın eksponat cəlb edilib və nəticədə muzeydəki eksponatların sayı 50 minə yaxın olub.

Son illərdə muzeydə elmi-maarifçilik tədbirlərinin həyata keçirilməsi sahəsində müəyyən təcrübə toplanıb. Muzeydə vaxtaşırı olaraq tarixi günlər ərəfəsində təşkil edilən edilən açıq dərslər, dəyirmi masalar, elmi konfranslar, yubiley tədbirləri və digər elmi-kütləvi tədbirlər əhalinin müxtəlif təbəqələrini, xüsusilə məktəbli-gənclərin muzeyə cəlb olunmalarına kömək edib və onlarda azərbaycançılıq məfkurəsinin formalaşmasına öz müsbət təsirini göstərməktədir.

2019-cu il Naxçıvan Dövlət Tarix Muzeyinin həyatında ən uğurlu illərdən biri olub. Naxçıvan MR Ali Məclisi sədrinin 02 avqust 2019-cu il tarixli sərəncamına əsasən, həmin il noyabr ayının 30-da Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illiyi təntənəli surətdə qeyd edilib. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Teatrında keçirilən yubiley tədbirində Muxtar Respublikanın dövlət və hökumət rəhbərliyi, mərkəzi və yerli hakimiyyət orqanlarının nümayəndələri, elm və mədəniyyət xadimləri, gənclər və digərləri iştirak ediblər. Həmin tədbirdə Naxçıvan MR Ali Məclisi sədrinin müvafiq sərəncamı ilə muzey əməkdaşlarından 2 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülüb, 5 nəfər isə "Rəşadətli əməyə görə döş nişanı" ilə təltif olunub.

Artıq 100 yaşını tamamlayan Naxçıvan Dövlət Tarix Muzeyinin kollektivi muzey xidmətinin səviyyəsini yüksəltmək, muzey fondunu zənginləşdirmək, milli-mənəvi sərvətlərimizin etibarlı mühafizəsini təmin etmək və onları gələcək nəsillərə ərməğan etmək üçün yenə də fədakarlıqla çalışırlar.

 

Nizami RƏHİMOV

Əməkdar mədəniyyət işçisi

525-ci qəzet .- 2024.- 17 noyabr(№209).-S.23.