"Azərbaycanın dünyada siyasi güc mərkəzinə çevrilməsi COP29 ilə bir daha təsdiqləndi"

 

Noyabrın 11-dən Azərbaycanın paytaxtı Bakı möhtəşəm bir tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi etməkdədir. Noyabrın 22-dək davam edəcək bu mötəbər tədbirdə 196 ölkədən 72 min iştirakçı, o cümlədən, 80 prezident, vitse-prezident və baş nazirin iştirak etməsi Azərbaycanın dünyada artan nüfuzunu, etibarlı tərəfdaş kimi tanınıb qəbul olunduğunu bir daha sübut edir.

BMT-nin belə mötəbər, qlobal əhəmiyyətli tədbirinin Bakıda keçirilməsi təsadüfi deyil. Bu, beynəlxalq aləmdə Azərbaycana hörmətin, onun qlobal əhəmiyyətli müxtəlif energetika, nəqliyyat və başqa layihələrdə oynadığı müsbət rola verilən dəyərin göstəricisidir. Ona dost olanlar və dost olmayanlar da tədbirin Bakıda keçirilməsinə razılıq veriblər. COP29-un Bakıda reallaşmasına Ermənistanın razılıq verməsi də Azərbaycanın yüksək nüfuzunun rəsmi İrəvan tərəfindən qəbulu, etirafıdır. Bir sözlə, bu, rəsmi Bakının yürütdüyü siyasətin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanmasının nəticəsidir.

Yerləşdiyi coğrafi mövqe ölkənin müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpüləri yaratması da mühüm göstərici sayılır.

Daha öncə torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanılması Azərbaycanın bu kimi potensial imkanlarından istifadə edilməsini əngəlləyirdi. Düzdür, həmin dövrdə də Azərbaycan bir sıra mühüm enerji və nəqliyyat layihələrinin reallaşmasında mühüm rol oynayıb, onun müəlliflərindən olub. Ancaq torpaqlarının işğalçılardan təmizlənməsi nəhəng enerji və nəqliyyat layihələrinin, Avrasiyanın enerji və daşımalar yollarının dəyişməsi, məhsuldar, çoxtərəfli əməkdaşlıq formatları yaratmasına səbəb olub.

Xəzərin Azərbaycana aid hissəsindən keçən Orta dəhliz, "Şimal Cənub" nəqliyyat dəhlizi və sair buna nümunədir.

Azərbaycan bir sıra beynəlxalq təşkilatların fəal üzvüdür. O, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik edib. Belə uğurlu fəaliyyətinə görə üzv ölkələrinin yekdil qərarı ilə Azərbaycanın sədrliyi daha bir il uzadılıb.

Prezident İlham Əliyev ötən il iyulun 5-də Bakıda Hərəkatın Əlaqələndirmə Bürosunun nazirləri ilə görüşdə bildirmişdi ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə "Bandunq prinsipləri" əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruyub: "Beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu".

Azərbaycan Prezidenti vurğulayıb ki, Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan edib və Azərbaycan ilk donor kimi hər iki çağırış üçün bir milyon dollar ayırıb.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindəndir. Təşkilata sədrliyi dövründə mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına töhfə verməsi bunu təsdiqləyir. Azərbaycan ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli, planlı və elmi istifadə məqsədilə bir sıra layihələr reallaşdırmağa başlayıb. 2030-cu ilə qədər təxminən altı giqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırır. Bununla bağlı 10 giqavatlıq bərpa olunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Bunlar Birləşmiş Ərəb Əmirliklərnin "Masdar" şirkəti, Səudiyyə Ərəbistanının "Acwa Power" şirkəti və Birləşmiş Krallığın bp şirkəti ilə həyata keçirilən layihələrdir.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında, "yaşıl enerji"nin istehsalı və ixracı, həmçinin perspektiv əməkdaşlıq istiqamətində aparıcı rola malikdir. Böyük Britaniya ilə qlobal əhəmiyyətli enerji layihələrində sıx əməkdaşlığın mövcuddur. Ötən illər ərzində Böyük Britaniyadan Azərbaycana 34 milyard dollar məbləğində investisiya yatırılıb. Karbohidrogen sektorunda uğurlu əlaqələrin hazırda enerji keçidi və bərpa olunan enerjidən istifadənin inkişafı istiqamətində əməkdaşlıq davam edir. İşğaldan azad olunmuş ərazilərdə bp şirkəti ilə günəş enerjisi layihəsinin icrası da diqqətçəkici layihələrdəndir.

Əksər ekspertlərin birmənalı qənaətinə görə, Azərbaycanın dünyada siyasi güc mərkəzinə çevrilməsi COP29 ilə bir daha təsdiqləndi. Politoloq Rəşad Bayramov deyir ki, COP29 həm siyasi, həm enerji sektorunun, həm də miqrasiya sahələrinin inkişafı nöqteyi-nəzərindən çox vacib tədbirdir. Ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsi böyük uğur olmaqla bərabər, həm də malik olduğumuz potensialı bütün dünyaya göstərmək baxımından da önəmlidir. Şübhə yoxdur ki, siyasi nöqteyi-nəzərdən konfransın ölkəmizdə keçirilməsi beynəlxalq münasibətlər sistemində məhz Azərbaycanın rolunun daha da inkişafına və onun yerinin güclənməsinə gətirib çıxaracaq: "Prezident də COP29-un açılış mərasimindəki çıxışında bu məqama toxunaraq bu tədbirə ev sahibliyi etmək səlahiyyətinin Azərbaycana verilməsini beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi olaraq təsnif etdi. Bu gün ölkəmiz Şimal ilə Cənub, Qərb ilə Şərqin qovşağında yerləşməklə müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpüləri yaratmağa müvəffəq olub. Bunun da səbəbləri var. Uzun dövr ərzində sivilizasiyalar arası və dinlər arası dialoq mühiti formalaşdırmağa müvəffəq olan ölkə olaraq dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etməyimiz, paralel olaraq Avropa İttifaqının on ölkəsi ilə strateji tərəfdar qismində çıxış etməyimiz bizə rahat şəkildə müxtəlif beynəlxalq iştirakçılar arasında körpü rolu oynamağa imkan verir. Prezidentin çıxışında önəmli məqamlardan biri Azərbaycanın Yaşıl gündəliyi və alternativ enerji mənbələrinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin təqdimatı oldu. Məlumdur ki, ölkəmizin bərpaolunan enerjidə texniki potensialı quruda 135 giqavat, dənizdə isə 157 giqavat təşkil edir. 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırır. 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. BƏƏ-nin Masdar şirkəti, Səudiyyə Ərəbistanının "Acwa Power" şirkəti və Birləşmiş Krallığın bp şirkəti ilə bir sıra layihələr həyata keçirilir və ya keçirilməsi planlaşdırılır. Ümumiyyətlə isə qeyd edim ki, Azərbaycan olaraq biz iqlim dəyişiklikləri ilə bağlı götürdüyümüz öhdəliklərə uyğun olaraq bir sıra işlər görmüşük və bu, hər kəs tərəfindən təqdir olunur. Belə ki, 1990-2022-ci illər üzrə aparılmış İstilik Effekti Yaradan Qaz Emissiyalarının inventarlaşmasına əsasən 2022-ci ildə Azərbaycan baza ili olan 1990-cı illə müqayisədə emissiyaların 34,2 faiz azalmasına nail olmuşdur. Bütün bunlar şübhəsiz ki, ölkədə həyata keçirilən uğurlu ekoloji siyasətin nəticəsində mümkün olmuşdur. Ətraf mühitə zərər vurmayan yüksək texnologiyalardan istifadə, yaşıl enerji mənbələrindən istifadənin genişləndirilməsi, istilik elektrik stansiyalarında mazutdan istifadənin dayandırılaraq daha təmiz yanacaq olan təbii qaza keçilməsi, məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsi, yeni meşə massivlərinin salınması və görülmüş digər işlər bunun bariz sübutudur. Prezidentin çıxışında digər vacib məqam isə Azərbaycana qarşı hücumların cavablandırılması ilə bağlı oldu. Azərbaycanı neft-qaz ölkəsi olmaqda ittiham edən ölkələrə konkret faktlarla cavab verən prezident bildirdi ki, ölkəmiz qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Və bu baxımdan da zərərli qazların atılmalarındakı payımız cəmi 0,1 faiz təşkil edir ki, bu da Azərbaycana qarşı kampaniya aparan ayrı-ayrı ölkələrdən qat-qat aşağıdır. BMT-nin iqlim dəyişiklikləri ilə bağlı hesabatlarına da baxdıqda görürük ki, inkişaf etmiş ölkələrin zərərli qazların atmosferə buraxılmasındakı payı digər ölkələrlə müqayisədə həddən artıq çoxdur".

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri şöbəsinin müdiri Məhəmməd Cəbrayılov qeyd edib ki, iqlim dəyişikliyi təkcə ekoloji problem olmaqla məhdudlaşmayıb, həm də qlobal siyasi-iqtisadi sistemlər və güc balansları üzərində dərin təsirlər yaradır. Neoimperializm anlayışı ölkələr arasında bərabərsizliyi dərinləşdirən, güclü dövlətlərin iqtisadi, siyasi və texnoloji alətlərdən istifadə edərək zəif ölkələr üzərində hegemon təsirlərini artırmağa çalışdıqları yeni imperialist yanaşmaları ifadə edir. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi yalnız iqlim dəyişikliyi ilə bağlı qlobal əməkdaşlıq üçün vacib bir platforma deyil, həmçinin enerji siyasətində neoimperializmin ifşasıdır. Belə bir yanaşma iqlim ədalətinin təmin olunması və ekoloji bərabərsizliklərin qarşısının alınması üçün vacib addım kimi qiymətləndirilməlidir: "Azərbaycanın yaşıl enerji strategiyası həm milli iqtisadiyyatın modernləşməsi, həm də qlobal iqlim məqsədlərinə uyğunlaşma siyasəti ilə bağlıdır. Bununla yanaşı, Azərbaycanın ekoloji tarazlığı qorumaq səyləri və bu sahədə zəif inkişaf etmiş ölkələr üçün beynəlxalq maliyyə dəstəyinin verilməsi istiqamətində aktiv fəaliyyəti bəzən iqtisadi və texnoloji nəzarət məqsədləri güdən neoimperialist güclərin əks reaksiyası ilə onu üz-üzə qoyur. Azərbaycanın neft ixrac edən bir ölkə olaraq yaşıl enerji siyasətini təşviq etməsi paradoksal görünsə də, bu, həm qlobal ekoloji sağlamlıq, həm də neoimperializmə qarşı mübarizədə önəmli addım kimi qiymətləndirilməlidir. Azərbaycanın iqtisadiyyatı, əsasən, qalıq yanacaq ixracına söykənir. Bu, inkişaf etmiş ölkələrin enerji tələbatını ödəməklə, onların sənaye sahəsindəki üstünlüyünü qorumasına xidmət edir. Bununla belə, rəsmi Bakı yaşıl enerji strategiyasında yalnız ekoloji sabitliyi təmin etmək deyil, eyni zamanda, neft asılılığına əsaslanan və inkişaf etmiş ölkələrin üstünlüyünü dəstəkləyən neoimperialist strukturlara qarşı alternativlər yaratmağı hədəfləyir. Bu yanaşma onu göstərir ki, Azərbaycan qlobal enerji sistemində daha dayanıqlı və müstəqil mövqe əldə etməkdə qərarlıdır. Digər tərəfdən, Azərbaycanın yaşıl enerji strategiyası inkişaf etmiş ölkələrin neftə əsaslanan dominant enerji sistemini təftiş etməklə qlobal enerji sektorunda dəyişiklik üçün zəmin yaratmaq məqsədi güdür. Azərbaycanın bu təşəbbüsü beynəlxalq aləmdə ölkənin ən nüfuzlu addımlarından biri hesab olunur".

 

Sevinc QARAYEVA

525-ci qəzet .- 2024.- 19 noyabr(№210).-S.14.