Vaqif Əlixanlı haqqında: yubileydən vidaya

 

 

Onu daha yaxşı tanımaq üçün mütləq Yerfini də görmək lazımdır: bütün həyətlərindən zirvəsi görünən "Qarlı Babaya" - "Həzrət Baba"ya baxmaq, kəndin arxasındakı sal-sıldırım qayanın vahiməsini öz canında duymaq gərək.

Onu daha yaxşı tanımaq üçün mütləq və mütləq "Bulaq Dədə"ni dinləməlisən; ana radiomuzun 70-ci illərdəki ən məşhur verilişini deyirəm. Hələ o illərin AzTV-sinin "Palitra"sı... bilənlər bilir ki, o illərin "Qızıl qələm" Mükafatı nə deməkdir.

Onu daha yaxşı tanımaq üçün Mədəniyyət Nazirliyində çalışdığı dövrlərin teatr repertuarlarına baxmaq gərək.

Onu daha yaxşı tanımaq üçün "Azərbaycanfilm"in  baş redaktoru olduğu zamanlarda təsdiq edilən ssenarilərin siyahısını bilmək gərək.

Elə bəri başdan deyim ki, O, çağdaş jurnalistikamızın canlı klassikidir. Milli təfəkkürün oyanışında onun da yeri çox böyükdür: 70-ci illərdə Azərbaycanda milli ruha "Bulaq" qədər təsir edən ikinci hadisə çətin tapmaq olar. 1990-cı illərdə xalqımızı azadlıq savaşına aparan yolların böyük bir qismi də "Bulaq"dan başlanan cığırlar idi: bu, danılmaz həqiqətdir.

Onun ədəbiyyatımızdakı xidmətləri də böyükdür. Fikir verin, bədii tərcümələrində əsərlərin ruhunu da ruhumuzun dilinə çevirə bilib. Razılaşaq ki, bu, nadir keyfiyyətlərdən sayılır.

Onu daha yaxşı tanımaq üçün pyesləri ilə tanış olmaq, bədii publisistikasını oxumaq gərək. Onun yaradıcılığının bu sahələri də olduqca bənzərsiz, milli, bəşəri və dəyərlidir.

Bu yazarın yaradıcılığının aparıcı özəlliklərindən biri də dil-üslub bənzərsizliyidir. Və bir də, mövzunun birbaşa nüvəsinə daxil olmaq: bu da çox nadir keyfiyyətdir. O, ustaddır. O, məktəbdir. O, klassikadır.

"Qobustan" jurnalına da öz üslubunu gətirib. Burada onun orijinal naşirlik qabiliyyəti açılıb.

Vaqif Əlixanlı yaradıcı şəxsiyyətdir; bu yaradıcılıq ayrı-ayrı sahələr üzrə ciddi elmi araşdırma obyekti olmalıdır. Ondan öyrənməli çox şey var.

Vaqif  Əlixanlı getdikcə tükənməkdə və təklənməkdə olan,  lakin hamımızın hər zaman ehtiyac duyduğumuz böyük ziyalılar pleyadasına mənsubdur. Mən onları, elə Vaqif müəllimi də, qızılın narın və bir az da solğun parıltısına bənzədirəm - lap uzaqlardakı qəm ağacı kimi...

lll

Yazının bura qədərki hissəsini 2018-ci ildə onun 75 yaşına təbrik əvəzi yazmışdım. Bundan sonrakı hissə isə həmin yazının həm davamı, həm də vida sözü əvəzidir.

lll

Hər görüşümüzdə mütləq kənddən, yəni Yerfidən də xeyli danışırdıq və bu zaman aramızdakı düz 10 il yaş fərqinə baxmayaraq, ikimiz də dönüb olurduq əldən-ayaqdan uzaq bu kiçik dağ kəndinin "məhəllə uşaqları"... Nələri xatırlamırdıq onda?! Bəzi olaylar, bəzi toylar, bəzi adamlar mənim yadıma gəlmirdi və onda yuxudan ayılmış kimi olurdu: "Gəlməz də, gəlməz, 10 yaş az deyil ki!" - deyirdi...

Mənim onunla hər görüşüm ustad yazardan qabaq, elə kəndə baş çəkməyim kimi olurdu və hiss edirdim ki, onunçün də elə bu cürdü... Ələkbər Salahzadə də, Vaqif Əlixanlı da kənddən elə heyranlıqla, elə vurğunluqla danışırdılar ki... Qəribə bir ümid vardı onlarda - haçansa köçüb gedib kənddə yaşamaq ümidi... Amma özləri də bilirdilər ki, bu olmayacaq... Heç vaxt olmayacaq...

Çox-çox illər qabaq bir yay günü Baba çayının - lap axar suyun qırağında oturmuşduq. Ələkbər müəllim birdən stəkanı çayın suyu ilə doldurub "gəlin bu çayın sağlığına içək" dedi. İçdik o çayın suyundan... İçdik o çayın sağlığına...

2022-ci ilin yayında Vaqif Əlixanlı ilə 3 gün Şuşada olduq - Vaqif Poeziya Günlərində. Birdən soruşurdu ki, o qaya bizdəki hansı qayaya oxşayır?

- Quzğun qayasına...

Gülümsünürdü... "O da düzdür, amma "Kəlava baba"nın boğazına daha çox oxşayır" deyirdi... Və tez-tez sıldırımlarda yurd salmış "Kəlava baba"nı, "Qeyblər baba"nı, "Pirbənövşə nənə"ni xatırlayırdı...

Az sonra mən onun "Azərbaycan" jurnalının dalbadal 2 sayında çap olunan "Qarğa piri" romanını oxuyanda anladım ki, o yerlər onun yaddaşında niyə bu qədər dolanırmış... Bu, möhtəşəm romandır, mifoloji qatlarla zəngin ədəbi abidədir, etnoqrafik mənbədir... Layiqli təhlilçi gərək. Onun çoxtərəfli yaradıcılığı, səviyyəli və zəngin irsi öyrənilməlidir, mütləq öyrənilməlidir.

AYB-də onun iş otağında olan sonuncu görüşümüzdə də yenə Yerfidən danışdıq, Ələkbər Salahzadəni xatırladıq, Qonaqkənd məktəbini yada saldıq, sonra danışmağa heç nə qalmadı...

Belə-belə işlər... Hə, "Bulaq" Dədə, hə, böyük ürəkli böyük insan, böyük ziyalı, böyük qələm adamı, ustad hacı Vaqif Əlixanlı!..

Yerin cənnət, ruhun şad olsun, gor evində çıraq yansın! Amin!..

Hər dəfə Təngədən keçəndə "Təngə heyy..." deyən Ələkbər Salahzadəni xatırladığım kimi, Suatanda Bestujevi, Molla Nuru, Lermontovu xatırladığım kimi, Çayqovuşana enəndə uzaqdan görünən Qonaqkənddə keçmiş o uzaq gəncliyimi xatırladığım kimi, hər dəfə Yerfini, "Kəlava baba"nı, Quzğun qayasını, "Pirbənövşə nənə"ni, başı qarlı "Həzrət Baba"nı görəndə mən səni xatırlayacağam Uzaqdakı Qəm Ağacı - Vaqif Əlixanlı! ...Sən indi laap Uzaqdakı Qəm Ağacısan!

 

Tofiq NURƏLİ

525-ci qəzet .- 2024.- 19 noyabr(№210).-S.13.