Casusu axtara-axtara...
BİZƏ BELƏ "DƏDƏ QORQUD"
LAZIMDIRMI?
Vəziyyət çox qəlizləşdi. Heç
bilmirəm, necə olacaq. Aramızda bir casus var. Hər an kimə
istəsə, zərər vura biləcək xainin ətrafındayıq.
Artıq o bizə şah damarımızdan da yaxındı.
Yox, bizə şah damarımızdan yaxın təkcə
özümüzük. Bəlkə, elə
özümüz... Nəysə, bütün bunlara kimin bais
olduğunu bilmirəm. Bir onu bilirəm ki, nə elədisə,
Xalq yazıçısı Kamal Abdulla elədi. Əziz oxucu,
indi sənə bütün vaqeəni nəql edəcəyəm.
lll
Hər mətləbə əvvəldən başlamaq
lazım olsa da, mən bu söhbəti axırdan başa xətm
etmək fikrindəyəm.
Akademik Milli Dram Teatrında Kamal Abdullanın müəllifi
olduğu "Casus" pyesi əsasında səhnələşdirilən
eyniadlı tamaşanı izlədikdən sonra bir neçə
adamdan xəbər aldım ki, bu pyesə belə ilk müraciətdir,
ya əvvəlki illərdə də oynanılıb? Dedilər,
çoxdanıncı illərdə mərhum rejissor Vaqif
İbrahimoğlu "Azdrama"da "Casus"u qurubmuş. Mənə
bu barədə həmin tamaşada rol almış Xalq artisti
Sabir Məmmədov danışdı: "Casus"da mənimlə
yanaşı, Əliabbas Qədirov, Laləzar Mustafayeva, Cəfər
Namiq Kamal və digər tanınmış aktyorlar
oynayırdılar. O tamaşa haqqında çox qeyri-adi təəssüratlarım
var. "Casus" tamaşası biz aktyorların həyatında
yeni bir mərhələ oldu. Pyesin özü çox qeyr-adi
bir pyesdir. Janrını belə təyin etmək olmur. Dədə
Qorqud bizim təsəvvürümüzdə olan Dədə Qorqud
deyildi, Boğazca Fatma, Beyrək, Qazan xan və digərləri
də həmçinin, dastandakı kimi deyildilər. Kamal
müəllim fərqli yanaşmışdı. Tamaşada
epik nüanslar çox idi. Oyunun içində bir oyun var idi.
Nə pyes ənənəvi idi, nə də tamaşanın
rejissoru olan Vaqif İbrahimoğlunun iş prinsipləri.
Əvvəl-əvvəl bizim üçün çox çətin
oldu. Çoxlu fiziki məşqlər edirdik. Elə səhnələr
var idi ki, yalnız hərəkətlərlə ifadə
edirdik. Hərəkətlə mətnin vəhdəti
özünü büruzə verirdi. Hamımızın yeni tərəfləri
kəşf olundu".
Sonra belə məlum oldu ki, 1997-ci ildə Vaqif
İbrahimoğlunun quruluş verdiyi "Casus"un
premyerasına kimsə əngəl olub. Yenə təkrarən
xəbər aldım ki, bəs nə səbəbdən? Hərə
bir cavab verdi, qəti söz deyən olmadı. Qərara gəldim
ki, o vaxt bu tamaşanın bəstəkarı olmuş Əməkdar
incəsənət xadimi Cavanşir Quliyevə üz tutum. O,
yaddaşını qurcalayıb bir neçə kəlmə
danışdı: "Əslində, "Dədə
Qorqud"da Boğazca Fatma haqqında cəmi bir cümlə
var. "Görəsən, niyə "Dədə
Qorqud"da Boğazca Fatma haqqında bir cümlə var.
Böyük ədəbi abidlərdə elə-belə
heç nə olmur. Bu nə deməkdir?" - Kamal Abdulla mənə
belə demişdi. Kamal öz yazıçı təxəyyülü,
qənaətləri ilə həmin cümləni genişləndirdi,
sanki "Dədə Qorqud"un davamı, yeni boyu kimi bir pyes
yazdı və mərhum rejissor Vaqif İbrahimoğluna təqdim
etdi. İllər öncə Vaqif İbrahimoğlu Kamal
Abdullanın "Casus" pyesi əsasında Akademik Milli Dram
Teatrında bir tamaşa səhnələşdirdi. Onun
yaradıcılığına az-çox bələd olan adam
bilir ki, Vaqif sıradan tamaşalar hazırlamırdı. Hər
tamaşada bir yenilik axtarırdı. Əgər yeni bir şey
olmasa, həmin material onu maraqlandırmırdı. Ona görə
də Kamal Abdullanın bu pyesi onu cəlb etmişdi. Vaqif
tamaşanın musiqisini mənə həvalə etdi. Mən də
çox böyük həvəslə işlədim.
Tamaşaya daxili baxış keçirildi. Mən də orda
idim. Ümumilikdə, çox müsbət
qarşılandı. Mütəxəssislər pyesi, rejissorun
quruluşunu, aktyor oyununu çox bəyənmişdilər, tənqid
edən olmamışdı. Daxili baxışdan bir-iki gün
sonra deyildi ki, tamaşanı saxlayın, hələ
nümayiş olunmasın. Biz də təcrübəmizdən
irəli gələrək başa düşdük ki, "hələ
nümayiş olunmasın" qadağa deməkdir. Bizə gələn
məlumata görə, həmin tamaşada oynamayan bir qrup
aktyor-aktrisa Mədəniyyət Nazirliyinə şikayətə
gedibmiş. Onların əksəriyyəti rəhmətə
gedib deyə, adlarını çəkmirəm. Şikayətləri
bundan ibarət imiş ki, "Casus" tamaşasında guya Dədə
Qorqudun obrazı təhrif olunub, alçaldılıb.
İttihamlar ağır idi, amma həqiqəti əks
etdirmirdi. Müəllif bədii əsərdə qəhrəmanı
istədiyi kimi göstərə bilər. Hansısa
qadağadan, tabudan söhbət gedə bilməz. Sovet
vaxtı belə bir şey var idi. Məsələn, deyirdilər,
Lelinin obrazı belə olmalıdır, onu filankəs
canlandıra bilər, filankəs yox və s. Sovet idarəçiliyi
isə bizə nümunə ola bilməz... Rejissor Dədə
Qorquda başqa pəncərədən baxırdı.
Əslində, tamaşa "Dədə Qorqud" dastanından
daha çox yazıçının təxəyyülünün
məhsuludur. Ona görə də klişelərlə
yanaşmaq doğru deyildi... Bununla bağlı başqa səbəbdən
də söhbət açırlar. Amma, məncə, o elə-belə
söhbət idi. Əsas səbəb məhz şikayətə
gedənlər idilər. Heyif o tamaşadan, gözəl səhnə
əsəri idi".
"Casus"un birinci taleyi ilə bağlı məsələni
burda yekunlaşdırıram. Amma bu hissəni mütləq
yadda saxlayın, sonda yenidən bu abzaslara qayıdacağam.
lll
"Bölgə teatrlarının Bakı
premyeraları" layihəsi çərçivəsində
Lənkəran Dövlət Dram Teatrı Azdramanın səhnəsində
teatrın baş rejissoru Anar Babalının rejissoru olduğu
"Casus" tamaşası nümayiş edildi.
Hadisələr qiraətxanada başlayır. Zəlzələ
baş verir, xaos yaranır. Qiraətxanaya bir əlyazmanın
arxasınca gələn kişi mat-məəttəl qalır.
Çaşqın vəziyyətdə nə baş verdiyini
öyrənməyə çalışır.
Kitabxanaçı qız əlyazmanı həmin kişiyə
təqdim edir və söz-söhbət də burdan
başlayır.
Mən bu yazını axırdan əvvələ xətm
etmək istədiyim kimi, Kamal Abdulla da nəticəni
başlanğıcda göstərir: zəlzələ, hər
şeyin məhvərindən oynaması, düzənin,
mizanın pozulması və nə baş verdiyini, kimin nə
etdiyini, nə üçün belə olduğunu
axtarış cəhdləri.
O əlyazma da, yəqin, Kamal Abdullanın
"Yarımçıq əlyazma"sıdır...
İkinci şəkil o əlyazmanın içindən
başlayır. Sabir Məmmədov demiş, oyun içində
oyun...
Əlyazma dalınca qiraətxanaya gələn kişi
çevrilib olur Dədə Qorqud. Bayandur xanın hüzurunda
olan Dədə Qorqud dəhşətli xəbər alır:
"Oğuzda casus var". Oğuzda casusun olmasında daha fəlakətli
odur ki, Qazan, Aruz, Bəkil, Şir Şəmsəddin casusu
tutandan sonra onu nə kəsiblər, nə asıblar, nə də
şaqqalayıblar. Bu casus da qırxoynaşlı Boğazca
Fatmanın oğludur. Casusu saldıqları quyudan
çıxarıb deyiblər ki, burdan ilim-ilim it, heç kimə
demə ki, səni biz buraxmışıq... Bunların
hamısını Dədə Qorquda Bayandur xan nağıl
edir və bu məsələni çözmək
üçün kömək istəyir.
Elə bu şəkildən, dialoqlardan, üslubdan məlum
olur ki, pyes dastançılıq intonasiyasından, orijinal mətnin
ab-havasından, ənənəvi "Dədə Qorqud" tərzindən
fərqlidir. Bu formanı isə məhz məzmunun tələbi
kimi qələmə vermək olar. Bunun səbəbini daha
yaxşı anlamaq üçün növbəti şəkillərdə
hadisələrin cərəyanetmə tempinə nəzər
salaq.
Qazan xana Beyrək vasitəsilə xəbər
çatır ki, Oğuzda casus var. Xan bunu eşidib Şir
Şəmsəddini yamanlayır ki, niyə bundan xəbərimiz
yoxdur. Öz stulunu qucağında gəzdirən Şir Şəmsəddinin
ovqatı təlx olur. Qazan xan tük qabından Dədə
Qorqudun tükünü çıxarıb yandırır və
Qorqud onların yanında peyda olur. Oğuzda casus olduğunu Dədə
Qorquda danışandan sonra Qazan xan da kömək diləyir. Dədə
Qorqud casusun kimliyini - onun Boğazca Fatamanın oğlu
olduğunu desə də, Qazan xanı peşman olacağı əməldən
uzaq durmağa, ehtiyatlı olmağa səsləyir.
Digər şəkil Boğazca Fatmanın fəryadı
ilə başlayır. Tamaşadakı ən gözəl
monoloq, dastanın üslubuna uyğun qələmə
alınmış ana fəryadıdır
"Kim dedi ki, bu casusdu?!
Kim dedi ki, bu quduzdu?
Kim dedi ki, dələduzdu?..
Mənim ac-susuz balam...
Mənim uğursuz balam...
Tək balam, casus balam...
Kim dedi ki, mənim balam, göyçək balam
casusdu?!
Casus balam, casus balam... Əfsus balam...
Dodağı cadar balam, susuz balam...
Sus, sus, sus, sus...
Mənim balamcasus?!
Mənim balam aydan arı, sudan duru, dələduz?!"
Boğazca Fatma Dədə Qorqudu səsləyir. Dədə
Qorqud onun yanına gəlib qırxoynaşlı olsa belə,
ana olduğuna, fəryad etdiyinə, həm də xanların
xislətinə bələd olduğuna görə ona
çıxış yolu göstərir, məsləhət
verir.
Kamal Abdulla Dədə Qorqudun vasitəsilə iki istiqamətdə
həlledici situasiya yaradır: bir tərəfdən Qazan
xanın timsalında xanları, bəyləri ehtiyyatlı
olmağa, peşiman olacaqları hərəkətdən
yayınmağa çağırır; bir tərəfdən
də Boğazca Fatmaya balasına qovuşmaq üçün
yol göstərir...
Boğazca Fatma Dədə Qorqudun göstərdiyi yolla
gedir. Qazanın, Aruzun, Bəkilin, Şir Şəmsəddinin
hər biri ilə Fatmanın bir "keçmişi"
olduğuna görə, onlara ayrı-ayrılıqda deyir ki,
casusun - quyuda saxlanılar oğlanın atası sənsən.
Xanlar, bəylər məşvərət edib sonda casusun
azadlığa çıxmağına rəvac verirlər.
Boğazca Fatma arzusuna qovuşur, Dədənin məsləhətindən
xeyir tapır.
Həmin xanlar, bəylər isə Dədə Qorqudun
"peşman olacağınız hərəkət etməyin"
xəbərdarlığını unudurlar.
Tamaşada maraqlı bir məqam var. Dediyim kimi, bu xan-bəylərin
hər birinin Boğazca Fatma ilə aşinalıqları
olduğu üçün onlar Fatmanın evinin
qarşısında zəncirə bağlanmış Bəraqcuq
adlı iti də xatırlayırlar. Sonda sözü bir yerə
qoyub casusu azadlığa buraxanda o yandan Burla xatun əlində
zərcirlə gəlir, "Bəraqcuq, Bəraqcuq, Bəraqcuq"
deyib təşvişlə haray salır, hamı zəncirini
qırıb qaçmış Bəraqcuqun axtarışı
ilə səhnədən çıxır. Dədə Qorqud
sonda dastandan o məşhur sözlərini səsləndirir:
"Hanı dediyim bəy ərənlər?Dünya mənim
deyənlər?
Əcəl aldı, yer gizlədi, -
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya!"
Həəə, indi burda bəzi məsələlər
var. Birinci sevindirici haldır ki, tamaşanın rejissoru Anar
Babalı müəllifi - Kamal Abdullanı yaxşı
tanıyır. Söhbət şəxsi tanışlıqdan,
yoldaşlıqdan getmir. Söhbət müəllifin hadisələrə
yanaşması, yaradıcılıq prinsipləri və nəhayət,
pyesdəki amalı ilə tanışlıqdan gedir.
Tamaşanın quruluşunda xüsusi bir mürəkkəblik,
qeyri-adilik hiss olunmadı, klassik quruluşda idi. Amma məğz
özünü tamamilə qoruyub saxlamışdı. Şir
Şəmsəddinin əlində oturacağı ilə gəzməsi
(o qədər öz mövqeyini qorumağa başı
qarışıb ki, Oğuzda casus var, amma xəbəri yoxdu),
Bəkirlə Aruzun stullarının göydən
asılması (yerlərini bərqərar edə bilmirlər və
bütün mübarizə bundan ötrüdür), Dədə
Qorqudun çomağının bütün səhnələrdə
funksional olması (başlanğıcdakı zəlzələ
çomaq bərkidildiyi yerdən çıxarılanda
baş verdi, növbəti şəkillərdə Dədə
Qorqud əsəbiləşəndə
qarşısındakını oyatmaq üçün
çomağını yerə döyəclədi) və bu
kimi məsələlər uğurlu rejissor
tapıntısı kimi təqdirəlayiqdir. Əsasən də,
aktyoru bu formatda "Dədə Qorqud" ab-havasına
uyğunlaşdırmaq asan deyil. Dastan pafosu, dastan
ağırlığı tamaşaya yad olduğundan aktyor da
oxuduğu, illərdir böyük yazılı abidə kimi dəyərləndirdiyi
əsərin üslubundan çıxmalı idi. Rejissor bu məsələni
də həll edə bilmişdi.
Qayıdaq pyesin özünə... Kamal Abdulla
dialoqları, situasiyaları nə qədər müasirləşdirsə
də, bir mütləq həqiqəti - Dədə Qorqudun
ilahiliyini, övliyalığını, hami ruh olduğunu, əsrarını
və müqəddəs xislətini qoruyub saxlayıb. Dədə
Qorqudun sözündən yayınanda - öz mənfəətinə
görə casusu quyudan çıxarıb azadlığa
buraxanda itin zənciri əlində qalır və ömür
boyu Bəraqcuq deyib iti haraylamalı - o zənciri qırıb
qaçan mənfiləri axtarmalı olursan. Pyesin sonundakı
hissə onu izah edir ki, nə qədər düzgün yox, əyri
yolla gedəcəyik, o qədər də bizi içdən içə məhv
edən casusu bəlamıza çevirəcəyik, bir problem
süni şəkildə bitib digər böyük dərdə
rəvac verəcək.
Bu sonluq həm də pyesin əvvəlindəki zəlzələnin
- dünyanın düzəninin pozulmasının səbəbini
izah edir.
lll
İndi ortaya belə bir sual çıxır: "Bizə
belə "Dədə Qorqud" lazımdırmı?"
Bu sual cavab fikirləşəndə iki fərqli
yanaşma ilə qarşılaşırsan. Əgər "Dədə
Qorqud" dastanının əzəmətini, tarixiliyini,
söz abidəsi kimi dəyərini mühafizə edib o ənənəvi
dastan yanaşmasının tərəfində dururuqsa, onda deyə
bilərik ki, bizə belə "Dədə Qorqud"
lazım deyil. Biz tükü yandırmaqla hardasa peyda olan,
xanların, bəylərin çox rahatlıqla, bəzən məişət
dili ilə danışdığı Dədə Qorqud
görmək istəmirik. Dədə Qorqud qopuz
çalsın, nəsihətnamə oxusun....
Yox, əgər oturub yaşadığımız
dövrü, əsri, ili, ayı, günü nəzərdən
keçirib, zamanın ab-havasına nəzər salıb
müasir tamaşaçı ilə "Dədə
Qorqud" vasitəsilə ünsiyyət qurmağın yolunu
axtarırıqsa, o yol "Casus" tamaşasında göstərilib.
İndi əsnəyən izləyicilər dövrüdür.
Onların yuxusunu qaçırmaq üçün, gərək,
nəsə edəsən, səhnə əsərinin
dinamikasını artırasan. Kamal Abdulla bu günün
tamaşaçısı ilə dil tapmaq istəyib və
tapıb da...
Həm də əvvəl qeyd etdiyim məzmunun
formanı şərtləndirməsi məsələsinə
fikir vermək lazımdır. Xanların, bəylərin öz
çıxarları üçün Oğuzun gələcəyini
təhlükəyə atmasından bəhs edən,
yazıçının təxəyyülünün məhsulu
olan əsər necə dastan dilində, qiyafəsində,
intonasiyasında verilə bilər? Ümumiyyətlə, bu
tabulardan qaçdığımız zamanda kim kimin
yaxasından yapışa bilər?..
lll
Tamaşanı izlədikdən sonra bəzi şəxslərin
fikrini soruşdum. Maraqlıdır ki, onların arasında
"Bizə belə "Dədə Qorqud" lazım
deyil!" deyənlər də oldu. Bəlkə də, elə
bu yazının yazılma səbəbi də budur.
Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid
deyir: "Ümumiyyətlə, bölgə teatrlarının
paytaxtda tamaşalarla çıxış etməsi çox
yaxşı təşəbbüsdür. "Casus" da
maraqla qarşılandı. Vaxtilə Kamal Abdullanın
"Yarımçıq əlyazma" romanı barədə
fikirlərimi bölüşmüşdüm; tarixə ironik
münasibət, mifik qəhrəmanların
reallaşdırılması, onların orijinal obrazının
yaradılmasını qeyd etmişdim və postmodern ədəbiyyat
nümunəsi kimi təqdir etmişdim. "Casus" da bu
nöqteyi-nəzərdən Kamal Abdullanın tarixə
münasibətini, dünyagörüşünü əks
etdirir. Kamal Abdullanın ideyası və rejissorun öz
yozumları ilə bərabər, maraqlı səhnə əsəri
ərsəyə gəlib".
Yazıçı-publisist Aysel Əlizadə də təəssüratını
bölüşdü: "Bölgə teatrlarının
Bakıda tamaşa nümayiş etdirməsi çox gözəl
təşəbbüsdür. Bütünlükdə, layihənin
özü olduqca önəmlidi. Mart ayına kimi davam edəcək
bu silsiləyə hər kəsi dəvət edirəm. Lənkəran
teatrı aktyor oyunu ilə diqqətimi çəkdi. Sadə,
pafossuz oyunları məni hətta təəccübləndirdi,
klassik intonasiya yox idi. Baş rolun ifaçısı olan
Qızılgül Quliyeva öz ağır, çətin obrazının
öhdəsindən spesifik gəlirdi. Yüngül əxlaqlı
qadını həm də acıları, təbiiliyi və incə
hiyləsi ilə görə bilirdik. Kamal bəyin sarkazmı
da həmişəki kimi qabarıq idi. Qəhrəmanlıq
eposu gah komikləşdirilir, gah ciddiləşdirilirdi. Mənəvi
boşluqları görürdük. Əxlaqsız sayılan
qadını bəylərdən daha ağıllı təqdim
edib. Və mən tamaşadan sonra ona bu sualı verdim:
"Boğazca Fatmanı daha ağıllı göstərmisiz?"
Elədir, dedi. Qadın ümumiyyətlə daha
ağıllıdır. Tək qadın bir oğlan doğub
adamı yox, arxası yox və bu oğlanı casus kimi edam etmək
istəyirlər. Qadın bəylərlə bir-bir
görüşüb "sənin oğlundu, xilas elə"
deyir. Oğlunu edamdan qurtara bilir. Bəylər anaya
"oğlunu da götür buralardan get" deyirlər vəonu
buraxmaq qərarı verirlər. Onların hər biri, əslində,
casusdan yox, öz gizli günahından qurtulmaq istəyirlər.
Artıq fərqi yoxdu ki, bu adam gerçəkdən casusdur, ya
yox. Əsas odu öz sirrinin üstü açılmasın.
Klassik xeyir-şər, haqsızlıq-ədalət,
ağıl-axmaqlıq paralelləri var idi. Kamal Abdulla
bütün həyatını elmə, ədəbiyyata, mədəniyyətə
həsr edən böyük yazıçıdı,
seçiləndi. Uğurlar diləyirəm!"
lll
Qayıdaq yazının əvvəlindəki məsələyə.
Kamal Abdulla aramızda casusun olduğunu deyir. Hanı casus? Onu
necə tapaq? Bəlkə, elə teatr salonundadı, zalda əyləşib?
Bəlkə, o vaxt tamaşanın ilk, uğursuz taleyinə
bais olanlardır casus? Bilmirəm. Kamal Abdulla casusun yerini bilir,
amma demir... Niyə desin? Elə hər şeyi
yazıçı deməlidir? Bunu da özümüz tapaq...
Elə Kamal Abdulla yaradıcılığının
məxsusiliyi də budur: hər şeyi özü demir, yozumlar
və nəticələr oxucunun öhdəsinə
buraxılır.
Bir gün casusu tapmaq diləyi ilə...
Nadir YALÇIN
525-ci qəzet .- 2024.- 19 noyabr(№210).-S.12;13.