Ən böyük təltifimiz
Esse
...Biz o qətnamələri xatırlamaqdan da çox
yorulmuşduq, xatırlatmaqdan da. Söhbət BMT Təhlükəsizlik
Şurasının işğal olunmuş Azərbaycan
torpaqları ilə bağlı 1993-cü il qətnamələrindən
(822, 853, 874, 884) gedir...
Siftə-siftə ümid etmişdik, çox
inanmışdıq ki, böyük-böyük dövlətlərin
(ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin) daimi təmsil
olunduğu mötəbər bir qurum aşkar təcavüzə
qiymət verirsə, əməl yiyəsi də olacaq, Ermənistan
durdurulacaq. Ancaq bu qətnamələrin birincisindən - Kəlbəcər
işğal olunanda qəbul edilmiş 822-ci qətnamədən
sonra Azərbaycan daha 5 rayonunu itirdi, bir milyona yaxın
soydaşımız didərgin düşüb zülmə
düçar oldu və zillət 30 ilə yaxın davam etdi.
...Qarabağın Azərbaycandan qoparılması yolu
1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi
İcraiyyə Komitəsinin dekreti ilə Dağlıq
Qarabağ Muxtar Vilayəti yaradılanda
açılmışdı.
1988-ci il fevralın 13-dən Dağlıq Qarabağda
muxtar vilayətin Ermənistana verilməsi tələbi ilə
separatçı hərəkat başladı. Fevralın 20-də
Dağlıq Qarabağ Muxtar Vilayətinin dövlət hakimiyyəti
orqanı - Xalq Deputatları Soveti SSRİ, Azərbaycan və
Ermənistan hakimiyyətləri qarşısında vəsatət
qaldırdı. Vəsatətdə vilayətin Ermənistana
birləşdirilməsi istəyi yer aldı, bununla
separatçı hərəkat açıq hərbi təcavüzə
çevrildi.
1989-cu il yanvarın 12-də SSRİ Ali Sovetinin qərarı
ilə Dağlıq Qarabağ Azərbaycanın idarəçiliyindən
çıxarılaraq birbaşa Moskvaya bağlandı,
başında Arkadi Volskinin dayandığı Xüsusi
İdarəetmə Komitəsi yaradıldı.
Həmin il noyabrın 28-də Xüsusi İdarəetmə
Komitəsi Azərbaycan xalq hərəkatının təzyiqləri
nəticəsində ləğv edildi, 1990-1991-ci illərdə
bölgə Bakının yaratdığı Respublika Təşkilat
Komitəsi (rəhbəri - Viktor Polyaniçko) vasitəsilə
idarə olundu.
1991-ci ilin avqustunda SSRİ-nin dağılması
sürətləndi, ayın 30-da Azərbaycan parlamenti dövlət
müstəqilliyinin bərpasına qərar verdi.
1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ
erməniləri bölgəni "müstəqil dövlət"
elan etdi, bunun ardınca müharibə alovlandı, Dağlıq
Qarabağda azərbaycanlıların yaşadığı kəndlərin
işğalı başlandı.
Həmin il noyabrın 26-da Azərbaycan Ali Soveti
Dağlıq Qarabağ Muxtar Vilayətini milli ərazi qurumu
kimi ləğv etdi, ancaq ölkədəki hakimiyyətsizlik
ucbatından vilayəti cilovlamaq mümkün olmadı.
1992-ci il fevralın 26-na keçən gecə
Xocalı soyqırımı törədildi, şəhər
yer üzündən silindi. Mayda namusumuz Şuşa
işğal olundu, ardınca Laçın əldən getdi.
Bundan sonra uzun çəkməyən xırda zəfərlər
olsa da, 1993-cü ilin fevral ayından başlayaraq erməni təcavüzü
genişləndi, yazda Kəlbəcər, yayda Ağdam,
Füzuli, Cəbrayıl, Qubadlı, payızda Zəngilan
düşmən əlinə keçdi.
1994-cü ilin mayında atəşkəs sazişi
bağlananda Azərbaycanın altıda biri işğal
olunmuşdu...
2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın
Silahlı Qüvvələri əks-həmlə əməliyyatları
zamanı Ağdərə, Füzuli və Cəbrayıl
istiqamətində bəzi məntəqələri
işğaldan azad etdi, 2018-ci ilin mayında Naxçıvan
Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi
və ətrafındakı yüksəkliklər azad olundu,
ancaq bu qələbələr yaraya məlhəm deyildi...
Hamı görürdü ki, Ermənistanla
danışıqlar heç bir nəticə verməyəcək.
2007-ci ildə beynəlxalq vasitəçilərin -
ATƏT-in Minsk qrupu həmsədrlərinin (Rusiya, Fransa,
ABŞ) Azərbaycan və Ermənistana təqdim etdiyi təkliflər
(Madrid prinsipləri) Dağlıq Qarabağ bölgəsi ətrafındakı
rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə
qaytarılmasını, bölgənin yekun statusunun yerli səsvermə
ilə müəyyənləşməsini nəzərdə
tuturdu.
Madrid prinsipləri əsasında sülh sazişi
imzalansa, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan
rayonları boşaldılacaq, həmin rayonlar bölgəyə
sülhməramlı kontingent yerləşdiriləndən
sonra Azərbaycana təhvil veriləcək, Azərbaycan azad
olunmuş ərazilərə hərbi qüvvələr yeritməmək
öhdəliyi götürəcəkdi.
Madrid prinsiplərində Kəlbəcərdən erməni
silahlı qüvvələrinin ilk mərhələdə qismən
çıxarılacağı, rayonun bir müddət beynəlxalq
nəzarətdə olacağı, azərbaycanlı əhalinin
ora sülh sazişi qüvvəyə minəndən 5 il sonra
qayıda biləcəyi vurğulanırdı.
Münaqişə Madrid prinsipləri ilə həll
olunsa, Laçın rayonunun bir hissəsi Dağlıq
Qarabağı Ermənistanla birləşdirən müəyyən
ərazi kimi ayrılacaq, Dağlıq Qarabağın yekun
statusu müəyyənləşənə qədər həmin
ərazi Dağlıq Qarabağ hakimiyyətinin nəzarətində
qalacaq, aralıq dövrdə Dağlıq Qarabağ
özünə aid məsələlərin həlli ilə
bağlı xarici əlaqələr qurmaqda sərbəst
olacaq, o cümlədən, beynəlxalq təşkilatların
işində iştirak edə biləcəkdi.
Madrid sənədinə əsasən, Dağlıq
Qarabağın yekun statusu yerli səsvermə ilə həll
olunmalı idi.
Rəy sorğusuna çıxarılacaq sualın məzmununa
məhdudiyyət qoyulmayacaqdı, yəni Dağlıq
Qarabağın müstəqil dövlət olması və ya
Ermənistana birləşdirilməsi variantları da
sorğuya salına bilərdi.
Madrid prinsipləri həyata keçməmiş
qaldı. Millətimizin iradəsi üstün gəldi.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın
apardığı müharibə və savaşdan sonrakı
danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində
Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər,
Laçın rayonları tam, Şuşa, Xocavənd,
Xocalı, Ağdərə rayonları qismən azad olundu.
2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi,
Xocalı, Ağdərə, Xocavənd şəhərləri,
Şuşa, Xocalı, Xocavənd və Ağdərə
rayonlarının bir hissəsinə nəzarət edən
işğalçı rejimə qarşı hərbi əməliyyata
başladı, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi
götürdü, sentyabrın 28-də özünü
buraxdı.
2024-cü il mayın 24-də Ermənistan Qazaxın
Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli,
Qızılhacılı kəndlərindən çəkildi.
Bu il noyabrın 12-si Bakıda BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasında (COP29)
çıxış edən Prezident İlham Əliyevin dediyi
kimi, "Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən
30 illik işğalına, etnik təmizləməyə və
bir milyon azərbaycanlının öz doğma
torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin
edən iqtisadiyyata və müstəqil siyasətə malik
güclü ölkəni qura bildik. Dörd il öncə biz
İkinci Qarabağ müharibəsində tarixi Qələbəni
qeyd etdik. Bir il əvvəl biz BMT-nin Nizamnaməsinə, beynəlxalq
hüquqa və BMT-nin Təhlükəsizlik
Şurasının 30 il kağız üzərində
qalmış qətnamələrinə uyğun olaraq,
suverenliyimizi tam bərpa etdik. Biz həmin qətnamələri
özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti
bərpa etdik və Ermənistanın işğalına son
qoyduq".
Bəli, düşmən və onun havadarları bir
qarış torpaq qaytaran deyildi. Zor qaçılmaz idi.
Şəhidlərimizə, qazilərimizə, qətiyyətli
addım atmaqdan çəkinməyən komandana borcluyuq.
Bu inanılmaz uğura biz millətimizin
qanı-canı bahasına nail olduq. Bu, 300 ili döyən Vətən
müharibəsində qələbədir.
Erməni təcavüzü 1988-ci ildə
başlayıb 1991-ci ildən hərbi işğala dönən
müharibədən çox əvvələ gedib
çıxır. 1918-1920-ci illərin savaşı var. 1905-ci
ildə də savaş olub. Qarabağ xanlığının
qurulduğu 1740-cı illərin, hətta ondan irəlinin
toqquşmaları da var.
İndi yurdumuz azaddır. Ruhumuz da. Mən Birinci Qarabağ
müharibəsinin qazisiyəm. Böyük fəxrlə deyirəm
ki, oğlum Hüseyn Ələkbərli də qazidir. Oğlum
baş leytenant, tank bölüyünün komandiri kimi Vətən
müharibəsinin ilk günlərində Ağdərə
istiqamətində düşmənin ön cəbhəsinin
yarılmasında iştirak edib, ağır yaralanıb.
"Cəsur döyüşçü",
"Suqovuşanın azad olunmasına görə", "Vətən
müharibəsi iştirakçısı" medalları ilə
təltif olunub.
Ancaq ən böyük təltifimiz üstündə
inamla gəzdiyimiz Vətən torpağı, o cümlədən
bizim ata yurdumuz Şuşadır...
Elxan ƏLƏKBƏROV
Ehtiyatda olan polis mayoru, müharibə veteranı
525-ci qəzet .- 2024.- 19 noyabr(№210).-S.11.