Misirdə  Azərbaycan klassik musiqisi axşamı  

 

Cari ilin 21 noyabr tarixində Misir-Britaniya Universitetində Şuşa şəhərinin 2024-cü il üçün İslam Dünyasının Mədəniyyət Paytaxtı elan olunması ilə əlaqədar Misirin dövlət və ictimai xadimlərinin və diplomatik korpusun iştirakı ilə Azərbaycan klassik musiqisi gecəsi keçirilib.

525.az xəbər verir ki, səfirliyin adıçəkilən universitetlə birgə təşkil etdiyi tədbirdə musiqi incilərimiz Misir Filarmoniya Cəmiyyətinin orkestri tərəfindən təqdim olunub.

Tədbiri giriş sözü ilə açan Misir-Britaniya Universitetinin rektoru professor Məhəmməd Loutfi (Mohamed Loutfi) çıxışında belə bir tədbirin onun rəhbərlik etdiyi Universitetdə keçirildiyindən məmnunluğunu ifadə edərək, Misir-Britaniya universiteti ADA Univeristeti ilə birlikdə bur neçə gün öncə Bakıda keçirilən COP-29 tədbirlərin iştirak etdiyini bildirib. Sonra səfir Elxan Poluxov öz çıxışında deyib ki, konsert 2024-cü ildə Şuşa şəhərinin İslam Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsinə və Azərbaycanın hazırda davam edən COP 29-a ev sahibi seçilməsinə həsr olunub.

Eyni zamanda Azərbaycanla Misir arasında əlaqələrin ildən ilə genişləndiyini bildirən səfir bu il Azərbaycanın Qahirədə səfirliyinin açılmasının 30 illiyinin qeyd edildiyini diqqətə çatdırıb. Münasibətlərin bu səviyyəyə çatması iki ölkə siyasi liderlərinin müdrik rəhbərliyi sayəsində mümkün olmuşdur. Diplomat qeyd edib ki, ən yüksək səviyyədə qarşılıqlı səfərlər, tələbə mübadiləsi, konsertlər, sərgilərin təşkili, habelə biznes və idman sahələrində əməkdaşlıq – bütün bunlar Azərbaycan və Misirin yaxın tərəfdaşlar və dostlar olduğunu bir daha göstərir. Belə tədbirlərin Azərbaycan mədəniyyətini və musiqisini Misir auditoriyasına tanıtmaq üçün əla fürsət olduğunu bildirən səfir tədbirdə iştirak etmək üçün Qahirədə səfərdə olan dünya şöhrətli bəstəkar və dirijor Tofiq Bakıxanovu iştirakçılara təqdim edib. Çıxışının sonunda tədbirin təşkilinə şərait yaratmış Britaniya Universitetinə və idarə heyətinə öz təşəkkürünü bildirərək musiqi incilərindən zövq almağa dəvət edib.

Konsertdə Qara Qarayevin “Leyla və Məcnun”, Tofiq Bakıxanovun Violonçel və orkestr konserti və Fikrət Əmirovun “Şur” simfonik muğamı səslənib.

Azərbaycan musiqiləri iştirakçılar tərəfindən maraqla qarşılanıb və yeli mətbuat tərəfindən geniş işıqlandırılıb.  

 

525-ci qəzet.- 2024.- 23 noyabr(¹214).- S.9.