Azərbaycan "yaşıl enerji" siyasətində lider mövqeyinə yüksəlir

 

Azərbaycanın enerji strategiyasında bərpaolunan və "yaşıl enerji" əsasında istehsal edilən elektrik ixracı ölkənin əsas prioritetlərindəndir. Təsadüfi deyil ki, ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən, mühüm vəzifə olaraq əsas xətt kimi qəbul olunub. 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılmasının hədəf kimi müəyyənləşdirilməsi də bunu bariz nümunələrindəndir.

Energetika nazirinin müavini Orxan Zeynalov bildirir ki, Azərbaycan enerji sektorunu daha çox bərpa olunan mənbələr hesabına şaxələndirir. Onun sözlərinə görə, Azərbaycan bərpaolunan enerjiyə keçid imkanlarından səmərəli istifadə etmək istəyir: "Biz ilkin olaraq 2030-cu ilə qədər, bərpaolunan mənbələrin quraşdırma gücündə payının 30 faizə çatdırılmasını hədəfləyirdik. Ancaq indiki keçid tempini saxlayaraq, 2030-cu ilə qədər 35 faizə, 2035-ci ilə qədər isə 40 faizə çatdıracağıq. Bərpa olunan enerji layihələri çərçivəsində təqribən 2,5 milyard ABŞ dolları investisiya qoyuluşu proqnozlaşdırılır. Biz 2030-cu ilə qədər 7 giqavat "yaşıl enerji" istehsalı hədəfinin reallaşdırılmasını və bunun 5 giqavatının üç yaşıl interkonnektor Xəzər dənizi-Qara Dəniz-Avropa, Azərbaycan-Mərkəzi Asiya-Avropa və Azərbaycan-Türkiyə-Avropa vasitəsilə ixrac etməyi planlaşdırırıq. Həmçinin Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda "yaşıl enerji" zonalarını işə salmışıq. bu da ümummilli enerjinin xalis sıfıra keçidi üçün əsas olacaq".

Energetika nazirinin müavini Elnur Soltanov deyir ki, Azərbaycan "yaşıl enerji"yə keçiddə mühüm addımlar ataraq, regional və qlobal enerji siyasətində lider mövqeyinə yüksəlir. Transxəzər layihəsi "yaşıl enerji" dəhlizlərinin yaradılmasında xüsusi əhəmiyyət daşıyır və Azərbaycanın yeni enerji infrastrukturu qurmaq məqsədini güdür: "Regionda qalıq yanacaqdan elektrik enerjisi istehsal edən şəbəkələrin idarə olunması ilə bağlı bir çox sual mövcuddur. Hazırda 50 faizdən çox fosil enerji ilə çalışan enerji şəbəkələrinin idarə edilməsinə dair beynəlxalq təcrübə kifayət qədər inkişaf etməyib. Buna baxmayaraq, Azərbaycanın qaz və neft infrastrukturu sahəsindəki geniş təcrübəsi, eləcə də inkişaf etmiş maliyyə və mühəndislik bazası bu keçid prosesində ölkəyə əhəmiyyətli üstünlük təmin edir".

E.Soltanovun dediyinə görə, Azərbaycanın bu təcrübəsinə əsaslanaraq, həm Avropa, həm də Mərkəzi Asiya ilə "yaşıl enerji dəhlizləri"nin qurulması istiqamətində işlər sürətlə davam etdirilir: "Transxəzər Enerji Kəməri bəlkə də ilk "yaşıl enerji" kabel xətti olacaq və bu layihənin reallaşması Azərbaycanın regional enerji siyasətində mühüm bir dönüş nöqtəsi təşkil edəcək".

İqtisadçı-ekspert Elşad Məmmədovun sözlərinə görə, bu gün "yaşıl enerji" məsələsi dünya iqtisadiyyatında mövcud olan trendlərdən biridir. Bir tərəfdən "yaşıl energetika" alternativ və bərpa olunan və ətraf mühitə zərər verməyən yanaşmanı özündə ehtiva edir. Digər tərəfdən isə enerji qoruyucu texnologiyalar tətbiq edilməklə kifayət qədər ciddi şəkildə ətraf mühitə zərərin verilməsinin qarşısı alınır. Məsələyə bu iki istiqamət üzrə yanaşmaq lazımdır: "Yaşıl enerji" siyasəti bir çox ölkələrdə çox irəli gedib. Bu istiqamətdə həm kifayət qədər nəticələr əldə olunub, həm də yaxın dövr, yəni 2030-2040-cı illər üçün böyük hədəflər qarşıya qoyulub. Müəyyən böyük neft şirkətləri belə artıq "yaşıl enerji" sahələrinə investisiya transfer edirlər. Azərbaycanın bu şirkətlər ilə münasibətləri uzun tarixi inkişaf yolu keçib. Həmin şirkətlərin gələcək inkişaf planlarında Azərbaycanın da payının olması, yaxud onların inkişaf strategiyalarına Azərbaycanın da daxil edilməsi çox vacib məqamdır. Artıq həmin şirkətlər də "yaşıl enerji" sahəsinə transformasiya edirlərsə, biz də bu bazardan pay almalıyıq. İnvestisiyanın ölkəyə axınının təmin edilməsi məqsədilə artıq hansısa formada "yaşıl enerji"nin Azərbaycanda inkişaf etdirilməsi, istehsal imkanlarının genişləndirilməsinə şərait yaratmalıyıq. Bunun müsbət tərəfləri kifayət qədər çoxdur. Burda söhbət təmiz və bərpa olunan enerjidən, ekologiyaya daha az zərərin vurulması və təbii resursların daha az istismarından gedir".

Millət vəkili Xanlar Fətiyev bildirir ki, Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdəndir: "Ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən, külək enerjisi üzrə 3 min meqavat, Günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. Bu, rəsmi rəqəmlərdir və potensialına görə çox yüksək qiymətləndirilir".

Qarabağın və Şərqi Zəngəzurun "yaşıl enerji" zonası olacağını vurğulayan Xanlar Fətiyev deyib: "Azərbaycanın bərpaolunan enerji istehsalı siyasətinin strateji əsası dövlətimiz tərəfindən artıq müəyyənləşdirilib. Təsadüfi deyil ki, dövlətimizin başçısı tərəfindən təsdiqlənən "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" sənədində 5 milli prioritetdən biri olan təmiz ətraf mühit və "yaşıl artım" əsas hədəflərdəndir. 2030-cu ilədək Azərbaycan karbon emissiyasını 35 faizə yaxın azaltmaq niyyətindədir. Əsrin ortalarına qədər 1990-cı illə müqayisədə karbon emissiyasını 40 faizə qədər azaldaraq beynəlxalq istiləşmənin təhlükəli nəticələrindən qorunmaq üçün dünya alimləri tərəfindən müəyyən edilən səviyyəyə endirməyi qarşısına məqsəd qoyub. Son illərdə dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin əsas məqsədlərinə neft sektorundan asılılığın azaldılması və enerji təhlükəsizliyinin təmin edilməsi ilə bərpaolunan enerji mənbələrinin rolunun artırılması da daxildir. Bu məqsədlərə nail olmaq üçün Azərbaycan "yaşıl enerji"yə tam keçidə hazırlaşmaqdadır. Ölkəmizdə bu istiqamətdə həyata keçirilən layihələr və qarşıya qoyulan məqsədlərə doğru inamlı addımlar dünya ictimaiyyətinin də nəzərindən kənarda qalmayıb. Ölkəmizin COP29-a ev sahibi kimi seçilməsi, həm də Azərbaycanın qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət olaraq özünü tanıda bildiyini və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini göstərir".

Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycanın reallaşdırmaqda olduğu layihələr onu deməyə əsas verir ki, yaxın zamanlarda ölkəmiz təkcə neft-qaz ixracatçısı kimi deyil, həm də Avropaya "yaşıl enerji" ixrac edən bir dövlət kimi öz missiyasını yerinə yetirəcək. Bu istiqamətlərdə işlərə start verilib və artıq Azərbaycan Gürcüstan, Macarıstan və Rumıniya ilə Qara dənizin dibi ilə sualtı kabel vasitəsilə "yaşıl enerji"nin Avropaya ixracı layihəsini icra etməkdədir. COP29-un Azərbaycanda keçirilməsi də bu prosesin davamıdır və ölkəmizin "yaşıl enerji"yə keçidində, həmçinin bərpaolunan enerji mənbələrinin inkişafı ilə bağlı qarşısına qoyduğu məqsədlərə çatmasında böyük rol oynayacaq. Təbii ki, bu beynəlxalq konfransda dünyanın "yaşıl enerji"yə keçidi ilə bağlı mühüm qərarlar da qəbul ediləcək. Azərbaycan Avropaya "yaşıl enerji"nin ixracı ilə bağlı layihənin reallaşdırılması üçün mühüm tərəfdaşlar cəlb edə biləcək ki, bu da gələcəkdə ölkəmizin iqtisadi baxımdan inkişafına dəstək olacaq. Bu gün Azərbaycanın alternativ enerji mənbələri üzrə təsdiqlənmiş böyük potensialının olduğunu nəzərə alsaq, bu kimi vacib layihələrin həyata keçirilməsi üçün beynəlxalq maliyyə kanallarının açılması ilə böyük sərmayələrin yatırılması yeni "yaşıl enerji" əsrinin başlanğıcına start verməyə imkanlar açacaq: "COP 29 çərçivəsində Azərbaycan yaşıl iqtisadiyyatın inkişaf etdirilməsində maraqlı olan dövlət kimi həm də maliyyə təminatından əlavə "yaşıl enerji" sahəsində lider sayılan inkişaf etmiş ölkələr tərəfindən Azərbaycana texnoloji transferin reallaşmasına da nail ola bilər. Belə ki, ölkəmizdə "yaşıl enerji"nin inkişaf etdirilməsinə olan maraq və münbit şərait təbii ki, digər bu sahədə ixtisaslaşmış dövlətlərdən müasir texnologiyaların Azərbaycana gətirilməsinə və quraşdırılmasına, birgə əməkdaşlığa geniş zəmin yaradacaq. Təbii ki, belə layihələrin reallaşdırılması, yeni "yaşıl enerji" istehsalını həyata keçirən qurğular quraşdırıldıqca, istismara verildikcə bu sahədə çalışacaq mütəxəssislərin də formalaşdırılmasına ehtiyac duyulacaq və bu da təbii ki, yeni ixtisaslar, yeni iş yerlərinin yaranmasına səbəb olacaq. Beləliklə, Azərbaycan bərpaolunan və "yaşıl enerji" əsasında istehsal edilən elektrik enerjinin sayəsində karbon emissiyasını azaldaraq bəşəriyyətə öz töhfəsini verəcək. Həm də ölkədə bərpaolunan enerjinin payını 30 faizə çatdırmaqla digər enerji mənbələrinə qənaət edəcək, o cümlədən, "yaşıl enerji" ixracatçısına çevrilməklə ölkənin iqtisadi inkişafına nail olacaq".

 

Sevinc QARAYEVA

525-ci qəzet .- 2024.- 20 noyabr(№211).-S.15.