Cinayət və cəza  

 

 

(Əvvəli ötən çərşənbə sayımızda)

 

1947-ci ildə Britaniya imperiyası, Hindistanın öz müstəqilliyini elan etməsi ilə, ABŞ-ın yaranmasından sonra ikinci ağır zərbə aldı. 1960-cı illərdə Afrikada milli-azadlıq hərəkatı geniş vüsət aldı və qitədə çox sayda müstəqil dövlətlər meydana gəldi.

İmperiyalar heç də müstəmləkələrinin azad olması yolu ilə ondan qopmasını istəmirdilər və çoxlu qan axıtmaqla onları ram etməyə çalışırdılar. 1895-1898-ci illərdə Britaniya generalı Kitçenerin komandanlığı altında ingilislər sudanlıların Maxdi hərəkatını kütləvi qırğın vasitəsilə qanda boğdular. 1899-1902-ci illərdə gedən ingilis-bur müharibəsində britaniyalılar qalib gəlməklə, Cənubi Afrika əhalisinin mübarizəsini yatıra bildilər.

İmperiyalar tarix boyu böyük miqyaslı cinayətlərin, dəhşətli müharibələrin mənbəyi rolunu oynamışlar. İmperiyalar xalqların qanını böyük ölçüdə axıtmaqla meydana gəldiyi kimi, onların sonuna hökm verən axırıncı müharibədə məğlub olmaqla, dəfn edildikləri öz qəbirlərini tapmalı olmuşdular. I Dünya müharibəsi dörd imperiyanın dağılmasına, onların bətnindən çıxan çox sayda yeni dövlətlərin yaranmasına səbəb olmuşdu. Avstriya-Macarıstan, Osmanlı, Almaniya imperiyaları təkcə Antantaya məğlub olmadılar, həm də əvvəlki varlıqlarının mövcudluğunun sonunun şahidi olmaqdan yayına bilmədilər. Rusiya imperiyasını isə 1917-ci ildəki inqilablar məhv etdi.

Yazıda imperiyalara belə geniş yer ayrılması heç də təsadüfi deyildir, onlar adətən işğal müharibələri aparmaq nəticəsində yaranır, çoxlu qan axıdır, permanent münaqişə mənbəyinə çevrilirlər. Müstəmləkə xalqlarına qarşı onlar ağır cinayətlər törədirdilər, bu ölkələri açıq səma altında olan nəhəng həbs düşərgələrinə döndərirdilər. Belçika kralı II Leopild Konqoda (indiki Zair respublikası) heveya şirəsini toplamaq üçün afrikalılara elə gündəlik norma qoymuşdu ki, bu, adamları taqətdən salırdı. Kral, meşədə normada nəzərdə tutulan həcmdə qiymətli şirə toplaya bilməyənləri, qollarını kəsməklə cəzalandırırdı. Belçika plantatorlarının vəhşiliyi hədd tanımırdı. Brüsseldə zəncilər ekzotik heyvanlar kimi sərgilərdə nümayiş etdirilirdi.

Adətən fərdin, bir adamı qətlə yetirməsi ən ağır cinayət hesab olunur, imperiya isə müstəmləkəsi olan ölkələrdə yüz minlərlə insanı, yalnız itaətdən boyun qaçırdığına görə məhv edirdilər. Ona görə də onlar ən ağır cəzaya layiqdirlər. Təəssüf ki, onların cinayəti cəzasız qalır, qırğın təşkil etdiklərinə görə imperatorların boynu vurulmur. Əgər ədalət zəfər çalsaydı, imperializm də öz vəhşilikləri üçün məsuliyyət daşımalı olardı, onların hamısı qanun qarşısında cavab verərdi. Beynəlxalq Cinayət Məhkəməsi ayrı-ayrı müharibə qızışdıranları cəzalandırdığı halda, imperiyaların öz müstəmləkələrindəki əsl mütəşəkkil cinayət qruplarının üzvləri barədə indinin özündə də heç də kəskin mövqe tutmur. Böyük ədalətsizlik ondadır ki, geniş miqyaslı cinayət cəzasız qalır və bu, başqalarını da qan axıtmağa qızışdırır.

Dinlər yaranandan insanları birliyə səsləyirdi. Ona görə də bütün dinlər daha böyük icmadan ibarət olan şəhərlərdə meydana gəlmişdi. Din qətllərin, qan axıtmanın qatı əleyhdarı idi. Xristian dininə itaət edən adamlar İisusun əsgərləri olduğundan, onlar silahdan istifadə etməklə vuruşmamalı idilər. Lakin Səlib yürüşləri Sahibin qəbrini xilas etmək pərdəsi altında gedən əsl işğalçılıq müharibələri idi və çox sayda müsəlmanların qanını axıtmışdı.

Xristian dini meydana gələndə ona inanc gətirənlər də təqib olunmuş, öldürülmüşdülər. Apostollar Pyotr və Pavel Romada edamla qətlə yetirilən ilk şəhidlər olmuşdular. Yalnız imperator Konstantin 330-cu ildə xristianların təqibinə son qoymuş, dini icmaların öz ibadətlərini sərbəst icra etmələrinə icazə vermişdi. Lakin xristian dini yalnız IV əsrin sonunda Romada dövlət dini elan olunmuşdu. Bundan xeyli əvvəl, 313-cü ildə bu din artıq Qafqaz Albaniyasının dövlət dini idi. Ermənilər isə qədim alban kilsələrini öz adlarına çıxaraq, guya onların Qriqoryan dininə məxsus olduğunu iddia etməklə, çox sayda olan dini məbədləri saxta yolla mənimsəmək istəyirdilər.

İspaniyada XV əsrdə və sonralar inkvizisiya tüğyan edirdi. XVI əsrdə İngiltərədə əvvəlcə protestantlar, sonra isə katoliklər sərt təqiblərə məruz qaldılar. "Qanlı" adını daşıyan kraliça Mariya Tüdor protestantları edam etdirirdi, onun kiçik bacısı kraliça I Elizabet də katoliklərə qarşı sərt mübarizə aparırdı. Çünki katolik dünyası kraliça Elizabeti öldürmək barədəki çağırışla çıxış etmişdi. Şotlandiya kraliçası Mariya Stüart isə İngiltərədə əgər hakimiyyətə gəlsəydi, protestantların vəziyyəti daha ağır ola bilərdi.

Oliver Kromvel isə 1649-cu ildə kral I Çarlzın boynunu vurduqdan sonra, Şimali İrlandiyanın Droqheda şəhərində 20 min katolik rahibin qırğınına göstəriş vermişdi.

Hitler isə irqi və dini ayrı-seçkiliyi əsas götürərək, arilərin aliliyini həyata keçirmək üçün yəhudilərə qarşı Holokost adlanan geniş miqyaslı genosid həyata keçirmişdi. İsrail isə öz xalqının bədbəxtliyinə görə Hitlerə və alman nasistlərinə nifrət etməklə yanaşı, indi Qəzzədə ərəbləri qırğına məruz qoymaqdan çəkinmir.

İslam dini xristianlıqdan fərqli olaraq kütləvi qırğınlar tədbiri keçirməmişdir. Təəssüf ki, islamçılar çox hallarda terrordan geniş istifadə edirlər. 2001-ci ilin 11 sentyabrında Üsamə ben Ladenin xarabalıq "cəngavərləri" Nyu-Yorkda "Twin" - "Əkizlər" adlanan Ticarət Mərkəzinin iki nəhəng binasını partlatmışdılar, burada həm də xeyli insan tələfatı baş vermişdi. Teokratik dövlətlərdə insan haqlarına riayət edilməsinə məhəl qoyulmur. Səudiyyə Ərəbistanında əxlaq polisi günahsız adamları namaz vaxtı yalnız məscid əvəzinə, küçədə olduqlarına görə şallaqla qamçılayırdılar. İranda hicabı örtməyə düzgün əməl etməyən qadınlar nəinki cəzalandırılır, hətta həbs edilirlər. Dinlər yaxşı nümunə göstərmək əvəzinə, iyrənc əməllərə də əl atırlar.

Dustaqxanalar və orada cəza çəkənlər

Dustaq edilənlərin və müharibə əsirlərinin saxlandıqları dustaqxana sakinlərinin psixoloji vəziyyətinin öyrənilməsinə nəzər salmaq maraq doğurmaya bilməz. Örtülü divarlar arasında olanlara bu institutun necə təsir göstərdiyini araşdırmaq heç də faydasız deyildir. Burada diqqət rolların, qaydaların, simvolların, şəxsi yaşayış şəraitinə və situasiya dəyişikliklərinə həmin fərdlər tərəfindən necə dözmələrinin, onları dəf etmələrinin öyrənilməsi baş verir. Bir neçə il ərzində fərdlilikdən uzaqlaşmış adamların vandalizmə və qeyri-humanist xüsusiyyətli hərəkətlərə meyl etməsi də diqqəti cəlb etməmiş qalmır. Onlar özlərindən asılı olmayaraq, öz şəxsi kimliyinin anonim edən situasiyalara atılırlar. Bu adamların  müxtəlif antisosial hərəkətlərə yol verdikləri eksperiment vaxtı gözə çarpır. Görünür, onlar elə bil ki, insandan aşağı olan düşmənə və ya obyektə çevrilirlər. Bütün bunlar Qərb ölkələrində aparılan tədqiqat xarakterli eksperimentlərin nəticəsi ilə öyrənilir.Dustaqxananı öyrənmə, antisosial davranışı başa düşməyə kömək edir. Burada mühafizəçilər ilə dustaqlar arasında baş verən konfliktlər də müəyyən maraq kəsb edir.

Bəzi dustaqlar məhbəsə salınana qədər digər adamlarla danışıqlarında, həm də mühakimə vaxtı əsasən özlərini heç də təqsirkar hesab etməmişdilər. Aqressiya, avtoritarizmin sağ qanadı, sosial ağalıq istiqaməti və narsisizm dustaqxana eksperimentləri vaxtı məhbusları yüksək dərəcədə öyrənməkdə və xarakterizə etməkdə də kömək edir. Ona görə də bu, dustaqxananın fəaliyyət mexanizmini optimallaşdırmaqda və ekspertlərin nəticələrini düzgün tətbiq etməkdə böyük rol oynayır.

Qabaqcıl dustaqxana təcrübəsi olan ölkələrdə, dustaqların davranışında müsbət dəyişikliklərin yaranmasına nail olmaq üçün müxtəlif təyinatlı belə eksperimentlər həyata keçirilir və dustaqxana rəhbərliyi onların nəticələrindən istifadə etməyin praktiki əhəmiyyətini anlayaraq, geniş tətbiq etməyə cəhd edirlər. Onlar başa düşürlər ki, eksperimentlər elmi xarakter daşıdığından, dustaqlar arasındakı psixoloji durumu düzgün qiymətləndirməyə də kömək edir. Eksperimentlər heç də özünü aldatmaq vasitəsi olmayıb, baş verən situasiyaları düzgün qiymətləndirmək və anlamaq məqsədini güdür. Ona görə də həmin ölkələrin birində keçirilən eksperimentin gedişini və nəticəsini müşahidə etmək bizim üçün də heç də əhəmiyyətsiz məsələ deyildir.

Eksperiment, dustaqları və dustaqxana şəraitinin onlara göstərdiyi təsiri hərtərəfli öyrənməyə istiqamətlənir. Bəzi dustaqlar buna qədər digər adamlarla danışıqlarına görə əməllərini inkar edərək, özlərini təqsirkar hesab etməmişdilər.

Eksperiment ilk növbədə volontyor subyektlərin köməyi ilə aparılır, dustaqxana mühitinin onlara necə təsir göstərdiyini hərtərəfli açmağa kömək edir. İlk növbədə volontyorların yarısı mühafizəçi rolunu oynamalıdır, digər yarısı isə dustağa çevrilir. Onlar 7 gündən 14 günə qədər bu rolları ssenariyə uyğun olaraq dəqiq icra etməli idilər.

Eksperiment dövründə dustaqlar zirzəmidə saxlanılırdı. Mühafizəçilər isə kontrast qaydaya uyğun olaraq, dustaqlardan ayrı, tam fərqli mühitdə olmalı idilər. Mühafizəçilərə istirahət üçün xüsusi zonaya çıxmaq və fiziki cəhətdən yüngülləşmək imkanı verilirdi.

Eksperimentin başlanmasından əvvəl mühafizəçilərə tapşırılmışdı ki, dustaqlara fiziki xətər toxundurmasınlar və ya onların qidalanmasını və su içmələrini ləngitməsinlər. Mühafizəçilər çalışmalı idilər ki, dustaqların hər bir fərdə aid olan xüsusiyyətlərini yox etməyə, azaltmağa çalışmasınlar. Onlar dustaqlar üzərində öz hakimiyyətlərini göstərməli idilər. Lakin onlara fiziki güc tətbiq etməklə, bu adamların hissini oyatmasınlar ki, onlar artıq dustaqdırlar.

Dustaqlar mühafizəçilərə qarşı üsyan qaldırdıqda, bu, əlbəttə,  dustaqxana praktikasında heç də nadir hadisə deyildir, onlar zirzəmini tərk etməkdən imtina etdilər və mühafizəçiləri təhqir etməyə başladılar. Mühafizəçilər isə dustaqların paltarlarını, yorğan-döşəklərini yığışdırıb, uzaqlaşdırdılar ki, onları üsyanı davam etdirməkdən çəkindirsinlər. Onlar üsyan edənlər barədə dedilər ki, "bunlar təhlükəli dustaqlardır".

Dustaqların, qaydanı pozmağa yönəlmiş sonrakı hərəkətlərinin miqyasını azaltmaq üçün mühafizəçilər onları bir-birindən ayırdılar, onların hamam otaqlarına getməsi imkanını azaltdılar və onları məcbur etdilər ki, özlərinin təbii ehtiyatlarını ödəmək üçün zirzəmidə qoyulmuş vedrələrdən yüngülləşmək vasitəsi kimi istifadə etsinlər.

Sonra isə dustaqları yaxşı davrananlara və bilavasitə qiyam qaldıranlara böldülər. Dustaqlar bir-birindən ayrı düşdülər, narazılıq edənlərin təsir dairəsi məhv edilməklə, onlar arasındakı həmrəylik də, əslində, yoxa çıxdı. Dustaqlardan biri bu vaxt zirzəmidə qışqırmağa başladı, buna görə onu uzaqlaşdırmalı oldular. Digər dustaqları isə mühafizəçilər məcbur etdilər ki, öz yoldaşları olan həmin dustağı "bəd adam" adlandırsınlar.

Hər bir dustağın üstü ardıcıl olaraq axtarılırdı və onlar lüt soyundurulurdular. Həşəratlardan qorunmaq üçün onların üzərinə dərman tipli maye səpirdilər. Eksperiment dustaqxana rejiminin mümkün qədər optimal qaydada olmasına şərait yaradırdı.

Dustaq

Dustaq törətdiyi cinayətinə görə cəzalandırılmaqla, dustaqxana daxilinin adamına, sakininə çevrilir. Eyni qaydada, misal üçün, müharibədə düşmən kimi əsir götürülənlər dustaq hesab olunurlar. Dustaqxana isə dustaqların örtülü saxlandığı bir məkan olmaqla, həm də məhbəs, bəzən hətta daha sərt qaydaların tətbiqinə görə "zindan" adlanır. Dustaqxanalar həmçinin mühakimədən əvvəl ittiham edilənlərin bir qisminin, onlar adətən cəmiyyət üçün azadlıqda olanlara təhlükə mənbəyi sayılır, saxlanılması üçün də istifadə olunur.

Dustaq, öz iradəsi əleyhinə azadlıqdan məhrum edilmiş adamdır. Lakin onun bu məhdudiyyətlərə düçar olması kiminsə istəyinə görə deyil, onun özünün qanundan kənar şəkildəki antisosial davranışı ilə əlaqədardır. Dustaqxananın nə olduğunu anlayan adam qanunsuz əməllərdən, zərərli davranışdan qaçmalıdır, çünki cinayətinə görə cəzalanmayacağına hansısa bir qarantiya yoxdur, cəzanın sərtliyinin və düşəcəyi mühitin ruhu əzməsini də heç vaxt yaddan çıxarmamalıdır.

Dustaqxanalar çoxlu növlərə bölünür. Onlar kişilər, qadınlar və yeniyetmələr üçün olur, həm də bəziləri cəmiyyət üçün təhlükə mənbəyi sayılan adamlar olduqlarından, şəraitinə görə bir-birindən fərqlənən növlərə də bölünürlər. Yerli və ayrıca geniş yayılmış dustaqxanalar mövcuddur, axırıncı növlərdə müttəhim özü barədəki hökmdə ifadə olunan cəzasını çəkir.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet .- 2024.- 20 noyabr(№211).-S.14.