Şərəflə
yaşanan ömür
Tanınmış
hüquqşünas Adil Minbaşının 75 illik yubileyinə
Doğma Cəbrayılımızın, mübağiləsiz
deyərdim ki, bütöv xalqımızın ən dəyərli,
ən ləyaqətli, ən dürüst, ən alicənab, ən
təmiz qəlbli, ən sadiq, ən səxavətli...
insanlarından biri olan Adil Minbaşının 75 illik yubileyidir.
Bütöv ömrü xeyirxahlığın, mərdliyin,
müdrikliyin, ziyalılığın təcəssümü
olan, yüksək insani keyfiyyətləri ilə elimizə-obamıza
yalnız şərəf gətirən bir İNSANIN yubileyi.
Düşünürəm ki, Adil müəllimin
insani dəyərləri haqqında milli azadlıq hərəkatının
lideri, Azərbaycan Respublikasının eks-prezidenti
Əbülfəz Elçibəyin bundan əvvəl də
qeyd etdiyim və Adil Minbaşı şəxsiyyətinin
ümumiləşmiş dəyəri kimi qəbul edilə bilən
fikirlərini xatırlatmaq yerinə düşər: "Adil
bəy, sənin həyatın, hayata baxışın, mənəviyyatın
bir müdrik insan ömrü yaşadığını
göstərir. Dədə-babalarının həqiqi varisi
kimi qan yaddaşı ilə axıb gələn ağlın,
ləyaqətin, vüqarın, nəslən gələn bəy
əxlaqın səni seçilən simalardan birinə
çevirmişdir... Adil Minbaşıyevi inkar etmək, onu qəbul
etməmək olmaz".
Adil müəllimin ölkəmizin ictimai-siyası həyatındakı
fəal iştirakı faktı onu yaxından-uzaqdan tanıyan
hər kəsə yaxşı məlumdur. Onun 75 illik
ömrü bəzilərinə göründüyünün əksinə
olaraq çətinliklərlə, əziyyətlərlə,
mübarizələrlə dolu olub. Məlumdur ki,
keçmiş sovet rejimi zamanında həqiqəti, ədaləti
qorumaq heç də asan deyildi. Burada ibrətamiz bir hadisəni
yada salacağam.
Ermənistan-Azərbaycan münaqişəsinin əvvəllərində
Adil Minbaşı Xanlar rayon Məhkəməsinin sədri vəzifəsində
işlədiyi zamanlar Ermənistandan qovulmuş qaçqın
soydaşlarımızın ailələrindən bir qrupu bu
rayonu tərk etmiş ermənilərin evlərində yerləşdirilmişdi.
Moskvanın istənilən göstərişinə müticəsinə
itaət edən respublika Kommunist Partiyası Mərkəzi
Komitəsi həmin ailələri məskulaşdıqları
evlərdən çıxarmaq göstərişini
vermişdi. Rayon partiya komitəsinin birinci katibi büro səviyyəsində
bu göstərişin qeyd-şərtsiz yerinə yetirilməsini
tapşırmışdı. Elə bir dövr idi ki, kimsə
birinci katibin tapşırığına qarşı
çıxmağa cürət belə edə bilməzdi. Amma
belə oğullar varmış! Adil birinci katibə qəti
şəkildə "Mən bu işə yol verməyəcəyəm"
deyə bildirmişdi. Bundan sonra o, Moskva və Bakının
ciddi təzyiqlərinə baxmayaraq, üç ay ərzində
rayon partiya komitəsi qarşısında fasiləsiz etiraz
aksiyası keçirən, birinci katibi işə buraxmayan,
komitənin fəaliyyətini iflic edən əhalinin dəstəyi
ilə dediyinə əməl etmişdi. Olduqca çətin və
təhlükəli həmin zamanlarda o, rayonda
yaradılmış komendatlıqla, hətta həyatını
riskə atmaqla erməni saqqallı silahlılarıyla
birbaşa danışıqlardan belə çəkinməmişdi.
Bundan sonra o, sovet quruluşu dövrü üçün
görünməmiş bir addımıyla ölkə ictimaiyyətini
heyrətə gətirmişdi: respublika və rayon rəhbərliklərinin
qeyri-konstruktiv, xalqın iradəsinə zidd fəaliyyətlərinə
etiraz əlaməti olaraq buna qədər ölkədə
baş verməmiş jest etməklə məhkəmə sədri
kimi yüksək bir vəzifədən istefa vermişdi. Bu,
Adil Minbaşı cəsarətinin nümayişinin yeganə
nümunəsi deyil. Sovet quruluşu çökəndən və
Azərbaycanın öz müstəqilliyini
qazandığından sonra ölkəmizdə gedən
müxtəlif siyasi oyunlara qarışmaq istəməyi
üçün baş dövlət müaviri rütbəsinə
malik olan Adil Minbaşı Ədliyyə Nazirliyinin
mühüm əhəmiyyətli idarəsinin rəisi, Azərbaycan
Hüquqşünaslar İttifaqı sədrinin birinci
müavini və başqa vəzifələrindən istefa
vermiş, bir sıra yüksək vəzifələrə təyinat
barədəki təkliflərdən imtina etmişdi.
Peşəkar hüquqşünas, dərin biliyə,
böyük erudisiyaya malik bir insan olan Adil müəllim cəmiyyətin
ən müxtəlif maraqlarına xidmət edən sahələrdə
həmişə öz töhfəsini verməyə can
atmışdır. Misal kimi bir faktı qeyd etmək kifayətdir.
O, sovet quruluşunun çökməsindən sonra müstəqilliyini
qazanmış ölkənin son dərəcə ağır
iqtisadi durumda olduğu bir şəraitdə 368 nəfər azərbaycanlı
gənci təhsil almaq üçün təmənnasız
Türkiyəyə göndərməyə nail olmuşdu.
Ermənistanın Azərbaycana qarşı elan
olunmamış müharibəsi dövründə Cəbrayılda
yaranmış kritik vəziyyət zamanı A.Minbaşı
rayona davamlı olaraq hərtərəfli köməklik
göstərmişdi. Silah-sursatın qıtlığı
şəraitində o, Cəbrayıl
döyüşçüləri üçün 14 avtomat və
başqa silahlar göndərmişdi. Bundan sonra biz 14 kəndi
silahlı erməni quldurlarından təmizləmişdik.
Adil Minbaşı həm də dövlət
qurumlarından və siyasi təşkilatlardan heç bir
asılılığı olmayan ilk müstəqil mətbu
orqanlarının - "Ədalət" və
"Femida" qəzetlərinin yaradıcısıdır.
Yenicə müstəqillik qazanmış və iqtisadi cəhətcə
hələ çox zəif olan Azərbaycanda bu, asan məsələ
deyildi. Üstəlik, Adil müəllim bu nəşrlərin
maddi yükünü də öz çiyinlərinə
götürmüşdü. Sonralar isə həmin mətbu
orqanları qəzetlərin kollektivlərinə
bağışlamışdı.
Adil Minbaşı ilə dostluğumuzun az qala 60 illik
tarixi var. Onun bütün yüksək fərdi keyfiyyətlərinə
özüm qədər bələdəm və bu baxımdan,
əminliklə deyə bilərəm ki, yuxarıda sadalananlar
onların cüzi bir hissəsidir.
Heç şübhəsiz, bu yüksək insani
keyfiyyətlər həm də onun ləyaqətli
soykökünə mənsubluğundan irəli gələn
bir amildir. Necə deyərlər, ot kökü üstündə
bitər. O, təkcə Cəbrayılda yox, bütöv
Qarabağda, Azərbaycanda tanınmış, sanballı,
hörmət-izzət sahibi olmuş İskəndər bəy
Sadıq bəy oğlunun nəvəsidir.
Onu tanıdığım bu uzun illər ərzində
harada olmasıından, hansı vəzifə tutmasından
asılı olmayaraq hər zaman Adil Minbaşının ailəmiz
də daxil imkansız, yardıma ehtiyac duyan insanların
yanında olduğunun, onlara dayaq durduğunun canlı
şahidiyəm. Qeyd etməyə bilmərəm ki, Cəbrayılın
Ermənistan tərəfindən işğalı zamanı
yeganə ümid yerim olan Adilin yanına pənah gətirmişdim.
Ailəmin məskunlaşması məsələsindən
başlamış mənim və yoldaşımın işlə
təminatı, böyüklü-kiçikli bütün
problemlərimizin həlli onun yüksək qayğısı
sayəsində həllini tapmışdır. Ən təqdirəlayiqi
isə odur ki, o, bunları bizdən xəbərsiz, kiminsə
müraciəti olmadan, öz istəyi ilə eləyirdi. Adilin
hətta heç tanımadığı, üzünü belə
görmədiyi bir çox adamlara necə kömək etdiyi,
onlara yardım əli uzatdığı ilə bağlı
saysız-hesabsız faktlar sadalaya bilərəm. Və
bütün bunlar Adil Minbaşının Vətəni,
el-obası, cəmiyyətimiz üçün elədikləri
və heç zaman dilinə gətirmək belə istəmədiyi
böyük işlərin, xeyirxahlıqların cüzi bir
hissəsidir.
Yenicə tamamladığın 75-ci yubiley yaşın
mübarək, alicənab insan, doğma Cəbrayılımızın
dəyərli yetirməsi, əziz qardaşım Adil! Allah sənə
möhkəm cansağlığı və uzun ömür
versin. Elə bir ömür ki, arzusunda olduğun işlərin
hamısını həyata keçirə biləsən!
Ən xoş arzularla,
Qədir NƏSİROV
525-ci qəzet .- 2024.- 20 noyabr(¹211).-S.13.