"Yaz axşamı"  

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Humay İslamovadır. Onunla Xalq rəssamı Səttar Bəhlulzadənin "Yaz axşamı" əsərindən danışmışıq.

Azərbaycanın rəngkarlıq sənətində mötəbər yeri olan Səttar Bəhlulzadə yaradıcılığında təbiətimizin füsunkarlığı daima poetik şəkildə təsvir edilib. Rəssamın yaradıcılığında mənzərə janrı ilə bərabər, tarixi mövzuları canlandıran əsərlər də yer alır. Azərbaycan rəngkarlığını bəzəyən Səttar Bəhlulzadə yaradıcılığından bir çox rəssamlar bəhrələnib. Bəhlulzadə fırçasına məxsus "Qızbənövşəyə gedən yol", "Torpağın arzusu", "Bazardüzü", "Xəzərdə axşam", "Yaz axşamı", "Bakıda yaz səhəri" və s. əsərlər bu gün də diqqət mərkəzindədir.

- Humay xanım, Səttar Bəhlulzadə yaradıcılığının özünəməxsus xüsusiyyətləri bu əsərdə özünü necə göstərir?

- Azərbaycan boyakarlıq sənətində göz oxşayan əsərləri ilə iz qoymuş Səttar Bəhlulzadənin daxili dünyasını ifadə edən sənət nümunələrindən biri də "Yaz axşamı" tablosudur. Rəsm 1963-cü ildə çəkilib. Tablo yağlı boya texnikası ilə işlənib. Əsərə baxanda aydın olur ki, rəssam Xəzər dənizinin füsunkar görüntüsündən ilhamlanaraq bu rəsmi çəkib. Azərbaycanda impersionizm cərəyanının banisi hesab olunan Səttar Bəhlulzadənin Xəzər sevgisi hamımıza məlumdur. Doğma vətənə olan bu sevgi həm də rəssamın ilham mənbəyidir. Yurdunun gözəlliyinə aşiq rəssam hisslərini kətana həkk edib.

- "Yaz axşamı"nın rəng həlli barədə nə deyə bilərsiniz?

- Tablonun rəng koloriti mükəmməl şəkildə  işlənib. Səttar Bəhlulzadə yaradıcılığında mavi rəng çalarlarının özünəməxsus yeri var.  Sözügedən əsərdə Xəzər dənizi ilə dağların fonu tünd və açıq mavi çalarlarla vəhdət təşkil edir. Diqqətlə baxdıqda üzü səmaya doğru süzən quşların ağ, yüksəkdə isə mavi tonla işləndiyini görürük. Maraqlı detallardan biri də yaz fəslinin qarışıq rənglərlə əks olunmasıdır. Açıq tonlar dəniz üzərində incə bir şəkildə işlənib. Sahilin kənarında əks etdirilən yaz aylarında yenicə yaşıllaşmış ağacların rəngləri qarışıq tonlarda verilib. Mavi və yaşıl çalarların qarışığından alınan rəng müsbət aura bəxş edir.

- Dənizi seyr edən insanların geyimlərindəki rəng müxtəlifliyi xüsusilə diqqət çəkir.

- Bu, yaz fəslinin isti rənglərini simvolizə edir. Ümumilikdə, əsərdə sarı, qırmızı, qara, qəhvəyi tona çalan rənglərdən istifadə olunub. Tablonun sol tərəfində açıq yaşıl və sarı rəngin tünd qarışığı məharətlə işlənib. İnsanların dayandığı yer açıq və tünd çəhrayı rəngin qarışığı ilə göstərilib. Tabloda ən çox istifadə olunan rənglər isə mavi və ağdır. Diqqəti cəlb edən nüanslardan biri də göyərçinlərin bəzilərinin yarı ağ, bəzilərinin isə yarı mavi çalarlarla işlənməsidir.

- Əsərin kompozisiyası necədir?

- Tablo yaz fəslini xatırladır. Rəssam öz daxili aləminin sirli nüanslarını əsərdə əks etdirərək maraqlı bir tandem yaradıb. Kompozisiyada diqqəti cəlb edən nüanslardan biri də yaz küləyinin əksidir. Axşam vaxtı dənizin seyri də olduqca gözəl şəkildə tərənnüm olunur. Əsərdə Bakı küləyinin qabarıq deyil, həzin təsvirinə şahid oluruq. Rəssam Xəzəri insanların hüzur tapdığı məkan kimi təsvir edib. Göyərçinlər də Xəzərin sakinləri kimi əks olunub. Diqqətdən yayınmayan maraqlı detallardan biri də tablonun sol tərəfində yuxarı doğru təsvir olunan elementdir. Bu detal küləkdən xəbər verir. Göyərçinlərin yuxarı doğru uçması da küləyin işarəsidir.

- Tablo harada saxlanılır?

- Əsər Azərbaycan Milli İncəsənət muzeyində saxlanılır və nümayiş olunur.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Göz oxşayan bu tablo Səttar Bəhlulzadənin yurdumuza sonsuz  sevgisini, təbiətimizə böyük məhəbbətini ifadə edir. İmpressionizm detallarını əsərində xüsusi olaraq işləməsi də onun bu cərəyandan bəhrələnməsindən xəbər verir. Bu tablo yaz fəslinin ilkin çağlarını gözümüzün önündə canlandıraraq Xəzərin sahili və Bakı küləyinin əsməsi təəssüratı yaradır. Əsər bizə Səttarın daxili aləmini çatdırır, yeddi rəngin onun üçün bir dünyaya bərabər olmasından xəbər verir. Azərbaycan boyakarlığının dahisi sayılan Səttar Bəhlulzadənin qeyri-adi ideyalarla zəngin olması bu tabloda da özünü göstərir.

 

Aytac SAHƏD

525-ci qəzet .- 2024.- 20 noyabr(№211).-S.12.