Qızıma
yazdığım mesaj
Esse
Axşamdır, vaxt gecəni yarıdan kəsib
keçməyə hazırlaşır. Payızla yazın
qarışıq havası adama ləzzət verir,
gündüz isti olsa da, axşam kifayət qədər sərindir.
Hələ ki qarışqalar yem tədarükündədir,
arılar, kəpənəklər güllərin başına
dolanır, gecələr kirpilər ova çıxır,
siçanlar toy evi axtarır. Bu yerdə mənim
siçanların qənimi, vur-tut beş-altı aylıq
Balaca adlı pişiyim də dadlı ev yeməyinin
üstündən anasından aldığı öyüd-nəsihətə
sadiq olaraq ov həvəsindədir...
Budur e, yamyaşıl çəmənlikdə nəsə
tapıb deyəsən, yaxınlaşıb baxıram,
siçan balasıdır. Zəif işıqda pişiklərin
göz bəbəkləri insanda olduğundan əlli faiz daha
böyük olur. Gözlərinin arxasında yenə insanda
olandan çox xüsusi işıq qəbuledici hüceyrələrin
sayəsində isə gözləri daha yaxşı
görür. Pişiklərin bir özəlliyi də var, necə
ac olsa da, ovunu tam əldən salmadan, onun çarəsizliyinin,
özünün də qələbəsinin zövqünü
duymadan yeməz... Dəfələrcə ovuna qaçmağa
imkan verir, canını qurtardığını zənn edən
siçan da qaçıb otluqda gizlənir, elə həmin an
özünü yetirib "qamarlayır". Nəhayət,
oyun bitir və Balaca rahatca oturub ovunu ləzzətlə
"dişlərinə çəkir", mən də bir
maraqlı film izləmiş oluram...
Mənim şahmat oyunundan qətiyyən bilgim yoxdur, məktəbli
vaxtımda qardaşım öyrətmək istədi,
alınmadı. Yalnız fiqurların adlarını və
piyadaların gedişini əxz eləyə bildim, vəssalam.
Bir də ki, piyadalara yaman canım yanırdı,
döyüşə birinci girib birinci də vurulurdular. Amma
maraqlı oyundur, zehni gücləndirir, həm əyləncəlidir,
həm də strateji...
İndi dünya istər geniş, istərsə dar
anlamda şahmat taxtasına bənzəyir. Şahmat
taxtasında qaydalar gözlənir, oyun açıq və mərdanə
gedir, məqsəd rəqibin şahını mat etməkdir və
bunu qarşı tərəf də bilir, buna uyğun müdafiə
və hücum taktikası düşünür. Amma həyat qarşımıza daha çox həmzələr
çıxarır, fərqli üsullar göstərir, ilahi ədaləti
mat vəziyyətinə salmaq istəyən oyunçularla
qarşılaşdırır. Yaxından tanıyır hesab
etdiyin insanın dar ayaqda fərqli üzünü görməli
olursan. Deyəsən, axı elə dünya yaranandan xeyirlə
şər qovğadadır, bu gün də davam edir, xeyir
xeyrindən, şər də şərindən əl çəkmir.
Bu gedişlə yəqin bundan sonra da davam edəcək. Halbuki
Eddi Rikanbakerin sözləriylə desək, susuzluğu
yatırmaq üçün suyu və ölməməyə
kifayət edəcək qədər yeməyi olan insanın nəyə
görəsə şikyətlənməyə haqqı
yoxdur...
Kimin uzaqda əziz adamı yaşayırsa, məni
yaxşı anlayar. Narahatlıq, nigaranlıq onunla
sirdaşdır, gecələr yoldaş, əhvalı onun əhvalına
bağlı olar, xoş xəbəri bütün şəhərin
havasını dəyişməyə bəs edər.
Orda, uzaqlarda biri var..,
Əlləri üzünə dayaq,
gözləməkdən yorulmuş,
yorulub arınmış, arınıb durulmuş
və yorulduğunu unutmuş...
Qızımın mesajını oxuyub narahat oldum,
xarakter olaraq özündə dürüstlüyü, haqq-ədaləti,
sədaqəti formalaşdıran adamlar qarşı tərəfdən
eyni hal gözləyir, almayanda yumşaq desəm, məyus olur.
Belə bir halda idi qızım, məyus, peşman, incik... hələ
bir az da əsəbi. Ona yazdım ki, hər şeyi bir zarafat
hesab eləsin, düşünsün ki, həyat onunla
oynayır. Adamları da şahmat fiquru kimi təsəvvür
etsin və qəfil yerlərini dəyişsin, görsün nə
alınacaq...
Ağ rəng demək olar ki, bir çox xalqlarda
uğur, xoşbəxtlik, düzlük, təmizlik, saflıq,
hörmət, ehtiram bildirir. Ağ ilkdir,
başlanğıcdır, hətta bütün rənglərin
ağ rəngdən yarandığı fikri də
mövcuddur, elə buna görə də "ana rəng"
hesab edilir. Ağ rəngin bir anlamı da qalibiyyətdir, bəlkə
elə buna görə şahmat taxtasında ilk gedişi
AĞ-lar edir...
O gün qızım fiqurların yerini dəyişdi,
aldığı nəticədən də məmnun qaldı.
Bəzən qaranlıq otaqda oturub zülməti lənətləyirik,
amma qaranlığın bir şam qədər ömrü
olduğu ağlımıza gəlmir. Şopenahuer də əminliklə
söyləyir ki, gecə və gündüz qara ilə ağ
kimidir. Gün isə bəziləri üçün boz, bəziləri
üçün çəhrayıdır. Həyatın
sirrinə vaqif olanlar üçün isə bütün
günlər rəngsizdir...
Şahnaz ŞAHİN
525-ci qəzet .- 2024.- 20 noyabr(№211).-S.12.