İLAHİNİN TƏŞƏKKÜRÜ  

 

 

Məktubların da günlərin birində qocalaraq ömrünü başa vurması, sahibləri gedəndən sonra yetim qalması var. O məktublar ki indi mən oxuyuram, onlar vaxtında bəlkə on və yüz dəfələrlə oxunub. Bir oturuma yox. Hətta o məktubların alınmasının üstündən illər keçəndən sonra, haçansa həmin məktubu yazmış adamla bağlı bir xəbər eşidəndə, ya köhnə məktubda bəhs edilən hansısa hadisələr yada düşəndə, bir də qaldırılıb, bir də baxılıb, əvvəllər oxunmuş məktub sanki indi ayrı cür səslənib, qabaqlar vermədiyi xəbərləri də çatdırmağa başlayıb.

Vaxtın köhnəltdiyi bu məktublar ki indi bircə-bircə oxuyuram, onların ünvanlandığı adam çoxdandır ki, həyatda yoxdur, həmin məktubları göndərmişlərin əksəri o kağızları yazanda çox cavan, hətta uşaq olsalar belə, ötmüş onilləri nəzərə alsaq, yəqin, onlardan da sağ qalanlar təkəmseyrək olar. Çünki həmin məktubların axırıncılarının göndərildiyi vaxtdan yetmiş ildən də çox keçir.

Bu məktubların sahibi zahirən yalqız deyildi, daim insanlar arasında idi. Ancaq həm də çox tək idi və məhrəm həmsöhbətə həmişə ehtiyacı vardı. Bu məktublar onun axşamlarının, gecələrinin hayanı idi. Onun həyatı elə gətirdi ki, ömrü uzunu daha səmimi, daha ürəkdən gələn söhbətlərini elə məktublarla, köhnə şəkillərlə etdi.

Qızlıq soyadı Vəkilovanın da, ərinin yadigarı Köçərli familiyasının da sovet xüsusi xidmət orqanlarının qara siyahısında ayrıca yeri vardı. Özü də bu soyadlar birbaşa Moskvanın, SSRİ KQB-sinin "düşmənlər"i cərgəsində olanlardılar. Sovetə qarşı silahlı üsyan təşkilatçılığı və siyasi mühacirətdə sovetin əleyhinə fəaliyyət də qırmızı xəttin elə həddi idi ki, belələrinin bütün qohum-qardaşıda daim nəzarət altında saxlanılırdı. Mütləq deyildi ki, hamısını tutalar, sürgünə göndərələr. Azadlıqda saxlananlar, lap irəli çəkilənlər də olurdu. Ancaq bu da nəzarətin bir başqa şəkli idi. Ya onlardan necəsə istifadə edirdilər, ya da siyasi mühacirətdəkilərə buradakı ən yaxın və toxunulmayan qohumu, ya qohumları girovlar kimi idilər. Yəni artıq-əskik hərəkət etsən, biz də tərpənəcəyik. Bunu neçələrinə elə açıq mətnlə çatdırmışdılar da.

Nəslindən, ailəsindən "xalq düşmənləri", xaricə sığınanlar olanlardan hansı ölkədə, hansı əzazil mühitdə yaşadığını yaxşı anlayan, həyatın oxumamış siyasətçilərə çevirdiyi sadə adamlar da işini bilir, bu cür adamlardan aralı durmağı baş salamatlığı sayırdılar.

Və 1946-cı il yanvarın 26-da hər məktubunu "Bacım Badisəba" sözləri ilə başlayıb "Qardaşın Əhməd" kəlmələri ilə bitirən Əhməd Vəkilov növbəti kağızını yollayıb. Məktubda sevincini bölüşür. Sıradan olan bir adamçün onun sevinc hesab etdiyindən adi bir şey olmaz. Ancaq onların yeni mühit içərisindəki vəziyyəti elə idi ki, başqalarına çox xırda kimi gələnlər də onlarçün iri görünə, çəki qazana bilirdi. Siyasət insana qənim olanda, qansız və boz sifəti ilə ətrafdakıları da qaraladıqlarına münasibətdə onun tələb etdiyi kimi əzazil yanaşmağı tələb edəndə sıravi insanların sanki bu çərçivədən kənara çıxaraq sənə adicə salam verməsi, gülümsəməsi, xoş üz göstərməsi də qaranlıqda qəfil parlayan işıq, qışın oğlan çağındakı cana yayılan xoş istilik təəssüratı oyadır.

Belə yazırdı: "Əziz bacım! Dünən ürəyim çox açıldı. Səbəbi də o idi ki, kooperativə, Səyyarənin payını (özü "payok" yazıb, mən dəyişdim - R.H.) almağa getmişdim. O da sənin kimi Əməkdar müəllimədir. Orada növbədə dururduq, bu halda oraya bir qıraq kəsəmənlili müəllim gəldi və çox söhbətlərdən sonraxəbər aldı ki, Salahlıda kimlərdənəm. Mən Əbdürrəhman ağanın qardaşıyam deyəndə dedi ki, onda İsmayıl bəyin də qardaşısan, Badisəba xanımın da qardaşısan.

Sənin adın çəkiləndə orada duran müəllimlərin çoxusu mənim üzümə baxıb səni çox həvəs ilə yad elədilər. O da mənim ürəyimi yaman açdı və bu gün əsl ürəkdən sevindim.

Özgə nə yazım? Əvvəla, öylə bir şey yoxdur, bir də əlim üşüyür. Bir də Rüxsarə gəlib, amma hələ tamam qurtarmayıb, durur-qalxır, iş də görə bilmir. Hamımız səni bərk-bərk öpürük. Sitarə də deyir ki, Badisəba bacıma yaz ki, çox sağ olsun, ayağım yalın idi".

Əlbəttə ki, bu sətirlər üstündə gözü gəzincə Badisəba uçmuşdu Qazaxa, simsarların arasına. O yerə ki, minlərlə töhmət edən, yüzlərlə qara yaxan olsa da, orada nə onu, nə Qazaxda seminariya qurmuş ərini, nə də hökumət gözündə düşmən görünən digər əqrəbasını el-camaat heç vaxt yad saymayacaq, nə qədər təbliğat aparılır-aparılsın, nə qədər vahimə yaydırılır-yaydırılsın, əziz biləcəklər.

Badisəba göz açıb Firidun bəyi görmüşdü, dünyanı yeni-yeni dərk eləyirdi ki, 16 yaşı olanda, 1897-ci ildə ərə getdi və 23 il bir yastığa baş qoydular. Ömrünü dolduran, həyatının mənası olan bir insanı bir gününcə içində itirməyin hansı faciə olduğunu Badisəbanın özündən yaxşı başqa heç kəs bilə bilməzdi.

Firidun bəyin ona heç bir vəsiyyəti, "nə et, necə yaşa" tövsiyəsi olmamışdı. 1920-ci ilin 31 mayında Gəncə üsyanı dönəmində Firidun bəyi gəlib aparmışdılar və o gedən olmuşdu.

Amma çox da ki sözlə deməmişdi, yazıb qoymamışdı - əslində Firidun bəyin Badisəbaya çox vacib vəsiyyətləri də vardı, nəsihətləri də.

Badisəbanın ilk müəllimi Firidun bəy özü olmuşdu. Zövcəsinə verdiyi savad, aşıladığı biliklər səbəb oldu ki, ondan qalan yazılar tamam itib-batmasın, kitablara çevrilərək insanlara çatsın.

1918-ci ildə elə Firidun bəyin yolgöstərməsi ilə Badisəba xanım öz hesabına Qazaxda ilk "Yetim və qaçqın uşaqlar evi"ni qurmuşdu.

Sonrakı illərin hündürlüyündən göründü ki, bu da bir tale işarəsiymiş. Əri həbs edilib güllələnəndən sonra Badisəba daha Qazaxda qərar tuta bilmədi, Bakıya yığışdı, 1921-1924-cü illər arası Darülmüəllimatda - qadın müəllimlər hazırlayan seminariyada işlədi, orada çalışa-çalışa ali təhsil də aldı və 1925-ci ildə onu Zaqatalaya göndərdilər, daha sonra isə Qubaya. Orada da, burada da sadəcə müəllimlik etməyə göndərilməmişdi, həm orada, həm burada pedaqoji texnikumları təşkil etmək də onun boynuna düşürdü. Zaqatalada 1925-dən 1929-a qədər texnikumun direktoru idi. Qubadasa az işlədi. Bir il ərzində burada texnikumu qurub istiqamətləndirəndən sonra Şəkiyə gəldi və oldu oralı. Badisəba xanım 1930-cu ildə o zamanlar "Nuxa" adlanan Şəkidə 2 saylı Uşaq Evini qurdu və bura onun şəfqəti ilə yalnız Azərbaycandan deyil, Sovet İttifaqının müxtəlif guşələrindən olan çox uşaqçün sözün böyük mənasında doğma ocağa çevrildi.

İş-güc ona və onun qəbilindən olan insanlara müəyyən mənada təsəlli yeriydi. Baş qarışırdı, gündəlik qayğıların bolluğunda içəridəki dərd-sər bütün xıltı ilə sanki dibə çökürdü. Ancaq gecələr də vardı axı.

Bitməyəcək qədər uzun gecələr ki, ürəyiylə, xatirələriylə, xəyallarıyla, gələcəyə bağlı sozalan ümidlər və ümidsizliklərlə baş-başa qalırdı.

Bax onda köhnə məktublardada yetirdi, lap yüz dəfə təkrar oxunsa da, təzə görünürdü, ovutmağı bacarırdı.

Badisəba xanım köklü-köməcli, xətir-hörmətli bir ailədə doğulmuşdu və dünyaya xoşbəxt olmaqçün gələn kimi görünürdü.

Atası Mustafa ağa Vəkilov tək Qazax mahalında tanınan adam deyildi, adı-sanı, dost-tanışının dairəsi çox genişdi. Mustafa ağa gözüaçıq, vaxtın ruhunu tutan, zəmanənin tələbini duyan kişi idi və iki oğlunu - Məmməd ağa ilə İsmayıl ağanı Qori Müəllimlər Seminariyasına oxumağa göndərmişdi. İş elə gətirmişdi ki, Mustafa ağanın uşaqları Qoridə Firidun bəy Köçərliylə birgə təhsil almışdılar, elə həmin dövrdən aralarında ailəvi yaxınlıq yaranmışdı, Qazaxda seminariya yoldaşlarına qonaq olub onların bacısını ilk gördüyündən vurulmuşdu və onun necə dürüst, büllur kimi duru insan olduğunu gözəl bildiklərindən qardaşlar 1863-cü il təvəllüdlü Firidun bəylə ondan 22 yaş kiçik olan bacıları Badisəbanın qovuşmasına razılığı tərəddüdsüz vermişdilər.

Su axıb çuxurunu tapmışdı, iki saf qan, iki pak mənəviyyat birləşmişdi. Bir-birinə tən gələn, hər ikisi mələk xislətli nəcib insan. İşləri-peşələri xeyirxahlıq, kömək umana arxa durmaq, millətin rifahı üçün candan çalışmaq.

O cütlüyün sifətlərindən səadət yağan qoşa şəkilləri yadigar qalıb. Bu bəxtiyarlıq gərək başacan olaydı. Zəmanənin qara yelləri əsdi və bir ocağın gur yanan çırağını söndürdü. Millətin bel sütunlarından olan Firidun bəy bolşeviklərin elə gələn kimi "xalq düşməni" damğası vuraraq ilk qəsd etdiklərindən oldu.

Firidun bəydən sonra Badisəba xanım 34 il yaşadı. 1954-cü ilin yanvarında dünyadan köçdüyü son ana qədər sevgilisinə sədaqətini varlığında və əməllərində yaşatdı, axıracan elə ərinin "xalq düşməni" damğalı soyadını daşıdı.

Vaxtilə mənimlə Nizami muzeyində Əbdürrəhman Abdullayev adlı qocaman bir şəkili, vaxtında partiya işində çalışmış dünyagörmüş bir ağsaqqal işləyirdi. Oğlu, şair və alim Arif Abdullazadə ilə xoş münasibətlərimiz vardı, qızı Sədaqətləsə daha əvvəl Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda eyni şöbənin əməkdaşları olmuşduq.

Əbdürrəhman müəllimin Badisəba xanımla səmimiyyətləri olmuşdu, onun, bir də yenə Nizami muzeyində birgə işlədiyimiz Nərgiz xanım Əsgərovanın təşviqi ilə də Badisəba xanım indi vərəqlədiyim məktublarını və özünün tam şəxsi arxivini, Firidun bəydən qalan nə varsa hamısını muzeyimizə təhvil vermişdi. Əbdürrəhman müəllim danışırdı ki, bir gün Şəkidə Badisəba xanımgilə gedəndə gördüm ki, bir kişi kostyumunu ütüləyir. Ona çaşqın baxdığımı görüncə Badisəba xanım söylədi ki, Firidun bəyin kostyumudur. Yayda dərman vurmuşduq ki, güvə dəyməsin, səhərdən havaya asmışdım, sonra çırpdım, bir az əzilmişdi, ona görə bunu da, köynəyini də ütülədim ki, səliqəli olsun.

Əbdürrəhman müəllim möhkəm adam idi, ancaq bunu mənə kövrələrək danışırdı ki, Badisəba xanım agah idi ki, Firidun bəyi tutandan lap az sonra güllələyiblər, həmin kostyumu ütülədiyi vaxt artıq 1940-cı illər idi, ancaq öldürüldüyünü bilsə də, sanki möcüzəyə inanırdı, hər gün Firidun bəyin qayıdacağı ümidi ilə yaşayırdı, pal-paltarını, hətta qalstukunu da daim şifonerin ayrıca gözündə saxlayırdı ki, bir gün qapıdan girsə, dəyişəcəyi hazır olsun...

Və bilirsinizmi ən təəccüblü olan nədir?

Sovet İttifaqının süqutundan sonra keçmiş Dövlət Təhlükəsizliyi Komitəsi və "NKVD" - Xalq Daxili İşlər Komissarlığının arxivlərində siyasi repressiya qurbanları ilə bağlı bütün "cinayət" qovluqları qaldırılmağa, 1956-cı ildə başlanmış kütləvi bəraətlərdən sonra hələ də kənarda qalmış şəxslərin işi araşdırılmağa başlandı.

Ancaq həbsindən və qətlindən 104 il keçsə də, onu həyatdan qoparmış sovet dövləti çoxdan tar-mar olsa da, heyrətlidir ki, Firidun bəy Köçərlinin üstünə zamanında atılmış həmin böhtanın rəsmən ləğv edilməsi indiyəcən də baş verməyib.

Odur ki, mən 2024-cü ilin noyabrında Baş prokurora ərizə ilə müraciət edərək ilk növbədə Firidun bəy Köçərliyə bəraət verilməsi ilə bağlı qərarın çıxarılmasından ötrü müvafiq addımların atılmasını xahiş etdim. Ancaq məktubuma bunu da əlavə etdim ki, Firidun bəy Köçərli kimi nəhəngin unudularaq bir kənarda qalması söyləyir ki, elə onun kimi indiyədək bəraətini almamış, elə bu cür yaddan çıxaraq kənarda qalmış başqaları da ola bilər. Ona görə də ayrıca bir təhqiqat qrupu yaradılaraq bu məsələnin diqqətlə araşdırılması, bəraət düşən bütün sovet siyasi repressiya qurbanlarına, gecikmiş də olsa, haqlarının qaytarılmasını istədim.

Adətən ayrı-ayrı şəxslərin bəraət məsələlərinə repressiyaya uğradılmışların doğmalarının, qohum-əqrəbasının ərizələri əsasında baxılırdı. Görünür ki, kənarda qalmışlarla bağlı belə müraciətlər olmayıb. Firidun bəyin və bütün əzab görmüş, haqsız cəzalara mübtəla olmuşların hamısının doğması, qohumu mən!

Məktub da yazdım, Baş prokurorla şəxsən də danışdım ki, tarixi ədalət naminə qoy bu iş də gerçəkləşsin.

...Badisəba xanım qəhrəman ruhlu, dəyanətli, mərd bir insan olub.

Köhnə kinoxronikalarda onun zərif surəti də qalıb, fotolardan da sizə nazik vücudlu çöhrəsindən ismətlilik yağan bir incə qadın baxacaq.

Bəlkə də bu gördüyünüzlə ona aid etdiyim yüksək sözlər sizə təzadlı kimi gələcək.

Ancaq məhz elədir. Badisəba xanım, bu üzdən zəif görünən yenilməz qadın ərini məhv etmiş siyasətin axarında yaşadı, həyat yoldaşına qəddar dövlətin vurduğu qara damğaya rəğmən, onun soyadını ləyaqət və iftixarla adının yanında daşıdı, hələ cavan idi, bəlkə neçələri kimi, o da ailə qura, ömrünü bir başqa şəkildə davam etdirə bilərdi - istəmədi, bununla bir daha etibarını, əsilzadəliyini sübuta yetirdi, elə çalışdı, elə işlədi ki, ona ailəsinə qənim kəsilmiş quruluşun ali təltiflərindən olan "Şərəf" ordenini də verdilər, "Əməkdar müəllim" adına da layiq görüldü. Təbii ki, eyni sahədə fəaliyyət göstərərək belə mükafatlandırmalara müyəssər olmaq başqaları üçün də asan deyildi, hünər sayılası nailiyyət idi. Ancaq Badisəba Köçərli sovetin özünə qatı ideoloji düşmən sayaraq güllələdiyi Firidun bəy Köçərlinin zövcəsi idi. Odur ki, bu təltifolunma sadəcə iş həyatındakı yüksək nailiyyət deyil, şücaət, yalnız əməyinə görə alınan mükafat yox, həm də şər imperiyası üzərində çalınan daha bir siyasi qələbənin rəmzi idi.

Badisəba xanımdan qalan əlyazmaların, məktubların, sənədlərin arasında müxtəlif illərin qəzet kəsikləri də var. Özü haqqında yazılar gedən məqalələrdir, bir də Firidun bəyin adının tək cümlədə də olsa belə anıldığı yazılar. "Nuxa fəhləsi" qəzetinin bu sayı 1948-ci ilin son günündə - 31 dekabrda çıxıb. Dördüncü səhifənin lap aşağısında "Böyük qayğı" adlı bir məqalə, yanında da qəzetin məsul redaktorunun adı, soyadı: Məhyəddin Abbasov. Bu, həmin Məhyəddin Abbasovdur (1910-1974) ki, müharibədən sol qolunu itirərək qayıtmışdı və 1945-ci ildən ömrünün sonunadək "Nuxa fəhləsi" qəzetinin redaktoru işlədi. Onun tarixdə qalan bir xidməti də bu oldu ki, 1960-cı ilin 23-26 oktyabrında çapa imzaladığı qəzetin ard-arda çıxan iki nömrəsində Bəxtiyar Vahabzadənin sonralar onun özünün də, şairin də başını çox ağrıdacaq "Gülüstan" poemasını dərc etdi (Bu əsərin Bakıda hər hansı qəzet, ya jurnalda dərci mümkünsüz idi. Çünki Bakıda nəşrdən əvvəl mütləq mətnlər Mətbuatda Dövlət Sirlərini Mühafizə edən İdarənin - senzuranın nəzarətindən keçirdi. Rayon qəzeti redaktorlarına isə həm də senzorluq vəzifəsini icra etmək səlahiyyəti verilmişdi, onlar özləri son icazə məqamı idilər).

Sadə bir məqalədir, amma bu sadəliyin ardında qətiyyən sadə olmayan və zəmanəni daxilindən göstərən mühüm nöqtələr dayanır.

"2 nömrəli Uşaq Evinin direktoru kabinəsində yolka bayramına hazırlıq görülən bu günlərdən birində işçilərdən bir nəfər içəri girərək dedi: "Müdirə, bir nəfər qadın sizi görmək istəyir".

Badisəba Köçərli qaibanə tanıdığı və tez-tez məktub aldığı Nina Viktorovna Rudakova adlı bu qadını səmimiyyətlə qarşıladı, uşağı çağırtdırdı.

"Görürsənmi, Elanora necə böyüyüb, yaxşı qız olub. İndi o, 3-cü sinifdə "əla" qiymətlərlə oxuyur".

Arxada qalan tarixdən xəbərdar oxucu qəzetin daha sonra gələn sətirlərində yazılanları oxuduqca yazılmayanları da təsəvvür etmiş olur. Qəzetin yazdığını oxuyan tarixdən xəbərsiz adam elə zənn edər ki, bu qadın balasından elə hansısa məişət məsələləri ucbatından cüda düşübmüş. Ancaq sovet siyasi repressiyalarından xəbərdar olanlar dərhal barmağını dişləyir ki, bu valideynin övladından ayrı qalmasının səbəbi onun həbs düşərgəsində olması imiş. Və o vaxt o cür uzaqlardakı həbs düşərgələrinə adətən kriminal əməllərə görə oğru-qulduru yox, ən seçmə insanları siyasi səbəblər üzündən yollayırlarmış: "Elanora 1937-ci ilin yanvarında 1 yaşında ikən anasından ayrı düşmüşdür. Nuxa şəhər 2 nömrəli Məktəbəqədər Uşaq Evinə isə 1940-cı ildə gəlmişdir. Anası əvvəllər Ermənistanda yaşamış və sonralar Uzaq Şərqə - Xabarovsk ölkəsinə köçmüşdür (Bəxtəvər başına! Qəzet elə yazır ki, guya bu fağır yığışaraq dünyanın o başındakı şaxtası nəfəs donduran diyara elə xoş gündən köçübmüş. Amma o dövrdə başqa cür nə təhər yazmaq olardı ki! - R.H.). Budur, o, Maqadan şəhərindən 1 ay müddətinə yol gəlmişdir ki, sevimli Elanorasını aparsın, ayrılıq həsrətinə birdəfəlik son qoysun".

Badisəba xanım bu əzabkeş qadını evində 3 gün qonaq saxlayır, gedəndə də bərk-bərk tapşırır: "Bax, mən sənə uşağı necə verirəmsə, sən də elə bax. Bizi unutma!"

Əbdürrəhman müəllim bunu da söyləyirdi ki, o cür siyasi dustaqlıqdan qurtararaq balasının ardınca gələn valideynlərin hər birinə Badisəba xanım xüsusi diqqət göstərərdi, hökmən bir neçə gün evində saxlardı, gedəndə yol yeməyi, hədiyyələr verərdi. Dildə deməsə də, hiss olunurdu ki, bütün bunları Firidun bəyə ehsan kimi edir, o cür siyasilərin hər birini elə Firidun bəyin tale ortağı kimi qəbul edir.

Nə qədər ki Badisəba xanım sağ idi, elə Firidun bəy də diri idi. Bu dünyada Firidun bəyin son canıyananı da ömrünü başa vurandan sonra Köçərli artıq özünün qələmi və zəkası ilə qazandığı əbədi ədib ömrünü davam etdirməyə başladı.

Firidun bəy haqqında ilk geniş araşdırmalar, onun əsərlərinin nəşri Stalin epoxası bitəndən, siyasi mühitdə iqlim dəyişmələri baş verəndən sonra ortaya çıxmağa başladı. Badisəba xanımın gördüyü isə Firidun bəy haqqında ayrı-ayrı məqalələrin içərisindəki tək-tək müsbət məzmunlu cümlələr idi ki, onların hər birini elə ərinin bəraət sənədi kimi toplayıb saxlayırdı. Bu gün bunlar rahat yazıla bilən sözlər kimi görünə bilər. 1945-ci ilin 5 mayında isə "Ədəbiyyat qəzeti"ndəki böyük məqaləsindəki tərifli bir cümləni Firidun bəy Köçərliyə həsr etməklə gənc alim Həmid Araslı əslində risk edirdi. Həmid müəllim gəncəli idi, Firidun bəyi isə sovet dövləti məhz Gəncə üsyanının məfkurə rəhbərlərindən biri kimi qələmə verərək yox etmişdi. Sözdən söz çıxaran, hər deyişə xəbis şübhəcilliklə yanaşan sovetin, yaxud onun ələkçiyə qıl verənlərinin əlində Araslını Köçərliyə məhz siyasi düşüncə ortaqlığına görə qahmar durmaqda ittiham etməklə şərləmək nə çətin iş idi ki?!

Həmid Araslı isə Köçərlinin həbsi və qətlindən sonra ilk dəfə onu mətbuatda iştahla, səxavətlə ürəkdən vəsf edən, ədəbiyyatşünaslığımızdakı yüksək məqamını ürək açıqlığı ilə, heç bir əmma qoymadan nişan verən birinci araşdırıcı idi: "XX əsr ədəbiyyatşünaslığımızın ilk görkəmli nümayəndəsi Firidun bəy Köçərlidir. Köçərli Mirzə Fətəli Axundov ilə başlanan ədəbi-tənqidi irsi ədəbiyyatşünaslığımızın nailiyyətlərini mənimsəyib ədəbiyyat tarixçiliyi elmini irəli aparan ilk alim olmuşdur. Onun "Azərbaycan ədəbiyyatı tarixinin materialları" adlı qiymətli əsəri və ozamankı rus və Azərbaycan mətbuatında çap olunmuş dəyərli məqalələri ədəbiyyatşünaslığımız tarixində xüsusi yer tutur".

Vur-tut bunu yazıb. Ancaq gününə görə bu üçcə cümlə bir iri kitab siqlətindədir. O vaxtlar idi ki, "Kitabi-Dədə Qorqud"u tərənnüm etməyi də sovet ideologiyasına düşmən mövqe kimi qiymətləndirə bilərdilər, o çağlardı ki, Marksın tənqid etdiyi Şah İsmayıl Xətaini öydüyünə görə səni prokuror ədalı tənqidçilər ideoloji təxribatçı adlandıraraq ölümcül hədəfə götürə bilərdilər. Necə ki, elə Həmid Araslını belə-belə yazılarına və ilk növbədə "Dədə Qorqud"a görə taleyi tükdən asılı bir duruma salmışdılar.

Heç gözləmədən aldığı bu məktubun hər sətri də, söz yox ki, Badisəba xanımçün qızıl qiymətinə bərabərmiş.

...Qara karandaşla 1948-ci ilin 7 noyabrında yolüstü yazılmış bu məktubun altındakı imza Cəmşid Əfəndizadənindir. Məktubun dar macalda yazılmasını heç məzmununa keçmədən elə hansı kağızda olması göstərməkdədir. Bütöv vərəq deyil - yarısı əllə əyri-üyrü cırılaraq bu məktub yazılıb, yəqin, vərəqin qalan yarısı da başqa yazı üçün gərək olub, hətta mümkündür ki, bu məktubu yazan tələm-tələsikdə kimdənsə bir parça kağız istəyib, o da bu qədərini verib.

"Əziz Badisəba xanım! Təsadüf nəticəsində bu məktubu yazası oldum. Bakı-Gəncə qatarında bir köhnəqəzetədə sizin haqqınızda məqalə oxudum. Bu "Nuxa" qəzetəsi idi (əslində qəzetin adı "Nuxa fəhləsi" olub - R.H.). Mən Firidun bəyin tələbələrindənəm. Mənə dərs deməyib, amma onu özümə müəllim sayıram. 1920-ci ildə Gəncə hadisələri vaxtı həbs etmiş, zindana atmışdılar. Heç bir əqrəbamın bundan xəbəri yox idi. Məni tutanda dizimə tüfəngin qundağı ilə vurmuşdular. Hərəkət edə bilmirdim. Orada mərhum Firidun bəylə tanış oldum. Biləndə ki, mən Ağəli bəy Nasehin oğluyam, şad oldu. O, dizimi bir balası kimi ovxalayır, mənə kömək edirdi. Bir manat pulu vardı, onu da mənə verdi ki, lazım olar. İndi dizimdə o çatın yeri qalıb. Soyuq olanda ağrıyır, Firidun bəy yadıma düşür, ağrım kəsir. O, qızıl kimi insan idi. Allah rəhmət eləsin".

...Badisəba xanımın Şəkidəki uşaq evinin direktoru olduğu illərdə oradan yalnız özümüzdən deyil, başqa xalqlardan olan minlərlə uşaqlar keçib. Heyranlıq oyadan və dilə rəhmətlər gətirən odur ki, Badisəba xanım onların hamısına heç bir fərq qoymadan doğma ana kimi yanaşıb.

Bu əsrarəngiz ürəkli xanımın, minlərlə uşağa məhəbbətini və nəvazişini bərabər paylayan (bunu isə övladlarına münasibətdə yalnız əsl yaxşı analar edə bilir) Badisəba ananın kağızları arasında şagird dəftərindən qoparılmış bir vərəqdə yazılmış və altında Badisəba xanımdan savayı, daha 11 nəfərin imzası olan bir akt da qalmaqdadır. Gecə növbəsində qalan müəllimə və xidmətçi qapını qıfıllayaraq gedib yatırlar. Gecə saat dördə on beş dəqiqə işləmiş Badisəba xanım nəsə hiss edərək (bu nəsə, görəcəksiniz ki, elə analıq instinkti imiş) gəlir, qapını saat dördə qədər döyür, açan olmur. Şübhələnir, başqa işçilərdən tapır, qıfılı sındırırlar, gedib görürlər ki, müəllimə ilə xidmətçi xorhaxorla uyumaqdadırlar, uşaqlarınsa hamısının üstü açıqdır.

1950-ci il iyun ayının 21-i idi və aktı ona görə tərtib etməmişdilər ki, hər iki günahkara cəza verməkçün əldə əsas olsun. Məqsəd işçiləri daha artıq səfərbər etmək, intizama və uşaqlara münasibətdəki qayğıkeşliyə daha artıq kökləmək idi.

...Bu hərarəti daşan açıqca-məktubsa Badisəba xanıma uzaq soyuq ünvandan - Komi Muxtar Respublikasının Ust-Tsilemsk rayonunun Novıy Bor poçt şöbəsindən göndərilib. Məktubu yazan Alyaz Rezman qızı da, yəqin ki, orada həbs düşərgəsində olanlardanmış. Sovet siyasi repressiyaları dönəmində valideynləri həbs və sürgün edilən o qədər uşaqlar SSRİ boyu müxtəlif uşaq evlərinə göndərilmişdilər ki! Vaxtaşırı onların yerlərini də dəyişirdilər və gələcəkdə imkan olarsa, belə axtarılanın izinə düşmək tamam məchullaşırdı. Siyasi repressiya zərərdidələrinin əksəri sanballı nəsillərdəndi. Sovetinsə tarixli, rişələri dərinlərə işləmiş, ənənəli nəsillərdən xoşu gəlmirdi. Belə nəsillər amorf sovet xalqı yaratmaqçün də maneə idi. Ona görə nəsilləri pərən-pərən salırdı, uşaqlarını da SSRİ boyu səpirdi ki, onların da nəsil yaddaşı ərisin, itsin, yox olsun. Məhbusların övladlarını çox zaman elə ucqar uşaq evlərinə göndərirdilər ki, keçmiş məhbuslar ölməyib qalsalar belə, həbsdən azad edilib qayıdandan sonra da nə qədər inadla axtarmaqlarına baxmayaraq, təzədən balaları ilə görüşmək imkanından məhrum qalırdılar, həsrətlər içərisində də ölüb gedirdilər.

Bu məktub yazılanda - 1951-ci ilin 10 sentyabrında Stalin bığlarını burub oturmuşdu Kremldə, sovetin repressiyalar maşınıhəmişəki gücündə işləyirdi və bir neçə il sonra milyonlarla insanın gedər-gəlməzdəki qapısını açacaq bəraətlər fəsli ağlagəlməz qədər uzaq görünürdü.

"Salam, Uşaq Evinin hörmətli direktoru. Artıq dərəcədə xahiş edirəm mənə xəbər verəsiniz ki, doğrudanmı mənim oğlum Sonuyev Fara sizin uşaq evinizdədir və susmağının səbəbi nədir ki, 2 ildir ondan məktub almıram. Onun haqqında mən Moskvadan məlumat öyrəndim. Verilən ünvana məktublar yazıram, amma heç bir cavab yoxdur. Çox rica edirəm, mümkünsə, imkan etsəniz, mənə onun fotosunu yollayın və harada olması barədə xəbər verin. Tezliklə cavab gözləyirəm".

Badisəba xanım ömrü boyu gözləməyə və həsrətlər çəkməyə məhkum bir insandı və belə adamların dərdini də, həyəcanlarını da hər kəsdən daha yaxşı anlayırdı. Bu məktubu saxlayıbsa, demək, mütləq o məktubla əlaqədar o zaman da gücü çatan nə varsa edib.

Hansısa uşaqların bəxti gətirirdi, hansısa ailələr onları övladlığa götürürdü, xeylisi Azərbaycandan uzaqlarda, başqa respublikalarda yaşayırdı. Ancaq onlar Badisəba ananı ana kimi, nənə kimi necə sevmişdilərsə, illər sonra da onu elə əsl anaları kimi xatırlayır, səmimi məktublar göndərir, öz təzə valideynlərini də bu ovqata uyğunlaşdırırdılar.

Allah imkan vermədi, ocağının çırağını erkən söndürdülər, Firidun bəyi həyatdan qopardılar və bu ailənin öz övladı olmadı. Ancaq əvəzində Pərvərdigar Firidun bəyə də, Badisəba xanıma da onlara ən sadiq övlad məhəbbəti bəsləyən saysız-hesabsız oğullar, qızlar bağışladı.

Şəkiyə, ovaxtkı Nuxaya bu məktub Tambov vilayətinin Morşansk şəhərindən gəlib. Bir kiçik zərfdir, içərisində 2 məktub. Elə baxan kimi xəttindən bəlli olur ki, birini uşaq yazıb, digərini böyük. Ana yazır ki, Nadya hər gün məktəbdən gələn kimi birinci Nuxadan, sizdən məktub olub-olmadığını soruşur. Mən də başa salıram ki, bəlkə kurorta gedibsiniz, ona görə yazmırsınız. Volodya da hər dəfə məndən xahiş edir ki, sizə hökmən onun da adından salam yazım.

Qızsa Nuxadakı "anasına" dərslərini yaxşı oxuduğunu, Murka adlı pişiklərinin olduğunu, hər gün dərsdən gələndə Məstanın onu qarşıladığını, Reks adlı itlərinin də artıq ona alışaraq salamlaşırmış kimi pəncəsini uzatdığını, Morşanskdakı anasının ona Yeni ildə küknar ağacı alıb yolka quracağını vəd etdiyini xəbər verir, Badisəba xanımdan Nuxadakı uşaq evində olan bütün yaşıdlarına, tərbiyəçilərə salamını çatdırmasını, tez-tez məktub yazmasını xahiş edir.

Bu təmizlik dolu balaca uşaq təbiətin məsum balası idi, qəlbən sevinir və bunu Badisəba xanıma xəbər verirdi ki, pişiyimiz məni səsimdən tanıyır. İtdən-pişikdən də məhəbbət, istilik uman bu balaca varlıq Badisəba xanımdan da sevgi, əsl ana nəvazişi görmüşdü ki, hətta ona xoşbəxtlik üz verib öz əsl ata-anası ilə qovuşandan sonra da uşaq evindəki ANAsını unutmurdu.

Bu kiçik Nadejda kimi həmin uşaq evində o ildə, daha əvvəlki və sonrakı illərdə nə qədər belələri olmuşdu ki, Badisəba xanım onlara eyni təmənnasızlıqla sevgisini paylamış, yetim olmaq düşüncəsini bu uşaqlara yaxın buraxmamış, mehri ilə bu qəlbisınıq yavrulara analı olmaq səadətini aşılaya bilmişdi.

... Bu məktubu Şuşadakı uşaq evindən Nuxadakı uşaq evinə Məcidov Şaban adlı bir uşaq göndərib: "Əziz anam".

Badisəba xanıma məktubuna Şaban bu başlığı qoyub. Məktubdakı 10 cümlənin hər biri elə "Əziz anam" müraciəti ilə başlanır. Bu sayaq yazma tərzinin özündəcə ata-ana məhəbbətindən umsuqluğun əks-sədası var, əziz bir insana "ana" deyə müraciət etmək də bu ata-anasız uşağın könül ehtiyacıymış. Nə münasibətləsə onu və daha bir neçə uşağı müəyyən müddətə Nuxa Uşaq Evindən Şuşadakı uşaq evinə köçürüblər. Amma uşaqlar orada darıxır, özlərini doğma evlərində olmayan kimi hiss edirlər: "Əziz anam, mən burada fikir çəkirəm. Əziz anam, sizdən xahiş edirəm, məktəblər qurtaran kimi məni buradan çıxarın. Əziz anam, sizi çox istəyirəm. Əziz anam, Siddiqə, Fəzilə, Sabir, Kamal, Abdulla sizə çox-çox salam söyləyirlər. Əziz anam, mənim ürəyim darıxır. Əziz anam, məndən Şahzadə xalaya, Mahiyyə xalaya, Zinyət müəlliməyə, Mahmud dayıya salam deyin. Əziz anam, məni buradan haçan çıxaracaqsınız? Əziz anam..."

...Hisslər-həyəcanlar, ömürlər, talelər qalıb dünənlərdə. İndi qaldırmasam, baxmasam, bu məktublar, müxtəlif arayışlar, qəbzlər, qeydlər kimə lazımdır ki?

Gün keçib...

Ancaq keçməyən, daimi olan dəyərlər də var axı!..

Azərbaycanda da, keçmiş sovet respublikalarında da yenə uşaq evləri var. Dünyanın başqa ölkələrini yox, postsovet məkanında olan yeni müstəqil dövlətlərin ərazisindəki uşaq evlərini önə çəkməyim səbəbsiz deyil. Sovet dövlətinin 1920-1930-cu illərdə də, 1941-1945 müharibəsi vaxtı və sonrakı dönəmdə də uşaq evlərinə diqqəti məxsusi olmuşdu. Şüurlara, yaddaşlara köçmüş bir Anton Makarenko (1888-1939) surəti var, kimsəsiz uşaqlar və onların təlim-tərbiyəsi haqda XX yüzilin ikinci yarısında bir-birindən təsirli və ibrətli nə qədər dəyərli filmlər lentə alınmış, bədii əsərlər yaranmışdı!

Nikolay Ekkin çəkdiyi "Həyata vəsiqə" ("Putёvka v jiznğ", 1931), Vasili Proninin ekranlaşdırdığı "Alay oğlu" ("Sın polka", 1946), Meçislav Mayevski və Aleksey Maslyukovun işi olan "Pedaqoji poema" ("Pedaqoqiçeskaə pogma", 1955), Gennadi Polokanın rejissoru olduğu "ŞKİD Respublikası"nın ("Respublika ŞKİD", 1966. Əslində bu filmin adı Azərbaycan dilinə "DAM Respublikası kimi tərcümə edilməli idi. Çünki "ŞKİD" "Şkola imeni Dostoyevskoqo" sözbirləşməsinin qısaltmasıdır. Ancaq bu ifadə terminləşdiyindən elə "ŞKİD" kimi də saxlanılıb. Bu, kökünü Rusiyada, Petroqradda 1920-ci ildə yaradılmış "Şkolı soüialğno-trudovoqo vospitaniə imeni Dostoevskoqo" adlı mərkəzdən - yetim, baxımsız, daha çoxsa türmələrdən, sürgün yerlərindən gətirilən uşaqların təlim-tərbiyəsi üçün nəzərdə tutulmuş məktəbdən alırdı) duyğulu səhnələri, yəqin ki, köhnə nəsil tamaşaçılarının yaddaşından heç vaxt silinməz.

XX yüzilin ortalarının, təlim-tərbiyənin də, təminatın da yaxşı səviyyədə olduğu uşaq evlərindən sonraların neçə məşhur yazıçısı, alimi, sənət xadimi, əmək qabaqcılı, dövlət xadimi, hətta prezidenti çıxdı. Lakin XX yüzilin son çərəyində, təzə əsrin əvvəllərində sanki bu sahəyə diqqət azaldı. Köhnə çağların özünəməxsus tərbiyə və həyat məktəbi olmuş uşaq evləri haqqında, orada cərəyan edən başıpozuqluqlar, törədilən qəddarlıqlar, uşaqlarla amansız rəftar barədə elə tükürpədici hekayətlər eşitdik ki, matımız-mutumuz qurudu.

Uşaqlıq illərimdə radiodan tez-tez eşitdiyim, hətta nəğmə dərslərində bizə əzbərlədilmiş məşhur mahnını xatırlayıram: "Anacan, ağrın alım, anacan, başına dönüm, mən, mən, mən, mən". Ümumən ana haqqında olan, sözləri də eşq-məhəbbət sarı çəkən bu mahnını bizə nəğmə dərsi deyən Tərxan müəllim bir qədər fərqli sözlərlə öyrətmişdi və deyirdi ki, xalq mahnısı kimi məşhur olsa da, həqiqətdə onu qoşub-düzən və "Anacan" ləqəbli fədakar tərbiyəçiyə həsr edən vaxtilə həmin qadının rəhbərlik etdiyi uşaq evindən çıxmış bir gəncdir. 1942-ci ildə Qaraşəhərdə öz ata-baba mülklərində uşaq evi açan və ömrünün axırınadək oranı idarə edən Bahar Ağalarova (1884-1953) haqqında hələ 1952-ci ildə yazıçı İsmayıl Şıxlı "Ədəbiyyat qəzeti"ndə ayrıca oçerk dərc etdirmiş, Yusif Əzimzadə bu nəcib qadın haqqında "Anacan" adlı pyes yazmışdı. Bahar xanım da talecə hər cəhətdən Badisəba xanımla oxşardı və o da müstəsna əməklərinə görə yüksək təltif və mükafatlara layiq görülmüşdü.

Rəsmiyyətdə "uşaq evi" adlandırılsalar da, camaat arasında o müəssisələrə daha çox "yetimlər evi", yaxud "yetimxana" deyilərdi. O cür yerlərdə tərbiyə alıb böyüyən, alnına bu qismət yazılmış uşaqlara qayğıkeş münasibət Allaha da, bəndəyə də xoş gedəsi savab əməldir. Zənnimcə, o cür məkanların bu gün də gələcəyimizçün gərəkli vətəndaşlar yetişdirən ünvanlar olmasından ötrü yenə elə Badisəba və Bahar xanım kimi mələk xislətli insanlara ehtiyac var.

Rejimin talelərini şikəst etmiş olduğu nə Badisəba xanımın, nə Bahar xanımın övladı olub, ancaq hər ikisini minlərlə uşaq sevərək "ANACAN" çağırıb. Dövran hər ikisinə əzablar verib, ancaq daxili zərifliklərini əllərindən almağa gücü çatmayıb. ...Badisəba xanıma mütəmadi məktublar göndərmiş Əhməd Vəkilov bir dəfə, görünür ki, nəslin başından keçmiş qovğaları göz önünə gətirərək göylərdən giley-güzarla yazırdı ki, axı biz Allahın hansı əmrindən çıxdıq, kimə zərrəcə pisliyimiz dəydi ki, qədərimiz belə yazıldı?

Haqlısınız - nəcib oldunuz, əxlaqlı oldunuz, düz oldunuz, xeyirxah oldunuz, mərhəmətli oldunuz, işıqlı oldunuz və Pərvərdigar da bunu cavabsız qoymadı axı! Bütün gözəlliklərinizin müqabilində başqalarının o dünyada gözlədiyi cənnəti bu həyatdaykən qazandınız, yaşadığınız müddətdə ruhunuz tox oldu, olmadığınız illərdə də rəhmətlərlə anılaraq yaşamaqda davam etmək xoşbəxtliyi boyunuza biçildi.Yad balasının bir qadına öz doğma anasından artıq isinişərək qəlbinin bütün məhəbbətiylə "Anacan" deməsi də İlahinin Badisəba xanıma təşəkkürü deyildimi?!

 

14 noyabr 2024

 

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet .- 2024.- 20 noyabr(№211).-S.10-11;13.