COP29-un uğurlu təşkili:
böyük məsuliyyət və yüksək peşəkarlıq
nümunəsi
Bakıda noyabrın 11-də başlanan və bu
ayın 22-dək davam edəcək möhtəşəm tədbirdə
- BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasına Tərəf Dövlətlərin 29-cu
Konfransında (COP29) 196 ölkədən 72 min qonaq, o cümlədən,
80 prezident, vitse-prezident və Baş nazirin iştirak etməsi
Azərbaycanın dünyada artan nüfuzunu, etibarlı tərəfdaş
kimi tanındığını və qəbul olunduğunu
bir daha sübut etdi. BMT-nin belə mötəbər, qlobal əhəmiyyətli
tədbirinin Bakıda keçirilməsi təsadüfi deyil.
Bu, beynəlxalq aləmdə Azərbaycana hörmətin, onun
qlobal əhəmiyyətli müxtəlif energetika, nəqliyyat
və başqa layihələrdə oynadığı müsbət
rola verilən dəyərin göstəricisidir. Ona dost olanlar
və dost olmayanlar da tədbirin Bakıda keçirilməsinə
razılıq veriblər. COP29-un Bakıda reallaşmasına
Ermənistanın razılıq verməsi də Azərbaycanın
müsbət nüfuzunun rəsmi İrəvan tərəfindən
qəbulu, etirafıdır. Bir sözlə, bu, rəsmi
Bakının yürütdüyü siyasətin beynəlxalq
ictimaiyyət tərəfindən müsbət
qarşılanmasının nəticəsidir.
Politoloq Sahil Kərimlinin sözlərinə görə,
Azərbaycan dövləti COP29 kimi mötəbər beynəlxalq
tədbirə yüksək səviyyədə və uğurla
ev sahibliyi edir: "Yaxın günlərdə biz COP29 çərçivəsində
bir çox mötəbər tədbirlərin də
keçirilməsinin şahidi olacağıq. Azərbaycan
bununla beynəlxalq aləmə, beynəlxalq ictimaiyyətə
müsbət mesaj verdi. Azərbaycan COP29 çərçivəsində
ekologiya problemlərinin həllinə, bəşəriyyətin
gələcək taleyinin həllinə kömək və dəstək
məqsədilə bütün mümkün
resurslarını ortaya qoydu. Hesab edirəm ki, bunu uğurla və
peşəkarlıqla bacardı. Eyni zamanda
iştirakçı ölkələrin liderlərinin sammitində
də bir çox maraqlı mesajlar dünyaya çatdırıldı.
Azərbaycan Prezidentinin çıxışında sərt və
qətiyyətli bəyanatların şahidi olduq. COP29-a
qoşulmayan, tədbirdə iştirak etməkdən imtina edən
dairələrə də biz çox tutarlı və yerində
ünvanlanmış mesajlar gördük. Paralel olaraq iqlim
problemlərinin həllinə dəstək məqsədilə
ayrılan maliyyələrin də
artırılacağının anonsu verildi. Avropalı
Ş.Mişelin çıxışında bunun şahidi
olduq. Avropa İttifaqı Şurası da bu məsələdə
xüsusi dəstəyini verəcək. Digər ölkələrin
prezidentləri, Baş nazirləri səviyyəsində
çıxışlarda da COP29-un mühüm əhəmiyyət
daşıdığını gördük. COP29 çərçivəsində
iqlim problemlərinə, inkişaf etməkdə olan dövlətlərə,
kiçik ada dövlətlərinə maliyyə
yardımlarının edilməsi məsələsində Azərbaycanın
da böyük səyləri var. Azərbaycan dövləti həm
ideoloji baxımdan, həm təbliğat baxımından bu
istiqamətdə çox böyük töhfələr verib.
Azərbaycan həm də iqlim problemlərinə böyük
maliyyə yardımı ayıran ölkələrdən
biridir. Bu tədbirin çox böyük əhəmiyyəti
hələ gələcək dövrlərdə də təsirini
itirməyəcək. COP29-un əks-sədası hələ
qarşıdakı dövrlərdə də dünyaya və
beynəlxalq aləmə çox böyük töhfələr
verəcəkdir".
Millət vəkili Tahir Rzayev bildirib ki, COP29 kimi beynəlxalq
əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi
və 200 dövlətin bu tədbirə Azərbaycanın ev
sahibliyini etməsinə razılıq verməsi ölkəmizin
beynəlxalq aləmdə yüksələn nüfuzunun və
Prezident İlham Əliyevin düşünülmüş
siyasətinin göstəricisidir. Çünki COP29-a ev
sahibliyi etmək, tədbiri yüksək səviyyədə
keçirmək böyük məsuliyyət və peşəkarlıq
tələb edir. Ancaq Azərbaycanın bu sahədə xeyli təcrübəsi
var, bir çox beynəlxalq əhəmiyyətli idman
yarışlarının, musiqi müsabiqələrinin və
digər tədbirlərin paytaxt Bakıda, həmçinin
regionlarda keçirilməsi göstərir ki, Azərbaycan
mühüm tədbirlərə yüksək təşkilatçılıq
bacarığı ilə ev sahibliyi etməyə qadirdir. Bunu
COP29 konfransının açılış mərasimi bir
daha sübut etdi.
O bildirib ki, İlham Əliyevin COP29-dakı
çıxışı dünyanın bütün ölkələrinin
diqqət mərkəzində idi və analitiklər tərəfindən
çox yüksək qiymətləndirildi: "Çünki
ölkə başçısı COP29-un keçirilməsinin
əhəmiyyətini və bu gün bəşəriyyəti
narahat edən bütün məsələlərin Bakıda
müzakirə edilməsini əlamətdar hadisə kimi qeyd
etdi. Dövlət başçısı göstərdi ki,
COP29-un Azərbaycanda keçirilməsi bizim üçün
etimad və məsuliyyətdir. Bu gün Azərbaycanın yerləşdiyi
mövqe dünya ölkələri üçün çox əlverişlidir.
Dövlət başçısı öz
çıxışında qeyd etdi ki, Azərbaycanın
başlatdığı layihələr artıq Avrasiyada enerji
daşıma yollarını dəyişib. Bu gün Azərbaycan
Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında böyük rol oynayır. Digər tərəfdən
alternativ enerji mənbələrinin araşdırılması
və tətbiqində Azərbaycanın fəallığı
hiss olunur. Sözsüz ki, açılış nitqində
dövlət rəhbəri tarixi qələbələrimizə
də diqqət çəkdi. Haqlı olaraq göstərildi
ki, BMT TŞ-nin 30 il kağız üzərində qalan qətnamələrini
Azərbaycan öz gücü, ordusunun qüdrəti, xalqın
birliyi sayəsində yerinə yetirə bildi və erməni
faşistlərinin ayaqları Azərbaycan torpaqlarından kəsildi.
Prezident öz çıxışında dəfələrlə
qeyd etdi ki, Azərbaycan demokratiyaya, sülhə, əmin-amanlıq
və əməkdaşlığa, təhlükəsizliyə
sadiq dövlətdir. Bunun nəticəsidir ki, bu gün Cənubi
Qafqazda sülh və əmin-amanlığın təmin
olunmasında Azərbaycan mühüm rol oynayır. Ermənistanla
sülh müqaviləsinin bağlanılmasına cəhdlər
göstərilməsinə baxmayaraq, hələ də xarici
ölkələrin təhriki ilə Ermənistan sülh
müqaviləsinin imzalanmasını ləngidir. Ermənistan
yenidən silahlanmaq fikrindədir və Qərbin, Avropanın,
xüsusilə Fransanın dəstəyi ilə bu gün yenidən
Ermənistan müharibəyə hazırlaşır. COP29 kimi
beynəlxalq əhəmiyyətli tədbirin Azərbaycanda
keçirilməsinə razılıq verən ölkələrin
sonradan bu tədbiri "boykot" etmək
çağırışları onların əsl
üzünü göstərir. Çünki Azərbaycanın
müstəqil siyasət yürütməsi, heç bir
ölkənin diktəsi ilə işləməməsi bir
çox Qərb və Avropa ölkələrini narahat edir. Azərbaycan
müharibədən qalib çıxan ölkə kimi öz
sözünü dedi, haqq-ədalətin bərpası
uğrunda aparılan mübarizəni sülhsevər dövlətlər
qiymətləndirsələr də, lakin ermənipərəst
qüvvələr Azərbaycanın bu qələbəsini bu
gün də həzm edə bilmirlər. Buna görə də
onlar COP29-un hər vasitə ilə baş tutmasına
çalışdılar, lakin buna nail ola bilmədilər.
Prezident çıxışı zamanı bildirdi ki, dünya
haqsızlıq hökm sürdüyü müddət ərzində
bəşəriyyəti xilas etmək mümkün deyil.
COP29-un ölkəmizdə keçirilməsi, burada BMT baş
katibinin və görkəmli dövlət xadimlərinin
çıxışları Azərbaycana verilən dəstək,
göstərilən etimadın ifadəsidir. Bu gün Azərbaycan
dünyaya açılan qapı kimi bütün dövlətlərlə
sağlam əməkdaşlıq qurur. COP29-un ölkəmizdə
yüksək səviyyədə həyata keçirilməsi
Azərbaycanın qüdrətindən və Azərbaycan
xalqının sülhsevər amalından xəbər
verir".
Politoloq İlqar Vəlizadənin dediyinə görə,
COP29 tədbiri, qlobal sammiti hər il keçirilir. Azərbaycanda
keçirilməsi ondan xəbər verir ki, Azərbaycana
böyük diqqət və etibar var: "Eyni zamanda COP-un, ənənəvi
iqlim sammitlərinin yararları əslində həmişə
əhəmiyyətli olub. COP29 tədbiri ictimai və siyasi
birlikdəlik üçün vacib bir hadisədir. Ona görə
də düşünürəm ki, Bakı deklorasiyası,
hansı ki, COP29-un nəticəsində qəbul olunacaq.
Deklorasiya imkan verəcək ki, dünya siyasəti məhz
COP29-un nəticələrini nəzərə almaqla müəyyən
dərəcədə, müəyyən istiqamətlərdə
inkişaf edəcək. COP29 iqlim diskussiyalarına
hal-hazırda bəşəriyyət səviyyəsində təkan
verəcək. Bu da Azərbaycanın əhəmiyyətini
artırır, Azərbaycanın təsirini dünya siyasətində
artırır. Digər tərəfdən xarici ictimai-siyasi
dairələrin, ekoloji ictimaiyyətin diqqətini Bakıya cəlb
edir. Bu tədbir Azərbaycanın əhəmiyyətini həm
regionda, həm də dünyada bir daha vurğulayır. COP29 tədbirlərinə
diqqət həmişə böyük olub. İndi də ildən-ilə
artır. COP29 çərçivəsində vacib məsələlər
müzakirə olunacaq, bir çox məsələlərin həlli
üçün çox güman ki, təkliflər səsləndiriləcək.
Bu cəhətdən tədbir çox vacibdir. Eyni zamanda ilk dəfə
olaraq Azərbaycanda müxtəlif ölkələrin, həm
qərb, həm cənub, yaxın şərq ölkələrinin,
yəni bütün dünyanın aparıcı siyasətçiləri
yığışacaq. Bu da dünyada gedən qlobal dialoqun təzahürüdür.
Azərbaycan bu dialoqda vacib rol oynayacaq. Bu da Azərbaycanın
siyasi-humanitar çəkisini dünyada artıracaq".
Politoloq Tofiq Abbasov bildirib ki, COP29-dakı
çıxışlarda qırmızı xətlə
keçən fikirlər ondan ibarətdir ki, bu konfransın
meydanı sərt qarşıdurma meydanı deyil. Əməkdaşlıq,
anlaşma meydanıdır. Burada bütün insanlar gələcəyin
üzərində işləməlidirlər ki, planetimizdə
iqlim şəraiti bir qədər canlansın, digər tərəfdən
də gələcək nəsillərə normal, sağlam irs
ötürə bilək: "Bütün beynəlxalq
meydanların hamısında rəqabət məqamları var.
Ancaq elə bir məsələlər ortaya çıxır
ki, orada konsensus axtarışı əsas tələbə
çevrilir və digər tərəfdən də
iştirakçı ölkələr, nümayəndələr
gərək bir-birini eşitməyi öyrənsinlər. Bu
baxımdan hesab edirəm ki, Azərbaycan paytaxtında COP29-la əlaqədar
çox mühüm atmosfer formalaşıb. Təşkilatçılıq
yüksək səviyyədədir. Ona görə də,
çıxışların hamısında Azərbaycanın
mövqeyini iştirakçılar birmənalı dəstəkləyirlər.
Bildirirlər ki, işgüzarlıq üçün maksimal dərəcədə
imkanlar istifadə olunub. Əsas fikirlərdən biri odur ki, əgər
biz gələcəyi düşünürüksə, gərək
bu günə investisiyalar edək. Çünki gələcək
artıq başlayıb. Bu gün isə onun həlledici məqamlarını
həll edə bilərik. Bu baxımdan da Azərbaycan tərəfinin
ev sahibi kimi iştirakı faydalılıq göstəriciləri
həddindən artıq yüksəkdir. Birincisi, biz 14 təşəbbüslə
irəli çıxırıq. Bunlar həm insan
faktorlarını, ətraf mühitin tələblərini nəzərə
alır, resurs bazasının vəziyyətini, əsas
göstəricilərin hamısını diqqətə
alır. Hətta kadr siyasətində hazırlıqların
görülməsini də Azərbaycan tərəfinin təşəbbüslərində
sezirik. Ona görə də çıxışlarda birmənalı
vurğulanır ki, burada sadəcə iştirak edib
müşahidəçi qismində nümunələr
göstərmək kifayət etmir, əksinə, proseslərə
ikiəlli yapışmaq lazımdır. Proseslərə
yaradıcı münasibət göstərmək
lazımdır ki, həqiqətən də, o risklər və
çağırışlar müvafiq tərzdə
qarşılansın. Əlbəttə ki, burada diqqəti
çəkən BMT baş katibi Antoni Quterreşin
çıxışı idi. O, çox vacib mesajları
ötürdü. Bildirdi ki, Bakı sammitindən heç bir
iştirakçı əliboş qayıtmalı deyil. Yəni
biz əgər müzakirələrə qatılırıqsa,
gərək aydın fikirlər və ideyalar irəli sürək.
Prezident İlham Əliyevin çıxışı son dərəcə
praqmatik və aktual göründü, eşidildi, səsləndi
və dövlət başçısı bildirdi ki, boykot
siyasətini həyata keçirmək istəyənlər sadəcə
keçmişin qalığı kimi özlərini
nümayiş etdirirlər".
Onun dediyinə görə, bütün fəal
iştirakçılar həm sağlam düşüncə,
həm praqmatik və rasional yanaşma göstərməyə
hazırdırlar. Bu baxımdan da Azərbaycanın
mövqeyini dövlət başçısı xüsusilə
vurğuladı ki, biz yaşıl gündəliyi artıq tərtib
etmişik: "2015-ci ildən bəri ölkəmiz proqram
şəklində bu işlərin hamısını həm nəzərdən
keçirib, həm fəaliyyət planlarını
hazırlayıb, beləcə də biz artıq Avropanın həm
də yaşıl enerji təminatçısına
çevrilirik. Azərbaycan burada həm qətliyyətlə
mövqeyini bildirir, digər tərəfdən də göstərir
ki, realistik yanaşma və iştirak nədən ibarət
olmalıdır. Digər dövlət rəhbərlərinin,
hökumət başçılarının da bütün bu
çağırış ruhlu fikirləri səsləndi və
birmənalı fikir ondan ibarətdir ki, biz həlledici məqamdayıq.
Əgər COP28 Birləşmiş Ərəb Əmirliklərində
keçirilərkən orada bir çox məsələlərə
aydınlıq gətirə bilmədisə, artıq biz o
boşluqları Bakıda doldurmalıyıq".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2024.- 21 noyabr(№212).-S.15.