Təbəssümlə paylaşılan sevgi

NƏZAKƏT MƏMMƏDLİNİN PORTRET CİZGİLƏRİ

 

Nə gözəlmiş ruh əkizini tanımaq, dərd, fikir ortağını tapmaq, eyni xarakterli, oxşar dünyabaxışlı əqidə və məslək sirdaşınla görüşmək, onunla ruhunun pərvazlana biləcəyi səmalarda uçuşmaq, dünyaya eyni pəncərədən baxmaq, eyni qənaətə gəlmək, eyni şeylərə sevinib eyni şeylərdən kədərlənmək, eyni cür düşünüb eyni cür hərəkət etmək... Bu cür eynilikləri, oxşar cəhətləri sadaladıqca bitib tükənməz. Təbəssümüylə qəlblərə su kimi axan, içi və çölü eyni, adı xarakterini və davranışını birə-bir yansıdan Nəzakət Məmmədli - Respublika Xatirə Kitabının baş redaktoru, incə ruhlu gözəl şair haqqında düşüncələrimi və qənaətlərimi oxucularla paylaşmaq istədim.

Mən hər zaman bu fikirdəyəm ki, kiməsə yardım etməyə maddi və mənəvi gücün yetmirsə, heç olmaya təbəssümünü ondan əsirgəmə, bu təbəssümlə könlünün şəfqətini, sevgisini ona çatdırmış olursan. Yaxın rəfiqələrimdən biri bu yaxınlarda Skandinaviya ölkələrindən gəlib. Oranın insanları haqqında elə gözəl fikirlər söylədi ki... Deyir, tanımadığın biri küçədə və yaxud həyətdə, ticarət mərkəzində, ictimai nəqliyyatda səninlə qarşılaşanda bir də görürsən əllərini sinəsinə qoyaraq gülümsər çöhrə ilə sənə baxır. Yaxud da əl işarəsi ilə supersən fikrini çatdırmaq istəyir. Əgər sənin tərzin, geyimin, üzün, ətrafa payladığın pozitivlik onun diqqətini cəlb edibsə, hökmən xoş bir reaksiya verəcək. Nə gözəldi, deyilmi? Və o jest səni bütün gün ərzində müşayiət edir, əhvalını yüksəldir.

Nəzakət xanım məhz bu cür simasıyla, gülümsər çöhrəsiylə, ətrafa yaydığı işıqla və sevgi ilə diqqətimi cəlb etmişdi. Və əmin idim ki, bu təbəssüm içinin təmizliyinin bir göstəricisidir. Burda sünilik, rola girmək və sair heç yoxdu. Və istər-istəməz səndə bu qənaət yaranır ki, bu cür təmiz qəlbli və gülərüz insan ancaq xeyirxah əməllərin, savab işlərin sahibi olmalıdır. Elə düşündüyüm kimi də var. Yaradıcılığı və fəaliyyəti ilə tanış olandan sonra bu barədə qənaətim qətiləşdi. O, arxada qoyduğu illərini boşuna yaşamamış, gücündən, imkanından da artıq ağır bir yükə çiyin vermişdi.

O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin psixologiya fakültəsini bitirdikdən sonra 15 il təhsil sektorunda çalışıb. Amma məktəbli ikən şeir yazmağa göstərdiyi maraq gündən-günə artıb və o, xəlvəti yerlərə çəkilib könlünün ilhamını dilləndirməkdə davam edib. Şeir yazmaqla bərabər, müxtəlif mövzularda məqalələrlə də dövri mətbuatda çıxış edib. Nəhayət ki, istedadını tam göstərmək və yaradıcılığını ürəyinə yaxın səmtə yönləndirmək üçün qarşısında fürsət açılıb. Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və onun xeyir-duası ilə fəaliyyətə başlayan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Respublika Xatirə Kitabı redaksiyasında işə başlayıb. Onu da qeyd edim ki, Respublika Xatirə Kitabı Redaksiyası müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamədir. Bu kitablarda əsasən, İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş hərbçilərimiz, girov alınmış vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir, cəmiyyətimiz və gələcək nəsillər üçün çox faydalı işlər görülür.

Respublika Xatirə Kitabının 21 cildi çap olunub və xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi bu redaksiyanın ümdə işidir. Redaksiya bu prosesi daim öz üzərində bir məsuliyyət kimi hiss edir, bu istiqamətdə araşdırma işləri aparır və bu ənənəni hazırda da davam etdirir.

2017-ci ildə Respublika Xatirə Kitabı Redaksiyasında Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən "Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası"nın İşçi qrupu ilə birgə Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlara hücumu, torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı taleləri araşdırılıb və dörd cilddən (iki dildə) ibarət kitab hazırlanıb. Bu işin çətinliyindən saatlarla söz açmaq, cild-cild kitablar yazmaq olar.

Eyni zamanda, redaksiyanın əməkdaşları 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə cildlik kitab üzərində çalışır. Kitabın 3 cildi işıq üzü görüb, 4-cü cildi çapa hazırlanır.

Redaksiyanın hazırladığı "Qələbə - 75: Azərbaycan xalqının mübarizə əzmi" kitabı da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə birləşdirir.

Redaksiya "Vətən daşı... və ya 44 günün dastanı" adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlərin 8-i geniş ictimaiyyətə təqdim olunub. Layihənin rəhbəri Nəzakət Məmmədlidir.

Respublika Xatirə Kitabı yaddaşımızın tarix salnaməsidir. Dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı altında redaksiya bugünkü və gələcək strateji işlərini də eyni məhəbbət və həvəslə davam etdirmək üçün əzmlə çalışır.

Düz 22 ildir, Nəzakət xanım olduqca gərəkli olan bu işin tən ortasında, hətta önündədir. 27 nəfərlik bir kollektivlə bir ordunun işini görürlər .Bu işin adı vətənpərvərlik olsa gərək, qəhrəmanlıq olsa gərək.

Bütün bunlar azmış kimi, Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvü, Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru (8 ildir bu vəzifədədir) Nəzakət xanım "Kitab evi" İctimai Birliyinin icraçı direktorudur.

"Ömrüm" (2008), "Ömrün qatarı" (2013), Türkiyədə çapdan çıxmış "Saralmış yarpağa bənzəyir ömrüm" (2014), "Yurd dediyim bu torpaq" (2018) və "Yurd həsrəti" (2023) kitablarının müəllifidir.  Şeirləri bir neçə dilə tərcümə edilib. Mətbuatda tez-tez şeirləri və yazıları dərc edilir. Tehranda "Ərdəbilim" adlı şeirlər toplusu nəşr olunub (2018). O, 2010-cu ildən "Yada düşdü" adlı ədəbi-bədii, nostalji jurnalın təsisçisi və baş redaktorudur. Ötən illər ərzində təkcə ölkəmizdə deyil, həm də onun hüdudlarından kənarda böyük oxucu auditoriyası qazanmış "Yada düşdü" jurnalı milli-mənəvi dəyərlərimizin təbliğində, Azərbaycanın görkəmli şəxsiyyətlərinin tanıdılmasında, dünyasını dəyişmiş məşhur elm, ədəbiyyat, incəsənət xadimlərinin yad edilməsində, ədəbi gəncliyin ən son uğurlarının işıqlandırılmasında müstəsna rol oynayıb, böyük uğurlar qazanıb.

Xanım yazarın çoxşaxəli yaradıcılığına həsr edilən iki kitab çap olunub. Allahverdi Eminovun "Nəzakət Məmmədlinin Yaradıcılıq Yolu" və Hikmət Məlikzadənin "Nəzakət Məmmədovanın yaradıcılığında Vətən Kodları" kitablarında məhsuldar yazar olan xanım şairin yaradıcılığı dəqiqliklə araşdırılaraq təhlil edilib.

Nəzakət Məmmədlinin gərgin əməyi, vətənpərvərlik səhəsində fəaliyyəti 2010-cu ildə "Qızıl qələm", 2014-cü ildə Prezident mükafatlarına, 2016-cı ildə Rəsul Rza və Mikayıl Müşfiq adına mükafatlara layiq görülüb. Həzi Aslanov yubiley medalı, Rusiya Federasiyasının "Qələbə 75" medalı, "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)" yubiley medalı və Moskvanın "Dostoynaya pamyat" Fondu tərəfindən "Qələbənin varisi" döş nişanı onun gərgin və genişmiqyaslı yaradıcılığına verilən dəyərdir.  2023-cü ildə o, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

Azərbaycan Yazıçılar Birliyinin və Mətbuat Şurasının qurultaylarında iştirak edib, Türkiyədə keçirilən konfranslara qatılıb. Yeni Azərbaycan Partiyasının üzvü, yerli təşkilatın sədridir.

Əvvəldə qeyd etdiyim kimi, Nəzakət xanım incə qəlbli, incə ruhlu şairdi. Bir məqalədə onun şeir yaradıcılığını hansı səviyyədə təhlil etmək olar, bu, çox çətindir. Amma oxuduğum, qəlbimi riqqətə gətirən şeirlərindən bir neçə bəndə istinad etmək istərdim. "Duyğular" adlı şeirində duyğularını necə də gözəl anladıb:

 

...Qismətə ayrılıq düşübsə əgər,

Sevgini incidib, üzməyək hədər.

Sənin pəncərəndən gələn işığa

İsinnəm ömrümün sonuna qədər.

 

Bu misralar insanın ruhunu göylərə pərvazlandırır. Məktəb illərinin ilk sevgiləri yada düşür: sevdiyi qızın məhləsindən keçib onun yaşadığı evi uzaqdan seyr etməklə təskinlik tapan gənc aşiqlər.

Sevgiyə canlı kimi münasibət bəsləyir Nəzakət xanım. Sevgini incitməyək deyir, o ali hissi yaşamaq elə Tanrının bir lütfüdür. Eləcə də yazır:

 

Sevgi ilahidən bir ülfət payı,

Gözlərdən süzülsün, qəlblərə axsın.

Haçan rast gətirsə bizi bir görüş,

Sən Allah, nə sudan-havadan danış,

Qurbanı olduğum sevgidən danış.

 

Bu cür təsirli, ruha işləyən misralardan yüzlərcəsini misal gətirmək olar. Çünki Nəzakət xanım ürəksiz, ilhamsız bir sətir olsun belə yazmayıb. Yaradıcılığına bələd olanlar, şeirlərindən qidalananlar bunu yaxşı bilirlər.

Xanım kimi xanım bir qadındır Nəzakət Məmmədli. Təpədən-dırnağa milli dəyərlərimizi, qadın zərifliyini, incəliyini, həssaslığını varlığında daşıyan gözəl təbəssümlü, gözəl ürəkli bir xanımdır. Bu baxımdan Nəzakət xanım kimi nəzakətli, mədəni, istedadlı, böyük ürəkli bir insan haqqında nə qədər yazılsa da, deyilsə də, yenə azdır, məncə. Çünki indiki dövrdə dəyərlərə, mənən zəngin olan insanlara az-az rast gəlinir. Onun üçün də gərək Nəzakət xanım və onun kimi aydınlarımızın, ziyalılarımızın qədrini bilək. Ən azından ona görə ki, dünyamızın rəngləri solmasın, həyatımız məna yükünü itirməsin...

 

Əntiqə Qonaq

Əməkdar jurnalist

525-ci qəzet .- 2024.- 21 noyabr(№212).-S.14.