Çağın
nağılları
Yazıçı-dramaturq Elçin Hüseynbəylinin
nağıllarından danışacağıq bu yazıda.
Tarixi, sosial-ictimai, mənəvi-psixoloji mövzularda 11 roman, yüzə qədər
hekayə, 15-dən çox pyes müəllifi olan
tanınmış yazıçı son illər həm də
uşaqlar üçün yazdığı hekayələr,
silsilə nağıl və kitablarla ədəbi gündəmə
gəlib. "Dənizin nağılları" bu janrda onun
ilk kitabıdır. Uşaq hekayələri və
nağılların yer aldığı bu kitabın
ardınca "Banuçiçəyin
nağılları" adlı daha bir kitabı auditoriyaya təqdim
edilib. Yaradıcılığının
ən bişkin dövründə yazıçının
uşaq ədəbiyyatına ciddi maraq göstərərək
balacalar üçün hekayələr, nağıllar
yazıb, kitablar yayımlaması səbəbsiz deyil əlbət
ki.
"NAĞIL DİLİ YÜYRƏK OLAR"
Yüyrək olmaq, yəni kəsə gedib
yığcam danışmaq, uzunçuluq, yoruculuq etmədən,
təsvirə aludə olmadan mətləbə köklənmək.
Əksər xalq nağıllarımızda rastlanan bu qısa
və obrazlı cümlə istər, şifahi, istərsə
də, yazılı mətnlərin, xüsusən də
uşaq nağıllarının düsturu sayıla bilər.
Bir nasir kimi zatən yığcam, səlis və rəvan təhkiyəsi
ilə seçilən Elçin Hüseynbəylinin mətnləri
həm nəql ustalığı, həm də mənəvi,
psixoloji və pedaqoji bazası ilə uşaq nağıl
estetikasının tələblərini dolğun şəkildə
ödəyir. Aşılanan dəyərlər, yaddaşa
ötürülən mesajlar dövrlə, zamanla səsləşir.
Həyatla, dünya ilə təzəcə
tanışlığa başlayan uşaqların tərbiyəsində,
düzgün insan kimi formalaşmasında mühüm rol
oynayan təməl prinsiplər kimi ciddi əhəmiyyət
daşıyır.
"Dənizin nağılları" adlı birinci
kitab məhz bu yönümü - mənəvi, pedaqoji
platforması ilə diqqət çəkir. Məsələn,
"Leylanın xeyirxahlığı" hekayəsində
yağışda islanıb üşüyən pişik
balasını evə gətirib isidən, yemək verib,
qayğı göstərən kişik qızın
timsalında bütün canlılara sevgi və mərhəmət,
"Ayxanın iradəsi"ndə ağır xəstəliyi
yenib sağlamlığına qovuşan səkkiz yaşlı
oğlanın simasında özünəinam, nikbinlik və
sağlam həyat tərzi, "Dənizin hədiyyəsi"ndə
valideyin himayəsindən məhrum qalmış kimsəsiz
uşaqlara diqqət və yardım, "Siçan balası və
dostları" nağılında düzgün, dürüst
olmaq, yalan danışmamaq, uşaqlarla yanaşı, həm də
valideynlərə ünvanlanan "Orxan və damdabaca"
nağılında özünə qapanmamaq, sosial, ünsiyyətcil
olmaq, "Qızılgül və Banuçiçək",
"Banuçiçək elflər səltənətində"
nağıllarında ana təbiətə məhəbbət
və qayğı kimi insani hisslər aşılanır.
Kitabda qavraya biləcəkləri səviyyədə həssas
ictimai mesajlar da ötürülür uşaqlara.
"Atasının şəklini çəkən
qızcığaz" hekayəsi ilə Qarabağ
savaşında atalarını itirmiş minlərlə
uşağın həsrət və nisgili, müharibənin
dağıdıcı fəlakətləri göz önünə
gətirilir. "Balaca Mehinin bayraq sevgisi"ndə isə bir
çox böyüklərin belə tam anlayıb qavraya bilmədiyi
Vətən, xalq, millət kimi ideoloji məfhumların mahiyyəti
baba ilə nəvənin kiçik dialoqunda elə sadə,
anlaşıqlı şəkildə açılır ki, əlavə
suala, izaha ehtiyac qalmır.
"BANUÇİÇƏYİN NAĞILLARI"
Tarix yaddaşı, milli hissiyyatı güclü bir
şəxsiyyət kimi, Elçin Hüseynbəylinin
yaradıcılığı da milli mahiyyətlidir. Ölkəmizin
keçid dövrü problemlərindən bəhs edən
"Yol ayrıcında qaçış" romanında da,
mövzusu tarixdən alınan və ən uğurlu əsərlərindən
sayılan "Şah Abbas", hətta dünyada məşhur
olan Don Juan mifindən yazdığı "On
üçüncü həvari, 141-ci Don Juan"
romanlarında da milli platformadan (əsərin əsas qəhrəmanı
Oruc bəy Bayat obrazını xatırlayaq)
çıxış edir. Yazdıqlarını azərbaycançılıq
hissi, tarix yaddaşı və ağılla yazır.
Ən yaxın tariximizdən - Qarabağ müharibəsindən
yazanda isə çox həssas və aritmiyalı bir ürək
önə çıxır. Çünki Qarabağ hekayələrində,
həmçinin, "Vida" romanında (Yeri gəlmişkən
qeyd edək ki, bu əsər həm də müharibədən
yazılan azsaylı uğurlu romanlarımızdan biridir)
müəllif təkcə ağıllı, məntiqli,
püxtə bir təhkiyəçi deyil, eyni zamanda,
müharibənin qurbanı və
iştirakçısıdır. Mövzu üzrə onun ən
sakit və sabit ritmli əsəri isə "Banuçiçəyin
nağılları" silsiləsidir.
İkinci Qarabağ müharibəsində
qazandığımız böyük Zəfərin şəninə
yazılan nağıllar vahid ədəbi süjet xətti ilə
yanaşı, həm də 44 günlük müharibənin
süjet və dinamikasını əks etdirir. Yəni
Qarabağ ərazisinə və yaxın ətrafa aid olan
torpaqlarımız işğal tarixləri ilə deyil, azad
edilmə tarixlərinə görə sıralanır
nağıllarda.
İlk Cəbrayıl nağılı başlayır.
Nəvəsi Banuçiçəklə Qarabağa səyahətə
çıxan baba öncə onu tarixi, coğrafi gözəllikləri
ilə bilinən bu qədim diyarla tanış edir. Məşhur
kəhrizlərdən su içib yanğılarını
söndürür, min illik ulu çinarların kölgəsində
dincəlir, məşhur sufi ocaqlarında gecələyir,
qanad açıb müqəddəs ziyarətgahların, o
taylı-bu taylı torpaqlarımızın, Arazın, Xudafərin
körpüsünün dövrəsində uçurlar...
Ardınca və bəlli xronologiya ilə Füzuli, Zəngilan,
Qubadlı, Kəlbəcər, Laçın, Ağdam səfərləri
gəlir. Düşmən əsarətindən qurtulub ikinci
doğuluşunu yaşayan əzəli yurdlarımız tarixi,
bugünkü dirçəlişi,
coğrafi gözəllikləri ilə canlandırılır.
Nəhayət, son yolçuluq Şuşaya,
qırxıncı tilsimin sındırıldığı
mübarək Qalayadır.
"Banuçiçəyin nağılları"
silsiləsində Şuşa səkkizinci və sonuncu
nağıldır. Qədim tarixi, yadelli böyük dövlətlərin
hücumlarına təkbaşına sinə gərməsi,
dağ başında şəhərsalma özəlliyi, zəngin
Şərq memarlığı və Azərbaycanın milli mədəniyyət
paytaxtı olması ilə Şuşa həm də müstəsna
bir məkandır. İkinci bir tərəfdən, ciddi
dağıntılara məruz qalmasına rəğmən,
otuz illik müaribə ərzində salamat və ayaqda qalan
şəhərdir. Bütün bu cəhətlərinə
görə Şuşanın özü kimi, nağılı
da əvvəlki yeddi nağıldan fərqlənir.
Daşı daş üstə qalmayan Cəbrayıl,
Füzuli, Ağdam və digər bölgələrə səfər
zamanı baba nəvəsini əsasən düşmənin
dağıdıb, daşıya bilmədiyi
yurdlarımızın coğrafiyası ilə, uca dağlar,
qalın ormanlar, çəmən, çeşmə və
ucqar qutsal məkanlarla tanış etməklə kifayətlənir.
Şuşa ziyarətində isə ona qeybdən bir başqa
qüdrət gəlir sanki. Qartalların qanadında
Cıdır Düzünə enincə yerə xalça
salırmış kimi əllərini yellədir və
qarşılarında qədim bir şəhər peyda olur. Beləcə,
Banunu 270 il öncə Pənahəli xanın tikdirdiyi Xan
Sarayı, şəhərin on dörd məhəlləsi, on
dörd qapısı, on dörd məscid, on dörd bazar, on
dörd hamamı, abad küçələri, daş
döşənmiş səkiləri ilə tanış edir.
Yalnız bundan sonra yaqut kimi bərq vuran, ətrafında
dronlar uçuşan, küçələrində hibrid
maşınlar şütüyən, şadyanalıqla dolu,
çıl-çıraqban təzə şəhərə
seyrə çıxırlar və bununla
"Banuçiçəyin nağılları" da ədəbi,
tarixi kulminasiyasına çatır. Gerçək, xoşbəxt
sonluqla bitən bu nağıl silsiləsi uşaqlar
üçün gözəl və virtual bir Qarabağ səyahətnaməsidir.
Balacalara ana Vətəni, onun tarixini, coğrafiyasını,
insanını, dil, mədəniyyət və etiqadını
sevdirə bilən, təməl dəyərlər
daşıyan, məktəbəqədər uşaq müəssisələrində,
ibtidai siniflərdə təlim və tədrisə cəlb edilməyə layiq bir kitabdır.
ÜÇ ALMA VƏ ZƏKİ NƏVƏ
Mayasında humanizm, haqq-ədalət, mərdlik, cəsarət,
dürüstlük, xeyirxahlıq kimi insani dəyərlər
daşıyan nağıllar, təbii ki, didaktik mətnlərdir.
Janrın bu geniş imkanlarından müəllif kardinal ədalı
bir nəsihətçi kimi istifadə etmir. Uşaqlara bilgi
verməyə, maarifləndirməyə daha çox
üstünlük verir. Əhvalat və situasiyaları elə
qurur ki, uşaq mətnin canındakı mesajın bir
böyük nəsihəti olduğunu hiss etmir.
Özünün bu nəticəyə gəldiyinə
inanır və ağlına, zəkasına güvənci
artır.
Yazıçının bir mühüm məqsədi
də uşaqların yetərli söz ehtiyatı və
maksimum informasiya ilə təmin edilməsidir. Hansı ki,
bunlar həm də onun nağıllarını fərqləndirən
əsas xüsusiyyətlərdəndir. Mətnlərdə
müəllif təhkiyəsi ilə yanaşı, dialoqlara
geniş yer ayırması da bu məqsədə xidmət
edir. Nəticədə, klassik sələflərindən fərqli
bir nəvə çıxır ortaya. Bu nəvə
nağıl dinləməklə kifayətlənib, göydən
üç alma düşməsini gözləyən passiv nəvələrdən
deyil. Mətndə nağılçı ilə bərabərləşən,
hər fürsətdə onunla dialoqa, mükaliməyə girən,
fikir yürüdən bu zəki nəvə kosmik çağın,
nanotexnologiyalar əsrinin, bir sözlə, yeni dünyanın
uşağıdır.
BİRLƏŞƏN VƏ AYRILAN YOLLAR
Antropoloji yanaşmalara görə, ilk nağıllar
insanların birgə yaşadığı ibtidai icma
quruluşunun məhsuludur.
Sivilizasiya inkişaf edib zaman dəyişdikcə nağıl şəkilləri,
üslub, format və ideyalar da dəyişir. Janrın özək
prinsiplərini təşkil edən ağılüstü
fantaziya, sehr, tilsim, cadu, cin, pəri, mələk kimi mistik
element və obrazlar isə heç vaxt dəyişmir.
Çağdaş nağıl yazarı E.Hüseynbəylinin
mətnlərində klassik ənənə davam etdirilməklə,
həm də fərqli interpretasiyalarda təqdim edilir. Məsələn,
onun mətnlərində şifahi nağılların bəzəyi
olan "küp qarısı", "göygöz
kosa" kimi mistik obrazlar
görünmür. Həmin ünsürlərin
gücünü təmin edən ayin və rituallardan isə
çağdaş nağılçı yalnız fövqəladə
situasiyalarda, həm də kiçiçik elementlər şəklində
istifadə edir. Deyək ki, Cəbrayılı, Fzulini gəzmək
istərkən sadəcə, qollarını qanad kimi yana gərib
şişirtməklə qanadlanıb uçurlar. Zəngilanda
yorulunca anidən qarşılarına çıxan nəhəng
milçəyin belinə minib göyə qalxır, Bərgüşad,
Həkəri çaylarının, Vejnəli qızıl
yatağının üzərindən uçub Qubadlı
yaylağında yerə enirlər. Kəlbəcər
yamacında çiçəklərdən şirə çəkən
arıları görüb özü də bir arı olmaq istəyən
Banunun arzusunu baba heç bir ayinə gərək görmədən,
əlindəki bir çubuqla yerinə yetirir. Çubuğu
saçlarına toxundurunca qızcığaz gözəl bir
arıya dönüb çiçəklərin üzərinə
qonur.
Demək istədiyimiz nədir?
Ənənəvi xalq nağılları dəyişməz,
dəmir qaydalara tabe olsa da, müəllifi, məkan və
zamanı bəlli olan, yaşanan çağın
reallıqları ilə yazılan müasir nağıllar
xeyli avtonomluğa malikdir. İdeyasına, zamanına,
auditoriyasına görə interpretasiyalara, yenilik və əlavələrə
açıqdır. Çünki çağın
nağılları struktural qaydalaradan daha çox, kultural dəyərlər,
gerçək ideya və hədəflər üzərində
inşa edilir. Realist mövqeli Elçin Hüseynbəyli də
bu imkanlardan uğurla istifadə edərək öz
nağıllarını yaradı.
Bəs bütün məchulluqların üzərindən
sirr pərdəsinin qalxdığı, ərzin-kürrün
kəşf edilib, ay koloniyalarına start verildiyi bir dönəmdə
nağıla və yeni nağıllar yazmağa ehtiyac
varmı?
Bəşəri böyüdüb mağaradan
çıxaran, işıqgələnə, Xeyirə, haqq-ədalətə
yönəldən, adilləşdirib müdrikləşdirən,
insanda insan oyadıb sevgi, etibar, inam, ümid yaradan bu əngin
xalq yaradıcılığı (miflər, əsatirlər də
həmçinin) gərəksiz olduğu, dünyanın bəlli
nağılçıları Ezopun, Rablenin, Servantesin, Sviftin,
Andersenin, Qrim Qardaşlarının... oxunub sevilmədiyi, nəhayət,
insanın öz kökündən tam qopub cansız bir robota
çevrildiyi zaman yeni nağıllara da ehtiyac qalmayacaq. Amma o
zaman heç zaman gəlməyəcək!
Bəsti Əlibəyli
525-ci qəzet .- 2024.- 21 noyabr(№212).-S.12.