Kamal Abdullanın
"Casus"u: gizli və aşkar cəhətlər
Postmodernizm, müasir ədəbiyyatda və sənətdə
bir çox yeni yönümləri önə çəkir.
Bu cərəyan, ənənəvi narrativ strukturların
pozulması, ironik yanaşmalar, qeyri-xətti hekayə tərzi
kimi elementlərlə xarakterizə olunur. Azərbaycan ədəbiyyatına
postmodernist əsərləri ilə böyük töhfələr
vermiş Kamal Abdullanın "Casus" pyesi də bu aspektləri
özündə cəmləşdirir. "Casus" əsəri
Azərbaycan teatrında postmodernizmin maraqlı nümunələrindən
biridir. Bu pyes, yalnız adi bir dramaturgiya əsəri olmaqla
qalmayıb, həm də müasir dövrün
çağırışlarına cavab verən, sosial və
siyasi məsələləri irdələyən bir əsərdir.
"Casus" pyesi müəllifin
"Yarımçıq əlyazma" romanı ilə əlaqəli
bir parçadır. Romanda bu mövzuya toxunulur, lakin bir
çox fərqliliklər var. Mütləq pis və ya
mütləq yaxşının baxış bucaqlarını
dəyişən müəllif "Kitabi-Dədə
Qorqud" dastanının məhdud dairəsini
"Yarımçıq əlyazma" romanı ilə
genişləndirməklə qalmayıb, bu pyes ilə
qaranlıq nöqtələri bir növ tamamlayıb.
"Casus" pyesi, insan təbiətinin mürəkkəbliyini
və ziddiyyətlərini əks etdirir. Personajlar, eyni zamanda həm
yaxşı, həm də pis xüsusiyyətlərə
malikdirlər. Onların hərəkətləri, həm əxlaqi,
həm də psixoloji amillərlə müəyyən olunur.
Postmodernizmin özünəməxsus bir sıra
xüsusiyyətləri vardır ki, bunlardan biri də xaos və
kosmos (zamansızlıq və məkansızlıq) ahəngidir.
Kamal Abdullanın "Casus" pyesində narrativ struktur
toxuması, qeyri-xətti bir düzən nümayiş etdirir.
Sitatlar, monoloqlar və dialoqlar arasında
sıçrayışlar edərək, hekayənin müxtəlif
zaman dilimlərində baş verməsi postmodern
yanaşmanın bir tərkib hissəsidir. Əsərin təhlili
zamanı bu nüansların varlığını belə
göstərə bilərik: Casusun varlığı
ehtimalı yaranan zaman Qazan xan Dədə Qorqudu
çağırmaq istədikdə məlum olur ki, heç
kim onun harada olduğunu bilmir. Dədə Qorqud istədiyi zaman
gələr sözünü deyir və gedir, sanki zaman və
məkanları aşaraq paralelləşir.
"Yarımçıq əlyazma"da Dədə
Qorqud Nur daşı adlanan məkanda qısa ölümə,
yəni yuxuya dalıb o anda bəylərin məclisində,
daha sonra isə fərqli yerlərdə peyda olursa,
"Casus" pyesində o, tükün alova atılması nəticəsində
zühur edir. Bu onu göstərir ki, romanda Dədə Qorqudun
peyda olmasında vasitəçilik edən məkan var idisə,
pyesdə məkansızlıq hökm sürür. Yuxu burada
bir məkandan digər məkana - xaosdan kosmosa keçidi təmsil
edir. Bundan başqa, pyesdəki zamansızlığı
başqa səhnələrdə də görə bilərik -
Dədə Qorqud Qazan xana sözünü dedikdən sonra yoxa
çıxır. Hara yox olur o? Yenə də bir
zamansızlıq-məkansızlıq arasında keçid
görünür. Boğazca Fatmanın evində Dədə
Qorqudun bir anda peyda olmasını da zamansızlığın
digər bir əlaməti olaraq qəbul edə bilərik.
"Məkansızlıq" anlayışı
postmodernizmdə xaosdan kosmosa keçidi təmsil edir. Bu zaman
niyə kosmosdan xaosa, yəni düzəndən düzənsizliyə
deyil, məhz xaosun - düzənsizliyin özündən
başladığımız sual doğura bilər. Qədim
mifoloji mətnlərimizdən xatırlaya bilərik ki, Qara
xanın dünyanı və insanı yaratması bir
"heç"in, yəni xaosun üzərində olub.
Düzənsizliyin üzərinə göllər, dağlar,
ağaclar və sair inşa edilib. Həmin xaos məkanı "Casus"
pyesində Oğuz elinin özüdür.
Pyesdə keçmiş bir hadisəyə dəfələrlə
qayıtmaq - retrospeksiya üsulundan da məharətlə
istifadə edilib. Bunu əsərdə Boğazca Fatmanın bəylər
və Dədə Qorqud ilə danışarkən 25 illik
keçmiş sirlərinə qayıtmasında, həmçinin
bəylərin Casus haqqında danışarkən
keçmişdə baş verən hadisələrə
toxunmalarında, məsələn, Bəkilin atdan
düşüb ayağını sındırmağı və
başqa hadisələrdə görə bilirik. Postmodernizmin ən
əsas özəlliklərindən biri fikir
hüdudsuzluğunun olmasıdır. Fikir hüdudsuzluğu nədir?
Postmodernist əsərlərdə sonluq yoxdur və oxucu istənilən
vəziyyətə uzada bilər. Casus pyesindən irəli gələrək
belə deyə bilərik ki, əsərdə bir casus var, amma
biz dəqiq olaraq o casusun Boğazca Fatmanın oğlu
olduğunu bilmədik, sadəcə bir təxminlərdən
yola çıxaraq belə nəticəyə gəldik. Əsərin
sonunda ana və oğul başqa diyara gedir, lakin bu əsərin
sonu demək deyildi. Biz əsərin sonunda casusun kim
oluduğunu dəqiq şəkildə bilə bilmirik. Bu,
postmodernist əsərin süjetsizliyidir. Pyesdə, bir
neçə narrativin iç-içə keçməsi,
postmodernizmin diqqət çəkən cəhətlərindəndir.
Əsəri oxuduqdan sonra müxtəlif təxminlər
irəli sürərək, baş verənləri təhlil edərək
Casus haqqında bir çox fikir söyləmək olar:
Əvvəla, əslində Casusun heç var
olmaması düşüncəsi ortaya çıxır.
Sonluğun tamamlanmaması casusun kimliyi ilə bağlı bizə
əsər ətrafında dövrə vurmağa vadar edir.
Pyesdə obraz olaraq görünməsə də,
"Yarımçıq əlyazma" romanında xüsusilə
vurğulanan məqam var ki, araşdırma aparan Bayandur xan
Casusun cəza alıb-almaması ilə maraqlanmır. Belə
qənaətə gəlmək olar ki, Oğuz bəylərinin
bir-birləri haqqında düşüncələrini dinləyən
Bayandur xan məhz obasındakı xaosun nədən
qaynaqlandığını casusun kimliyini araşdırmaq bəhanəsi
ilə edir.
İkincisi, Casusun elə Dədə Qorqudun özünün
olması düşüncəsidir. Romanın əvvəlində
Bayandur xanın dediklərini yazıya həkk edən Qorqud əsər
boyu narahatdır və məhz onun bəylər haqqında
dediklərindən sonra Xanları xanı Bayandur xan onları
öz yanına çağırıb Casusun kimliyini
araşdırır. Bu narahatlıq pyesdə də davam edir.
Boğazca Fatmanın oğlunun Casus olduğunu desə də,
onun nə cəza alması ilə maraqlanır, hətta
Boğazca Fatmaya oğlunu zindandan qurtarması
üçün məsləhət də verir. Boğazca
Fatmanın 25 illik sirrini faş etməsini istəmir və
sonda uğurlu olur.
Digər düşüncə isə Casusun Qazan
xanın və ya həyat yoldaşı Burla Xatunun
olmasıdır. Əsərdə Aruz haqqında, xüsusilə
bu iki obraz tərəfindən paxıl olması
vurğulanır, hətta Casus ola biləcəyi belə
deyilir. Lakin əsərdən çıxış edərək,
fərqli prizmalardan yanaşmanın hakim olduğu postmodernizmə
əsaslanaraq deyə də bilərik ki, bəlkə paxıl
və pis niyyətli olan elə Qazan xanın özüdür?
Beyrəyin casus olması düşüncəsi də
kənara qoyula bilməz. Müəllifin "Miftən
yazıya və ya Gizli Dədə Qorqud" kitabını da
nəzərə alsaq, onun pyes və romanında bizim bildiyimiz
Beyrək tamamilə fərqli şəkildə göstərilib.
Kamal Abdullaya görə, Beyrək ona ad qoyulmazdan əvvəl
özü bir plan hazırlayıb bəzirganları bir
neçə nəfərin əlindən qurtarır və buna
görə də Dədə Qorqud ona Beyrək adını
qoyur. Yəni ki, yazıçı bizi Beyrəyə tamam fərqli
rakursdan baxmağa vadar edir. Pyesin əvvəlində Beyrək,
Oğuz elində Casus olduğunu hələ Bayburt hasarında
ikən Təkvurun qızından eşitdiyini bildirir. Dastanda
da əsirlikdən qaçması haqqında ətraflı məlumatın
verilmədiyi Beyrəyin dediklərinə şübhə
doğurur. Bəlkə casus elə Beyrəkdi?
Postmodernist əsərlərin sonluğu da onu
oxuyanların fikirləri kimi ucsuz-bucaqsızdır. "Belə
təxminlərdən biri də Boğazca Fatmanın
oğlunun atası kimdir?" sualına cavab əsasında formalaşır.
Pyesin sonunda bunu da öyrənə bilmirik, lakin əsər
içərisində yozumlardan yola çıxaraq onun
atasının məhz elə Dədə Qorqud olduğunu təxmin
etmək də mümkündür. Çünki Boğazca
Fatma 25 il gizlətdiyi sirri faş edəcəyini ona deyəndə
Dədə Qorqudun bu sirri bildiyi də vurğulanır. Dədə
Qorqud casusun kim olduğunu Qazan xana deyəndən sonra belə,
ona nə cəza verəcəklərini öyrənməyə
çalışır və bədbəxtə nə cəza
veriləcəyini təkidlə bilmək istəyir. Qazan xan isə
onun Boğazca Fatmanın oğluna niyə bədbəxt dediyini
öyrənmək istəsə də, Dədə Qorqud
cavabında "bədbəxtdi o" deyir və hətta cəzanın
nə oluğunu öyrənəndən sonra da Boğazca
Fatmanın yanına gedib ona çarə göstərir. Lakin
pyes boyu Dədə Qorqudun bu çabalarının və
narahatlıqlarının səbəbini öyrənmirik. Bu
zaman isə oxucuda Boğazca Fatmanın oğlunun məhz
Qorqudun özündən olması fikrini tam istisna etmək
mümkünsüzləşir.
Aristotelin də mükahizələrində
gördüyümüz, dünyanın zidd və eyni zamanda
bir-biri ilə vəhdət təşkil edən iki qütb -
yer və göy, pis və yaxşı, yalan və doğru,
ağlar və qaralardan ibarət olması insanda ikiləşmə
prosesinin təməlini təşkil edir. Bu konsepsiyanın təməli
qədim miflərimizdən bu günə qədər ədəbiyyatda
öz aktuallığını qoruyub. Lütfi Zadə isə
bunun tamam əksini deyərək, əks qütblərdə
sadəcə ağlar və qaraların
olmadığını, ağ və qara arasında sonsuz rəng
çalarlarının mövcudluğu müdafiə
etmişdi. Kamal Abdulla bu düşüncəni postmodern əsərlərində
çoxvariantlı yozum aspektində ortaya çıxardı.
Bu fikirlərə əsaslansaq, "Kitabi-Dədə
Qorqud"da mənfi qəhrəmana rast gəlmirik. Dastanın
qəhrəmanları dar gündə bir-birinin harayına yetən,
sadiq, el-obasını düşünən insanlardır. Kamal
Abdulla isə öz əsərində həmin obrazları
dekonstruksiya edərək onların Oğuz cəmiyyətində
digərlərinə qarşı münasibətinin fərqli
tərəflərini göstərir. Məsələn, dastanda
Dədə Qorqud ulu bir sima kimi göstərilir, o gələcəyi
görən, əl qaldıranın quruyub qaldığı
ülvi şəxsdir. Biz dastanın müqəddiməsində
Dədə Qorqudun ad qoyması, öncədən nələrisə
bilməsi haqqında məlumat əldə etsək də, bu vəziyyətin
arxa planını, bu möcüzəvi halların səbəbini
öyrənə bilmirik. Kamal Abdulla, "Yarımçıq əlyazma"
romanında və "Casus" pyesində səbəbləri
göz önünə sərir. Dədə Qorqud hər
hansısa bir bilinməyəni Nur daşının
önündə kiçik ölümə dalaraq yuxusunda
görür və bilirdi. Ona qeybdən vəhy gəlmirdi.
Kamal Abdulla bununla bizə ideal saydığımız cəhətlərə
başqa pəncərədən baxmağı göstərmişdir.
Oğuz cəmiyyəti bir casus xəbəri ilə bir-birləri
haqqında danışa biləcək, ev yağmalatmasında
səbəb olacağı nifaqın fərqinə vararaq hərəkət
edən Xana sahib bir cəmiyyətdir.
"Kitabi-Dədə Qorqud"dakı Qazan xan
obrazı ilə Kamal Abdullanın əsərlərində
göstərdiyi Qazan xan bir-birindən fərqlənir. Belə
ki, "Casus" pyesinin əvvəlində Qazan xan və
Şir Şəmsəddin söhbət edərkən Qazan xan
evini yağmalatmaq istədiyini və bunu Dış Oğuz
elinə demədiyini vurğulayır. Beyrək isə daha
sonra bunun yaxşı fikir olmadığını və
Dış Oğuzla əlaqələri daha da pis hala
salacağını desə də, cavabında Qazan xan sadəcə
onları sınamağa çalışdığını
bildirir. Biz bunu Qazan xanın "nifaq toxumu əkməsi"
şəklində də dəyərləndirə bilərik.
"Kitabi-Dədə Qorqud" dastanında cəsur, öz əməyi
ilə ad qazandığı göstərilən Beyrək,
"Yarımçıq əlyazma" romanı və
"Mifdən yazıya və ya Gizli Dədə Qorqud"
kitabında əks xarakterli qəhrəman kimi təsvir olunur.
Müəllifə görə, Beyrəyin əsas səhvi onu
qurtaran kafir qızı ilə evlənəcəyinə
söz versə də, öz sözündə
durmamasıdır. Kamal Abdulla Beyrəyin ölümündə
də əsas səbəb olaraq bunu qəbul edir ki, mif
sözü unutmur. Söz müqqəddəsdir və Beyrək
sözünü unutduğu üçün
öldürüldü, mifdən yazıya keçidin qəhrəmanı
kimi cəzasını çəkdi. Postmodernizmin ilkin xüsusiyyətlərindən
biri oyun içərisində bir sıra həyat hekayələrinin,
sirlərin açılmağıdı. Biz bunu "Casus"
pyesində də müşayiət edirik. Məsələn, Dədə
Qorqudun Boğazca Fatmanı ilə birlikdə onun evindən
Qazanın, sonra Aruzun evində peyda olması, İç
Oğuzdan, Dış Oğuza məkan dəyişdirməyi, ən
nəhayət, Boğazca Fatmanı evinə qaytarmağı
bizə bunların hamısının oyun üzərində
qurulduğunu göstərir.
Yekun olaraq bunu da qeyd edək ki, Kamal Abdulla
"Casus" pyesində mifologiyanı müasir insanın
iç dünyasını anlamaq və cəmiyyətin mənəvi
dilemmalarını araşdırmaq üçün bir vasitə
kimi istifadə edir. Bu pyes, mifoloji elementlərin yerinə
yetirdiyi funksiyanı dərin düşüncə, simvolizm və
emosional zənginliklə birləşdirərək, izləyicilərə
yeni perspektivlər açır.
Zəhra HƏŞİMOVA
525-ci qəzet .- 2024.- 21 noyabr(№212).-S.11.