Naxçıvan tarixindən səhifələr: unudulmayan sovet sərhədçisi

 

18 mart 1926-cı il. Sübhçağı. Gənc sərhədçilər - Andrey və həmyerlisi Gerasim Araz çayı kənarındakı torpaq səddin altında düzəldilən mağarada oturub dövlət sərhəddini diqqətlə müşahidə edirlər. Onların növbədə olduqları yer "Ortlu-Təzəkənd" zastavasından 3 km aralıda idi.

Andrey baş növbətçi olduğundan burada baş verəcək hər bir hadisəyə cavabdeh idi. O bilirdi ki, Arazın suyu az olan keçid yeri bura yaxındır. Artıq sərhədçilərin hər ikisi də ayaq səslərini aydın eşidirdilər.

Birdən dövlət sərhədi yaxınlığında üç nəfər göründü. Andrey əla hazırlıqlı sərhədçi olduğundan bildi ki, bunlar kəşfiyyat aparırlar. Dəstənin digər üzvləri onların işarəsini gözləyirlər ki, dövlət sərhədini təhlükəsiz keçsinlər. Elə o düşündüyü kimi də oldu. 20 nəfərlik dəstə göründü. Onlar mülki əhalidən oğurladıqları sürünü həmin keçiddən İrana keçirmək istəyirdilər.

Andrey sərhədçi dostu Gerasimə pıçıldadı ki, hazırlaşsın. Qeyri-bərabərlik olsa da, döyüşəcəklər. Bu xarici quldurların Şərur rayonuna keçməsinin qarşısı mütləq alınmalıdır. Əvvəlcə Andrey havaya xəbərdarlıq atəşi açdı ki, komandirləri Nikolay Laçınov və sərhədçi əsgər yoldaşları köməyə gəlsinlər.

Atəş başlandı. İki sərhədçi sərrast atəşlə dövlət sərhəddini keçmək istəyənləri vururdu. Qarşı tərəf də sərhədçilərə atəş açmağa başladı. Qızğın döyüş gedirdi. Birdən Andrey çiynindən yaralandı. Amma buna baxmayaraq, ağrıya dözərək yenə də vuruşurdu. Sərhədçi dostu Gerasim onu quldurlardan qoruyurdu. Andreyə tərəf gəlmək istəyənləri bir-bir yerə sərirdi...

Andreyi ikinci dəfə sinəsindən ağır yaraladılar. O hiss etdi ki, artıq bütün gücünü itirir. Gerasim Şamayev tez onun silahını doldurdu ki, Andreyi tutmağa gələn qulduru vursun. İndi Gerasim təkbaşına quldur dəstəsi ilə vuruşurdu. Bir az keçmiş Andrey "ura" səslərini eşitdi, ancaq çoxlu qan itirdiyindən huşu tamam getdi.

Andrey Mixayloviç 1904-cü ildə Saratov quberniyasının Petrovski qəzasına daxil olan Kutino kəndində doğulmuşdu. Hərbi xidmətə çağırılmamışdan əvvəl evlənmiş və bir oğlu olmuşdu. Oğlu Aleksandrın (Saşanın) bir yaşı olanda, yəni 1925-ci ildə onu sərhəd qoşunlarına hərbi xidmətə çağırdılar və Cənubi Qafqaza Zaqafqaziya Dairəsinə göndərdilər. O vaxtlar sovet hökuməti təzə qurulduğundan, onun cənub sərhədləri çox təhlükəli idi. Və ən təhlükəli yerlərdən də biri Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında yerləşən o zamankı "Ortlu Təzəkənd" zastavasının ərazisində idi. SSRİ təzə yaradıldığından onun dövlət sərhədlərində yerləşən zastavalardakı sərhədçiləri tam ərzaqla təmin edə bilmirdilər. Təzəkəndlilər bacardıqları qədər sərhəd zastavalarına yardım edirdilər. Çünki onlar dövlət sərhədini mühafizə etməklə, həm də əhalini quldur hücumlarından qoruyurdular.

1925-ci ilin payızında Andreyin göstəricilərini əsas tutaraq onu bu sərhəd zastavasına hərbi xidmətə göndərmişdilər. Hündürboylu, enlikürək, qaraqaşlı 22 yaşlı cavan oğlan həm də yaxşı idmançı idi. Hələ Tiflisdə təlim mərkəzində olarkən, sərhədçilərə lazım olan bilikləri və silahla yaxşı atəş açmağı əla öyrənmişdi. Doğulduğu kənddəki təbii mənzərələri çox sevirdi. Ancaq Voljski çölləri belə isti deyildi. Araz çayının isə hər tərəfi qamışla və yulğun, civir kolları ilə örtülmüşdü. Araz da sakit axırdı. İlk gündən etibarən Andrey Təzəkənd camaatının səmimiliyinə heyran oldu və azərbaycanca sözləri öyrənməyə başladı. Artıq onun dilindən şirin-şirin "çay", "su", "çörək" və sair sözlər eşidilirdi. Çünki yerli əhali kasıb olsa da, onlara xeyli yerli kişmiş gətirmişdilər ki, sərhədçilər çay içsinlər. Demək olar ki, qənd yox idi. Naxçıvan 1918-ci ildən başlayaraq erməni daşnakları ilə vuruşmuşdu. Daşnaklar tutduqları hər yerdə əkinləri və tikililəri yandırmış, təsərrüfatı məhv etmişdilər. 1924-cü ildən başlayaraq yavaş-yavaş Şərur mahalında da həyat öz məcrasına qayıdırdı. Ona görə də zəhmətlə yaşayan əhalinin canını, mal-qaralarını, heyvanlarını quldurlardan qorumağı zastava hərbçiləri özlərinə müqəddəs borc bilirdilər.

18 martda Andreylə birlikdə naryadda olan Gerasim Yakovleviç Şamayev də Kutino kəndində doğulmuşdu. 1925-ci ildə Andreylə birlikdə hərbi xidmətə çağırılmış və Zaqafqaziyaya göndərilmişdi. Onu da Andreylə birlikdə "Ortlu-Təzəkənd" zastavasında yerləşdirmişdilər. O da evli idi. Yanvar ayında qızı Anna anadan olmuşdu. İndi gözlərinin önündə dostunu itirdi. Köməyə gələn sərhədçilər 20 nəfərlik quldur dəstəsini məhv etdilər və Andreyi xilas etmək üçün təcili zastavaya apardılar. Amma Andrey yolda keçindi. Zastavada olan sərhədçilər və Təzəkənd camaatı kədər içində idilər. Qərara alındı ki, əfsanəvi igid döyüşçünü torpağa tapşırmaq üçün o vaxtlar Şərurun ən böyük kəndi olan Yengicəyə aparsınlar. Yengicə kəndi "Ortlu-Təzəkənd" zastavasından 10 km uzaqlıqda yerləşdiyindən Andreyin cənazəsini at arabasında apardılar. Orada dəfnlə bağlı olan işlər yerinə yetirdikdən sonra Andreyi Yengicədə kolxoz klubunun qarşısında olan meydançada dəfn etdilər. Dəfn mərasimi çox izdihamlı keçdi. Rayon rəhbərləri və 41-ci Naxçıvan sərhəd dəstəsinin rəisi də dəfndə iştirak edirdilər. Andreyin qəhrəmancasına həlak olması ildırım sürəti ilə bütün sərhəd zastavalarına yayılmışdı. 9 aprel 1926-cı ildə Zaqafqaziya Çekasının 124 №-li əmri ilə "Ortlu-Təzəkənd" zastavasına Andrey Babuşkinin adı verildi. Bu, SSRİ-nin dövlət sərhədində ilk zastava idi ki, ad daşıyırdı. Zastavanın həyətində heykəltaraş Məmmədovun böyük ustalıqla Andreyin xatirəsinə hazırladığı büst qoyulmuşdu. Baxışları uzağa dikilən və çox ciddi görkəmli olan gənc sərhədçi Andrey sanki zastavaya gələn hər bir adamla danışırdı. Diqqətlə baxanda elə hiss edirdin ki, nigaranlıqla öz doğmalarını da gözləyir. Sərhədçi dostu Şamayevin dediyinə görə, Andreyin son sözü doğmalarına ünvanlanıb: "Saratova... yazarsan ki, döyüşdə həlak oldu...."

Babuşkinin məzarı. 1926-cı il

Yeri gəlmişkən deyək ki, həyat yoldaşı Nadejda da onu çox sevirdi və intizarla yolunu gözləyirdi. Bunu məktublarında Andreyə yazırdı. Amma özünün müqəddəs borcunu yerinə yetirərkən qəhrəmanlıqla həlak olan Andreyi Şərur torpağı öz qoynunda yaşatdı. Andreyin yoxluğuna dözə bilməyən və Şərura gəlmək imkanı olmayan Nadejdanı Andreyin atasının evində ölü tapdılar. Balaca oğlu isə anasının yanındaca sürünürmüş. Həmin gün Andreyin və Nadejdanın ata-anaları 25 kilometrlikdə yerləşən bazara getmişdilər. Qayıdanda isə onu sağ görmədilər.

Andreyin ata-anası İkinci Dünya müharibəsindən əvvəl Orta Asiyaya köçürlər. "41-ci Naxçıvan sərhəd dəstəsinin" tarixini araşdıranlar yazırlar ki, Andreyin oğlu Aleksandr təyyarəçi imiş və İkinci Dünya müharibəsində həlak olub. Andreylə birlikdə Araz sahilində sərhəd pozucuları ilə döyüşən digər sərhədçi naryadın - Gerasim Şamayevin də taleyi faciəli olub. Hərbi xidmətdən sonra doğma Kutinoya qayıdan Gerasimin 1938-ci ildə ikinci qızı Valentina doğulub. Müharibədən əvvəl Şamayevlər Özbəkistanın paytaxtı Daşkəndə köçüb. İkinci Dünya müharibəsi başlayanda orduya çağırılıb. 3 iyun 1943-cü ildə Kursk qövsündə gedən ağır döyüşlərdə həlak olub.

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Yengicə kəndinin mərkəzində dəfn olunan Andrey Babuşkinin məzarı ətrafında gül-çiçək əkilib və həmişə sərhədçilər və məktəblilər bayram günlərində onun məzarı önünə əklil qoyublar.

Naxçıvanlılar, xüsusən yengicəlilər cəsur sərhədçi Andrey Babuşkinin xatirəsinə dərin hörmət bəsləyiblər. Çünki o, dövlət sərhədinin toxunulmazlığı uğrunda döyüşüb həlak olmuşdu. Onun adını daşıyan zastava həmişə nümunəvi xidməti ilə seçilmişdi.

Babuşkinin məzarı üzərində xatirə plitəsi. 2021-ci il

Andrey Babuşkin haqqında "Poqraniçnik Azerbaydjana" və digər hərbi qəzetlər ətraflı məqalələr çap edib. "41-ci Naxçıvan hərbi dəstəsinin" zəngin tarixi vardır. Hələlik tam araşdırılmasa da, bilinən səhifələrdə əfsanəvi döyüşçü-sərhədçi Andrey Babuşkin haqqında rəğbət dolu yazılara rast gəlinir. Bu məqalələrin çoxunu azərbaycanlı hərbi jurnalistlər yazmışlar. Hətta Andreyin adını daşıyan zastavanın həyətində onun büstünü ilk dəfə azərbaycanlı heykəltaraş Məmmədov hazırlayıb. O büst indi Rusiyanın paytaxtı Moskva şəhərindəki Sərhədçilər Muzeyində saxlanılır. "Poqraniçnik Azerbaydjana" ("Azərbaycan sərhədçisi") qəzeti 1944-cü ilin 15 aprel nömrəsində yazırdı: "17 mart 1944-cü ildə Andrey Babuşkinin adını daşıyan zastavadkı binanın fasadı üzərində Naxçıvan sərhədçi dəstəsi tərəfindən xatirə lövhəsi asılmışdır. Orada yazılmışdır: Bu zastavada qırmızı döyüşçü Andrey Babuşkin xidmət etmişdir. SSRİ-nin dövlət sərhədinin müdafiəsində 18 mart 1926-cı ildə qəhrəmancasına həlak olmuşdur. Ertəsi gün onun məzarı önündə sərhədçilərin kolxozçularla və rayon rəhbərləri ilə birlikdə mitinqi olmuşdur. Sərhədçi əsgərlər and içdilər ki, Vətənimizin sədaqətli oğlunun adını həmişə müqəddəs tutacaq və sərhədi Andrey Babuşkin kimi mərdliklə və cəsurluqla qoruyacaqlar".

Biz Andrey Babuşkinlə bağlı axtarışlar apararkən aşkar oldu ki, hər il Yengicə kəndində 18 martda onun məzarı önündə matəm mitinqi keçirilirmiş. Təəssüflər olsun ki, sovet rejiminin süqutu zamanı onun məzarı dağılıb. Ancaq sonra məzar bərpa olunub. Qəhrəman sərhədçi Andrey Mixayloviç Babuşkinin Naxçıvan Muxtar Respublikasında, Şərur rayonunun Yengicə kəndindəki məzarı üzərində mərmərdən xatirə lövhəsi qoyulub.

 

Musa QULİYEV (RƏHİMOĞLU)

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

kuliyevm@yandex.ru

525-ci qəzet .- 2024.- 21 noyabr(№212).-S.10.