Bir damcı yaşın içindəki Ağdam

 

Esse

 

 

Bir essemə unudulmaz Eldar Baxışın təkrarsız Qədir Rüstəmov haqqında yazdıqları ilə başlamışdım: "Ağdamın girişində quldurlar Qədirin yolunu kəsdilər, üst-başını axtardılar, heç nə tapmadılar, axırda ağzını açıb baxdılar, gördülər, yazığın səsindən başqa heç nəyi yoxdur".

Amma indi bu obrazlı fikrə bir düzəliş edim: Qədirin səsindən başqa bir Ağdamı da vardı axı.

Səsli-küylü, gedişli-gəlişli, qonaqlı-qaralı, qaynar, yaşıl bir şəhəri vardı "yazığın".

O Ağdamın barını-baxarını, küçəsini-bacasını, daşını-divarını da yağılar yağmaladılar, dağıtdılar, yandırdılar. Qədir də bu şəhərin külünü, kösövünü içinə yığıb apardı Oğuza, öz qalan səsi və nəfəsi ilə üfürüb, közərtdi, öz içində diriltdi Ağdamı. Əhdi vardı: içindəki Ağdamı təzədən Ağdama köçürəcəkdi. Amma ömrü çatmadı; özü köçüb bu dünyadan getdi. O gedəndən sonra Ağdam geri gəldi. Daha doğrusu, geri qaytarıldı. Gedən Qədir Ağdamsız getdi, gələn Ağdam Qədirsiz gəldi.

...Bir doğmanıza, balanıza deyirsiniz ha: "Səni verənə qurban!" İndi Ağdam üçün başqa cür deyərsiniz: "Səni alana qurban!"

Həmişə əsgərimiz xalqa qurban getməyəcək ki. Bir dəfə də onun qurbanı bizdən olsun, dünya dağılmaz! Heç olmasa, sözdə.

Əsgərimiz Şuşanı alanda, Ağdamı da almışdı artıq. Şuşadan iki həftə sonra Ağdamı bizə verdi və biz Ağdama və əsgərimizə dedik: "Səni verənə qurban!"

...Oğuza, Qədirin Ağdamına qayıdıram. Ağdam, bəli, qayıtdı, amma Oğuzdakı, Şəkidəki, Bakıdakı, Bərdədəki, Gəncədəki, daha bilmirəm, haralardakı Ağdam yığışıb Ağdama köçməyib hələ. Vaxtı-vədəsi çatanda köçəcək.

Bir vaxt Ağdamdan məcburi köçənlər, bu dəfə Ağdama könüllü köçəcək.

...Ağdama uşaqlıq, yeniyetməlik çağlarımdan bağlanmışdım. O vaxtkı bəxtəvər Ağdama. Anamın bibisi oğlu Ənvər dayı ailəsi ilə Ətyeməzli kəndində yaşayırdı. Ağsaqqal, təmkinli, ağayana bir əyalət ziyalısı idi. Ağayana dedim, yadıma düşdü: bəy nəslindən, bəyzadə idilər. Bir qardaşı Musa dayı isə Bakıdaydı; neft maşınqayırması sahəsində məşhur alimdi. Mən Universitetə imtahan verəndə, Musa dayımgildə qalırdım. O, tez-tez xaricə gedirdi; Bakıda istehsal olunan neftçıxarma, neft emalı maşınlarının, cihaz və dəzgahların satıldığı ölkələrdə ezamiyyətlərdə olurdu.

İllər sonra ürəyi sözünə baxmadı, xəstələnib yatağa düşdü, ağır əməliyyatlar keçirmişdi. Mən də tələbəydim artıq, yataqxanada qalırdım. Musa dayıya baş çəkməyə getmişdim. Çox zəifləmişdi, dağ boyda kişi elə dəyişmişdi ki. Başını azca dikəldib, dedi: "Bacıoğlu, işə bax e sən! Vaxt var idi, bir ildə iki dəfə Argentinaya gedib-gəlirdim, indi burdan-bura Ağdama gedə bilmirəm. Burnumun ucu göynəyir".

Mənim təsəlli cümləsi qurmağa hazırlaşdığımı hiss edib sözümü başlamadan kəsdi: "Heç özünü yorma, Ağdama getməyim day getdi".

Onda hələ heç birimizin ağlına gəlməzdi ki, nə vaxtsa Ağdam özü də... gedəcək.

Mən Musa dayının eynini açmaq, ağrılarını az da olsa, unutdurmaq üçün demişdim: "Dayı, sizin kəndin adı niyə Ətyeməzlidir? Mən gedib görmüşəm, ən çox əti elə o kənddə yeyirlər".

Çətinliklə danışdığı kimi, çox çətinliklə güldü. Dedi: "Dədə, əti çiy yemirlər ha. Bişirib yeyirlər də. "Ətyeməzli" ona görə deyiblər ki, çiy-çiy olmaz".

Hər ikimiz güldük. Musa dayının gözündən bir damcı yaş süzüldü. Elə bilirəm, o bir damcı yaşın içində Ağdama getmək arzusu da vardı, xəstəliyi də, işdən-gücdən qalmağı da. Hər şey. İndi Ənvər dayımın da, Musa dayımın özləri dünyada yoxdur, amma hərəsinin öz Ağdamı qalıb. Birininki Ətyeməzli kəndindən geri qalan uçuq daş-divarın içində, birininki Bakıda 8-c mikrorayondakı 4-cü mərtəbədə.

Hər ağdamlının iki Ağdamı var. Biri Qədir Rüstəmov kimi öz içini yandıra-yandıra yaşatdığı köz Ağdam, biri də çölündəki Ağdam. Hələlik ağdamlılar içindəki Ağdamı çölündəkinə daşımayıb. Hələ ki o əvvəlki Ağdam təzədən qurulmayıb, dirilməyib. Dirilsin, dikəlsin, dirçəlsin, Musa dayıma sözümdür: onun Ağdamını da Bakıdan götürüb Ətyeməzliyə, Ənvər dayımızın yurdunda... ət yeməyə gedəcəm.

Əlbəttə, ömrüm çatsa...

 

Bahəddin HƏZİ

525-ci qəzet .- 2024.- 21 noyabr(№212).-S.7.