20 noyabr - Ağdam şəhəri
günü
“Dağılmış Ağdam şəhəri erməni
vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa
edəcəyik, bütün kəndləri bərpa edəcəyik.
Heç kimdə bu haqda şübhə olmasın”.
Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyev
20 noyabr – Ağdam Şəhəri Günüdür.
Prezident cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də
imzaladığı sərəncama əsasən Ağdam
şəhərinin işğaldan azad edildiyi 20 Noyabr tarixi
Ağdam Şəhəri Günü kimi qeyd olunur.
2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin
hücumuna qarşı başlanan əks-hücum əməliyyatı
zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri
böyük igidlik və qəhrəmanlıq nümunəsi
göstərdilər. Hərbçilərimizin misilsiz
şücaəti, xalq-ordu-iqtidar birliyi nəticəsində
otuz ilə yaxın düşmən işğalı
altında olan torpaqlarımız 44 gün ərzində azad
edildi. Azərbaycanın 44 günlük Vətən müharibəsində
qazandığı Qələbə nəticəsində Ermənistan
kapitulyasiya aktını imzalamağa və əraziləri
boşaltmağa məcbur oldu. Ağdam rayonunun işğal
altında qalan hissəsi bir güllə atılmadan mərhələli
şəkildə Azərbaycana təhvil verildi.
2008-ci ildə “Lonely planet” jurnalı Ağdamı
“Qafqazın Xirosiması” adlandırıb, 2010-cu ildə
“Əl-Cəzirə”nin internet nəşri Ağdamı “Ruhlar
şəhəri” siyahısına salıb.
Otuz ilə yaxın müddətdə rayonun
bütün sərvətləri talan edilib. İşğaldan
əvvəl rayon ərazisində 3006 hektar meşə sahəsi
var idi. 64,863 min kubmetr mişar daşı, 140,464 min ton
Çobandağ əhəngdaşı, 44,708 min ton Boyəhmədli
və 25197 min ton Şorbulaq gil yataqları quldurların əsarəti
altına düşmüşdü. Təbiət abidəsi
kimi qorunan Ağdam şəhərində yaşı 150-250 il
olan 14, Boyəhmədli kəndi ətrafında isə
yaşı 400 ilə çatan 71 ədəd Şərq
çinarı məhv edilib.
Dörd il əvvəlin payızı rayona sanki bir
bahar havası gətirdi. Ağdama yeni can, yeni nəfəs gəldi.
Həmin il noyabrın 23-də Prezident, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində
oldular. Dövlət başçısının Ağdamda Azərbaycanın
üçrəngli Bayrağını qaldırması haqq
işinin zəfər çalması kimi milyonlarla
soydaşımızın qəlbində son dərəcə
böyük qürur və sevinc hissi oyatdı. Prezidentin həmin
səfəri zamanı Ağdamda dediyi sözlər hər kəsdə
böyük ümidlər yaratdı:
“...Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin
şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik,
bütün kəndləri bərpa edəcəyik. Heç
kimdə bu haqda şübhə olmasın. Bu, böyük
iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət
tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində
birlik göstərmişik, əminəm ki, azad edilmiş
torpaqlarımızın bərpası işində də
birlik, əzmkarlıq göstərəcəyik. Bütün
şəhərlərimizi bərpa edəcəyik, daha da
gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə
qalan tarixi abidələri bərpa edəcəyik və bir daha
gücümüzü göstərəcəyik”.
Azad edilən Ağdamda dərhal böyük tikinti və
quruculuq işlərinə başlanıldı. Ərazisinin
çox hissəsi minalı sahə olsa da, təmizləmə
işləri aparılmaqla yanaşı, şəhərin
sosial xəritəsi tamamilə yeni və müasir şəkildə
qurulmağa başlanılıb. Ötən dörd ildə
Ağdam şəhərində bir sıra mühüm
infrastruktur layihələri icra olunub. Ağdamın Baş
planı aparıcı beynəlxalq şirkətlər tərəfindən
artıq hazırlanıb və təsdiqlənib. 2021-ci il
mayın 28-də Prezident İlham Əliyevə Ağdam şəhərinin
Baş planı təqdim olunub və həmin gün Ağdam
şəhərinin bərpasının təməl
daşı qoyulub. Bununla yanaşı, ötən iki il ərzində
“Ağdam-1” və “Ağdam-2” elektrik
yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin
Rəqəmsal İdarəetmə Mərkəzinin, Zəfər
və İşğal muzeylərinin, Ağdam Sənaye
Parkında fəaliyyət göstərəcək alternativ və
bərpaolunan enerji mənbələri ilə qidalanan
işıq dirəklərinin, digər qurğuların və
xalça istehsalı müəssisələrinin, “Park Forest
Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət
yeni yaşayış kompleksinin, 210 çarpayılıq
Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməli
qoyulub. Bundan başqa, dəmir yolu vağzalının tikintisi
nəzərdə tutulur.
Ağdamda Qarabağ xanlığının banisi Pənahəli
xanın sarayının yerləşdiyi İmarət Kompleksi
bərpa olunub. Həmçinin Ağdamda tamaşaçı
tutumu 15 min nəfər olacaq və şəhərin geniş
infrastruktura malik guşəsində yeni stadion inşa edilir.
2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev
və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Eyvazxanbəyli
kəndindəki Atçılıq Nəsilartırma Mərkəzinin,
Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin,
şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin,
“City Hotel Ağdam” mehmanxanasının, keçmiş məcburi
köçkünlər üçün inşa olunacaq 470 mənzildən
ibarət yaşayış məhəlləsinin, şəhərin
dəmir yolu və avtovağzal kompleksinin, rayonun
Sarıcalı kəndinin təməlqoyma mərasimlərində,
Xurşidbanu Natəvanın abidəsinin
açılışında iştirak ediblər. Həmçinin
Pənahəli xanın sarayı və İmarət Kompleksində
görüləcək işlərlə tanış olublar.
Heydər Əliyev Fondu tərəfindən Ağdam
Cümə məscidində bərpa işləri
aparılıb.
Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri”
və “Yeni Şəhər Gündəliyi” - postmünaqişə
dövründə bərpa və yenidənqurmanın
aparıcı qüvvəsi kimi” mövzusunda 2022-ci ilin
oktyabrında Azərbaycan Milli Şəhərsalma Forumu
keçirilib. Ölkəmizdə ilk dəfə məhz
Ağdamda keçirilən həmin Forum şəhərsalma
sahəsində dünyanın müxtəlif ölkələrindən
olan sahə mütəxəssislərinin təcrübələrinin
bölüşülməsi və dayanıqlı
inkişafın təmin edilməsi üçün əməkdaşlığın
genişləndirilməsi baxımından nadir və uğurlu
platforma olub.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva 2023-cü il mayın 2-də
Ağdam rayonuna səfər ediblər. Dövlətimizin
başçısı “Azərişıq” ASC-nin Ağdam
şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi
və Təlim-Tədris Kompleksinin təməlini qoyub. Sonra
Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində
salınacaq 2 ikinci və üçüncü
yaşayış məhəllələrinin, Ağdam şəhərində
inzibati binanın təməlini qoyublar. Daha sonra dövlət
başçısı Bərdə-Ağdam dəmir yolu xəttinin
tikintisi ilə tanış olub.
Prezident cənab İlham Əliyev bu il sentyabrın
19-da Ağdam rayonuna səfər zamanı isə Ağdam
şəhərində “İmarət” stadionunun təməli
qoyulub. O, “Aghdam City Hotel”in, Ağdam şəhərində
İmarət Kompleksinin bərpadan sonra
açılışında, Ağdam Sənaye Parkında
yeni zavodların açılışında, Ağdam
rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində
iştirak edib. Prezident İlham Əliyev Ağdam rayonunun Kəngərli
kəndində Xıdırlı kəndində aparılan bərpa
işləri, Ağdam-Əsgəran-Xocalı-Xankəndi
avtomobil yolunda görülən işlərlə tanış
olub.
Ağdamda keçmiş məcburi köçkünlərin
tezliklə öz ata-baba yurdlarına qayıtması
üçün ölkəmizin bütün potensialı səfərbər
olunub. Hazırda rayonda irimiqyaslı infrastruktur layihələri
icra olunur. İndi yenidən qurulmaqda olan şəhər onun
üçün qəribsəyən və geri dönmək
üçün darıxan doğma sakinlərinin yolunu
gözləyir. Tikinti-quruculuq işləri isə bir an da ara
vermir, yeni sosial obyektlər, yeni abad küçə və
prospektlər salınır, yeni ünvanlar, binalar və mənzillər
tikilir. Yeni salınan kəndlər, ölkəmizin ən
böyük sənaye mərkəzlərindən birinə
çevriləcək şəhərdə aparılan quruculuq
işləri deməyə əsas verir ki, Ağdamın öz
sakinlərini qoynuna alacağı və
çal-çağırlı günləri uzaqda deyil.
Füzuli Həsənov
Milli Qəhrəmanları Tanıtma İctimai
Birliyinin Binəqədi rayon nümayəndəliyinin sədri
525-ci qəzet .- 2024.- 21 noyabr(¹212).-S.7.