Azərbaycan - Qazaxıstan - Özbəkistan “yaşıl əməkdaşlığı”

YENİ SAZİŞİN YAŞIL ENERJİYƏ KEÇİDDƏ ƏHƏMİYYƏTİ

 

Paytaxt Bakı BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyini uğurla davam etdirir. Konfrans günlərində müxtəlif panellərdə iqlimə təsir edən səbəblər müzakirə olunur, həll yolları, təkliflər irəli sürülür, eyni zamanda razılaşmalar əldə olunur. Bir neçə gündən sonra – noyabrın 22-də COP29 başa çatacaq. COP29 günlərində təbii ki, əsas hədəf nəticələrə nail olmaq, qlobal əhəmiyyətli qərarların qəbuludur. Çünki bu problem özü də qlobal xarakter daşıyır. Onu da qeyd edək ki, artıq müəyyən nəticələr də var. Belə ki, tədbirin ilk günündə Paris Sazişinin 6.4-cü maddəsi ilə bağlı müsbət nəticələr əldə olunub. Noyabrın 11-də Paris Sazişinin 6.4-cü maddəsinə uyğun olaraq, tərəflər karbon kreditlərinin yaradılması üzrə standartlar barədə razılığa gəliblər. Bu, beynəlxalq karbon bazarının BMT-nin nəzarəti altında fəaliyyət göstərməsini təmin edəcək. Sözügedən standartlar beynəlxalq karbon bazarının yüksək etibarlılığına və emissiyaların azaldılmasına imkan verəcək. Paris Sazişinin imzalandığı 2015-ci ildən keçən dövr ərzində yekdil qərar qəbul edilməsi mümkün olmayan bu məsələnin məhz Bakı COP-da razılaşdırılması ölkəmizin qlobal miqyasda ekoloji problemlərin həllində oynadığı rolu göstərir.

Noyabrın 18-də isə COP29 çərçivəsində Tərəflər Paris Sazişinin 6-cı maddəsinin 8-ci paraqrafında istinad olunan qeyri-bazar yanaşmaları çərçivəsində iş proqramına dair qərar qəbul ediblər. 6.8-ci maddə qeyd olunan yanaşmalar vasitəsilə Tərəflərə milli iqlim planlarını, o cümlədən, mitiqasiya və adaptasiya üzrə planların həyata keçirilməsi və davamlı inkişafın təşviqi imkanı yaradır.

COP29 Sədrliyi Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsini əsas prioritetlərindən biri kimi müəyyən edib. Bu maddə ölkələrin iqlim hədəflərinə çatmaq üçün əməkdaşlıq zamanı etibarlı və şəffaf karbon bazarlarının təmin edilməsini nəzərdə tutur. Həmin maddəyə uyğun bazarlar inkişaf etməkdə olan ölkələrə daha çox investisiya yönəltmək üçün önəmli vasitədir. 6-cı maddənin tam şəkildə tətbiqi ölkələrin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin həyata keçirilməsi üçün sərf etdikləri vəsaiti ildə təxminən 250 milyard ABŞ dolları azalda bilər.

COP29 çərçivəsində qəbul edilmiş ən mühüm qərarlardan biri noyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalamaları oldu. Bu, türkdilli ölkələr arasında əməkdaşlığın yeni mərhələsi olmaqla, yaşıl enerjiyə keçiddə mühüm rol oynayır və təbii ki, gələcək nəsillər üçün çox əlverişli təməllər yaradır. Görünən odur ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın Türk Dövlətləri Təşkilatını Təşkilatı çərçivəsində əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi istiqamətində irəli sürdüyü təkliflər onun inkişaf strategiyasının gücləndirilməsində əhəmiyyətli rol oynayır. Bu, həm də Azərbaycanın Türk respublikaları ilə birgə yaratdığı Türk Dövlətləri Təşkilatını öz ailəsi qismində görməsi və böyük Türk dünyasına mənsub olduğunu qürurla nümayiş etdirməsidir.

Prezident İlham Əliyev öz çıxışında sazişin imzalanmasını tarixi hadisə adlandırıb, bunun Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açdığını deyib. Dövlət başçısı bildirib ki, mahiyyət etibarilə, Mərkəzi Asiya və Qafqaz regionlarında inteqrasiya prosesləri, nəqliyyat, energetika, ticarətlə bağlı proseslər bu gün deməyə imkan verir ki, bu iki region bir çox məsələlərdə, o cümlədən, yaşıl enerjinin inkişafı sahəsində sinxron fəaliyyət göstərir.

Məlum olduğu kimi, Azərbaycan Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan enerji layihəsini həyata keçirir. Bu, ölkəmizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək və kabelin texniki potensialı dörd giqavatdır.

Prezident bu məqamla bağlı deyib ki, Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi təkcə üç ölkə arasında deyil, həm də daha geniş miqyasda əməkdaşlıqdır: “Layihənin texniki-iqtisadi əsaslandırılması tamamlanmaq üzrədir və bununla da biz Mərkəzi Asiyanı, Qafqazı, Avropanı, Xəzər və Qara dənizləri vahid enerji dəhlizi ilə birləşdirəcəyik. Xüsusilə sevindirici haldır ki, bu Saziş hər zaman bir-birinə yaxın olan üç qardaş ölkə arasında imzalanır. Özbəkistanla münasibətlərimiz bu il müttəfiqlik münasibətləri səviyyəsinə çatıb, müvafiq saziş imzalanıb. Qazaxıstanla artıq uzun müddətdir ki, strateji tərəfdaş kimi əməkdaşlıq edirik. Qarabağın bərpasında bizə ilk yardım edən ölkələr Özbəkistan və Qazaxıstandır. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına yaradıcılıq mərkəzi bu gün qardaşlığımızın bariz sübutudur. Əminəm ki, biz gələcəkdə də həmişə bir yerdə olacağıq və bir-birimizi dəstəkləyəcəyik”.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə bəyan edib ki, strateji tərəfdaşlıq Sazişinin imzalanması Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının inkişafı üzrə üçtərəfli əməkdaşlıqda mühüm mərhələdir. Sənəd dövlətlərimizin enerji sistemlərinin inteqrasiyası, habelə ekoloji cəhətdən təmiz enerjinin Avropaya və digər bazarlara çatdırılması üzrə etibarlı dəhlizlərin yaradılmasında yeni imkanlar açır. Qazaxıstan böyük tranzit ərazi kimi burada son dərəcə mühüm rol oynayır. Bu Sazişin praktiki nəticələri Orta Dəhlizin iqtisadiyyatlarımızı birləşdirən yaşıl körpü qismində inkişafına töhfə verəcək. Bu əsas sahədə sıx əməkdaşlıq üç dövlət arasında təcrübə və qabaqcıl texnologiyalar mübadiləsini gücləndirəcək və enerji təhlükəsizliyimizin gələcəkdə də möhkəmləndirilməsinə kömək edəcək.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə bildirib ki, Avropaya birlikdə yeni yaşıl enerji dəhlizi yaradırıq. Bu da tarixi hadisədir: “Bərpaolunan enerji təkcə iqtisadi məqsəd deyil. Bu, bizim gələcəyə verdiyimiz töhfədir, gələcək nəsillər qarşısında məsuliyyət hissimizin nəticəsidir. Mən bu layihənin ekoloji əhəmiyyətini xüsusilə qeyd etmək istərdim. Nəql ediləcək enerji külək və Günəş enerjisidir, iqlimə təsiri azaltmağa kömək edəcək bərpaolunan və təmiz mənbədir. Bununla biz Paris Sazişi çərçivəsində iqlimin qorunması üzrə birgə səyləri və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağı dəstəkləyirik... Bu layihənin həyata keçirilməsinin iqtisadi səmərəsini dövlətlərimizin hamısı hiss edəcək. Minlərlə iş yeri açılacaq, enerji infrastrukturu inkişaf etdiriləcək, texnoloji və biznes əlaqələri genişlənəcək və bunun əsas nəticəsi olaraq əhalimizin həyat səviyyəsi yüksələcək”.

Qeyd edək ki, həmin gün Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Səudiyyə Ərəbistanı Krallığı arasında “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq üzrə Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının, Özbəkistan Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında İcra Proqramı”nın imzalanması mərasimi olub.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov hesab edir ki, bu saziş regionda "yaşıl enerji" dəhlizinin yaradılması, inteqrasiya olunmuş elektrik enerjisi bazarlarının inkişafı və bərpa olunan enerjinin digər regionlara ixracının asanlaşdırılması üçün güclü təməl yaradır. Milli enerji şirkətlərinin səhmdarlarının razılaşması, birgə müəssisənin yaradılması bu layihənin uğurla həyata keçirilməsi üçün mühüm mərhələlər olacaq. Nəzərdə tutulur ki, birgə müəssisə yaradıldıqdan sonra Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin inteqrasiyası üzrə tədqiqat işlərinə başlanılsın. Məsləhətçi şirkət "Chessie" layihəyə cəlb olunub. Nazirin sözlərinə görə, layihə Azərbaycan, Qazaxıstan və Özbəkistanla məhdudlaşmır. Mərkəzi Asiyanın digər ölkələri, xüsusilə gələcəkdə yüksək artım resurslarına malik olan Qırğızıstan və Tacikistan da bu layihəyə uğurla qoşula bilərlər. Onlar aralıq bərpa olunan enerji mənbələrinin balanslaşdırılması üçün istifadə ediləcək hidro resursları vasitəsilə bu layihəyə əlavə dəyər qatacaqlar.

Göründüyü kimi, bu saziş Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında strateji tərəfdaşlıq əlaqələrinin təzahürü olmaqla, dostluq və qardaşlığı daha da inkişaf etdirib, gücləndirəcək.

 

Pərvanə

525-ci qəzet .- 2024.- 21 noyabr(¹212).-S.5.