Adamlar bənzəmir bir-birinə

 

Adam var, adama "dədə"lik edir,

Adam var, namərddir, gədəlik edir,

Adam var, hər yükə "dəvə"lik edir;

Adamlar bənzəmir biri-birinə.

 

Gül gülə bənzəyir, yarpaq yarpağa,

Dağ dağa bənzəyir, torpaq torpağa.

Adam var, can atmır insan olmağa;

Adamlar bənzəmir biri-birinə.

 

Adam var, taxt qurur alın təriylə,

Adam var, qəlb qırır zülm-şəriylə.

Adam var, dərd yeyir adam əliylə;

Adamlar bənzəmir bir-birinə.

 

Dünya yaranandan bu insan oğlu

Kimə doğru olub, kiməsə oğru.

Anar, adamlardan özünü qoru,

Adamlar bənzəmir biri-birinə.

 

Şair könlüm əsir oldu

 

Məhəbbətin göylərini qar aldı,

Sevgi yolum zülmət oldu, qaraldı,

Ürəyimi o sevdiyim yar aldı,

Şair könlüm əsir oldu o yara.

 

Şeir qoşdum mən şəninə, adına,

Bir yol məni heç salmadı yadına,

Düşdüm vəfasızın əfsus, badına,

Şair könlüm əsir oldu o yara.

 

Taleyimlə, qismətimlə barışdım,

Mən həsrətin ocağında alışdım,

Dərd-sərimi ulduzlara danışdım,

Şair könlüm əsir oldu o yara.

 

Dərd çəkilər, bir kimsəyə deyilməz,

Adam sevər, Anar, eşqə əyilməz,

O yar kimi bir də kimsə sevilməz,

Şair könlüm əsir oldu o yara.

 

Mərd yaşa

 

Həyatda əyilmə, dönmə sən qula,

Əyilmə şöhrətə, satılma pula,

Nə yaltaqlıq elə, nə quyruq bula;

Kişi tək ömrünü vuraraq başa,

Dünyaya mərd gəlib, sən mərd də yaşa!

 

Çox olacaq sənə tələ quranlar,

Yolunda sədd çəkib, işi buranlar,

Ara qarışdırıb, ara vuranlar;

Bütün olanlara edib tamaşa,

Dünyaya mərd gəlib, sən mərd də yaşa!

 

 

Bu dünya beşgünlük, bu dünya yalan,

Təkcə yaxşılıqdır insana qalan.

Həyatın puç olsa, olsa da talan;

Anar, ömrün düşsə borana, qışa,

Dünyaya mərd gəlib, sən mərd də yaşa!

 

Anar MƏCİDZADƏ

525-ci qəzet .- 2024.- 22 noyabr(№213).-S.15.