Dən

 

Saçlarıma ulduz kimi dən yağıb,

Qocalıram bu dünyanın xətrinə.

Könlüm daha zil ötəni bəm sayır,

Başa düşmür söhbəti nə, xətri nə.

 

Sıx meşədə bir canavar uladı,

Qoca qarı eşitmədi, bilmədi.

Yalqızlığı düşəcəkdi yadına,

Bilmədi ki, göz yaşını silmədi.

 

Büküb dördkünc gül qoxulu yaylığın,

İtkin düşən balasına səsləndi.

Dağ dərələr utandılar bu ahdan,

Göy yamaclar göz yaşına süsləndi.

 

Qaytarırdı quzuları çobanlar,

Yağış yağıb dağ yolunu kəsirdi.

Qocalmağa bir addımdır bu aləm,

Ürəyimdə bir cavan qız pəs edir.

 

Boz rənginə bürünməmiş bu dünya,

Pəmbələri gözlərindən at getsin.

Yağış yağır, unut bəndi-bərəni,

Pəncərəni möhkəm bağla, yat getsin.

 

Dəniz gözlüm, yorğun üzlüm, hardaydın?

Bu günədək gözlətməzdin özünü.

Canımdakı yorğunluğun yükü var,

Sənə çatdım, yumdum daha gözümü.

 

Sevda deyil, belə sevda olurmu,

Günüm-ayım yuxudadı, yuxuda.

Yorulmuşam yad ömrümü danmağa,

Yay atılıb, əldən salıb oxu da.

 

Ömrün payız, qış fəslidir, nur üzlüm,

Anlayırsan bir baxışdan sən məni.

Deyirsən ki, unuduram hər şeyi,

Necə deyim bir unutma sən məni.

 

Məndən daha nə ev olar, nə yuva,

Quş dənitək səpələnib illərim,

Heç qıyaram o donuq baxışına?

Sən şeir de, mən də səni dinləyim.

 

Telefonun bir ucunda mürgülə,

Nəfəsinə qoy isinsin xatirələr.

İki yorğun, illərin yorğununa,

Bundan belə gülsə tək şeir gülər.

 

Dəniz gözlüm, yorğun üzlüm, hardaydın,

Bu günədək gözlətməzdin özünü.

Canımdakı yorğunluğun yükü var,

Sənə çatdım, yumdum daha gözümü.

 

İnsan

 

Hər kəs öz yarasın bir cürə sarır,

Kimisi zamanla, kimi insanla.

İnsan dağıtdığın insan qazanır.

Qorxusu insanla, qəmi insanla.

 

Doğulub, böyüyüb hər arzu ümid,

Yaşayıb, yorulub bitir birbəbir.

İnsan dediyimiz iki ayrı qol,

Birisi doğuluş, o biri qəbir.

 

Dünyada yaxşı-pis hamısı onun,

Təbiət də onun, fəlakəti də.

Ən böyük, ən ali, əməl də onun,

Ən ucuz, ən cılız hərəkəti də.

 

Dünyada pis insan yoxdur, vallah, yox.

Dünyanı pis hala salan insan var.

Əslində onlara yazığım gəlir,

O aciz insanlar, qorxaq insanlar!

 

Xülasə, yer-göy bax ona görədir,

Dərk edən, tərk edən yenə də insan.

Bir vaxt gözlərində dəniz tək süzən,

İndi şüşə gözdən baxan da insan.

 

Bəşər yaranandan budur həqiqət,

Nifrəti insandı, sevgisi insan.

Torpağın üstündə insandı gəzən,

Torpağın altının gizlisi insan.

 

O zaman

 

O nağılı məndən yaxşı bilirsən,

Gərək sonu elə bu cür bitərdi.

Hamı vardı nağılın əvvəlində,

Sonra hamı birdən-birə itərdi.

 

Ağacların şah vaxtıydı o zaman,

Meyvələrin saf vaxtıydı o zaman.

Bəxt gülünün çiçəklənən çağıydı,

Ürəyimin rah vaxtıydı o zaman.

 

Sən də vardın, qocamandın, böyükdün,

Nə ağrıydın, nə cəzaydın, nə yükdün.

Çox sonralar dönüb belimi bükdün,

Sevgimin padşah vaxtıydı o zaman.

 

Bir başqa

 

Bu gün dünya belə yaman gözəldir,

Dərəsi bir başqa, dağı bir başqa.

Günəşin şöləsi qıvrılır göydə,

Qırmızı bir başqa, sarı bir başqa.

 

Çay elə çağlayır elə çağlayır,

Sanki gətirəcək sevgimi geri.

Dağ elə qürurlu məğrur dayanıb,

Zirvəsi bir başqa, qarı bir başqa.

 

Meşənin içində ağ zolaq cığır,

Gedir isti soba taxtadan evə.

Evin dörd bir yanı nar ağacıdır,

Budağı bir başqa, barı bir başqa.

 

Təkcə bilirəm ki, gələn deyilsən,

Dünyanın sən boyda yalanı varmış.

Sanki birdən birə qəsdimə durub,

Düşməni bir başqa, yarı bir başqa.

 

Göy Adamı

 

Bulud, necə keçdi ömrün,

Günəş, nə var-nə yox göydə?

Ulduzların kefi kökdü,

Gəl soruşma nə var yerdə.

 

Nə buluda əlim çatdı,

Nə günəşə, nə ulduza.

Elə-belə yaşayıram.

Hər gün uduza-uduza.

 

Unuduram yavaş-yavaş,

Yerdə məni, göydə məni,

Allah dünyanın başına

Yağış kimi döydü məni.

 

Bəxt verdi, nurun azaltdı,

Ayrılıq yolun uzatdı.

Elə bəxtəvər etdi ki,

Elə bildim söydü məni.

 

Ayağım izə yad gəlir,

Ömrümə ayrı dad gəlir.

Mən gördüyüm bahar deyil,

Hər gün dadi-bidad gəlir.

 

Dənizçi sevgili

 

Gəlirsən, gedirsən, xəbər tutmuram,

Bu necə sevgidi, bilmirəm, düzü.

Elə bil kirayə verib getmisən,

Mənə yaşadığın gecə-gündüzü.

 

Bilmirəm yerdəsən, yoxsa ki göydə,

İş yerin ulduzlar, yoxsa dənizdi,

Ruhun illər ilə qaçaq sərgərdan,

Sevgin taleyimə muzdlu kənizdi.

 

Vallah mən bilmirəm bu növ sevgini,

Kökü kəsilməkdə olan sevgidi.

Mənim ürəyimdə bir vaxt cücərib,

Sənin ürəyində solan sevgidi.

 

İndi nə gedişin kövrəldər məni,

İndi gəlişinə sevinmərəm mən.

Ta cavan olmaram qıvırcıq saçlı,

Daha bir də elə sevilmərəm mən.

 

Gəlirsən, gedirsən, xəbər tutmuram,

Dənizin içiylə, göyün üzüylə.

Yəqin dənizdəsən, ya da göydəsən,

Sənin nə işin var çölün düzüylə.

 

Ruhum pərişandır, ruhum sönükdür.

Soruşma hardayam, yüküm nə yükdür,

Üzüm məhəbbətdən çoxdan dönükdür,

Gəlirsən, gedirsən, xəbər tutmuram.

 

Aysel FİKRƏT

525-ci qəzet .- 2024.- 22 noyabr(№213).-S.15.