Xəzər dənizi ilə
bağlı ekoloji risklər: təsirli tədbirlərə
ehtiyac var
COP 29 Bakı iqlim sammiti çərçivəsində
bu günlərdə "Xəzər dənizi hövzəsi:
risklərin qiymətləndirilməsi və aradan qaldırılması"
mövzusunda dəyirmi masa keçirilib. Tədbirin yekunu olaraq
Xəzər dənizində müşahidə olunan problemlərin
hərtərəfli öyrənilməsi və onların həlli
ilə bağlı təkliflərin irəli sürülməsi
məqsədi ilə Xəzər İqlim və
Davamlılıq Mərkəzinin yaradılması elan edilib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar
Babayev bildirib ki, Xəzər dənizi kiçilir, Qafqazda
buzlaqların əriməsi, şirin suyun itirilməsi problemi
mövcuddur. Bunun üçün də milli uyğunlaşma
planlarının vaxtında təqdim edilməsi vacibdir:
"Bu planlar bizim ən yaxşı təcrübələri
necə paylaşacağımızı, texnologiyanın
ötürülməsini və bir-birimizi necə dəstəklədiyimizi
müəyyən edəcək. Biz bu planları 2025-ci ilə
qədər tamamlamalı və 2030-cu ilə qədər irəliləyiş
əldə etmək üçün lazımi addımları
atmalıyıq. Uyğunluqdan sonra təhlükəsizliyin
mühüm hissəsi maliyyə olmalı, bütün
bunların əsasında şəffaflıq
dayanmalıdır. İlk maliyyə şəffaflığı
hesabatları kritik əhəmiyyət daşıyır və
bu il təqdim edilməlidir".
Ekologiya və təbii sərvətlər nazirinin
müavini Umayra Tağıyeva deyir ki, Xəzər dənizinin
səviyyəsi tarixdə qeydə alınan ən
aşağı həddə yaxındır. Son 30 ildə dəniz
səviyyəsi 2,5 metrə yaxın azalıb, son illərdə
isə illik azalma həyəcanverici - 20-30 santimetrə
çatıb. Həmin sürətli dayazlaşma təcili tədbirlər
görülməsini tələb edən ciddi ekoloji və
iqtisadi risklərə səbəb olur. Onun sözlərinə
görə, UNEP tərəfindən bu yaxınlarda
hazırlanmış "Xəzər dənizinin səviyyəsinin
tərəddüdləri və iqlim dəyişiklikləri"
hesabatı iqlim dəyişikliyi, regional hidrologiya və dəniz
səviyyəsinin düşməsi arasında mürəkkəb
əlaqəyə dair kritik fikirlər təqdim edir: "Onun əsas
nəticələri arasında dəniz səviyyəsindəki
dəyişikliklərin ekosistemlərə, iqtisadiyyatlara və
infrastruktura bir sıra təsirlərini aradan qaldırmaq
üçün əlaqələndirilmiş, transsərhəd
tədqiqatlara təcili ehtiyac olduğu yer alır. Əldə
edilən fikirlərə əsaslanmaq və ekspert dialoqunu davam
etdirmək vacibdir. Bu, iqlim dəyişikliyinin Xəzər dənizinin
sahil zonasına və onun infrastrukturuna təsirini azaltmaq
üçün birgə strategiya və uyğunlaşma
planının hazırlanmasına kömək edəcək".
Xəzər dənizi suyunun getdikcə azalması son
illər yenidən narahatlıq doğurur. Ekoloqların
böyük əksəriyyəti bunun səbəbini, əsasən,
son illər yağıntıların və qlobal istiləşmə
nəticəsində Xəzər hövzəsinə
tökülən suyun həcminin azalması ilə əlaqələndirir.
Ekoloq Rasim Səttarzadənin dediyinə görə, Xəzər
qapalı su hövzəsi olduğundan onun səviyyəsində
periodik dəyişmələr labüddür. Dənizin səviyyəsinin
dəyişməsində başlıca amil onun hövzəsinin
iqlimi hesab olunur və səviyyə tərəddüdləri
də Xəzərin su balansı elementlərindən, yəni
onu qidalandıran çaylardan və düşən
yağıntının miqdarından, həmçinin
buxarlanmadan asılıdır".
Rasim Səttarzadə bildirib ki, dəniz dibində
baş verən tektonik hərəkətlər də səviyyənin
dəyişməsinə təsir göstərən amillərdəndir.
Bu gün Xəzərin əsas qida mənbəyi olan Volqa
çayının axımında da azalma müşahidə
edilir. Ötən ilin birinci yarısı çayın mənsəbində
illik axım 114 kilometrkub təşkil edib ki, bu da orta
çoxillik normadan (146 kilometrkub) xeyli dərəcədə
azdır. Son illər ərzində Xəzərin səviyyə
dinamikasının dəyişməsindən bəhs edən
ekoloq dənizin XX əsrdə ən aşağı səviyyənin
1977-ci ildə qeydə alındığını, sonradan isə
qısa zamanda, yəni 1977-1995-ci illər ərzində 2,5 metr
artdığını, nəhayət, bundan sonrakı
dövrdə yenidən azalma müşahidə olunduğunu
bildirib. O, eyni zamanda, 2006-cı ildən etibarən Xəzərin
səviyyəsində enmənin də nəzərə
çarpdığını, 2019-cu ildə isə dənizin
orta illik səviyyəsinin Baltik sistemi ilə mənfi 27,89 metr
qeydə alındığını, bunun da 1977-ci ildəki səviyyədən
1,1 metr yüksək olduğunu qeyd edib.
Rasim Səttarzadə Xəzərin səviyyəsinin
dinamikası barədə müddətli proqnoz verməyin
mümkünsüzlüyünü də xatırladıb. Bu
fikri isə bugünədək hazırlanan uzunmüddətli
səviyyə proqnozlarının heç birinin
özünü doğrultmaması ilə əlaqələndirib.
O vurğulayıb ki, Xəzərdə suyun səviyyəsinin
düşməsi 1995-ci ildən mütəmadi hal alıb. Dənizdə
suyun ən aşağı səviyyəsi 1977-ci ildə olub.
Hazırkı vəziyyət də bu prosesin
davamlılığını təsdiqləyib.
Ekspert belə bir şəraiti şərtləndiriən
səbəbləri də diqqətə çatdırır.
Birincisi, bu, Xəzər dənizinə tökülən
çayların suyunun azalmasıdır. İkincisi isə
qlobal istiləşmənin nəticələrindən irəli
gəlir. O, deyir ki, qapalı hövzələrdə suyun səviyyəsinin
artıb-azalması həmişə nəzərə
çarpır. Dünyada elə göllər var ki, orada vəziyyət
daha acınacaqlıdır. Xəzərdə suyun səviyyəsinin
daha çox düşməsinin qarşısını alan
Volqa çayıdır. Belə ki, Xəzər dənizinə
suyun 80 faizi Volqa çayı ilə gəlir. Rusiya
hidroloqlarının məlumatına görə, Volqada suyun
yağışlı havalarla əlaqədar artacağı
gözlənilir. Əgər belə olarsa, Xəzərdə
suyun səviyyəsi qalxacaq. Avropalı mütəxəssislər
isə bildirirlər ki, Xəzərdə səviyyə bir
neçə metr düşə bilər.
Mütəxəssislər deyirlər ki, Xəzər dənizi
öz-özünü tənzimləyən bir quruluşa
malikdir. Dənizin şimal hissəsi təxminən 4-5 metrdir.
Orta dərin yeri isə Dərbənd çökəkliyi
adlanır təxminən 800 metrdir. Astanadan sağda yerləşən
Lənkəran çökəkliyinin isə dərinliyi təxminən
1025 metrdir. Xəzərə çox su gəlir, əvvəlcə
bu çökəkliklər dolur. Xəzər dənizinin qərbdən
şərqə təxminən 15-20 metr meylliliyi var. Bu zaman
sular şərq sahillərinə tökülür. Bura
çox isti zona olduğu üçün buxarlanma
çoxalır. Əsasən dərin ərazilərdə
buxarlanma nə qədər çox olursa, Xəzərin
şimal hissəsindəki buxarlanma sahəsi azalır. Ona
görə də bir-birini kompensasiya edir. Bu nöqteyi-nəzərdən
dənizin səviyyəsi nə həddən artıq
yuxarı qalxa, nə də aşağı düşə bilər.
Son 200 ildə Xəzərin səviyyəsinin
qalxıb-enməsi cəmi 3.5 metrdir. Ona görə də
xarici tədqiqatçılarının dediyi 9-18 metr azalma real
deyil. Xəzər öz səviyyəsini azalmağa da,
artmağa da qoymur. Proqnoz verərkən Xəzərin relyefi,
quruluşu nəzərə alınmalıdır.
Xəzər dənizinin səviyyəsini tənzimləmək
mümkün deyil. Bunu təyin edən siklon, antisiklonlardır
ki, bunun da ölçüləri 100 kilometrə qədərdir.
Yağış, qar nə qədər çox olarsa,
çayların suyu bir o qədər artar. Nəticədə
dəniz suyunun səviyyəsi qalxar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
bildirilib ki, Xəzər dənizində suyun səviyyəsi
getdikcə aşağı düşür. Bu proses son 20-30
ildə daha ciddi şəkildə müşahidə olunur.
Onun da əsas səbəblərindən biri qlobal iqlim dəyişmələri
nəticəsində Xəzərə tökülən
çayların suyunun azalmasıdır. Doğrudur, müəyyən
zamanlarda dənizdə suyun səviyyəsində enmələr
müşahidə edilsə də, sonradan yenə də qalxıb.
Yəni belə qabarma və çəkilmələr müxtəlif
dövrlərdə baş verib. Xəzər dənizi
qapalı su hövzəsi olduğundan onun səviyyəsində
mövsümi dəyişmələr labüddür. Suyun səviyyəsinin
dəyişməsində başlıca amil onun hövzəsinin
iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən
dənizin su balansı elementlərindən, yəni onu
qidalandıran çaylardan və düşən
yağıntının miqdarından, həmçinin
buxarlanmadan asılıdır: "Dənizin dibində baş
verən tektonik hərəkətlər də səviyyənin
dəyişməsinə təsir göstərən amillərdəndir.
Bu gün Xəzərin əsas qida mənbəyi olan Volqa
çayının axarında da azalma müşahidə
edilir. Tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin
azalması 2040-cı ilə qədər davam edəcək.
Tarixi mənbələrdə vaxtilə məşhur Qız
Qalasının dəniz sularının içərisində
olması haqqında məlumatlara rast gəlirik. Hazırda isə
dənizlə qalanın arasında kifayət qədər məsafə
yaranıb. Deməli, Xəzər sularının çəkilməsi
prosesi nə bu günün, nə də dünənin
işidir. Göründüyü kimi, məsələ olduqca
ciddidir. Eyni zamanda Xəzər dənizinin səthinə
düşən yağıntılar da su balansının gəlir
hissəsi hesab edilir. Bütün bunlarla yanaşı, son illər
yeraltı su balansının gəlir hissəsində rolu və
dəniz səviyyəsinə təsiri də zəifdir. Bir
çox alimlərin gəldiyi qənaət isə ondan ibarətdir
ki, atmosfer sirkulyasiyasının qlobal dəyişməsi dəniz
səviyyəsinin dəyişkənliyinə təsir göstərir.
Bu dövrdə stabil formada ardıcıllıq yoxdur. Günəş
aktivliyinin atmosfer sirkulyasiyasına təsirinin fiziki mexanizmi də
məlum deyildir. Xəzər dənizinin çoxillik səviyyə
tərəddüdü və günəş aktivliyinin dəyişməsi
cədvəlinin analizi nəticəsində müəyyən
olunmuşdur ki, dənizin səviyyə tərəddüdləri
günəş aktivliyindən asılıdır.
Dünyanın ən böyük gölü olan Xəzər
dənizinin səviyyəsi 1995-ci ildən sürətlə
azalmaqda davam edir. Bu səviyyə dəyişmələri
artıq 100 ilə yaxındır ki, müxtəlif elmi-tədqiqat
işləri ilə təhlil edilir. Xəzər dənizinə
axan çay suyunun gah azalıb, gah artması da əsas səbəblərdən
biridir. Məlumdur ki, çaylarda da su həmişə eyni səviyyədə
ola bilmir. Burada düşən yağıntılar, əriyən
qar təbəqəsi də böyük rol oynayır.
Dünyada baş verən iqlim dəyişiklikləri nəticəsində
artıq son illər qar və yağış
yağıntılarında da azalma müşahidə edilir.
Ona görə də dənizin səviyyəsində belə kəskin
dəyişmələr baş verir. Bütün bunlar onu deməyə
əsas verir ki, Xəzər dənizində suyun səviyyəsinin
enməsi son illərin aktual, bir o qədər də cəmiyyəti
ciddi narahat edən müzakirə mövzusudur".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2024.- 22 noyabr(¹213).-S.13.