Yüz yaşlı
İstanbul Türkiyyat İnstitutu
Türkiyədə Cümhuriyyət qurulandan dərhal
sonra Mustafa Kamal Atatürk ədəbiyyatşünas alim Mehmed
Fuad Köprülüyə İstanbul Universitetinin nəzdində
türk mədəniyyətini və incəsənətini tədqiq
edəcək bir elmi müəssisə yaratmaq barədə təlimat
verdi. M.F.Köprülü universitetdə hazırlıq
işləri görərək Ulu öndərə hesabat təqdim
etdi. Beləlikə, M.K.Atatürkün
başçılığı ilə 1924-cü il 12 noyabr
1111-ci qərarına əsasən, İstanbul Universitetinin ədəbiyyat
fakültəsinin nəzdində Türkiyyat İnstitutu
yaradıldı. Türkiyə Respublikasında Nazirlər
Şurasının qərarı ilə yaradılmış
yeganə elmi qurum 1924-1981-ci illərdə Türkiyyat
İnstitutu, 1981-ci ildə "Tədqiqat və Tətbiq Mərkəzi",
1988-ci ildə "Türkiyə Araşdırma və Tətbiq
Mərkəzi", 1991-ci ildə isə Türkiyyat
Araşdırmaları İnstitutu adlandırıldı.
Türkiyyat İnstitutunun xüsusi loqosu Atatürkün
özünün təyin etdiyi, əlində yanar məşəl
tutan boz qurddur. "Boz qurd" türk mifologiyasında
türk millətinin öncülü hesab olunur. Ə.Cəfəroğlu
qeyd edir ki, boz qurd loqosu
türklüyün yenidən doğulmasının ifadəsidir.
Yanan məşəl "bilik atəşi" simvoludur,
türk alimlərinin türk dili, ədəbiyyatı, folkloru,
mədəniyyəti və incəsənəti sahələrində
araşdırmaları elm aləmini maarifləndirər,
işıqlandırar, mənasını bildirir.
Türkiyyat İnstitutu fəaliyyətinə İstanbul
Universitetinin mərkəzi binasının girişindəki
"Professorlar evi" adlanan binada başlayıb, 1948-ci ildə
İstanbul Universitetinin yanındakı Seyid Həsən
Paşa mədrəsəsinə köçürülüb,
1989-cu ildə Türkiyyat İnstitutu Horhorda, onun
üçün xüsusi olaraq tikilmiş Suphi Paşa
Konağı yanındakı binada yerləşdirilib və
indiyə qədər fəaliyyətini burada davam etdirməkdədir.
İstanbul Türkiyyat İnstitutu yarandığı
zamandan fəaliyyət proqramı qəbul etmişdi:
1. Türk dili və ədəbiyyatına dair
qaynaqları araşdırılaraq nəşr etmək;
2. Türk dili mətnləri əsasında türk
dili qrammatikası və lüğəti hazırlamaq;
3. Türk folklorunu toplamaq;
4. Türk mədəniyyəti, ədəbiyyatı və
tarixi ilə bağlı tədqiqatlar aparmaq;
5. Türk mədəniyyəti ilə bağlı
xarici dillərdə nəşr olunmuş elmi ədəbiyyatı
türk dilinə çevirmək;
6. Türk mədəniyyətinə aid xaricdə dərc
olunmuş nəşrlərin biblioqrafiyasını
hazırlamaq;
7. Xüsusi türkoloji kitabxana, arxiv yaratmaq;
8. İnstitutda aparılan tədqiqatların nəticələrini
dərc etmək;
9. Türk mədəniyyəti araşdırmalarını
xaricdə təbliğ etmək üçün "Türkiyyat" dərgisini nəşr
etmək;
10. Daxildə və xaricdə türk mədəniyyəti
sahələrində çalışan elm adamları və təşkilatlarla
əməkdaşlıq yaratmaq, konqres və seminarlar təşkil
etmək.
Türkiyyat İnstitutunda ilk araşdırmalar
R.Hulusinin macar, Ə.Cəfəroğlu, A.İnann və
H.Ortekinin rus, K.Burslan və K.Rıfətın ərəb
dilində dünya mətbuatında türkologiyaya aid məlumatların
türk dilində tərcümə mətnlərdən ibarət
olub. Bu tədqiqat mərkəzinin ən fəal dövrü
F.Köprülünnün direktor olduğu dövrdür.
Ə.Cəfəroğlu xatirələrində yazırdı
ki, o, gözlədiyimdən daha çalışqan və
aktiv idi, günlərlə iş masasından
ayrılmazdı. Türkiyyat İnstitutu arı pətəyi
kimi işləyərdi. Elm öyrənmək
üçün gəlib-gedənlərin sayı bilinməz,
türkologiya ilə maraqlananlar ustadın ətrafına
toplaşar, tez-tez seminar xarakterli müzakirələr təşkil
olunardı.
İnstitut yarandığı dövrdən kitabxana,
türk mədəniyyətinə, incəsənətinə
dair qaynaqlardan ibarət arxiv yaratmaq məqsədilə
türkologiyanın müxtəlif mövzularını əhatə
edən əlyazma, kitab və məcmuələrin
Türkologiya kitabxanasına gətirilməsinə başlanılır.
Buranın əsas fondununu Şərq dilləri üzrə tədqiqatçı,
xakas türklərindən olan rus türkoloqu, şərqşünası
N.Katanova aid 7325 cildlik kitabxana təşkil edirdi. Dahi
türkoloq sağlığında şəxsi
kitabxanasını Azərbaycan Xalq Cümhuriyyətində
yaradılacaq Elmlər Akademiyasının Türkologiya
şöbəsinə təqdim edəcəyini bildirmişdi.
Lakin AXC süquta uğradı, 1922-ci idə N.Katanov
dünyasını dəyişdikdən sonra xanımı
kitabxananı satışa çıxartdı. Türkiyənin
səlahiyyətli nümayəndiliyi 3000 qızıl pul ödəyərək
türkologiyaya dair rus və digər dillərdə nəşr
olunmuş çox dəyərli qaynaqları Süleymaniyyə
kitabxanasına təqdim etdi. H.Arel, H.Ongunsu, H.Uşaklıgil,
azərbaycanlı Sultan bəy, A.Tanpınar, M.Yazar, O.Tuna,
M.Ergin və O.Aslanapanın kolleksiyaları, universitetin Türk
dili və ədəbiyyatı bölməsində
yazılmış buraxılış, magistr və doktorluq
dissertasiyaları da kitabxananın arxivinə aiddir. 1931-ci ildə
10 mindən çox kitab olan kitabxanada hazırda 70 mindən
çox kitab var.
İstanbul Türkiyyat İnstitutunun ilk direktoru
dünya şöhrətli türkoloq, ədəbiyyatşünas,
tarixçi, siyasətçi M.F.Köprülü
türkçülük ideyalarını müxtəlif
toplumlarda nəşr etdirib, cümhuriyyətin maarifçilik
siyasətini həyata keçirən elmi heyətin
üzvü olub. O, dünya şöhrətli alim Ə.Yəsəvi,
Y.Əmrə ilə bağlı ciddi tədqiqatlar aparıb,
"Türk ədəbiyyatnda ilk mütəsəvviflər"
kitabı ilə türkologiya sahəsində böyük
şöhrət qazanıb. Birinci Dünya müharibəsi illərində
F.Köprülü İstanbula gələn türkoloqlarla
görüşüb, onun V.F.Gize, J.Deni, V.Qordlevski, F.O.Bartoldla
Karacson ilə səmimi münasibətləri olub.
M.F.Köprülü Azərbaycan türkcəsinin
müxtəlif dialektlərini, Cənubi Azərbaycanda
yaşayan qaşqayların ləhcəsini, İraq türklərinin,
Şərqi Anadolu şivələrini tədqiq edib.
M.K.Atatürk F.Köprülüyə qurtuluş illərində
yazdığı "Türk ədəbiyyatı tarixi",
"Türkiyə tarixi" kitablarına görə təbrik
məktubu göndərib. Dünya şöhrətli alim
1925-ci ildə Sovetlər birliyinin Elmlər Akademiyası tərəfindən
Akademiyanın 200 illik yubileyinə dəvət edilib, elmi xidmətlərinə
görə SSRİ Elmlər Akademiyasının müxbir
üzvü seçilib, 1948-ci ildə isə siyasi səbəblərə
görə Akademiyanın üzvlüyündən xaric olunub.
Tanınmış türkoloq Bakıda keçirilən I
Türkoloji Qurultayda "Türk xalqlarının ədəbi
dilinin inkişafı" adlı məqalə ilə
çıxış edib. Bu illərdə F.Köprülü
Haydelberq Universiteti, Oksford Şərqşünaslar
İnstitutu, Xarkov Şərqşünaslıq İnstitutu
konfranslarına dəvət olunub, Türkiyədə
keçirilən I Türk Dili (1931), I Türk Tarixi
qurultaylarında (1939) fəal iştirak edib. Böyük alim tədqiqatlarında
türk xalqlarının ədəbiyyatına xüsusi önəm
verib, Azərbaycan ədəbiyyatına dair "Ən əski
türk azəri şairi Həsənoğlu",
"Külliyati-Füzuli", "Azərbaycan ədəbiyyatına
aid tədqiqlər" əsərləri ilə Azərbaycanda
məşhurlaşıb. Böyük türkoloqun Orta Asiya
türk xalqları ədəbiyyatı, tarixi, etnoqrafiyası,
dil tarixi, tarixi terminologiya, türkologiya tarixi, həmçinin
türk sənət tarixi, türk tikmə tarixi, klassik
türk musiqiləri və s. sahələri əhatə edən
araşdırmaları türkologiya üçün
böyük əhəmiyyətə malikdir.
F.Köprülü Tehranda Ə.Firdovsinin 1000 illiyinə
həsr olunan yubileydə Türkiyəni layiqincə təmsil
edib, Osmanlı
İmperiyasının dövlət quruluşu ilə
bağlı məruzə etmək üçün Parisə dəvət
alıb, bu universitetin fəxri doktoru dərəcəsi ilə
mükafatlandırılıb. Dahi alim Afina Universitetinin fəxri
doktoru, müxbir üzvü, Macarıstan EA-nın, Amerika
Şərq cəmiyyətinin fəxri üzü adına layiq
görülüb. Tanınmış türkoloq 1941-ci ildən
ömrünün sonunadək İslam Ensiklopediyasının
redaksiya heyətinin üzvü olub. O, Türkiyədə Beynəlxalq
Şərqşünaslar Konqrensinin keçirilməsində
mühüm rol oynayıb, Amerika Tarix Cəmiyyətinin Fəxri
üzvü, Macarıstan EA-nın müxbir üzvü
seçilib.
İstanbul Türkiyyat İnstitutuna müxtəlif
dövrlərdə dünya şöhrətli türkoloqlar rəhbərlik
ediblər: F.Köprülü,
R.Arat, İ.Ertaylan, C.Baysun, F.İz, Ə.Cəfəroğlu,
M.Kaplan, S.Buluc, Ə.Alparslan, M.Tulum, K.Eraslan, O.Sertkaya və
başqaları.
Türkiyyat İnstitutunun direktorlarından biri
İstanbulda yaşayan, əslən Gəncə şəhərindən
olan azərbaycanlı mühacir, dünya şöhrətli
türkoloq Ə.Cəfəroğlu olub. O, könüllü
olaraq Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam
Ordusunda Bakının daşnak və bolşevik
işğalından azad edilməsində iştirak edib,
Bakı Universitetinin Tarix-filologiya fakültəsinə (Şərqşünaslıq)
daxil olub, AXC süqut etdiyindən Türkiyəyə gedib,
İstanbul Universitetinin Dil-ədəbiyyat fakültəsində
təhsil alıb, məşhur türkoloq
F.Köprülünün tələbəsi olub, İstanbul
Universitetini bitirərək Türkiyyat İnstitutunda
çalışıb, sonra Almaniyaya gedərək
türkologiya üzrə təhsilini davam etdirib, V.B.Kaup, A.Fon
Le Koç, Vasmer, F.Gize, K.Brokelmandan dərs alıb. Ə.Cəfəroğlu
Breslau Universitetində məşhur şərqşünas
F.Gizenin rəhbərliyi altında "Gəncə dialektində
75 Azərbaycan bayatı-türküsü - Bir dil
araşdırması ilə" mövzusunda
dissertasiyasını müdafiə etdikdən sonra Türkiyəyə
qayıdaraq İstanbul Universiteti Türk dili və ədəbiyyatı
kafedrasının professoru və bu kafedranın müdiri olub.
Ə.Cəfəroğlu türkologiyaya aid 350-dən artıq
elmi məqalə yazıb, yarandığı gündən
Türk Dil Qurumunun üzvü olub. Böyük türkoloq
Polşa Şərqşünaslar Cəmiyyətinin, Polşa
Elmlər Akademiyasının müxbir üzvü,
Macarıstan Elmlər Akademiyasının, Ukrayna Elmlər
Akademiyasının müxbir üzvü, Ural-Altay Cəmiyyətinin,
Buenos-Ayresdəki "Turan" cəmiyyətinin fəxri
üzvü, Beynəlxalq Onomastika Cəmiyyətinin Türkiyə
nümayəndəsi, Latın Linqivistika Cəmiyyətinin
Türkiyə təmsilçisi seçilib. Ə.Cəfəroğlu
İstanbulda "Azərbaycan Yurd Bilgisi" dərgisini nəşr
etdirib. O, türk dili tarixi, əski türk şivələri,
türk onomastikası, Azərbaycan dili, ədəbiyyatı və
dialektologiyası, Anadolu türkcəsi və dialektologiyası
və digər mövzularda dəyərli məqalələr
yazıb. Rus, alman, fransız dillərini bilən Ə.Cəfəroğlu
təqaüdə çıxana qədər İstanbul
Universiteti Türkiyyat Araşdırmaları İnstitutunun
direktoru vəzifəsində çalışıb.
Türkoloq 25 ildən çox Anadoludan topladığı
dialekt materiallarını "Anadolu dialektlərindən
seçmələr" adı ilə 9 kitab nəşr
etdirib.
Türkiyyat İnstitutun fəaliyyət proqramına
uyğun 1925-ci il avqust ayında "Türkiyyat" məcmuəsi
nəşr olunub. Dərgidə türk dili, ədəbiyyatı,
tarixi, coğrafiyası və digər sahələrlə
bağlı yerli və xarici alimlərin rəy və tədqiqatları,
Avropada, Asiyada türkoloji araşdırmalara dair xəbərlər,
dəyərli məqalələr beynəlxalq standartlara
uyğun şəkildə işıq üzü
görürdü. Məcmuə türk, Azərbaycan, qazax,
qırğız, özbək, türkmən, tatar, eləcə
də Avropa dillərində, fransız, alman, ingilis, rus dillərində
mütəmadi şəkildə nəşr edilirdi.
Türkiyyat İnstitutunun "Avrasiya
Araşdırmaları dərgisi" 2012-ci ildən çap
olunur. Beynəlxalq resenziyalı jurnal Avrasiya ilə bağlı
ictimai, siyasi və iqtisadi sahələrdə elmi
araşdırmaları akademik dünya ilə paylaşır,
ildə iki dəfə, mart və sentyabr aylarında
yayımlanır.
1977-ci ildən başlayaraq Türkiyyat İnstitutunda hər
üç ildən bir Beynəlxalq, hər il isə Milli
Türkologiya konfransı keçirilməsi qərara
alınıb, bu konfranslar indiyə qədər təşkil
olunmaqdadır.
Bu il - 2024-cü il noyabrın 12-də
M.K.Atatürkün sərəncamı ilə yaradılan
Türkiyyat İnstitutunun 100 yaşı tamam oldu. Bu elm
ocağının gərgin əməyi sayəsində
Türkiyədə və bir çox ölkələrdə
türkologiyaya maraq artıb, Yaponiyadan ABŞ-yə qədər
xarici ölkələrdə türkoloji araşdırmalara
böyük önəm verilib. Müxtəlif ölkələrdə
türkologiya elmi ilə məşğul olan institutlarda və
tədqiqat mərkəzlərində türklərin dili, ədəbiyyatı,
tarixi, mədəniyyəti və incəsənəti ilə
bağlı araşdırmalar artıb. Bütün bu işlərdə
İstanbul Universitetinin Türkiyyat Araşdırmaları
İnstitutunun fəaliyyəti əvəzsizdir.
İlhamə ŞIXILI
Bakı Avrasiya Universitetinin baş müəllimi,
filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2024.- 22 noyabr(№213).-S.12.