Milli Kitabxana onlayn beynəlxalq
konfransda təmsil olunub
Noyabrın 20-də Rusiya Milli Kitabxanasının təşkilatçılığı
ilə “Birlik dövlətləri üçün peşəkar
kadrların hazırlanmasında MDB ölkələri milli
kitabxanalarının rolu” adlı onlayn beynəlxalq konfrans
keçirilib. Azərbaycan Milli Kitabxanası konfransda ölkəmizi
təmsil edib.
Milli Kitabxanadan bildirilib ki, konfransa milli, dövlət və
digər aparıcı kitabxanaların rəhbərləri, həmçinin
Rusiya tədris və elmi-tədqiqat müəssisələrinin
əməkdaşları, Rusiya Milli Kitabxanasının baş
direktoru Denis Tsipkin, Rusiya Dövlət Kitabxanasının
baş direktoru, Rusiya Milli Assosiasiyalarının prezidenti,
Avrasiya Kitabxana Assambleyasının prezidenti Vadim Duda,
Qazaxıstan Milli Kitabxanasının direktoru Bakıtjamal
Ospanova, Belarus Milli Kitabxanasının baş direktorunun
müavini, elm və informasiya texnologiyaları üzrə
direktoru Aleksandr Babuk, Əlişir Nəvai adına Özbəkistan
Milli Kitabxanasının elmi-metodiki xidmətinin direktoru Saodat
Kamilova və başqaları qatılıblar.
Konfransda Milli Kitabxananın direktoru professor Kərim
Tahirov “Kitabxanaçı kadrların hazırlanmasında Azərbaycan
Milli Kitabxanasının rolu” mövzusunda məruzə və təqdimatla
çıxış edib.
Direktor çıxışında müasir
dövrün tələblərinə, informasiya əsrinin
çağırışlarına uyğun yüksəkixtisaslı
kadr hazırlığını həyata keçirmək
üçün metodik mərkəz olan Azərbaycan Milli
Kitabxanasının professional kitabxana təhsili verən tədris
ocaqları ilə ölkənin aparıcı
kitabxanalarının sıx əlaqəsindən, Bakı
Dövlət Universitetində “Azərbaycan Milli
Kitabxanasının xüsusi auditoriyası”nın
açılışından danışıb. Eyni zamanda, Azərbaycan
Milli Kitabxanası ilə Bakı Dövlət Universiteti
arasında qarşılıqlı əməkdaşlığa
dair memorandumun imzalamasından, bir il ərzində Bakıda və
yerlərdə KOHA Avtomatlaşdırılmış Kitabxana
İdarəetmə Sisteminin Mədəniyyət Nazirliyinin
şəbəkəsinə daxil olan kitabxanalarda tətbiqi ilə
əlaqədar zona treninqlərinin, kitabxanalarda onlayn xidmətlərin
tətbiqinin təkmilləşdirilməsi məsələlərinə
dair mövzular üzrə treninqlərin keçirilməsindən
ətraflı bəhs edib.
Qeyd edək ki, beynəlxalq konfransda B.N.Yeltsin adına
Prezident Kitabxanasının, Qazaxıstan, Özbəkistan,
Qırğızıstan və Belarus milli kitabxanalarının
kadr potensialı və s. kimi məsələlərlə
bağlı məruzə, təqdimat və müzakirələr
dinlənilib.
525-ci qəzet .- 2024.- 22 noyabr(¹213).-S.9.